Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə28/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   ...   24   25   26   27   28   29   30   31   ...   51
ÖMRÜN SON GÜNLƏRİ 
 
Təbiət    Əliağaya böyük bir ağıl,     
müstəsna bir qabiliyyət və hərbi istedad
mərdlik və nəcib sifətlər, Vətən müdafiəsi 
üçün çox faydalı olan fəaliyyət ehtirası ilə 
dolu coşğun bir enerji vermişdi.  
 
Artilleriya professoru  
Yevgeni Barsukov.  
 
General qocalmışdı, elə qocalmışdı ki, nə gözü əməlli-başlı görürdü, nə  də qulağı 
eşidirdi. Yerişi də o yeriş deyildi. At belində, piyada cəbhələr gəzən, batalyonlara, alaylara, 
orduya sərkərdəlik edən generalın indi tərpənməyə halı qalmamışdı.  
Dövlətin ona verdiyi bir neçə otaqdan özü üçün ancaq birini saxlamışdı. Onda da tək-
tənha yaşayırdı. Oğulsuz-qızsız, nəvəsiz-nəticəsiz. Tale onu bu nemətdən məhrum etmişdi. 
Həyat onun üçün hələ adiləşməmişdi. Nikbin baxışı, əzəmətli  vüqarı, yaşamaq ehtirası və dərin 
ağlı tam üstündə idi. Kim onu küçədə, bayırda görürdüsə  fəxrlə tanımayana göstərirdi: “Port-
Artur qəhrəmanı Əliağa Şıxlinski!”.  
Bu adı o, 1906-cı ildən qazanmışdı. Hər yerdə onu belə nişan verirdilər. 
... Uzaqlarda toplar dinir, tüfənglər atılır,      insanlar      qırılır, kəndlər,  şəhərlər dağılırdı. 
Onun topçuluq və artilleriya haqqındakı  təklifləri bu müharibədə  də  əsgərlərimizin köməyinə 
gəlirdi. Rus topçuluq elmindəki kəşflərindən, xüsusən “Şıxlinski üçbucağından” və  “Şıxlinski 
formulu”ndan geniş istifadə olunurdu. 
General isə  dəmir darvaza arxasında saxlanan pələng kimi tək-tənha qalmışdı. Səksən 
illik ömür yolunda general, yaşamağına, dünyaya gəlməsinə zərrəcə heyfsilənmirdi. Keçmişdən 
söhbət düşəndə o, fəxrlə deyirdi: 
- Mən öz keçmişimə sakit bir vicdanla nəzər salır və müasirlərimin gözlərinə cürətlə 
baxıram. - Stola söykənib qalın bığlarını eşər, xeyli sükut etdikdən sonra gülümsünən general - 
bu günlər də bizim ömrümüzün qocalıq çağına düşdü, - deyərdi. 
Altmış ildən çox nümunəvi hərbi qulluğu ona şan-şöhrət gətirmişdi. Uzaq Şərqdəki 
xidməti, rus-yapon və Birinci dünya müharibələrində, Oktyabr inqilabındakı sabit fəaliyyəti 
bütün hərbçilərə nümunə göstərilirdi. General xidmət illərini xatırlayanda qəlbi nurla dolur, 
gözünə işıq gəlirdi. Sanki uzaqlarda atılan qələbə soraqlı topların səsini belə eşidirdi. 
Onu yalnız tənhalıq sıxırdı. Bu anlarda dünyada ən çox sevdiyi bir adamla səssizcə 
danışmaq ona təsəlli verirdi. Bu adam şəkil olub divardan asılmışdı. Düz on iki ildən çox idi 
şəklə dönən insan onun pıçıltılarına cavab vermirdi. Onunla danışanda generalın səsi boş otaqda 
əks-səda verib özünə qayıdırdı. 
O, özü kimi “qoca kreslo”da sakitcə  əyləşmişdi. Ötən günləri qovub xəyalından, 
yaddaşından silmək istəyirdi. Keçmişə qayıtmaq istər-istəməz  əziz Nigarını xatırlamaq demək 
idi. O, bunsuz keçinə bilmirdi. Bu mümkün də deyildi. Bütün xidməti boyu Nigar onunla qoşa 
addımlamışdı. Saysız-hesabsız  əsgərlərə  zərif  əllərilə  şəfa verib həyata qaytarmışdı. Otaq buz 
kimi soyumuşdu. Bayır qatı dumana bürünmüşdü. Gözəgörünməz çisəkdən nəmlənmiş asfalt 
parıldayırdı. Küçələrdən gediş-gəliş  kəsilmişdi. Cəbhə  həyatı keçirən  şəhər sanki köçmüşdü. 


 
74
Bayaqdan pəncərə ağzında quruyan generalın yadına Sovet məlumat bürosunun hər saat radio ilə 
verilən xəbərləri düşdü. Yaxasından gödəkcəsinin cibinə sallanan qədim saatın zəncirini çəkib 
onu işığa tutdu. Səkkizə az qalırdı. Küçədə telefon dirəyindən asılmış reproduktorun altına xeyli 
adam yığışmışdı. General pəncərəyə yaxın oturub, burdan aydın eşidilən cəbhə  xəbərlərini 
dinlədi. 
... Bu gün  hissələrimiz Stalinqrad ətrafı    döyüşlərdə   faşist generalı Fridrix Paulsun və 
feldmarşal Fon manşteynin ordusunu darmadağın etmişdir.  
İndi qələbə bizimlədir. Daha heç nəyi eşitməyən general evin içində sürətli addımlarla 
gəzişirdi. Qalın cod bığları sevincdən titrəyirdi. Sevincini bölüşməyə adam axtarırdı. 
- Radioda son xəbərlərin oxunuşu qurtardı. Qapı döyüldü, o, cəld irəliyə addımladı. 
Soruşmadan qapını açdı. Cavan, yad bir adamı  qapıda   görüb özünu itirən kimi oldu. Gecdən-
gec: 
- Kimi istəyirsiniz? - deyə həyəcanla soruşdu. Qapıda dayanan cavan oğlan dedi: 
- Əliağa Şıxlinski sizsinizmi? 
- Bəli, buyurun içəri keçin. 
Qonaq irəli bir addım atıb əl uzatdı: 
-Akademiyanın elmi işçisiyəm. Məni   vitse-prezident   Heydər Hüseynov sizin yanınıza 
göndərib. Tapşırıb ki,  xatirələrinizi yazmaqda sizə kömək edim. 
- Yaxşı eləyib gəlmisən, oğul, düzü mənim üçün çox çətindir. Belə ki, əllərim əsir, gözüm 
pis görür, qulaqlarım da yaxşı  eşitmir. Ancaq hafizəm, yaddaşım hələ qalıb. Hər bir hadisəni, 
əhvalatı gününə, hətta saatına qədər də xatırlayıram. - Sonra buz kimi soyuq, kimsəsiz otağı 
göstərdi: - Nə   bilim, bu? şəraitdə mümkündürmü?.. 
Səhərisi akademik Heydər Hüseynovun özü qoca generalın görüşünə  gəldi. Görkəmli 
alim qarşısında dayanan ucaboy, enlikürək generala heyranlıqla baxırdı. Sanki onun sağlığına 
inana bilmirdi. Professor Barsukovun kitablarında  Əliağa  Şıxlinskinin adına dönə-dönə rast 
gələndən sonra şəxsən alim özü elmi işçini məcbur eləmişdi ki, qapı-qapı  gəzməli də olsa 
generalı tapmalıdır. 
Alimlə general üzbəüz oturdu. Ötəri də olsa evə göz gəzdirən alim, burda kitablardan və 
qədim mebeldən başqa qiymətli heç nə görmədi. Ağzı yarıaçıq qalan şkafdan bir dəst general 
mundiri asılmışdı. General əli əsə-əsə stolun üstündəki solğun gülün əyilmiş saplağını düzəltdi. 
Qonaq titrək səslə: 
- Yoldaş general, - dedi, - bizim   Akademiya professor Yevgeni Barsukovun yenicə nəşr 
olunmuş  əsərlərini alıb. Professor dördcildlik “Rus artilleriyası Birinci dünya müharibəsində” 
əsərində sizin yalnız rus topçuları arasında deyil, həm də rus ordusunun geniş dairəsində hörmət 
və nüfuzunuzu, Port-Artur epopeyasında son dərəcə böyük şöhrətinizi məhəbbətlə, ehtiramla 
xatırlayır. 
Bayaqdan susan, qonağını dinləyən general təvazökarlıqla. 
- Hə, - dedi, - az-çox cavanlıqda Vətən qarşısında xidmətimiz olub. Yevgeni Zaxaroviçlə 
təxminən iyirmi il birgə qulluq etmişik. Topçu zabitləri məktəbində, Luqa şəhərində, topçu 
general-müfəttişliyində işləmişik. 
Heydər Hüseynov onu tapdığına uşaq kimi sevinirdi. Ürəyində özünü danlayırdı ki, 
xalqımızın belə  şöhrətli oğullarını vaxtında itirib-axtarmırıq. Bu gün görkəmli rus professoru 
onun  əvəzsiz xidmətlərini nahaqdan xatırlamır. Özü də ötəri yox, dönə-dönə öz elmi əsərində 
onun hərbi üçbucağından, Birinci dünya müharibəsindəki fəaliyyətindən ağızdolusu danışır. 
O özü ilə  gətirdiyi kitabı stolun üstünə qoydu. Səhifələrin arasındakı nazik kağız 
parçalarını götürüb dedi: 
- İcazənizlə bir epizod oxuyum, yəqin ki, sizin üçün maraqlı olar. 
- Buyurun, - deyib - ağır  eşidən general stulunu bir az da yaxına çəkdi. Damarı çıxmış 
əllərini dizləri üstünə qoydu. Məmnuniyyətlə, qulaq asıram. 
- “General Əliağa  Şıxlinski 1916-cı ildə Krevo yaxınlığında alman mövqelərinin 
yarılması  əməliyyatına, onuncu  ordu cəbhəsində 1917-ci il iyul əməliyyatına rəhbərlik   
etmişdir. Əliağa Şıxlinskini həmişə ön mövqelərdə görmək olardı. O, topçu hissələrinin yerlərini 


 
75
yoxlayır, onları daha düzgün   yerləşdirmək üçün göstərişlər verir, döyüş əməliyyatlarını   izləyir 
və rəhbərlik edirdi”. 
Heydər Hüseynov səhifəni axıra qədər oxuyub vərəqi çevirdi. Sakitcə oturub onu 
dinləyən generala baxdı. Uzaq keçmişinin şan-şöhrət səsinə diqqətlə qulaq asırdı. Dumanlanmış 
eynəyini çıxardıb ehmallıca sildi. İri sifətindəki batıq ordları həyəcandan titrədi. 
- Bu səhifədə isə sizin onuncu ordunun baş komandanı olan vaxt yazdığınız bir raportun 
mətni verilib. 
- Maraqlıdır, mən yüzlərlə raport yazmışam. Görəsən, hansı  əməliyyatdır ki, bir tarixi 
fakt kimi hətta kitaba düşüb? Oğul, zəhmətdən keçib, rica edirəm, onu da oxuyun, - deyə,  
general nəzakətlə xahiş etdi. 
“Topçu hazırlığı başlandı. Müharibənin üç ili ərzində  mən topçuların bu qədər gözəl 
əməliyyatını görməmişdim. Qoşunların  əhvalı yüksəlməyə başladı. Hətta topçulara qarşı çox 
tələbkar olan piyadalar da razı qalmışdı. Otuz səkkizinci korpusda piyadalar hazırlığı tamamilə 
bitmiş hesab edib, hətta onu davam etdirmək təklifindən  əl çəkdi... hissələr hücuma keçdilər, 
onlar düşmənin iki-üç sıra səngərini aşıb, onun batareyalarına çatdılar, düşmən toplarının 
nişangahlarını götürüb gətirdilər... 
- Hə, yadıma gəldi, -  deyib, general sinədolusu nəfəs aldı.  
-  Çox sağ ol, oğul... 
- Hələ qurtarmamışam, yoldaş general, - deyib Heydər    Hüseynov yenidən oxumağa 
başladı. O, generalı sevindirdiyinə özü də  hədsiz dərəcədə  şad olmuşdu. - Əliağa çox tələbkar   
və zabitəli bir komandir olmaqla   bərabər, eyni zamanda xeyirxah, tabeliyində olanların qeydinə 
qalan bir adam idi. Onlar Əliağaya hörmət edər və onu son dərəcə sevərdilər... 
 - Bəsdir, oğul, bəsdir, - deyib, general    alimin    biləyindən tutdu. - Üzgörənlik eləyib 
Yevgeni Zaxaroviç məni lap ox tərifləyib. 
- Zənnimcə elə xidmətiniz müqabilində  də Yevgeni   Zaxaroviç tərif yazıb. Amma siz 
nədənsə elə tərifdən qaçırsınız. 
- Axı ay oğul, biz o işləri tərif naminə görməmişik. Bu hər birimizin borcu idi, onu da 
pis-yaxşı yerinə yetirdik.  
- Yoldaş general, borca qalanda... - susdu, cəsarət eləməyib elə-belə kitabı vərəqlədi. 
- Hə, buyur oğul, nəsə sözlü adama   oxşayırsan,   de   utanıb-çəkinmə... 
- Sizdən bir təvəqqem var, amma gərək yox deməyəsiniz... 
- Oğul, bir de görüm, əlimdən   gələn işdimi? - Kövrək-kövrək, - məgər bu əldən-ayaqdan 
düşmüş qoca da kiminsə işinə yarıyar. 
- Yaxşı olar   ki, siz də xatirələrinizi yazasınız. Sizin xatirələr bu gün də dünya ağalığı iddiasında 
olanlara qarşı mübarizədə ən güclü silahlardan biri olardı. 
General kitabı  əlinə alıb, eynəyini gözünə taxdı. Kitabın ilk səhifəsinə elə-belə göz 
gəzdirib: 
- Ay oğul, - dedi, - dünən sizin bir elmi   işçi də gəlmişdi. Ona da dedim. Bu elə çətin 
işdir   ki, tək mən öhdəsindən   gələ bilmərəm. Hərbi gimnaziyada, sonra isə Peterburqda   
Mixaylov adına Topçuluq Məktəbindəki təhsil illərim, rus-yapon müharibəsindəki xidmətlərim, 
cahan müharibəsində və inqilab illərində olan bütün hadisələr təfərrüatı ilə   yaddaşımda   qalıb. 
Bu, görünür, ömrümdə bir dəfə  də olsun araq içməməyimdən,  ət yeməməyimdən irəli gəlir. 
Ümumiyyətlə, uşaqlıqdan məndə qumara və insana məxsus olmayan əyləncələrə qarşı nifrət var.   
Boş vaxtımı at sürməkdə, kitab mütaliəsində keçirmişəm. Bəlkə ona görə  də yaddaşdan 
yaxşıyam. Amma qulaqlarım və gözlərim vəfasızlıq edir. Bu da, görünür qocalıqdandır. Axı,   
zarafat deyil, bu yolu mən ötən əsrin ortalarından gəlirəm. 
Alim sevinclə: 
- Eybi yoxdur, yoldaş general, - dedi, - generalın razılıq verməyi onun hədsiz sevincinə 
səbəb oldu. - Mən sizə köməkçi verərəm. Hiss eləyirəm naxoşsunuz, əgər etiraz etməsəniz, sizə 
bir nömrəli xəstəxanda otaq da ayırardıq. Orada həm müalicə olunardınız, həm də xatirələrinizi 
diktə edərdiniz. O, adam gecə-gündüz sizinlə bir otaqda yaşayacaq. 


 
76
- Mən etiraz etmirəm, - deyə general qocalara məxsus xoş  təbəssümlə gülümsündü. - 
Onsuz da evdə tək-tənha darıxıram. Həkimlər mütaliəni də mənə çox gördülər. Amma bir şeyi də 
demək istəyirəm. Sizin o alim yoldaşın günahı nədi, sapsağlam ola-ola xəstə... 
- Siz onun üçün narahat olmayın. O, özü buna ürəkdən razıdır. Başa düşür ki, bu 
xatirələrin hər bir epizodu xalqının azadlığı yolunda əzab-əziyyətlərə dözən, odlu səngərlərdə 
“Vətən uğrunda!” deyib hücuma keçən əsgər və zabitlərə hava, su qədər gərəklidir. 
- Mən hazıram, - deyə general ürəkdən razılıq verdi. Gur səslə, - bir şərtlə ki, lap 
uşaqlıqdan başlayacağam. Çünki uşaqlırım mənim üçün çox əzizdir, - dedi. Sizə onu da 
xatırladım ki, kiçik bir mülkədar olan atam İsmayıl ağa Əli Qazax oğlu Şıxlinski, əsli 1537-ci 
ildən başlayan igid bir nəslə  mənsub olub. Bizim ulu babamız Ağdolaq Məmmədağa Qazax 
qəzasında igidliyi ilə ad-san qazanıbmış. Onun iki oğlu olub, Böyük oğlu Şıxı çox ağıllı və sakit, 
kiçiyi  Əli Qazax isə çox igid, amma dəlisov bir adam imiş. Mən  Əli Qazaxın nəslindənəm. 
Əvvəllər ikisi də Qazaxlı kəndində yaşayıblar. Şıxının övladları artıb, böyüyəndə görünür, torpaq 
sahəsi azlıq edib. Ona görə də onlar bir qədər qərbə köçüb, biri Sınıq körpünün yanında, o biri də 
Kürün sahilində kənd salıblar. İndiki Şıxlı kəndləri mənim ulu babamın adını daşıyır. 
- Eşitdiyimə görə sizin böyük şair Molla Vəli Vidadiyə də qohumluğunuz çatır? 
  
Çatır yox, oğul, - general fəxrlə izah  etdi. - Mənim anam Şah Yəmən xanım Vidadinin 
dost-doğma nəvəsidir. O dövrün bir məşhur  şairi də bizim nəslin yetişdirməsidir. Kazım ağa 
Salik, eşitmisənmi? 
  
- Bəli, ədəbiyyat tarixində belə bir şair var.   Amma   heyf ki, çox az şerləri bizə gəlib 
çatıb.   O da   Firudin bəy Köçərlinin xidməti sayəsində. 
Alim hiss edirdi ki, danışmaq, o illəri xatırlamaq general üçün çətin də olsa xoşdur. 
Həyəcanlanmış general durub rəfdən qalın bir kitab gətirdi. Vərəqləyib istədiyi səhifəni tapdı. 
Kresloda əyləşib dərindən nəfəs aldı. 
- Rəhmətlik Firudin bəy gör nə  qədər künclərdə, bucaqlarda itib-batmaqda olan 
Azərbaycan  şairlərinin  şerlərini üzə  çıxartdı. Yəqin ki, bu kitabı oxumusunuz. Görürsünüzmü,  
Kazım ağa Salikin, Mustafa ağa   Arifin neçə şeri verilib.   Ömrünü Rusiyada sürgündə keçirən 
mayor Mustafa   ağa   da bizim   nəslə mənsubdur. Mustafa ağa ilə Kazım    ağa deyilənə   görə   
qardaş, ya da əmioğlu olublar. Diqtət elə, gör qürbətdə Qazaxı xatırlayan Mustafa ağa Arif 
Salikə nə yazır: 
 
Bilməm noldu bizim Qazax, Şəmsəddin,  
Gəlmədi onlardan bir xəbər yəqin.  
Qəzayi-ilahi bu imiş həmin,  
Getdi əldən o dövranlar, ağlaram! 
 
... Söhbətləri elə tutmuşdu ki, qonaq getməyi, general isə  xəstəliyini unutmuşdu. Sanki 
onlar bir-birini neçə illər idi tanıyıb sevirdilər. Alim ürəyində fikirləşirdi: “Hər bir xalq şübhəsiz 
ki, öz sərkərdəsi ilə fəxr edir. Biz isə belə sərkərdəni itirib-axtarmırıq. Vaxtilə rus artilleriyasının 
“allahı” sayılan, xalqımızın hərb tarixinə  şanlı  səhifə yaza biləcək insan Cəfər Cabbarlı adına 
küçənin on dörd nömrəli evində tək-tənha ölümünü gözləyir”. 
- Nəslinizdə sizdən əvvəl hərbçi olubmu? 
  
- Bizim  nəsil cəngavərliyi, tündməcazlığı ilə tanınıb. Ona görə  də bizi qəzada 
“dəliqazaxlı” adlandırıblar. 
Əli Qazaxoğlu nəslində birinci savadlı adam mənim atam olub. O, 1804-cü ildə Rusiya-
İran müharibəsində Qazax-Dilican yolu üstündə şahzadə Abbas Mirzə qoşunlarını məğlubiyyətə 
uğradan süvari dəstəsinin tərkibində vuruşmuşdur. Atam İsmayıl ağa döyüşdə xüsusilə 
fərqlənənlər, təltif olunanlar sırasında olub. 
Şıxlinskilər nəslində Avropa təhsili alan birinci adam mən olmuşam. 
Atam rus dilini bilməsə də, görünür ona böyük hüsn-rəğbəti olub. Məndən iyirmi beş yaş 
böyük qardaşımı çar konvoyuna göndərib. Qardaşım atamdan aldığı maddi yardımla özünə 
müəllim tutub rus dilini öyrənir. Üç ildən sonra zabitliyə imtahan verib, süvari zabiti adını alır. 


 
77
Mənə isə hərbi təhsil vermək atamın ən böyük arzusu idi. Ona görə də məni götürüb özü 
ilə Tiflisə apardı. Anamın  əmisi oğluna - o vaxtlar çox məşhur olan, bir çox azərbaycanlının 
təhsil almasına yaxından kömək edən Mirzə  Hüseyn Əfəndi Qayıbzadəyə tapşırdı. Həyatda 
tutduğun mövqeyə görə həm müəllimim həm də qayınatam Mirzə Hüseynə borcluyam. 
General susdu. Gödək saqqalını fikirli-fikirli sığalladı. Qonağın sorğu-sualı onu həyatının 
ilk gənclik çağına qaytardığından ürəyindəki nisgili də  tərpətmişdi. Saysız-hesabsız dostlarını, 
tanışlarını elə bil qonaq özü ilə gətirmişdi. “Qayınatam” deyəndə istər-istəməz Nigarını xatırladı. 
Başını söykənəcəyə dirədi. Dünyanın ağrısı-acısı onun köksünü didirdi. 
- Hə, oğul, - deyəsən kitabın bir fəslini yazıb bitirdik. Alim onun bərk yorulduğunu görüb 
ayağa durdu.    Sağollaşıb ayrıldı. 
Söhbətdən sonra xeyli vaxt özünə gələ bilməyən general nahar etməyi də unutmuşdu. O, 
fikrə getdi. Ötən günlər onu yaman kövrəltmişdi. Diqqəti məchul bir nöqtədə ilişib qalan ev 
sahibi fikrən hadisələri ilbəil bir-birinin yanına düzürdü. 
... 1908-ci il, iyirmi beş noyabr. Çarskoye Seloda müqəddəs Georki Pobedonosev günü 
bayram edilirdi. Podpolkovnik Şıxlinskiyə  əla xidmətinə görə polkovnik rütbəsi verilirdi. O, 
onillik xidməti borcunu üç ildə yerinə yetirmişdi. Bu barədə yuxarı dairələrdə də, orduda da çox 
nadir bir hadisə kimi danışılırdı. Sülh vaxtı bu ağlasığmaz təltifat idi. 
Əliağanı məşhur Şipka qəhrəmanı, piyada generalı Nikolay Qriqoryeviç Stoletova burda 
təqdim etdilər. Hərbi sovetin üzvü N.Q.Stoletov çatılmış qaşları altındakı iri mavi gözlərini 
Əliağaya dikib təmiz Azərbaycan dilində dedi: 
- Tanışlığımıza çox məmnunam, cənab polkovnik. 
Əliağa donub qaldı. Ona elə  gəldi ki, qulağı  səsə düşüb. Generalın qarşısında hərbi qaydada 
farağat dayanıb təəccüblə: 
- Mən də həmçinin ... - səsi qırıldı. 
 Qulluğunuz necə keçir, füsunkar Qafqaz üçün darıxmırsınız? 
- İşin çoxluğu bəzən buna imkan vermir. Lakin Vətən, həmişə Vətən olaraq qalır. Məgər 
onun üçün darıxmamaq olarmı? 
- Çoxdanmı ayrılmısınız Qafqazdan? 
- Artıq səkkiz ili keçir. Cənab general, icazənizlə soruşmaq istərdim,  əgər sirr deyilsə, 
bizim dili belə təmiz kimdən öyrənmisiniz? 
General gülümsünüb ərklə  əlini  Əliağanın çiyninə qoydu: - Bu dili mən sizinkilərdən 
öyrənəndə    yəqin  ki, sən    onda uşaq idin. 1860-cı ildə Tiflisdə  hərbi xidmətdə olmuşam.   
Sevastopol kampaniyasından sonra mənə  ştabs-kapitan rütbəsi verib Qafqaz ordusunun baş 
qərargahına təyin etdilər. Onda cavan bir azərbaycanlı ilə tanış oldum. Bu adam ərəb, fars dilində 
yaxşı təhsilə malik olsa da,   rus dilini çox zəif bilirdi. Bu dilə isə güclü marağı vardı. Biz onunla 
dostlaşdıq. Belə    qərara gəldik ki, mən ona rusca, o da mənə azərbaycanca dərs keçək. 
Azərbaycan dilini bilməyən adam Qafqazda çətin hərəkət edə bilər. Bunu Martınov gülləsinin 
günahsız qurbanı, böyük şair Lermontov da etiraf etmişdir. 
Onu da deyim ki, sənin Azərbaycan dilin bir neçə dəfə Şipka döyüşlərində də köməyimə 
çatıb. Son həmlələrin birində  əsir aldığımız məşhur türk sərkərdəsi Hacı Osman Paşanı  mən 
Azərbaycanca danışdıranda onun cözü kəlləsinə  çıxdı. Dodaqaltı  mızıldanıb hirslə gözlərini 
üzümə bərəltdi: 
 - Gavura satılan qafqazlı, - deyə məni təhqir etdi. 
  
- Lütfən deyin, cənab general, o dərs aldığınız adamın adını xatırlamırsınız ki... 
- Əlbəttə, xatırlayıram, Mirzə Hüseyn Əfəndi. - General ani olaraq fikrə getdi. 
Əliağa Şıxlinski dərhal sevinclə soruşdu: 
  
- Qayıbzadə, eləmi? 
- Bəli, məgər siz də onu tanıyırsınız? 
   
-  Necə tanımayım. Hüseyn Əfəndi mənim anamın doğmaca  əmisi oğludur. Həm də 
mənim qayınatamdır. Mən də ondan   dərs alıb bu rütbəyə çatmışam. 


 
78
  
- Görürsünüz, tanış  çıxdıq. Bu çox yaxşı oldu. Axtarılsa siz qafqazlılar hamınız bir-
birinizə qohumsunuz. Vaxtınız olanda bizə buyurun, cənab polkovnik, sizi Qafqaz çayına qonaq 
edərik. 
- Cənab general, icazə versəydiniz mən də sizi keçmiş dostunuzun qızı Nigar xanımın 
bişirdiyi Qafqaz plovuna dəvət edərdim... 
- Böyük məmnuniyyətlə... 
Əliağa Şıxlinski Uzaq Şərqdəki xidmət illərini, Çinə səfərini, rus-yapon və Birinci dünya 
müharibəsindəki iştirakını, Azərbaycanda xidmətini, Nəriman Nərimanov,  Əliheydər Qarayev, 
Frunze, Çingiz İldırım kimi dövlət xadimi və məşhur sərkərdələrlə görüşlərini xatırlayır, titrək 
qələmilə xırdaca qeydlər də edirdi. 
O gündən unudulmuş qoca generala fərdi təqaüd kəsildi. Həkimlər həyəcanlanmamağı 
tapşırırdılarsa da mümkün olmurdu. Daim ön xətlərdə, müharibə meydanlarında döyüş 
əməliyyatlarının mahir sərkərdəsi həyəcansız danışa bilmirdi.  
1943-cü ilin aprelində kitabın son səhifələrini diktə edən general vətəndaşlıq borcunu 
xatırlayaraq deyirdi: “İçərisindən çıxdığım xalqıma və onun özü üçün seçmiş olduğu hökumətə 
həmişə sədaqətlə xidmət etmişəm, edirəm və edəcəyəm.” 
Bütün varlığı ilə xalqını sonsuz ehtiramla sevən generala kitabının çıxmasını görmək 
qismət olmadı. Gələcək nəsillərə onun böyük bir əmanəti qaldı.  İbrətamiz həyat yolunu, hərbi 
xidmətini ayna kimi göstərən məşhur “Xatirələrim” kitabı ölümündən bir il sonra işıq üzü gördü. 
Topçu hissələrilə tankların açıq hərəkət üsulu kimi ağıllı  təklifləri düşməni məhv etməkdə 
döyüşçülərimizin köməyinə gəldi. 
Dövlət mükafatı laureatı, hərb elmləri doktoru, artilleriya taktikası professoru Yevgeni 
Zaxaroviç Barsukov kitaba yazdığı müqəddimədə bunu bir daha təsdiq edirdi: 
“Qızıl Ordunun artilleriyası özünün möhtəşəm qüvvəsini yaradarkən təkcə bu günün 
nailiyyətlərindən istifadə etməmiş, təkcə  gələcəyə baxmamış, eyni zamanda keçmişdən bütün 
faydalı  və lazım olanları da götürmüşdür. O, köhnə rus ordusunda olan ən yaxşı döyüş 
ənənələrini mənimsəmişdir. 
Döyüş ənənələri və köhnə rus artilleriyasında yaxşı nə vardısa, hamısı general-leytenant 
Əliağa Şıxlinski ilə əlaqədardır” 
  
 

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin