Гендер и Цели Развития Тысячелетия


İslamda üstünlük kişi və ya qadın olmaqda deyil



Yüklə 2,17 Mb.
səhifə26/41
tarix02.01.2022
ölçüsü2,17 Mb.
#2718
1   ...   22   23   24   25   26   27   28   29   ...   41
İslamda üstünlük kişi və ya qadın olmaqda deyil

Bəzi insanların bir-birilərini dəyərləndirdikləri məsələlərdən biri də üstünlük anlayışıdır. Həyatın ancaq dünya malından ibarət olduğunu düşünənlər insanlar arasındakı üstünlüyün öz dünyagörüşlərindəki dar düşüncə ilə məhdudlaşdığını qəbul edirlər. Bir adamın nüfuzlu olması, var-dövlətinin çoxluğu, vəzifəsi, fiziki üstünlükləri bu cür təfəkkür sahibinə malik olan insanlar arasında əsas kriteriyalar hesab edilir. Özlərindən üstün və ya aşağı olanları bu dəyərlərə görə sinifləndirir və bu həyat tərzinə görə onlarla davranırlar.

Qadınlar haqqında da davam edən mübahisələrin əsasında bu ayrı-seçkiliyin müəyyən rolu var. Qadınlara qarşı münasibətdə cəmiyyətdə mövcud olan və keçmiş adət-ənənələrdən qalma bəzi qənaətlərin təsiri olduğunu inkar etmək olmaz. Bu cür düşüncəyə sahib olan insanlara həqiqətləri çatdıranda isə "Biz ata-babalarımızdan belə görmüşük", - deyərək heç bir əsası olmayan bəhanələrə sığınırlar. Allah isə Quranda bu məsələ ilə bağlı belə buyurur: "Onlara: "Allahın göndərdiyinə tabe olun!" - deyildiyi zaman, onlar: "Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!" - deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə?" ("Bəqərə" surəsi, 170).

Allah insanlar arasındakı üstünlüyü kiminsə kişi və ya qadın olması ilə deyil, Ona olan münasibətinə görə dəyərləndirir. Qurani-Kərimə nəzər salanda insanlar arasındakı yeganə üstünlüyü Allah belə buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır" ("Hucurat" surəsi, 13). Yenə Uca Allah başqa ayələrdə bunları bəyan edir: "Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas nazil etdik. Lakin təqva libası daha xeyirlidir. Bu, Allahın ayələrindəndir ki, bəlkə, onunla öyüd-nəsihətə qulaq asasınız" ("Əraf" surəsi, 26), "...Allah gördüyünüz hər bir yaxşı işi bilir. Tədarük görün. Ən yaxşı tədarük isə təqvadır..." ("Bəqərə" surəsi, 197).

Allah Quranda hər kəsin kişi və qadın olmasından asılı olmayaraq, qazandıqlarından öz payı olduğunu bildirir: "Allahın birinizi digərinizdən üstün tutduğu (birinizə digərinizdən artıq verdiyi) şeyi arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. Allahın lütfündən istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir" ("Nisa" surəsi, 32).

Allahın bəyan etdiyi bütün bu ayələrdən də aydın olduğu kimi, üstünlük qadın və ya kişi olmaqda, fiziki və maddi gücdə deyil, yeganə üstünlük insanın Allahın buyurduqlarını yerinə yetirmə səviyyəsində, Ona olan bağlılığındadır.

Allah Quranda: "Şübhəsiz ki, sədəqə verən kişi və qadınlar, Allah yolunda gözəl borc verənlər üçün əməllərinin savabı qat-qat artırılacaqdır. Onları həm də çox qiymətli bir mükafat gözləyir!" ("Hədid" surəsi, 18), - buyuraraq həm kişilərə, həm də qadınlara əsil üstünlüyün Allahın bildirdiyi əxlaqı yaşamaqla əldə ediləcəyini xəbər verir.

İslam əxlaqına görə də, insanın qadın və ya kişi olması əsas deyil. Əsas olan Allaha iman gətirmək və buna uyğun olaraq davranmaqdır.

Allah Quranda inanan qadınların və kişilərin xüsusiyyətlərindən belə bəhs edir: "Mömin kişilərlə mömin qadınlar bir-birinə hayandırlar. Onlar insanlara yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət, hikmət sahibidir!" ("Tövbə" surəsi, 71).

Ayədə də bildirildiyi kimi, inanan qadınlar və inanan kişilər eyni məsuliyyətlərə malikdir. Onlar Allaha ibadət etməklə, Quran əxlaqını yaşamaqla, insanlara yaxşılığı əmr edib, pisliklərdən çəkindirməklə və Quranda buyurulan bütün əmr və tövsiyələrə tabe olmaqla vəzifəlidirlər. Allah Quranın "Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqqı ayırd edən bir nur verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük mərhəmət sahibidir!" ("Ənfal" surəsi, 29) ayəsində Allahdan qorxub çəkinən hər insana "haqla-nahaqqı ayırd edən bir nur" verəcəyini vəd edib. Bu şəxsin qadın və ya kişi olması nəticəni dəyişmir. Unutmamaq lazımdır ki, ağıl insanın cinsinə görə deyil, Allaha olan səmimi yaxınlığına görə inkişaf edir.

İslamda qadınla kişinin cəmiyyətdəki yeri tamamilə bərabərdir. Buna görə də İslam əxlaqını mənimsəyənlərə cinsə görə üstünlükdə yarışmaq deyil, "xeyir işlərdə yarışmaq" əxlaqı tövsiyə edilib. Xeyir işlərdə yarışmaq iman gətirənlərin həyatlarının hər dövründə Allahın razılığını qazanmaq üçün hər cür səyi göstərmələridir. Allah Qurani-Kərimdə belə buyurur: "Məhz onlar yaxşı işlər görmək üçün bir-biri ilə yarışar və bu işlərdə öndə gedərlər" ("Muminun" surəsi, 61).

"Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə miras verdik, onlardan kimisi özünə zülm edər, kimisi mötədil olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə irəli keçər. Bu böyük lütfdür!" ("Fatir" surəsi, 32).

Qadın və kişi arasındakı bərabərlik Allahın qadına və kişiyə dünya həyatındakı imtahan müddətində bərabər haqlar verilməsindən də aydın olur: "Biz yer üzündə olanları onun (sakinləri yer əhli) üçün bir zinət yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək" ("Kəhf" surəsi, 7), "Hər bir kəs ölümü dadacaqdır. Biz sizi şər və xeyirlə yoxlamaq məqsədilə imtahana çəkərik. Və siz ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!" ("Ənbiya" surəsi, 35) ayələri ilə Allah kimlərin daha gözəl davranacağının ortaya çıxması üçün qadını da, kişini də imtahan edəcəyini bildirmişdir. Başqa bir ayədə isə Allah: "Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edən şəxslərə müjdə ver!" ("Bəqərə" surəsi, 155) şəklində bildirərək həyatlarının axırına kimi heç bir cins fərqi qoymadan insanları müxtəlif şəkildə imtahana çəkəcəyini, bütün bunlara səbr göstərənləri isə mərhəməti ilə mükafatlandıracağını xəbər verib.

Allah qadına da kişiyə də müəyyən bir ömür müddəti, hər ikisinə də vicdan verib, nəfsi və şeytanı isə hər ikisinə düşmən edib. Allah hər kəsin, istər kişi, istərsə də qadın olmasından asılı olmayaraq əməllərini dəyərləndirəcəyini belə buyurur: "İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!" ("Ali-İmran" surəsi, 195). Yenə başqa bir ayədə zərrə qədər edilən yaxşı və ya pis işin əvəzinin veriləcəyi bildirilir: "Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir" ("Zilzal" surəsi, 7-8), "Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik" ("Nəhl" surəsi, 97).

Həzrəti Peyğəmbər də (s) məşhur "Vida xütbəsi"ndə bu məsələ ilə bağlı belə buyurub: "Ey insanlar! Rəbbiniz birdir. Atanız birdir. Hamınız Adəmdənsiniz və Adəm də torpaqdandır. Allahın yanında ən üstün olanınız təqvası ən çox olandır. Ərəblərlə ərəb olmayanların üstünlüyü ancaq təqva ilədir".4




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin