94
GENERAL HEYBƏT HEYBƏTOV
General Heybət Heybətovdan söz düşəndə çoxları etinasızlıq göstərirlər. Xüsusilə,
müharibə görməyən cavanlar. Səbəbi də budur ki, guya bu general doğma ad-familini atıb,
arvadının (Zuvanovanın) familini qəbul edib
16
, hətta dinini belə dəyişib.
Yalnız general-mayor Heybətovun döyüş dostları - polkovnik Baxış Mehdiyev, yazıçı-
jurnalist İbrahim Novruzov, müharibə veteranı Əbdüləli Mürsəlov, Bəxtiyar Əfəndiyev və onu
tanıyan başqa veteranlar general dostlarından söz düşəndə ondan fəxrlə danışırlar.
Qəribədir, əsl həqiqət qalıb kölgədə, amma mənasız bir fakt belə gözəl insanın, görkəmli
sərkərdənin şəxsiyyətinə yersiz bir ağ ləkə salıb. General Heybətov bizim xalqın oğludur. Və
mən bu unudulmuş, haqqında söz düşəndə bir çoxlarının ağız büzdüyü generalı bizə özümüzə
“qaytarmaq” üçün dəridən-qabıqdan çıxmaq istəmirəm. Buna ehtiyac da yoxdur. Uzun
axtarışlardan sonra general Heybətovun səksən altı yaşlı doğma bacısı Saraxanım Heybətovanı
tapa bildim.
Əvvəla onu deyim ki, indiyədək hansı qəzet və jurnalda, radio və televiziya verilişlərində
generalın ad-familini çəkirlərsə, atasının adını səhvən Heybət yazırlar. Onun əsl ad-famili
belədir: - Heybət Atamoğlan oğlu Heybətov. Bu barədə generalın bacısı Sara xanımın söhbəti
oxucular üçün də maraqlı olar.
- Ailəmiz çox böyük idi. Yeddi uşaqdıq: Heybət, Həzi, Cahangir, Nəcəf, Sara, Salman
(Leninqrad mühasirəsində həlak oldu), Rəhman. Atam maştağalı idi, anam Tutixanım isə Saray
kəndindən. Atamı zorla, çox dumanlı şəkildə xatırlayıram. Onu 1918-ci ildə erməni-müsəlman
davasında heç nədən daşnaklar güllə ilə vurub öldürdülər. Atamdan sonra ailəmizin dolanacağı
çox çətin olduğundan anam böyük qardaşım Heybəti Zuvanov familiyalı bir hərbçinin yanında
işə düzəltdirir. Qardaşımın işgüzarlığı, fərasəti, yaxşı hafizəsi Zuvanovun xoşuna gəlir və buna
görə onu hərbi məktəbə qəbul etdirir. Zuvanov həm də sonsuz idi. Anamdan təvvəqqe edir ki,
Heybəti öz familinə keçirməyə, onu oğulluğa götürməyə icazə versin.
Anam bizi güç-bəla ilə saxlayırdı. Ağır ehtiyac və generalın şirnikləndirici vədləri anamı
məcbur edir ki, belə bir güzəştə getsin. Qardaşım Heybətin başqa bir familiyanı götürməyinin
belə bir tarixçəsi olub.
General Heybətovun ailəsini axtardım. Dedilər ki, oğlu Boris Əhmədli qəsəbəsində
yaşayır. Üzümə qapını ortayaşlı bir qadın açdı. Nadejda Yevgenyevna təəssüflə bildirdi ki, Boris
1983-cü ildə vəfat edib. General qayınatasından isə evdə heç bir sənəd, fotoşəkil qalmayıb. Elə
qapının ağzındaca hara, kimə müraciət etməyi “planlaşdırdıq”. Ondan generalın bacısı
Saraxanımın ünvanını aldım. Bir də polkovnik Baxış Mehdiyevə müraciət etməyi məsləhət
gördü. - Respublika hərbi Komissarlığında şəxsi işi qalmalıdır, - dedi.
“Qalmalıdır, saxlanılmalıdır”. Təəssüf ki, nə Nadejda Yevgenyevnanın dediyi kimi oldu,
nə də mənim düşündüyüm kimi. Respublika hərbi komissarlığında mayor Çebunin Nikolay
Mixayloviç dörd günlük axtarışdan sonra bildirdi ki, general-mayor Heybət Heybətovun şəxsi işi
1971-ci ildə məhv edilib. Vaxtilə generalın yaşadığı ərazinin rayon hərbi komissarlığına
müraciət edin, bəlkə orda surəti saxlanılır, - dedi. Ordan da sevindirici cavab ala bilmədim:
“Bizdə general Heybətovla bağlı heç bir sənəd, fotoşəkil saxlanılmır, vəssalam!” - cavabını
alanda təəccübləndim. Axı bu adam general olub, adi, sıravi əsgər yox. Zənnimizcə, hər bir
generalın həyat yolu onun mənsub olduğu xalqın tarixinin solmaz bir səhifəsidir.
Məni sevindirən təkcə polkovnik Baxış Mehdiyev oldu. Sən demə, polkovnikdə generalın
zəngin “xəzinəsi” varmış. Heybətovun nadir fotoşəkillərinə (bu fotolar müharibə illərində
səngərdə, döyüş dostları ilə, Krasnoarmeysk stanitsasında, 223-cü atıcı diviziyasında əla döyüş
xidmətlərinə görə ona respublika Ali Sovetinin Keçici Qırmızı Bayrağı təqdim edilərkən,
müharibədən sonra iş otağında çəkilib) baxdıqca ürəyimi fərəh hissi bürüyürdü.
16 Bundan sonra generalın ad-famili hər yerdə Heybətov kimi işlənəcək.
95
Baxış Mehdiyevin qoruyub saxladığı sənədlərin içərisində ən qiymətlisi 1945-ci il iyunun
dördündə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-leytenantı Cerebinin, beşinci zərbə
ordusunun komandanı general-polkovnik Berzarinin, hərbi şuranın üzvü general-leytenant
Bokovun, 416-cı Taqanroq diviziyasının komandiri general-mayor Sızranovun general-mayor
Heybət Heybətova verdikləri “attestasiya” sənədidir. Bu qədər əziyyətdən sonra general
haqqında bircə sənəd tapdığıma görə sevinirdim.
Polk komandiri Baxış Mehdiyev müharibənin ilk günündən sonuna kimi diviziya
komandiri general Heybətovla çiyin-çiyinə vuruşub. Ona görə də generalın müharibə dövrünü
yaxşı xatırlayır. 1983-cü ildə nəşr etdirdiyi “İki yüz iyirmi üçüncü Qırmızı Bayraqlı Belqrad
diviziyası” hərbi memuarında komandir dostundan iftixarla söhbət açır:
“... General Heybətov tibb məntəqəsinin rəisi Şükür Əhmədovun müşayiətilə yaralılara
yaxınlaşdı. Yaralının üzünu görən kimi Əhmədovun rəngi qaçdı. O, döyüş dostunu tanıdı. Yaralı
döyüşçü Bəyqulov da gözlərini açıb Şükürü tanıdı, gülümsəməyə çalışdı. General Heybətov
şinelin küncündən möhkəm yapışmış yaralının əlinə ehtiyatla toxundu:
- Möhkəm ol, oğul...
- Eybi yoxdu, yoldaş general, mən hələ...- Bəyqulov nəsə demək istədi. Onu soyuq tər
basdı, ağrıdan dişlərini möhkəm sıxdı.
General Heybətov yaralı əsgərin ipək kimi yumşaq saçlarını ata nəvazişi ilə sığalladı.
- Eybi yoxdu, oğlum, indi qospitala aparıb səni müalicə edərlər. Tezliklə qayıdarsan, biz
hələ səninlə yeni döyüşlərə gedəcəyik...”
Polkovnik Baxış Mehdiyevin general haqqında kitabında yazmadığı şəxsi xatirələri,
söhbətləri də çoxdur. Bacısı Sara xanımdan sonra Baxış ikinci adamdır ki, general Heybətovdan
ürəklə, yana-yana danışdı:
- 1959-cu ildə general Heybətov vəfat edəndə bir cümə axşamı arvadı Anna Fyodorovna
çəkinə-çəkinə mənə yanaşdı.
- Baxış, - dedi, - mənə yaxşı məlumdur ki, həyatda Heybətin sizdən yaxın ikinci bir
dostu yox idi. Mən çox istərdim ki, onun attestasiyası sənədi sizdə qalsın. Sizə daha çox etibar
eləyirəm. Çünki bir dəfə Heybət xəstəykən sənədlərindən söhbət düşəndə arzu elədi ki,
attestasiya sənədi sizdə qalsın.
Mən Annanı da yaxşı tanıyırdım. Müharibənin ilk günündən sonunadək bizim diviziyada
şəfqət bacısı işləyirdi. Diviziyamızda Heybətovlar ailəsindən üç nəfər vuruşurdu. General ata,
zabit oğul və hərbi şəfqət bacısı olan ana. Döyüşlərin birində oğlu düşmən gülləsindən həlak
oldu. Anna oğul itkisindən bir müddət özünə gələ bilmədi. Əlbəttə, ata kimi general Heybətovda
yanıb-yaxılırdı. Amma çalışırdı ki, döyüşçülər yanında ümidsizliyini, kədərini büruzə verməsin.
Bir dəfə kəşfiyyatdan “dil” gətirmişdik. Ondan lazım olan məlumatları alandan sonra
qazmadan çölə çıxartdıq. Anna əsir alman zabitini görən kimi qızmış şirə döndü, cumub mənim
əlimdən naqanı zorla aldı. (Naqan əsir alman zabitinin idi). - Onlar mənim oğlumu güllələyiblər,
mən də bu frisi öz silahı ilə güllələyəcəm, - deyib alman zabitini güllədən keçirdi.
Generalın adına verilən attestasiya sənədi onun 1943-cü il noyabrın 21-dən 1945-ci il
iyulun 4-nə qədər hərbi fəaliyyətini əhatə edir. Həmin dövrdə general Heybət Heybətov Qırmızı
Bayraqlı Suvorov ordenli 416-cı Taqanroq atıcı diviziyasında komandir müavini olub.
“Attestasiya” sənədi on üç bənddən ibarətdir. Onu olduğu kimi sizə təqdim edirəm:
Təvəllüdü: 1898-ci ilin sentyabrı.
Milliyyəti: azərbaycanlı.
Partiyalılığı: 1931-ci ilin avqustundan Ümumittifaq Kommunist (b) Partiyasının üzvü.
4. Təhsili; orta, səkkizinci sinfi 1922-ci ildə bitirib,
b) hərbi təhsili: 1922-ci ildə ikiillik Azərbaycan hərbi piyada məktəbini və 1929-cu ildə birillik
süvari qoşunun nəzdindəki “Vıstrel” kursunu bitirib. v) siyasi təhsil almayıb.
5. Fəhlə-Kəndli Qızıl Ordu sıralarına nə vaxt qəbul olub? - 1920-ci ilin oktyabr ayında.
6. Böyük Vətən müharibəsi cəbhələrində iştirak etmə müddəti - 1941-ci il, oktyabrın 13-dən.
Cəmisi üç il yeddi ay və on yeddi gün iştirak edib.
7. Döyüşən ordu zabitidir, yoxsa ehtiyatdadır? - 1922-ci ildən döyüşən ordu zabitidir.
96
8. Müharibə vaxtı (1941-45-ci illərdə) ilk zabit rütbəsini nə vaxt alıb? - İnqilab illərində.
9. Səhhəti: - Sağlamdır.
10. Müharibədən əvvəl xidmət etdiyi hissə və vəzifəsi: - Şimali Qafqaz hava Dairəsində 55-ci
atıcı diviziyasının, 641-ci atıcı polkunun komandiri.
11. Təltifləri: - İki Qırmızı Bayraq ordeni, ikinci dərəcəli Suvorov ordeni, ikinci dərəcəli
Kutuzov ordeni, ikinci dərəcəli Boqdan Xmelnitski ordeni, birinci dərəcəli Böyük Vətən
müharibəsi ordeni və “Qafqazın müdafiəsinə görə” medalı ilə
17
.
12. Müharibə vaxtı yaralanıb, kontuziya olubmu? - Üç dəfə yüngül yaralanıb və üç dəfə də
yüngül kontuziya olub.
13. Nə vaxtdan diviziya komandirinin müavini olub? - 1943-cü il noyabrın iyirmi birindən.
1941-ci ildə Vətən ağır günlər keçirəndə xalqımızın sayseçmə oğullarından milli
diviziyalar təşkil olundu. Həmin il oktyabrın on səkkizində qırx altıncı ordunun yüz altmış
səkkizinci ehtiyat polku nəzdində 223-cü atıcı diviziyasının təşkilinə başlandı. Əsasən
azərbaycanlılardan ibarət olan bu birləşmə 1942-ci ilin iyulunadək hazırlıq keçdi. Diviziyanın
siyasi rəhbəri, komissar və komandirləri xalqımızın qabaqcıl ziyalıları idi.
İki yüz iyirmi üçüncü diviziyanın ilk komandiri polkovnik Heybət Heybətov təyin
olundu.
Baxış Mehdiyev: - 1942-ci ilin sentyabrında döyüşə tam hazır olan diviziya Buynakskda
dayanmışdı. Mir Cəfər Bağırov diviziyanın əsgərləri ilə görüşə gəldi. Elə sıraların qarşısında
kinayə ilə Zuvanova - Heybətova dedi ki, bu milli birləşmədir, komandiri də Azərbaycan
millətinin nümayəndəsi olmalıdır. Familini gərək dəyişəsən...
Polkovnikin qəzəbdən gözləri böyüdü. Sərkərdələrə məxsus sərt sifəti qayış kimi
dartılıb qaraldı. Zabitlər, əsgərlər ürək ağrısı ilə sevimli komandirlərinə heyfsiləndilər ki, cəllad
əlinə keçdi. Həmin günü Bağırov qonşu diviziyada bir neçə” fərarilərin özlərinə qəbir qazdırıb
içində güllələtmişdi... Ona görə də o, çox hirsliydi.
Polkovnikin heç kəsin gözləmədiyi cavabı Bağırovu sarsıtdı:
- Mən, - dedi, - Azərbaycan xalqının əsgəriyəm. Xalqıma sidq ürəklə xidmət edirəm,
son nəfəsiməcən də edəcəyəm. O ki qaldı familiya məsələsinə, bu mənim şəxsi işimdir. Bunun
mətləbə dəxli yoxdur. Ən başlıcası bütün varlığımla, ürəyimlə azərbaycanlıyam. Vaxtilə
mənə ata əvəzi olmuş insana nankor çıxmaq istəmirəm. Müqəddəs Quranda da deyilir ki, səni
xoşbəxt edən adama sadiq qalmaq borcundur.
Ta Xarkova qədər Heybətov bizim diviziyanın komandiri oldu.. 1943-cü ilin iyun ayı idi.
Dyaçkino stansiyası uğrunda vuruşurduq. Əmr gəldi ki, general-mayor Heybətov 416-cı
diviziyaya komandir müavini göndərilir. Əlbəttə, belə gözəl, mahir komandir üçün müavinlik
aşağı vəzifə idi. Ən dözülməzi də o idi ki, general Heybətovu polkovnik Sızranova müavin təyin
etmişdilər. Bağırov ondan heyfini belə çıxdı.
1943-cü ilin iyunundan 416-cı atıcı diviziyanın komandir müavini təyin olunan general
Heybətovu döyüşçülər ürəkdən sevir və ona dərin hörmət bəsləyirdilər.
General-mayor Heybətov - Zuvanovla Qafqazdan Berlinədək döyüş yolu keçən yazıçı
Məmməd Aranlının “Cəbhə gündəliyi”ndən:
“9 mart 1944-cü il... Bizimkilər hücuma keçmişdilər. Çox-qanlı vuruşmalar getdi.
Nəhayət, faşistlər qaçmağa məcbur oldu.. Bəxtiyar Əfəndiyevlə uzun-uzadı dərdləşdik.
Diviziyanın tarixi haqqında düşünürdük.
General-mayor Zuvanov bizə gəldi. O, keçirdiyi günlər haqqında danışırdı. Xüsusilə
Səfər Məmmədovun adını tez-tez çəkirdi. Səfər öz məsləhətləri ilə bir çox hərbi əməliyyatlarda
generala kömək etmişdi. General Zuvanov çox sadə, təvazökar və baməzə adamdır. Familinin
rus olmasına baxmayaraq, tipik bir azərbaycanlıdır. Söhbəti çox sevir. Yaşayışı da çox qəribədir..
Yağ, ət yeməz...”
17 General Heybət Heybətov döyüş xidmətlərinə görə Lenin ordeni ilə də təltif olunmuşdur
97
Döyüşçü yazıçı Məmməd Aranlının gündəliyində adı çəkilən Bəxtiyar Əfəndiyevi
axtardım. Öyrəndim ki, istefada olan kapitan 416-cı diviziyanın veteranı, hazırda Nərimanov
rayonundakı otuz doqquz nömrəli beynəlmiləl orta məktəbin direktorudur.. General Heybətovla
qələbəni Berlində qarşılayan Bəxtiyar müəllim döyüş dostu haqqında xoş xatirələr söylədi:
- Polkovnik Sızranov general Heybətovun ona müavin göndərilməsini ədalətsizlik kimi
qəbul edirdi. Ona görə də generala hədsiz dərəcədə hörmət və məhəbbət göstərirdi. Bir dəfə
diviziyanın siyasi şöbə rəisi polkovnik Rəşid Məcidova dedi:
- Hiss edirəm ki, general sıxıntı keçirir. Çox nahaq. Mən yaxşı bilirəm ki, onun vəzifəsini
niyə aşağı salıblar. Heybətov gözəl sərkərdədir. Onu Bağırovun tapşırığı ilə gözüm - çıxdıya
salıblar. Şəxsən mən general Heybətova mərd bir azərbaycanlı kimi baxıram. O, mənə burada
çox lazımdır. Çünki əsgərlərin dilini və xasiyyətini ondan yaxşı bilən yoxdur.
Doğrudan da, general Heybətov diviziyaya gələn gündən sadəliyi və qayğıkeşliyi ilə
əsgərlərin, zabitlərin hörmət və məhəbbətini qazandı. O, hər bir döyüşçüyə atalıq qayğısı
göstərərdi. Azərbaycan dilində o qədər şirin söhbətlər edər və atalar məsəllərini elə yerli-yerində
işlədərdi ki, əsgərlər təəccüblənərdilər: görəsən, generalın özü azərbaycanlı ola-ola bəs, ad-famili
niyə başqadır? Mən də zarafata salıb deyərdim, tale belə gətirib, deyirlər, cavanlığında sevgi
oduna yanıb.
Beşinci zərbə ordusu hərbi şurasının keçmiş üzvü, ehtiyatda olan general-leytenant
Fyodor Yefimoviç Bakovun xatirələrindən:
“1945-ci ilin iyirmi bir aprel günü Beşinci zərbə ordusu, o cümlədən dörd yüz on altıncı
diviziya üçün unudulmaz gün idi. Dörd yüz on altıncı diviziya Berlinin xarici və daxili müdafiə
xətlərini yararaq aprelin iyirmi birində şəhər uğrunda döyüşə girişdi. Diviziya komandirinin
müavini, Azərbaycan xalqının mərd oğlu general-mayor Heybətovun rəhbərliyi altında min üç
yüz yetmiş üçüncü polk hamıdan əvvəl şəhərə daxil oldu. General Heybətov döyüşdə həlak
olmuş polk komandiri podpolkovnik Z.Səidbatalovu müvəqqəti əvəz edirdi. General Heybətov
diviziyanın və qoşunların əməliyyat zolağındakı vəziyyəti haqqında ətraflı məlumat verdi.
Min üç yüz yetmiş üçüncü polkun qarşısında saraya, sonra isə Berlinin əsas küçəsi olan
Unter-den Linden küçəsi ilə Brandenburq darvazası istiqamətində hücum etmək vəzifəsi
qoyulmuşdu. Diviziya Şpreye çayı üzərindəki körpüdə döyüşə başladı.
Mən döyüşü müşahidə edirdim. General Heybətov və onun döyüşçülərinə demək
istəyirdim: “Siz xoşbəxt adamlarsınız! Sizə Almaniyanın ürəyi olan Berlinin özündə çox mühüm
dövlət və hərbi obyektlərə hücum etmək şərəfi nəsib olmuşdur”.
Böyük Vətən müharibəsinin ağır günlərində vəfalı dostum general Heybətovla yüzlərlə
hadisənin şahidi olmuşam. Onlardan sizə yalnız birini qısaca nəql etdim. Hələ siz görəydiniz ki,
Brandenburq darvazası önündə tankın üstünə qalxan general Heybətov necə alovlu bir nitq
söylədi. İnanıram ki, general Heybətovun həmin çıxışı azərbaycanlı dostlarımın hələ də yadından
çıxmayıb. Döyüşçü həmyerlilərinin misilsiz qələbəsinə sevinən general deyirdi:
- Mən xoşbəxtəm ki, bu tarixi qələbə günündə Azərbaycanın mərd oğulları ilə çiyin-
çiyinə vuruşaraq, oddan-alovdan keçib gəlmiş azərbaycanlı qızlarını da Berlin torpağında
salamlayıram. Böyükxanım Mircavadova, Rəşidə Qasımzadə, Zəhra Səlimova, Tahirə Dadaşova
ulu Azərbaycanımızın qarşısında müqəddəs borclarını kişi qeyrəti ilə yerinə yetirdilər. Bu sinəsi
orden-medallı qızlar ulu nənələri Məhsətinin, Natəvanın, Həcər xanımın, Nigar xanım
Şıxlinskayanın döyüş xidmətlərini qeyrətlə davam etdirdilər. Bu gün Berlin uğrunda tarixi
vuruşmalar gedərkən son atəşi Brandenburq darvazası önündə məhz dörd yüz on altıncı
Azərbaycan atıcı diviziyasının igidləri açdılar. Yer üzünü fəlakətə düçar etmək istəyən faşist
Almaniyasının məğlub olmasında mərd Azərbaycan oğullarının da misilsiz döyüş xidmətləri
olduğuna biz hədsiz dərəcədə sevinirik. Biz o tarixi hücumun iştirakçıları və müharibənin necə
qurtarmasının şahidləriyik. Qafqazdan Berlinədək döyüş yollarında canlarından keçmiş
igidlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır.
1985-ci il sazaqlı fevral ayının yarıdan çoxunu “hünər” verilişinin çəkiliş qrupu Kuban
torpağında ezamiyyətdə keçirdi. Məqsədimiz general Heybət Heybətovun komandir olduğu iki
yüz iyirmi üçüncü Azərbaycan atıcı diviziyasının döyüş yolundan silsilə verilişlər hazırlamaq idi.
98
Diviziyanın min otuz doqquzuncu atıcı polkunun mərmi bölməsinin komandiri, istefada olan
mayor Əbdüləli Mürsəlov da bizimlə birgə keçmiş döyüş yerlərinə səfərə çıxmışdı. O vaxtdan
qırx ildən çox keçsə də uğrunda vuruşduğu Ust-Labinskin, Nekrasovskayanın,
Stebilyevskayanın, Krasnoarmeyskin, Temirqoyevskin və Kurqansk yaşayış məntəqələrinin hər
cığır və yolunu yaxşı xatırlayırdı. Diviziya Kuban torpağı uğrunda döyüşərək bu yerləri
düşməndən azad etmişdi.
Hara gedirdiksə igid eloğlularımızın əsgəri rəşadətindən, döyüş məharətindən
minnətdarlıqla söhbət açırdılar. Bir azərbaycanlı kimi iftixar hissi keçirirdik ki, qəhrəman
həmyerlilərimizin igidliyi kubanlıların xatirəsindən silinməyib.
Əbdüləli müəllim bizi Krasnodar Diyar Veteranlar Şurasının sədri, general-mayor
Aleksey İvanoviç Kabanovun da görüşünə apardı. Bizi səmimiyyətlə qarşılayan general sevinclə:
- Sizə general dostum Heybətovun igidlərindən danışa bilərəm, - dedi. General
Heybətovun özünü mən daha yaxşı tanıyırdım. Biz tez-tez beşinci zərbə ordusunun hərbi
şurasında görüşərdik. İki yüz iyirmi üçüncü diviziyanın igid döyüşçülərini, onun mərd komandiri
general Heybət Heybətovu biz kubanlıların unutmağa haqqı yoxdur. Azərbaycanlılar bizim
torpağımızın azadlığı uğrunda yüzlərlə oğlunu qurban verib, misilsiz igidliklər göstəriblər.
... 1943-cü il martın doqquzunda general Heybətovun diviziyası partizan dəstəsi ilə
birləşərək Krasnoarmeyski azad etdi. İlk dəfə diviziyanın min qırx birinci polku bizim torpaqda,
Azərbaycan SSR Ali Sovetinin Keçici Qırmızı Bayrağı ilə təltif olundu. Bayrağı məşhur şair
Səməd Vurğun general Heybət Heybətova təqdim etdi. Bu bayraq Vyanaya qədər döyüş
yollarında azərbaycanlı igidləri yeni qələbələrə ruhlandırdı. Üzərində Suvorov və Kutuzov
ordenləri olan həmin bayraq indi Moskvada - Sovet Ordusunun Mərkəzi Muzeyində saxlanılır.
Kuban torpağının iki guşəsində iki yüz iyirmi üçüncü Azərbaycan atıcı diviziyasının əsgər və
zabitlərinin döyüş yolunu əks etdirən muzey təşkil etmişik. Kuban torpağının azadlığı uğrunda
canından keçən hər bir azərbaycanlı əsgərin xatirəsi bizim üçün əzizdir.
... “Attestasiya” sənədi hər bir zabitin keçdiyi həyat yolunun, döyüş və hərb yolunun
güzgüsüdür. Hərbçinin fəaliyyətini öyrənmək üçün hər bir tədqiqatçı-yurnalist onu mütləq
diqqətlə oxuyub öyrənməlidir. Xatirələrdə, yazılan hər hansı publisist və bədii əsərlərdə müəllif
istədiyi kimi artıq-əskik yaza bilər. Amma “attestasiya” kimi rəsmi sənəddə bu qeyri-
mümkündür. Ona görə də general-mayor Heybət Heybətova verilən “attestasiya”nın mətnini
burada tam verməyə ehtiyac duyuruq.
“İşində Lenin-Stalin partiyasına və sosialist vətəninə sədaqətlidir. Yoldaş general-mayor
Heybətov 1943-cü ilin noyabrından (416-cı diviziyadakı xidməti nəzərdə tutulur. - Ş.N.)
indiyədək böyük döyüş yolu keçmiş və Dnestr, Külstrin, Oder, Berlin ətrafında faşist işğalçıları
ilə döyüşlərdə, düşmənin Visladan Berlinə kimi təqib edilməsində, hərbi hissələrə rəhbərlik
işində fəal iştirak etmişdir. Özünü mahir sərkərdə, bacarıqlı döyüşçü kimi göstərmişdir. Taktiki
şəraitdən tez baş aça bilir, xüsusi əməliyyatları ümumi əməliyyatlara görə uyğunlaşdırmağı yaxşı
bacarır. Həm də qoşun növlərinin qarşılıqlı hərəkətini təşkil etmək vərdişinə malikdir. Təlim
şəraitində hissələrin öyrədilməsinin zəruri vaxtını bilir. Qoşunların öyrədilməsində təşkilati
vərdişlərə malikdir.
Döyüş və təlimlərdə qoşunların idarəsinin təşkili məsəlsini düzgün qiymətləndirir, idarə
işini təşkil etməyi bacarır. Arxa cəbhə xidmətini və döyüşdə arxa cəbhənin rolunu bilir.
Yurüşlərdə dözümlüdür, ancaq son vaxtlar tez-tez sağlamlığından şikayət edir. Xaraktercə
möhkəmdir, general kimi mədənidir, icraçıdır, mərd və qorxmazdır, cəsarətli və qətiyyətlidir.
Mənəvi cəhətcə yenilmzədir, unsiyyətlidir, xüsusi heyətin arasında nüfuzludur, söhbətlrində
sadədir. Siyasi cəhətcə savadlıdır. İdeoloji cəhətcə təmkinlidir. Yaralı olsa da heç vaxt döyüşdən
yarımçıq çıxmayıb, axıra kimi əməliyyatlarda fəal iştirak edib.
Ç I X A R I Ş: - Nizami hissə komandirinin müavini vəzifəsinə layiqdir.
- Hərbi təlim məktəblərinin istifadə etmək olar.
99
Otuz ikinci Suvorov ordenli atıcı korpusun komandiri, Sovet İttifaqı Qəhrəmanı, qvardiya
general-leytenantı Jerebin. Beşinci zərbə ordusunun komandanı, general-polkovnik. Berzarin.
Hərbi Şuranın üzvü, general-leytenant Bokov.
12 uyun 1945-ci il.
General Heybətov haqqında çox düşünmüşəm. Bəzən bu kəşməkəşli həyat yolu keçmiş
generalın taleyinə acımışam. Elə olub ki, onun haqqında yazdığım bu qeydlər günlərlə yazı
stolumun üstündə qalıb. Bundan sonra nə yazım, oxucuya nə deyim? - sualı mənə əzab verib.
Dişünmüşəm ki, yəqin ad-famili dəyişmək sonralar - ahıl yaşına çatanda generalın özünə də
mənəvi əzab verib, el-oba arasında sıxıntı keçirib. Əgər elə olmasaydı öz azərbaycanlıları
arasında dostu-tanışı azlıq təşkil etməzdi. Belə anlarda Baxış Mehdiyevin danışdığı bir epizod:
mənim fikirlərimi alt-üst edib, generalı Azərbaycan xalqına doğmalaşdırıb.
1944-cü ildə Dnestr çayı uğrunda döyüşlər gedirdi. Dörd yüz on altıncı diviziya da bizim
iki yüz iyirmi üçüncü diviziya ilə yanaşı, çiyin-çiyinə vuruşurdu. Platsdarmda növbəti döyüş
fasiləsi idi. Xəbər gəldi ki, general Heybətov bir qrup döyüşçü ilə mühasirəyə düşüb, vəziyyəti
çox ağırdır, bəlkə də düşmən onları məhv edib.
Mən cəsur döyüşçülərdən götürüb köməyə getdim. Dörd saata qədər vuruşub onları
mühasirədən azad etdik. General Heybətov yaralanmışdı. Özümü yetirib onu bərk-bərk
qucaqladım. O, boynuma sarıldı. Kövrəldi: - yenə öz millətim köməyimə gəldi, yenə öz eloğlum
məni ölümdən, dardan qurtardı...
Onda mənə kortikini
18
bağışladı. Sonralar üstündə belə yazdırdı:
“İgid kəşfiyyatçı Baxış Mehdiyevə!
Düşmən arxasına keçərək, alman ober-leytenantını əlbəyaxa döyüşdə tərk-silah edərkən
göstərdiyi igidliyə görə xüsusi silahla mükafatlandırılır.
General-mayor Heybətov. 5 yanvar 1944-cü il”.
... O kortiki Baxış Mehdiyev indi də saxlayır.
Görəsən, bu dar macalda onu ölümdən xilas edən eloğlusunu qucaqlayıb öpərək, - yenə öz
millətim məni xilas elədi, - deyək Heybətov həmin anlarda nə fikirləşirmiş?
Həmin ilin həmin ayında cəbhəçi-yazıçı Məmməd Aranlı gündəliyində yazmışdır:
“İyirmi bir may 1944-cü il, Bu gün axşam son dərəcə kədərləndirici bir xəbər eşitdim.
Mayor Məmmədov xəbər gətirdi ki, general-mayor Heybət Heybətov 223-cü diviziyaya gedən
günün səhərisi həlak olub. Bəzi xəbərlərə görə meyidi tapılmayıb”.
...Yazıçı İbrahim Novruzov isə generalın insani keyfiyyətləri və general rəşadəti haqqında
yazan ən yaxşı müəllifdir desək, mübaliğə olmazdı.
“Mən general Heybətovu otuzuncu illərin ortalarından tanıyırdım. Yanında əsgər
olmuşdum. O vaxt mayor rütbəsində olan Heybətov yetmiş yeddinci diviziyanın qərargahının
operativ şöbəsinin rəisi idi. Bir ilin içərisində o, əvvəlcə qərargah rəisi, sonra da diviziya
komandiri oldu. O vaxtdan keçən müddət ərzində demək olar ki, zahirən onda heç bir dəyişiklik
əmələ gəlməmişdi. Əvvəlki kimi o, yenə də qıvraq, geyimində səliqəli, yerişində cəld,
baxışlarında iti idi. Danışığında da maştağalılara məxsus şivəni saxlamışdı... Ruslar onu “Batya”
çağırardılar, azərbaycanlılar ona “ata” deyərdilər.
O, həqiqətən diviziyadakılara ata idi. Onlara yoldaş, silahdaş və sirdaş idi.
Onun müsahiblərinə axır öyüdü bu olurdu: - Əsgər gərək rəşadət göstərə! General
Heybətov özü çox rəşid adam idi.
... Düşmən yuvası Berlinə də general Heybətov diviziyanın önündə girdi.
Mizrab sarı simləri titrədəndə, generalın pərdə-pərdə muğamat dediyini eşidən əsgər
dostları bu dəfə də onun Almaniyanın paytaxtında, Unter-den Linden ştrassedə, Brandenburq
18 Komandirlərə verilən gödək qılınc.
100
darvazası qarşısında çəpik çalıb “Qaytağı” oynadığını gördülər. Dördillik döyüşlərin hesabatını
verən birləşmə komandiri Azərbaycan diviziyalarından danışanda general-mayor Heybət
Atamoğlan oğlu Heybətovun adını birinci çəkdi, ona cəbhə komandanı marşal Jukovun
təşəkkürünü yetirdi.
General bu tərifə, bu təşəkkürə layiq əsgər idi”. Bilmirəm, bütün bunlardan sonra general
Heybətova - xalqına dönük çıxıb demək mümkündürmü?
Əlbəttə, yox. Mən inanmırdım və indi də inanmıram ki, hardasa ad-familini dəyişməklə,
general Heybətov öz elinə, obasına, xalqına dönük çıxıb, ondan üz döndərib. Bu addımın
səbəbkarı yalnız ehtiyac olub. Tanrı heç kəsin bəxtini, döndərib, xurcununu əyməsin. Əyəndə
insan yerişini də itirir... Müdrik Səməd Vurğun demişkən ehtiyac qul eylər qəhrəmanı da. Əgər
atası Atamoğlan kişi 1918-ci ildən nədən bir erməni daşnakının, namərd gülləsinin qurbanı
omasaydı, Heybət bu səhv addımı atardımı? Ana Heybət adlı oğlundan keçərdimi? Əlbəttə yox!
İbrahim Novruzovun “Yaşıdlarım” kitabındakı balaca bir epizodu oxuyanda qeyri-ixtiyari
kövrəldim.
“Bir səhər qəzetlər general Heybətovun Kiyevdə uzun sürən xəstəlikdən sonra vəfat
etdiyini xəbər verdilər.
Deyirlər ki, general Heybətov canını tapşırmamışdan qabaq bayatı çağırmışdır, “Ölməyə
Vətən yaxşıdır” söyləyərək, cənazəsinin Odlar yurdunda dəfn olunmasını vəsiyyət etmişdi...”.
Qədirbilən xalqımız general oğlunun vəsiyyətinə əməl etdi. O, Fəxri xiyabanda dəfn olundu.
Doğma kəndi Maştağada abad bir küçə onun adını daşıyır.
Əziz oxucu! İndi özün düşün, özün saf-çürük elə. Kimdir general Heybətov? Onunla fəxr
eləmək olarmı? Bu suala özün cavab ver!
Dostları ilə paylaş: |