50
və sənədlərdə yaşayır. General-mayor İbrahim ağa Usubovun qızı Nigar xanım atasından fəxrlə
söhbət açır.
- Əliağa əmim deyərdi ki, atan İbrahimin hərbi istedadı birinci dünya müharibəsi
dövründə özünü parlaq şəkildə göstərdi. Döyüş zamanı çevikliyi, piyada qoşundan məharətlə
istifadə etməsi, xüsusilə əsgərlərlə səmimi rəftarı İbrahimi rus ordusunda mahir bir sərkərdə kimi
tanıtdı. Əliağa əmim bir də danışırdı ki, M.V.Frunze atanı yaxşı bir insan kimi tanıyırdı. Birinci
dünya
müharibəsindəki fəaliyyətini, hərbi sənətkarlığını çox yüksək qiymətləndirirdi.
Mən Xarkovda anadan olmuşam. Uşaq olsam da bəzi əhvalatları yaxşı xatırlayıram.
Yadımdadır, nə münasibətləsə evimizdə qonaqlıq vardı, məclisdə yüksək rütbəli zabitlərlə yanaşı
sıravi əsgərlər də iştirak edirdi. Əsgərlərdən biri atam haqqında dedi: - baxmayaraq ki, o, rus
deyil, azərbaycanlıdır, ancaq bizim üçün doğma atadan da yaxındır.
Atam həqiqətən də əsgərlə zabit arasında sərt sədd çəkməyən adam idi. Əsgərin bütün
hüquqlarını əlindən alan zabitlərlə o, heç vaxt razılaşmazdı. Məhz bu keyfiyyətlərinə görə onu
əsgərlər ata kimi sevir, hörmət edirdilər.
... Faris baba ilə görüşlərimin birində gördüm ki, o, lüğətlə bir Azərbaycan yazıçısının
romanını oxuyur.
- Faris baba, - dedim, - indən belə dil öyrənmək gec deyilmi?
- Öyrənirəm ki, İbrahim əmim kimi dünənə sabah deməyim.
- O nə deməkdir?
- Bu saat danışacam, - deyib qoca iri gözlərilə gülümsündü. - Xatirimdədir, 1914-cü ilin
yazında atam məni də götürüb kəndimiz Salahlıya gəlmişdi. Hələ müharibə başlanmamışdı.
Atam doğma kəndinə, qohumlara baş çəkməyi çox sevirdi.
Ali rütbədə, yüksək bir yerdə
işləməyinə baxmayaraq, ildə bir neçə dəfə kəndə gedərdi. “Bu kənd - deyirdi, - oğul, harda
olsam mənimlədi, adam nə qədər böyük şəhərlərdə, uzaq ellərdə olsa da doğmasını, ondan süd
əmdiyi yeri unuda bilmir. Buna haqqı da yoxdu”.
Atam eşidir ki, İbrahim ağa Usubov da ailəsilə kəndə gəlib, Abdulla əmimlə onun
görüşünə gedirlər. Abdulla əmim İbrahim əmimdən soruşur ki, nə vaxt gəlmisən?
İbrahim əmim
cavab verir ki, “sabah”.
Atam təəccüb edir ki, bu nə danışır. Abdulla əmim işin nə yerdə olduğunu başa düşür. Gülə-gülə
deyir:
- İbrahim, əgər sabah gəlmisənsə, yəqin ki, dünən də qayıdıb gedəcəksən. - Qoca
əhvalatı danışıb kədərlə gülümsündü. - İbrahim əmim - dedi, - uzun müddət Rusiyada qulluq
etdiyindən Azərbaycan dilini bir az yadırğamışdı. Məni də tale ölkədən-ölkəyə, şəhərdən-şəhərə
atıb. Fransız, ingilis və bir neçə dildə sərbəst danışıb yaza bilirəm. Amma hiss edirəm ki, o
qədər
yadlarla oturub-durmuşam ki, doğmamı unutmaq ərəfəsindəyəm.
Faris baba çoxillik ömründə bitib-tükənməyən hadisələrin, əhvalatların şahidi olmuşdu.
Heyf ki, bu səmimi, mehriban qoca ilə görüşüm onun həyatının son günlərinə təsadüf etdi. O,
bizim işıqlı dünyamızdan ömrünün doxsan dördüncü ilində köçdü.
Minillik ədəbiyyata, mədəniyyətə malik xalqımızın minillik də qəhrəmanlıq tarixi var.
İgid Cavanşirin, əyilməz Babəkin, köhlən at belində yadellilərə qarşı vuruşan Koroğlunun,
Nəbinin adı həm öz xalqının, həm də bütün bəşər tarixinin səhifələrində yaşayır. Onların hər biri
öz doğma torpağını, öz yurdunu, öz xalqının əsrlərdən bəri yaratdığı mədəniyyəti qəsbkarlardan
mərdliklə müdafiə etmişdir.
Hər əsr tarixə öz qəhrəmanlarını verib, hər igid özünün şücaəti ilə gələcək nəslə örnək
olub.
Zaman keçib, illər ötsə də onlar yenə unudulmur, tarixin əbədi yaddaşında, sənədlərdə
həmişəyaşar qalırlar.
İnanırıq ki, hərbi qüdrət tariximizin səhifələrində general-mayor İbrahim ağa Usubov da
beləcə yaşayacaqdır.