Generallari


GENERAL HACIBABA ZEYNALOV



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə34/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   ...   30   31   32   33   34   35   36   37   ...   51
 
GENERAL HACIBABA ZEYNALOV 
 
Hələ Böyük Vətən müharibəsindən  əvvəl də Sovet ordusunun hissə  və birləşmələrində 
döyüş hazırlığı  və siyasi hazırlıq məktəbi keçmiş azərbaycanlı zabitlər az deyildi. Onlar 
M.V.Frunze adına hərbi Akademiyada, V.İ.Lenin adına Hərbi-Siyasi Akademiyada, Baş 
Qərargahın Akademiyasında və başqa ali hərbi məktəblərdə təhsil almışdılar. 
Cəmşid Naxçıvanski, Məmməd Veysov, Qambay Vəzirov, Tərlan Əlyarbəyov, Mahmud 
Əbilov, Heybət Heybətov, Yaqub Quliyev, Məmmədşərif Həmidov, Hüseyn Rəsulbəyov, Həzi 
Aslanov və başqaları milli hissə və birləşmələr üçün yetişdirilmiş sərkərdələr idi. 
Belə hərbi xadimlərdən biri də Hacıbaba Məmməd oğlu Zeynalov olmuşdur. 1906-cı ildə 
qədim Gəncədə yoxsul ailədə dünyaya gələn Hacıbaba orta təhsilini də doğma şəhərdə almışdır. 
O, hərbçi olmaq arzusu ilə 1923-cü ildə Bakıya gəlib, gənc komandirlər məktəbinə qəbul olunur. 
Üç illik təhsilini müvəffəqiyyətlə başa vuran Hacıbaba Zeynalov Serqo Orconikidze adına 
Azərbaycan atıcı diviziyasının ikinci dağ nişançı alayına vzvod komandiri təyin edilir. Az bir 
vaxtda onu komandirlik məharətinə görə alayın rabitə rəisi vəzifəsinə təyin edirlər. 
Böyük Vətən müharibəsi başlananda podpolkovnik Hacıbaba-Zeynalov Pribaltika Hərbi 
Dairəsində “N” diviziyasının  şöbə  rəisi kimi məsul vəzifədə çalışırdı. Kommunist komandirin 
sinəsini “Qırmızı Ulduz” ordeni və bir neçə medal bəzəyirdi. O, bu orden və medallara iki il 
əvvəl ağ finlərə qarşı döyüşlərdə göstərdiyi igidliyə görə layiq görülmüşdü. 1939-cu ildə 
M.V.Frunze adına hərbi Akademiyanı  əla qiymətlərlə bitirən Hacıbaba hərb sahəsində yaxşı 


 
92
biliyə, böyük təcrübəyə malik idi. Podpolkovnik H.Zeynalov Azərbaycan diviziyasında xidmət 
edəndə  məşhur general-leytenant Əliağa  Şıxlinski onlara mühazirə oxumağa gələrdi. Qoca 
general döyüş vaxtı komandirin cəsarətindən, mərdlik və mətanətindən söhbət açanda deyərdi: 
“Döyüş də bir səhnədir. Tamaşanın müvəffəqiyyəti səhnədə hər kəsin öz rolunu vaxtında 
ifa etməsindən asılı olduğu kimi, döyüşün də müvəffəqiyyəti hər hissənin öz vəzifəsini vaxtında 
ifa etməsindən asılıdır. Bu işi də təşkil etmək başlıca olaraq komandirin öhdəsinə düşür”. 
Podpolkovnik Hacıbaba Zeynalov generalın sözlərini öz təcrübəsində dönə-dönə 
sınamışdı. Döyüş vaxtı hissələrin qarşılıqlı əlaqəsi daha çox diqqət tələb edirdi. Döyüşün ahəngi, 
əsgərlərin cəsarəti də hissələrin düzgün yerləşdirilməsindən hər kəsin öz vəzifəsini dəqiq və 
vaxtında yerinə yetirməsindən çox asılı idi. Onda döyüş zamanı tələfat da az olurdu. 
... Qərbi Divina çayı sahilində dayanan diviziya cəbhə komandanı general Kuznetsovdan 
əmr almışdı ki, hissələrdən biri nəyin bahasına olursa-olsun çayı keçib, qarşıdakı kənddə özü nə 
mövqe tutmalıdır. General bu əməliyyatın yerinə yetirilməsini podpolkovnik Zeynalova həvalə 
etmişdi. Podpolkovnik batalyonu gecə ilə çayın sahilinə endirdi. Körpünü faşistlər tutmuşdular. 
Kəşfiyyat xəbər gətirdi ki, faşistlər səhər tezdən körpüdən keçib hücum edəcəklər. Ona görə də 
Zeynalov xeyli aşağıdan, çayın qalın meşə ilə örtülmüş sahilindən batalyonu gecə ilə o taya 
keçirdi. Düşmən gözləmədiyi yerdən ağır zərbə aldı. Mahir komandirin sayıqlığı ilə düşmənin 
altı tankı yandırıldı, qalanları isə geriyə qaçdı. Diviziyanın irəliləməsi üçün tam təhlükəsizlik 
təmin edildi. 
Bir neçə gün sonra növbəti döyüşdə polkovnik Hacıbaba Zeynalov yaralandı. Tbilisi 
şəhərində müalicə olunan polkovnik Zeynalov yenidən cəbhəyə səfərbər olundu. 
1942-ci ilin payızında Bakı neftinə can atan hitlerçilər  Şimali Qafqazın  şəhər və 
kəndlərini müharibə alovlarına bürümüşdülər. 
Polkovnik Hacıbaba Zeynalov 416-cı atıcı diviziyanın qərargah rəisi idi. O, burada özünü 
hərbi təcrübəyə, yüksək döyüş qabiliyyətinə, gözəl təşkilatçılıq məharətinə malik sovet 
sərkərdəsi kimi göstərdi. 
Zaqafqaziya cəbhəsinin 47-ci ordu qərargahında xüsusi şöbə rəisi, Krım cəbhəsinin 396-
cı atıcı diviziyasında qərargah rəisi, 402-ci atıcı Azərbaycan diviziyasında komandir kimi məsul 
vəzifələrdə polkovnik Hacıbaba Zeynalov qəhrəman xalqının adına layiq çalışmışdır. 
İstefada olan general-mayor Akim Abbasovun xatirələrindən: 
- Hacıbaba Zeynalovla ilk dəfə 1932-ci ildə tanış oldum. O vaxt biz 77-ci Azərbaycan 
diviziyasında qulluq edirdik. Zeynalov ikinci dağ-nişançı alayında, mən isə dördüncü dağ-atıcı 
alayında rota komandiri idim. 
Hər il may ayından oktyabradək diviziyamız Hacıkəndə hərbi düşərgəyə gedirdi. Orada 
təlimləri, manevrləri, poliqon və atəşgahları birgə keçirərdik. Yaxşı yadımdadır, Hacıbaba 
Deyərdi ki, zabit də, əsgər də səliqəli olmalıdır. Əgər o zabitdə, o əsgərdə səliqə yoxdursa, tam 
mənası ilə o nə özünü, nə də Vətəni sevir. 
Hacıbaba təkcə geyimində yox, işində də hədsiz dərəcədə səliqəli və ciddi komandir idi. 
1937-ci ilə kimi birgə qulluq etdik. O vaxt mayor rütbəsində olan Hacıbaba Zeynalovun 
bacarığını diviziya komandanı Qambay Vəzirov, Cəmşid Naxçıvanski, polkovnik İbrahim 
İbrahimov çox yüksək qiymətləndirirdilər. 
Hacıbaba Zeynalov ilk azərbaycanlı qırmızı komandirlərdən biri idi. 
Böyük Vətən müharibəsi başlayandan az sonra Hacıbaba 416-cı atıcı Azərbaycan 
diviziyasının qərargah rəisi idi. Mənim xidmət etdiyim 402-ci diviziya da onlarla yanaşı 
vuruşurdu. O vaxt azərbaycanlı zabitlərin, xüsusilə, Hacıbaba Zeynalovun döyüş  məharəti 
haqqında çox tez-tez eşidirdim. Onun bacarıqla idarə etdiyi diviziya Şimali Qafqazın neçə-neçə 
kəndini, şəhərini faşist quldurlarından təmizlədi. Mozdok və İşşersk kəndi uğrundakı döyüşlərdə 
göstərdiyi qəhrəmanlıq və hərbi bacarığına görə polkovnik Hacıbaba Zeynalov “Qırmızı Bayraq” 
ordeni ilə təltif olundu. 
Hacıbaba Zeynalov kimi yüksək təhsilli zabit kadrlarımız o vaxtlar çox az idi. 


 
93
General Hacıbaba Zeynalov iki hərbi Akademiyanın məzunu olmuşdur. O, 1939-cu ildə 
M.V.Frunze adına hərbi Akademiyanı, 1948-ci ildə isə Baş  Qərargah Akademiyasını  əla 
qiymətlərlə bitirmişdir. 
Müharibədən sonra general Zeynalov korpus komandanının müavini, sonralar 402-ci 
Azərbaycan atıcı diviziyasının komandiri olmuşdur. Hərbi işi hədsiz dərəcədə sevən general 
yorulmaq bilmədən çalışırdı. 
O, diviziyanın hissələri üçün atəşgahlar, tank və artilleriya üçün poliqonlar, avtodromlar 
və digər mühüm obyektlər yaradırdı. General Zeynalov əsgərlərin yüksək döyüş bacarığına 
yiyələnməsi üçün var qüvəsi ilə çalışırdı. 
Tez və səliqəli iş görən, sözdə də konkret və qısa danışan general Zeynalov həm də çox 
tələbkar komandir idi. O, həmişə cəsarətli və işgüzar zabitləri nümunə göstərərdi. General-mayor 
Zeynalov ictimai xadim kimi də fəal vətənpərvər idi, respublika Ali Sovetinin deputatı, Mərkəzi 
Komitənin üzvü olmuşdu. 
1956-cı ildə Hacıbaba Zeynalovun misilsiz hərbi xidməti nəzərə alınaraq ona general-
mayor rütbəsi verilib. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin rəisi işləyən istedadlı 
komandir, Sovet Ordusu üçün bacarıqlı, yüksək ixtisaslı, Vətənin, xalqın keşiyində ayıq-sayıq 
dayanan zabitlər yetişdirirdi. 
Hərbi məktəbdə bu gün general Zeynalovun adını ehtiramla çəkirlər. Məktəbin “Şöhrət 
muzeyi”ndə keçmiş rəisə həsr olunmuş ayrıca guşə var. Gələcəyin zabitləri bu guşənin qarşısına 
tez-tez yığışır, generalın keçdiyi şan-şöhrətli döyüş yolunu maraqla öyrənirlər. 
İstefada olan polkovnik Konstantin    Oletskinin xatirələrindən: 
- General Zeynalov Bakı  hərbi məktəbinə 1957-ci ildə  gəldi. Onun məktəbə  gəlişi ilə 
kursantların tədris prosesində müharibədən sonrakı döyüş təcrübəsinin üstün cəhətlərinin tətbiq 
edilməsi dövrü başlandı. Təlim sahəsində böyük təcrübəsi olan general Zeynalov özünün Frunze 
adına Akademiyada və Baş  Ştabın Voroşilov adına Akademiyasında aldığı  dərin biliyə 
əsaslanaraq, kursantların səhra  şəraitində  təlimini qətiyyətlə  təşkil etməyə başladı. Zabit və 
müəllimlərdən tələb edirdi ki, kursantları müharibədə tələb olunan hər şeyə öyrətsinlər. 
O, məktəbin zabit heyətində komandirlik və müəllimlik vərdişlərinin tərbiyə olunmasına, 
təkmilləşdirilməsinə  də böyük diqqət yetirirdi. Gündəlik işində  məktəbin təlim bazasını 
möhkəmləndirməyi də unutmur və bunu tabeliyində olanlardan da tələb edirdi. O deyirdi ki, 
“...savadlı, mənəvi və fiziki cəhətdən möhkəm zabitləri yalnız döyüşə maksimum yaxın olan 
şəraitdə tərbiyə etmək olar. Bundan ötrü də kursantların təlim-tərbiyəsi üçün hər cür lazımi şərait 
yaratmaq lazımdır”. 
Bilavasitə onun rəhbərliyi ilə müasir avtotank parkı, üzgüçüluk hovuzu tikilmiş, təlim 
düşərgəsi təkmilləşdirilmiş, kabinetlər ən yeni avadanlıqla təchiz edilmişdir. 
General-mayor Hacıbaba Zeynalovun rəhbərliyi və  şəxsi iştirakı ilə  qısa vaxtda ali 
riyaziyyat, fizika, texniki tank hazırlığı və xarici dillər kafedraları yaradılaraq avadanlıqla təchiz 
edilmişdir. Kursantlara kimya, elektroradiotexnika, elektronika, pedaqogika, psixologiya fənləri 
tədris edilməyə başlandı. 
Bu gün Azərbaycan SSR Ali Soveti adına Bakı Ümumqoşun Komandirləri Məktəbinin 
ölkənin qabaqcıl Ümumqoşun məktəblərindən biri hesab olunmasında  şübhəsiz general 
Zeynalovun xidməti böyükdür. 
O, nikbin və  təvazökar bir insan idi. Onu tanıyanların, onunla işləyənlərin, ondan dərs 
alanların hamısının xatirəsində Zeynalov beləcə qalacaqdır. 
Hacıbaba Zeynalovun böyük sərkərdəlik qabiliyyətini yüksək qiymətləndirən partiya və 
hökumətimiz onu Lenin ordeni, üç dəfə “Qırmızı bayraq” və “Qırmızı Ulduz” ordenləri ilə, 
çoxlu medalla, fəxri fərmanlarla mükafatlandırmışdır. 
Onun ölməz əməllərini əbədiləşdirmək məqsədilə xalqımız Xəzərin mavi sularında üzən 
bir gəmini “general Zeynalov” gəmisi adlandırmış, doğma şəhəri Gəncənin küçələrindən birinə 
onun adını vermişdir. 
  

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin