Generallari


LENİNQRADDA İYİRMİ İKİ GÜN



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə25/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   ...   21   22   23   24   25   26   27   28   ...   51
LENİNQRADDA İYİRMİ İKİ GÜN 
 
Əliağa Şıxlinski heç bir zaman mənsəb 
dalınca düşməmişdir, onun heç bir 
himayəçisi olmamışdır. Xidmətdə irəli 
getmək üçün o, heç bir intriqaya əl 
atmamışdır: mənsəb özü onun ayağına gəlmiş 
və o, köhnə ordunun topçuluğunda yüksək 
vəzifə qazanmışsa, bu cəhətdən tamamilə 
özünə borcludur. 
 
Yevgeni Barsukov, 
Dövlət mükafatı. laureatı, general-mayor,  
hərb elmləri doktoru, professor. 
 
Keçmiş rus ordusunun general-leytenantı,  
məşhur artillerist Əliaqa Şıxlinskinin adı  
artilleriya sənətində həmişə hörmətlə çəkilir.  
O, əlli ildən artıq çar ordusunda zabit kimi  
qulluq etmiş, Böyük Oktyabr sosialist inqilabından 
sonra isə özünün biliyini və böyük həyat təcrübəsini 
Qızıl Ordunun möhkəmlənməsinə sərf etmişdir. 
 
Arkadi Lavroviç Sidorov,  
Moskva Dövlət Universitetinin  
professoru. 
 
 
  
Leninqradın həmişə gur olan Sadovaya küçəsində qədim bir bina var. Məşhur rus yazıçısı 
Saltıkov-Şedrinin adını daşıyan kütləvi kitabxana burada yerləşir. Məni bu kitabxanaya məşhur 
general-leytenant  Əliağa  Şıxlinskinin inqilabdan əvvəl çıxmış kitabı  və Peterburq jurnallarında 
dərc olunmuş məqalələri ilə tanış olmaq arzusu gətirmişdi. 
Axtarışa “Rus jurnalı  şöbəsi”ndən başladım. 1912-ci ildən fəaliyyətə başlayan 
“Artilleriya zabitləri məktəbinin xəbərləri” jurnalının elə üçüncü nömrəsində Əliağa Şıxlinskinin 
“Öz qoşunlarının başı üstündən top atəşi” adlı iri məqaləsi dərc olunub. Rus-yapon 
müharibəsindən sonra bu atəş üsulu müxtəlif fikirlərə  səbəb olubmuş. Bir çoxları deyirmiş ki, 
hücum edən piyada qoşununu himayə etmək üçün, bəzən onun başı üstündən atmaq lazımdır. Ali 
rütbəli zabitlərin bir qismi bu atəş üsulunun öz qoşunlarına zərər verəcəyindən ehtiyat edir, daha 
doğrusu, ondan istifadə etmək istəmirdilər. 


 
63
Polkovnik Əliağa Şıxlinski isə bu məqaləsində hesablama və sxemlərlə sübut edirdi ki, bu 
üsul, qoşunlar düzəngahda dayanıb hədəfə ancaq yüz sajen qalanda qorxuludur. “Bu məsafəyə 
qədər, heç bir şeydən ehtiyat etmədən atəş açmaq olar. Düşmən üzü bizə  tərəf olan yamacı 
tutduqda, bu məsafə otuz-otuz beş sajen azalır. Düşmən bizimlə üzbəüz olan başqa bir yamacı 
tutduqda isə biz hücum edən hissəmizi süngü vuruşması başlayana qədər top atəşi ilə himayə 
edib qoruya bilərik.” Həmin jurnalın 1914-cü il fevral (22) nömrəsində “V.İ”. imzalı bir müəllif 
bu üsula yüksək qiymət verərək artilleristlərə tövsiyə edir ki, Port-Artur döyüşlərinin iştirakçısı 
Şıxlinskinin toxunduğu bu məsələni dərindən öyrənsinlər... 
Bu yeniliyə dönə-dönə qayıdan jurnal özünün “Redaksiyadan” adlı qeydlərində göstərir 
ki,  Şıxlinskinin məqaləsi topçu qoşun komandirlərinin görüşlərində böyük və  əsaslı  dəyişiklik 
yaratdı. 
General-leytenant  Əliağa  Şıxlinski 1942-ci ildə  qələmə aldığı “Xatirələrim” adlı  hərbi 
memuarında bu barədə yazır: “Hələ 1924-cü ildə Qızıl Ordu məcmuələrinin birində bu məsələyə 
istinad edilmişdir. Bu cür atəşdən qorxan skeptiklər, şübhəsiz ki, indi də vardır”. 
İllərin zərrəcə saraldıb-soldura bilmədiyi jurnalı yenidən vərəqləyirəm. Yüksək 
keyfiyyətli kağızda çap olunmuş  məqalələrlə, ölkənin ayrı-ayrı  hərbi dairələrində qulluq edən 
artilleriyaçılar haqqında verilən xəbərlərlə yanaşı Şıxlinskinin müxtəlif şəkillərinə də rast gəldim. 
Onun ordugahda məşq zamanı, tələbə və zabit heyətilə birgə təsvir olunmuş şəkillərini nə şəxsi 
arxivində, nə də qohumlarında görmüşdüm. 
Jurnalın 1914-cü il fevral nömrəsində “1913-cü ildə artilleriya zabitləri məktəbinin yerinə 
yetirdiyi kursun hesabatı” verilib. Qırx iki səhifəlik hesabat yeddi fəsildən və bir epiloqdan 
ibarətdir. Onu artilleriya zabitləri məktəbinin rəisi, artilleriya generalı Aleksandr Nikolayeviç 
Sinitsin, məktəbin rəis müavini general-mayor Əliağa  Şıxlinski və Sergeyev, hərbi təlim 
meydanının rəisi podpolkovnik İvanov imzalayıblar. 
Jurnalın səhifələrindən öyrənirəm ki, 1913-cu ilin payızında artilleriya zabitləri 
məktəbinin rəisi, artilleriya-generalı A.N.Sinitsin qocalığına görə istefaya çıxır. Jurnal bu 
münasibətlə Sinitsinin portretini ikinci səhifədə dərc edir, haqqında böyük bir yazı verir. Əliağa 
Şıxlinskinin bu münasibətlə yazdığı iki bənd şer də dərc olunur. 
A.N.Sinitsin istefaya çıxdıqdan sonra düz bir il (1913-cü ilin payızından 1914-cü ilin 
oktyabr ayına kimi - Ş.N.) artilleriya zabitləri məktəbinin rəisi vəzifəsini general-mayor Əliağa 
Şıxlinski aparmışdır. 1914-cü ilin oktyabr nömrəsində jurnal “Redaksiyadan” adlı məqaləsində 
yazır: 
“Artilleriya zabitləri məktəbinin rəisi vəzifəsini ifa edən general-mayor Əliağa Şıxlinski 
hazırkı müharibənin iştirakçılarına məktubla müraciət edərək döyüşçülərin, artilleriyanın 
fəaliyyəti barədə bildiklərini təfsilatı ilə yazmalarını və lazım olan ünvana göndərmələrini xahiş 
etmişdir”. 
1914-cü ilin dekabr nömrəsində jurnal məktəbin qırx səhifəlik illik hesabatını dərc edib. 
Həmin hesabatı da məktəbin rəisi vəzifəsini ifa edən general-mayor Əliağa  Şıxlinski və 
Sergeyev, hərbi təlim meydanının rəisi podpolkovnik İvanov hazırlayıblar. 
Çox keçmir ki, yuxarı dairələrdə, baş topçuluq idarəsində  məktəbə  təzə  rəis təyin 
olunması  məsələsi müzakirə olunur. Böyük knyaz bu vəzifəyə general-leytenant Qaitinovu 
məsləhət görür. Lakin o, bu işə hazır olmadığını bildirir. 
Böyük knyaz cavabında deyir: 
- Mən sizi ancaq bir illiyə təyin edirəm. 1914-cü ildə orduda islahat aparmaq üçün böyük 
proqram həyata keçiriləcək, onda siz Odessa hərbi dairəsinin topçu rəisi vəzifəsinə  təyin  
olunacaqsınız. Məktəbə rəhbərlik isə Şıxlinskiyə tapşırılacaq. Şıxlinski məktəb müdiri müavini 
vəzifəsində az işlədiyinə görə hazırda hərbi məsləhətçilərimi razılığa gətirə bilmirəm. 
General-leytenant Qaitinov soruşur: 
- Bəs bu bir ilin ərzində mən nə edə bilərəm, əlahəzrət? 
- Sizin işi yaxşı bilən Şıxlinski kimi köməkçiniz olacaqdır. 
 Onda icazə verin, əvvəlcə onunla danışım. 
 Danışın... 


 
64
 
*  * * 
 
”Məni telefona çağırdılar. Gəldim. Həyəcanlı bir səs eşidildi.  
  
- Salam, Əliağa, sizinlə danışan Qaitinovdur. 
  
- Salam, Valeri Mixayloviç, mənə aid qulluğunuz? 
- Mən əlahəzrətin kabinetindən danışıram. Mənə təklif edirlər ki, sizin məktəbdə   müdir 
işləyim. Sizdən çox xahiş edirəm ki, saat beşdə ordu və donanmanın    klubuna   gələsiniz. Həm 
bir yerdə yemək yeyək, həm də məsləhətləşək. 
Mən oraya getdim. Qaitinov rəhbərliyi öz üzərinə götürdü, mənim isə  məşğələləri 
aparmağıma razı olub-olmadığımı soruşdu. Razılıq verdim. - Təşəkkür edirəm, - dedi... 
Yeni müdir general-leytenant Qaitinov daima auditoriyalara baş  çəkir, baş  qərargah 
zabitlərinin rəhbərliyi altında mühazirə  və taktiki məşğələlərə  gəlir, lakin bu məşğələlərin 
gedişatına qarışmır, bunların hamısını öz müavininə (Şıxlinskiyə - Ş.N.) tapşırırdı”. 
Bu kiçik epizod “Xatirələrim” kitabındandır. Şıxlinskinin dəmir yaddaşı çox şeyi olduğu 
kimi hifz edib saxlamışdır. Məsələn, vaxtilə (1907-ci ildə) məktəbin müdiri onu ikinci 
Konstantin topçu məktəbinə batareya komandirliyi vəzifəsinə namizəd göstərəndə Baş topçu 
idarəsinin rəisi general Kuzmin Karavayev gözlənilən təklifi rədd edərək demişdir ki, “bu 
vəzifəyə “tatar” (azərbaycanlı - Ş.N.) yox, rus tapmaq lazımdır. 
Bütün bunlara baxmayaraq, çar hökuməti, çar ordu heyəti general Əliağa  Şıxlinskinin 
əvəzsiz xidmətinə laqeyd qala bilməmişdir... 
1912-ci ildə artilleriya məktəbinə müavin təyin edilən  Şıxlinskinin müvəffəqiyyətinə 
sevinənlər az deyildilər. Ona Rusiyanın, hətta xarici ölkələrin adlı-sanlı topçuları  təbrik 
teleqramları göndərmişlər. Baş  qərargah Akademiyasının professoru general-mayor 
A.A.Neznamov yazırdı: 
“Sizi və rus artilleriyasını təbrik edirəm!”. 
Fransa topçu zabitləri məktəbinin müdiri Nolle isə ürək sözlərini belə ifadə eləmişdi: 
“Rus topçu məktəbinin ikinci şefi (məktəb müdirinin müavini ikinci rəhbər hesab 
olunurdu - Ş.N.) təyin edilməyinizi eşitdim. Sizin simanızda rus artilleriyasını təbrik edirəm!”. 
Jurnalın nömrələrini vərəqlədikcə məlum olur ki, əsrin əvvəllərində “Şıxlinski üçbucağı” 
adlı  hərbi nəzəriyyə müəllifinə böyük şöhrət gətiribmiş. Bu nəzəriyyə  təkcə Rusiyada dərc 
olunan hərbi dərsliklərə salınıb istifadə olunmurdu. Ədəbiyyatlardan məlum olur ki, “Şıxlinski 
üçbucağı” Fransa və Avstriyada da geniş yayılıbmış. Məsələn, Fransa topçu divizionunun 
komandiri mayor Laver Şıxlinski ilə söhbətlərindən birində demişdir: 
“Fransaya elm üçün çox əhəmiyyətli olan xeyli material aparıram. Bunun üçün sizə 
minnətdaram”. 
1913-cü ilin yayında general Joffre fransız ordusunun on yeddi nəfərlik zabit heyəti ilə 
Rusiyaya gəlir. Onlar bir neçə gün artilleriya zabitləri məktəbinin proqramı ilə maraqlanırlar. 
Fransızlar qısalüləli topdan örtülü atəş üsulu ilə bir komandirin rəhbərliyi altında 
batareyadan necə atəş açıldığını göstərməyi xahiş edirlər. Bütün atəş üsulunun təşkilinə 
komandirlik Əliağa Şıxlinskiyə həvalə olunur. General Şıxlinskinin təşkil etdiyi dəqiq atəş üsulu 
və qısalüləli ağır top atışı fransızları heyrətdə qoyur. Onlar qısalüləli atəş üsulunu (o vaxta qədər 
fransızlarda qısalüləli top atəşindən istifadə olunmurmuş - Ş.N.) özlərində  tətbiq etməyi elə 
oradaca qət edirlər. 
Bir il sonra Rusiyaya gələn Fransa prezidenti Paunkare Raymon rus artilleristlərinin 
general Joffreyə  və onun heyətinə göstərdikləri hörmət müqabilində mükafatlar gətirir. Bu 
mükafatların arasında generallara məxsus cəmi iki fəxri Legion ordeni də vardı. Onun biri süvari 
generalı Bezorazova, ikincisi isə Əliağa Şıxlinskiyə təqdim olunur. 
Əliağa  Şıxlinskinin hərbi və pedaqoji fəaliyyəti ilə yaxından tanış olduqda bu mahir 
sərkərdənin misilsiz istedadına qibtə etməyə bilmirsən. 


 
65
1897-ci ildə  gənc  Əliağa  Şıxlinski ilə söhbət edən iyirminci topçu briqadasının baş 
həkimi Zelenski ondan soruşur ki, belə bir istedadınız olduğu halda niyə akademiyaya 
getmədiniz? 
Əliağa  Şıxlinski isə cavabında “iş belə  gətirdi” - deyə  təvazökarlıqla cavab verir. Bu 
görüşdə iştirak edən general Baumqarten də söhbətə qoşulur: “Akademiyanı neyləyir, akademiya 
onun başıdır”. 
Doğrudan da keçmiş rus ordusunda ikinci elə bir şəxs yoxdur ki, qeyri millətdən ola-ola, 
ali hərbi təhsil almadan qısa bir vaxtda dörd il otuz altı gündən sonra general-mayor rütbəsinə 
yüksəlsin. 
Əliağa  Şıxlinski hərbi xidmətdə belə tez, həm də böyük sürətlə irəliləməsinin ilkin 
səbəbini rus-yapon müharibəsinin iştirakçısı olmasında, bir də topçu zabitləri məktəbindəki 
hərbi-pedaqoci fəaliyyətində görürdü. 
Əliağa  Şıxlinskinin 1908-ci il noyabrın 26-dan 1914-cü il iyulun 8-dək topçu zabitləri 
məktəbində olan elmi-pedaqoji fəaliyyəti çox yüksək qiymətləndirilmişdir. O, üçüncü dərəcəli 
müqəddəs Vladimir, eləcə  də fransızların zabitlərə  məxsus fəxri komandir Legionu ordeninə 
layiq görülmüşdür. 
“Artilleriya zabitləri məktəbinin xəbərləri” jurnalının səhifələri, orda verilmiş ayrı-ayrı 
elanlar təsdiq edir ki, Əliağa  Şıxlinski məktəbdə, qoşun bölmələrində  və Peterburqun müxtəlif 
elmi yığıncaqlarında hərbi mövzuda silsilə mühazirələr oxumuşdur. Bu mühazirələr Baş 
qərargahın  əmrilə kitabça şəklində çap olunmuşdur. Onun “Divizion miqyasında topçu 
manevrlərinin təşkili üçün təlimat”, “Dağ  və  səhra artilleriyası üçün məsələ  və misallar 
məcmuəsi”, (1913-cü ildən 1916-cı ilədək üç dəfə nəşr olunub - Ş.N.) “Səhra toplarının cəbhədə 
işlədilməsi” və “Topçu zabitləri məktəbində podpolkovnik Şıxlinski tərəfindən oxunmuş 
mühazirələrin xülasəsi” kimi sanballı kitabları çap olunmuşdur. Xüsusilə, sonuncu kitab topçular 
arasında çox böyük şöhrət qazanmışdır. Onu da deyək ki, artilleriya zabitləri məktəbinin 
mətbəəsində çap olunan bu kitab məktəbə xeyli mədaxil gətirir. Həmin gəlirdən  Əliağa 
Şıxlinskiyə qızıl pulla 500 manat müəllif haqqı verilir... 
Bizə  Əliağa  Şıxlinskinin indiyədək bircə kitabı  məlumdur. O da 1944-cü ildə SSRİ 
Elmlər Akademiyasının Azərbaycan filialı  tərəfindən rus və Azərbaycan dilində çap olunmuş 
“Xatirələrim”dir. Vəssalam. Bəs, yuxarıda adını çəkdiyimiz kitabların taleyi nə yerdədir, harda, 
kimdə, necə saxlanılır? Bax, bu suallara cavab tapmaq lazımdır. 
 

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin