Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə38/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   ...   34   35   36   37   38   39   40   41   ...   51
GENERAL KAMİL MƏMMƏDOV 
 
  
Mart ayında çəkiliş qrupumuz Qubaya getmişdi. On iki yaşlı müharibə veteranı Maqsud 
Musabəyov haqqında televiziya oçerki hazırlayırdıq. Söhbət azərbaycanlı generallardan düşdü. 
Praporşik Firidun Cəfərov dedi ki, mənim orta məktəb yoldaşım Kamil iyirmi ildən çoxdur ki, 
orduda xidmət edir. Hazırda Moskvada Baş  Qərargah Akademiyasında işləyir, deyirlər artıq 
general rütbəsi alıb. Praporşikdən Kamilin ünvanını, telefonunu aldım. Bakıya qayıdanda 
Moskvaya zəng elədim. Həyat yoldaşı dedi ki, hazırda general vəzifəsindədir. Rütbə isə bu 
yaxınlarda verilməlidir. Təltif olunan kimi sizə telefonla xəbər verəcəyik. 
Şad xəbər gətirəcək telefon zəngini çox gözlədim. Hər dəfə  xəttin o başından 
“Darıxmayın, şad xəbər olan kimi özümüz bildirəcəyik” - deyirdilər. Nigarançılıq yaman şeydi. 
Adam min cür fikrə düşür. Mərkəzin bizə münasibəti məlum olduğundan inamımı itirmişdim. 
Tez-tez öz-özümə düşünürdüm təki bu xəbər düz olaydı. Ancaq doğrusunu deyim ki, ürəyimin 
dərinliklərində bir şübhə vardı və bu şübhə mənə rahatlıq vermirdi. Nədənsə eloğlumuza general 
rütbəsinin veriləcəyinə tam əmin ola bilmirdim. 
Nəhayət, səkkiz aydan sonra bu şad xəbər mənə Moskvadan yox, Qubadan çatdı. Rayon 
qəzetinin  əməkdaşı Nazim Əhmədov zəng elədi ki, həmyerlimiz Kamil Məmmədov general-
mayor rütbəsi ilə təltif olunub. İkicə günlüyə anası Hökumə xanımı görməyə gəlib. Ehtiyat yaxşı 
şeydi. Ehtiyatlı oğulun anası ağlamaz, deyiblər. Fikirləşdim ki, Nazim jurnalistdir, birdən hərbi 
rütbələri səhv sala bilər. Ona görə  də bir daha dəqiqləşdirmək üçün Quba rayon hərbi 
komissarlığı ilə - praporşik Firidun Cəfərovla  əlaqə saxladım. Firidundan soruşanda ki, öz 
gözlərinlə Kamilin poqonunda general ulduzunu görmüsənmi? O, uşaq sadəlövhlüyü ilə, - bəli, - 
dedi, elə indi təbrik edib gəlmişəm, hərbçi sözünə  şəkk-şübhə etmədən təcili Qubaya yola 
düşdüm. 
Generalı evdə tapmadım. Anası Hökumə xanıma gözaydınlığa gələnlərə qoşulub mən də 
təbrik etdim. “Bəs generalın özü hanı” sualıma ana şad bir təbəssümlə: - ay oğul, Tahir 
gözümdən oğurlayıb apardı, - dedi, - uşaqlıq dostu, qonşumuz Mövsüm kişinin oğlu Tahiri 


 
104
deyirəm. Saqqalı ağarmış, qoymur uşağımla doyunca söhbət edəm. - Oğullar nə qədər böyüsə də, 
general yox, lap marşal da olsa, yenə anaların gözündə uşaqdı ki, uşaqdı... Ana sevinclə - aha, 
budur gəldilər, - dedi. 
  
İçəri boy-buxunlu iki nəfər daxil oldu. General Kamil Məmmədov və dostu Tahir 
Məmmədov. İki gün qonağı olduğum dostların səmimiyyətindən belə hiss etdim ki, onları bir-
birindən fərqləndirən təkcə hərbi geyimdir. Hökumə ana ərklə Tahiri danladı. General isə onun 
boynunu qucaqlayıb: 
- Ay ana, bilirsən bu gün... 
- Bilirəm, - dedi, - çox yaxşı bilirəm. Bu   gün Tahirin   ad, günüdür, əlli yaşı tamam olur. 
Sən Rusiyyətdə ola-ola bilirsən, biz yox. Ona görə  də Tahirin xətrinə  dəymirəm. Sən burada 
olmayanda dostlarından ən çox məni yoxlayan, halımdan xəbər   tutan Tahirdir. Onu görüm yüz 
yaşasın... 
Xoş-beşdən sonra Kamil İsmayıl oğlu Məmmədovu sorğu-suala tutdum. İyirmi altı il 
ordu sıralarında xidmət edən eloğlumuz ana dilimizin saflığını qoruyub saxlaya bilib. O, 
danışdıqca qeyri-ixtiyari iki il orduda xidmət edib qayıdan bəzi gəncləri xatırlayırdım. Belələri 
ordudan qayıdandan sonra tez-tez rus kəlmələri işlədirlər. Soruşanda ki, niyə belə danışırsan, 
cavabı da bu olur ki, bizim hissədə azərbaycanlı  əsgərlər az idi. Ona görə  də dilimi 
yadırğamışam. 
Amma Kamil danışanda Qubadan elə bil bu gün çıxıb. Hər iki dildə  səlis və savadlı 
danışıq qabiliyyətinə malikdir. Kaş bütün gənclərimiz doğma ana dilimizə belə hörmətlə 
yanaşaydı. “Gənc” deyirəm, ona görə ki, general Kamilin cəmi-cümlətanı, qırx altı yaşı var. Bu 
gün bu yaşda general kimi yüksək rütbəyə layiq görülmək böyük hadisədir. Elə generala da ilk 
sualım bu mövzuda oldu. 
  
-  Yoldaş general, iyirmi altı il ordu heyətində qulluq etmək az müddət deyil. Bu illər 
ərzində Azərbaycanda xidmətdə  olmamısınız. Xidmət etdiyiniz yerlərin coğrafiyası az da olsa 
mənə  məlumdur. Brest, Leninqrad, Ukrayna, Almaniya Demokratik Respublikası,  Əfqanıstan   
Demokratik Respublikası, indi isə Moskvadasınız. Necə oldu ki, danışığınızda ana dilimizin 
saflığını qoruyub saxlaya bildiniz? 
  
-  Əvvəla onu deyim ki, tez-tez məktəb yoldaşlarımla, anamla, qardaşlarımla 
məktublaşıram. Mənə belə gəlir ki,   bir   dili mükəmməl öyrənmək istəyirsənsə, o dildə yazmaq 
əsas  şərtdir. Hiss edirdim ki, bəzi sözləri unuduram. Onda öz-özümlə ana dilimdə danışırdım. 
Bəzən də oturub dostum Tahirə, Firdovsiyə, Rafiqə uzun-uzadı  məktublar yazırdım. Bu 
məktubların mövzusu əsasən gənclik macəralarımızdan ibarət olurdu. Bir də görürsən, gecənin 
bir vaxtı yuxudan oyanıram, yata bilmirəm, yuxu məni tutana kimi Qubanı xatırlayır, ayrı-ayrı 
dostlarımla təklikdə söhbət edirəm. Belə hallar məndə ən çox Əfqanıstanda, Almaniyada qulluq 
edəndə olurdu. Bir də hara gedirəmsə, Azərbaycan dilində olan kitablar mənimlə “xidmətdə” 
olur. Onlar çox deyil, əsasən klassiklərimizin əsərlərindən ibarətdir. Lüğət də ki, öz yerində. Axı 
mən harada oluramsa fəxrlə “azərbaycanlıyam” deyirəm. Bəzən rus dilində  səlis danışdığımı 
görən   müsahibim   mənə sual verir ki, öz dilində  də belə  təmiz danışa bilirsənmi? Onda elə 
bilirəm məni təhqir edirlər, necə ola bilər ki, insan öz ana dilini unutsun. Zənnimcə, bundan 
böyük nadanlıq ola bilməz, ana dilini unutmaq elinə-obasına arxa çevirməkdir. 
- Mart ayında Qubada olanda gənclik dostumuz Firidundan bioqrafiyanızdan bəzi faktları 
öyrənə bildim. Onda rütbəniz polkovnik olsa da mənim üçün Siz artıq general idiniz. Biz bir az 
tələsmişdik. İndi özünüzdən, daha ətraflı eşitmək istərdik. Nə vaxt, harada anadan olmusunuz? 
- 1942-ci il fevralın dördündə Quba şəhərində Müxtədir küçəsindəki qırx beş nömrəli 
evdə anadan olmuşam. Bir nömrəli şəhər orta məktəbini bitirmişəm. 1959-cu ildə Qubadakı kənd 
təsərrüfat texnikumuna daxil olub tərəvəzçi ixtisası almışam. 
1963-cü il noyabrın on ikisində növbəti hərbi xidmətə çağrılmışam. Üç il Brest 
şəhərindəki artilleriya alayında qulluq etmişəm. Üçillik Tambov şəhərindəki hərbi artilleriya 
məktəbini, 1967-ci ildə leytenant rütbəsində qurtarmışam. Hərbi məktəbi  əla qiymətlərlə 
bitirdiyimə görə məni Almaniya Demokratik Respublikasına göndərdilər. 


 
105
1973-cü ilə kimi orada xidmət etdim. Həmin ili baş leytenant rütbəsində baş qərargahın 
Arxa cəbhə və Nəqliyyat Akademiyasına imtahan verib qəbul olundum. 
1976-cı ildə akademiyanı mayor rütbəsində bitirib Ukraynaya diviziya komandirinin 
müavini vəzifəsinə göndərildim. 
1979-cu ildə mənə podpolkovnik rütbəsi verildi. 
1982-1983-cü ildə Orta Asiyada korpus komandirinin müavini işlədim. 
1983-cü il oktyabrın 19-da Əfqanıstana korpus komandirinin məsləhətçisi göndərdilər. 
İki il iki ay dörd gün Əfqanıstanda xidmət etdim. 
1986-ci ilin yanvarında xidmət yerimi Leninqrada dəyişdilər. Məni Leninqrad hərbi 
dairəsində ordu komandanının müavini təyin etdilər. Bu ilin yanvarından isə Baş  Qərargah 
Akademiyasında çalışıram. 
- Bəs general fəxri rütbəsinə nə vaxt layiq görüldünüz? 
- SSRİ Nazirlər Sovetinin 1989-cu il bir noyabr   tarixli qərarı ilə general-mayor rütbəsi 
ilə təltif olundum. 
-   Nəslinizdə, ya da ailənizdə sizdən başqa   hərbçi   varmı? 
- Atam İsmayıl Məmmədtağı  oğlu dəmirçi idi. Ömrünün axırına kimi “Kommunizm 
yolu” kolxozunda dəmirçi işləyib, halal zəhmətilə ailəmizin on bir baş üzvünü saxladı. Nə 
nəslimizdə, nə də ailəmizdə hərbçi yoxdur.  
- Necə oldu ki, hərb sənətini seçdiniz? Bu təsadüfdür, yoxsa bir səbəbi var? 
Aqranomından birdən-birə      hərbi işə keçmək... Bu sənətlər arasında qohumluq əlaqəsi demək 
olar ki, yoxdur... 
- Bir gün belə aqranom işləməmişəm. Bu sənət ürəyimcə deyildi. Ora bir təsadüfdən 
düşmüşdüm. Hərb sənətini sevməkdə orta məktəbdə riyaziyyat müəllimim olmuş  mərhum 
Arzuman Paşayevə borcluyam. Məktəbdə mən onun ən sevimli şagirdi olmuşam. Ona görə ki, 
riyaziyyatı əla bilirdim. Tambov hərbi məktəbini, Baş Qərargah Akademiyasını əla qiymətlərlə 
bitirdiyimə görə Arzuman müəllimi ömrüm boyu minnətdarlıqla xatırlayacam. Arzuman 
müəllimin ikicə pencəyi vardı. Biri ilə   dərsə gələr,  o birini isə həyət-bacada geyinərdi. O, çox 
səmimi insan idi və əsl pedaqoq kimi nümunəvi dərs keçərdi. Brestdə   sıravi əsgər kimi xidmət 
edəndə  məzuniyyətə  gəlmişdim. Qohumum Yusif Eldarov məni evinə apardı. Müharibə vaxtı 
odun-alovun içində aldığı “Qırmızı ulduz” ordenilə onu otuz ildən sonra təltif etmişdilər. Yusif 
əmi böyük fəxrlə mənə orden və medallarını göstərib, hərb sənətindən, özünün döyüş yolundan 
maraqlı söhbət etdi. Bax, onda Yusif əmi uşaqlıqdan qəlbimdə sevib bəslədiyim hərb sənətinə 
getməyimə tam təkan verdi. Heç kəs mənə demədi ki, get hərbçi ol, mən özüm hiss elədim ki, 
məndə hərbi istedad var. 
-  Əgər uşaqlıqdan hərb sənətinə maraq göstərmisinizsə, demək azərbaycanlı 
generallardan, hərbçilərdən kiminsə döyüş yolunu öyrənmisiniz, hansı  hərbçiyəsə oxşamaq 
istəmisiniz. Bu gün tarixi sənədlər, araşdırmalar hökm verir ki,    səksəndən   çox azərbaycanlı 
generalımız var. Bunların hansı biri   haqqında daha çox məlumata maliksiniz? 
-  Ən çox sevdiyim, həyatını addım-addım   öyrəndiyim   Həzi Aslanov olub. Necə 
deyərlər, onun havasına uçurdum. Onun haqqında harda, nə çap olunurdusa toplayırdım. 
Azərbaycanlı Sovet İttifaqı  Qəhrəmanları  İsrafil Məmmədovun, Həbibulla Hüseynovun, Qafur 
Məmmədovun, Mehdi Hüseynzadənin ömür yolunun mənim hərbçi olmağımda çox böyük 
xidmətləri olub. Artilleriya generalı  Əliağa  Şıxlinski haqqında balaca bir   yazını   oxuyanda 
düzü xalqımın nələrə qadir olduğuna heyran qaldım. Qoy oxucular məni bağışlasın, 
təvazökarlıqdan uzaq  da olsa   deməliyəm, ki,   onda qət   elədim ki, general  olacam. Mənzilin 
uzaqlığını, hərb sənətinin ağırlığını çox  gözəl bilirdim. Axı, mən sıravi  əsgərdən başlamışam. 
Ona görə  də  hərb sənətinin sirlərinə yaxşı  bələdəm. Hər yerdə  də riyaziyyat köməyimə  gəlib. 
Nizam-intizam da öz yerində. Ona tam əməl eləməyən əsgərdən, zabitdən general ola bilməz. 
- Bu gün siz Sovet Ordusunun “beyni” adlandırılan Baş Qərargah hərbi Akademiyasında 
çalışırsınız. İşinizin mahiyyəti və tutduğunuz vəzifə nədən ibarətdir? 
- Maddi və texniki təchizat üzrə Lenin və Suvorov ordenli K.Y.Voroşilov adına hərbi 
Akademiyada Baş  Qərargah rəisinin müaviniyəm. Bu vəzifəyə  məni yalnız işimə görə  təyin 


 
106
ediblər. Vətən Sovet Ordusu sıralarında yerimi müəyyənləşdirib. Hərbin öz sirləri var, bir hərbçi 
kimi mən də onu qorumalıyam. 
- Hazırda respublikamızda milli ordu yaratmaq   haqqında söhbət və müzakirələr gedir. 
Əgər milli Azərbaycan ordusu  yaradılsa və sizi də ona komandirlik etməyə  dəvət etsələr 
gələrsinizmi? 
- Mən Vətənin əsgəriyəm. O hara əmr   etsə, ora da məmnuniyyətlə getməyə hazıram. Bu 
vəzifəni, yüksək rütbəni nə özüm, nə  də ailəm üçün qazanmamışam. Məhz doğma 
Azərbaycanımın xatirinə, onun adının ucalığı naminə  hərbin sərt və dönməz qanunlarına 
dözmüşəm. O elm, o bacarıq ki, Vətən yolunda sərf olunmur, zənnimcə, o şəxs özündə ağır və 
havayı yük gəzdirir. 
  
- Həyatda ən çox nəyi sevirsiniz? 
  
- Sərt və doğruçu olmağı. Amma bu sərtlikdə ədalət də olmaq şərtilə. 
- Yoldaş general, unutmuşam, bilmirəm fransız hərbçilərindədir, yoxsa ruslarda belə bir 
zərb-məsəl var: “hər bir əsgər yürüş çantasında marşal poqonları  gəzdirir”. Bu məsələyə necə 
baxırsınız? 
  
-  İcazə verin, mən də sizə böyük sərkərdə Suvorovun sözlərilə cavab verim: “General 
olmaq arzusunda olmayan əsgər,  əsgər deyil”. Lap elə elm, istehsalat sahəsini götürək. Hansı 
elmi işçi professor, ya da akademik olmaq arzusuyla yaşamır? Hansı    mühəndis rəis olmaq 
arzusunda deyil? Mənə görə, nə olursan ol, yaxşısından ol. Xalqın, elin-oban səninlə fəxr etsin. 
Yaxşı mütəxəssis olmaq çox çətindir. Özünü əsl vətəndaş sayan hərbi mütəxəssis buna səy 
göstərməlidir. Onda generallığa   yox, marşallığa da nail ola bilər. Əgər istəyi ilə bərabər zəhmət 
də çəksə. 
  
- Ailə tərkibiniz? 
 Bircə  oğlum var. Elmar Məmmədov, səkkizinci sinfi əla qiymətlərlə qurtardıqdan   sonra 
Moskvadakı Suvorov adına hərbi məktəbə qəbul olundu. 
1982-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib, RSFSR adına Ali hərbi məktəbə daxil 
oldu. 1986-cı ildə leytenant rütbəsində  ən uzaq N. qarnizonuna xidmətə göndərildi. Hazırda 
kapitandır, ümumqoşun hissəsində xidmət edir. Həyat yoldaşım isə Petrozavodsk Dövlət 
Universitetinin beşinci kursunda, iqtisadiyyat fakultəsində oxuyur. 
  
- Ən çox sevindiyiniz və xatırladığınız gün? 
  
- Noyabrın iyirmi dördü. Bu gündə oğlum Elmar, dostum Tahir Məmmədov anadan olub. 
Təsadüfə bax ki, böyük sərkərdə Suvorov da həmin tarixdə anadan olub. Və biz də sizinlə 1989-
cu il,  noyabrın iyirmi dördündə ilk dəfə görüşüb tanış oluruq. 
- İyirmi altı illik hərb yolunda xidmətləriniz hansı təltifatlara layiq görülüb? 
- Üçüncü dərəcəli “SSRİ-də Vətənə xidmətə görə” kavaler, Əfqanıstanda “İgidliyə görə" 
ordenləri və on üç medalla təltif olunmuşam. 
İllərlə araşdırdığım tarixi sənədlər təsdiq edir ki, inqilabdan əvvəl və sonra səksən beş 
azərbaycanlı general olmuşdur. Kamil Məmmədovun general-mayor rütbəsi ilə təltif olunması bu 
rəqəmi səksən altı elədi. Əlbəttə, sülh və əmin-amanlıq dövründə qırx yeddi yaşında belə bir ali 
rütbəyə layiq görülmək böyük hadisədir.  İnanırıq ki, Sovet Ordusunda nümunəvi xidmət edən 
eloğlumuz Kamil Məmmədov özünün hərbi fitri istedadı ilə daha ali rütbəyə layiq görüləcək, 
daha yüksək zirvələr fəth edəcək. 
  

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin