Cəfərqulu ağanın ölümündən sonra onun üç övladı qalmışdı: Həsən ağa, Əhməd ağa və
qızı Nurcahan xanım.
Oğlanlarının hər ikisi atasının yolu ilə gedib, onun hərbi işini davam etdirmişlər. Böyük
oğlu Həsən ağa general-mayor, kiçiyi Əhməd ağa isə qvardiya polkovniki rütbəsinə qədər
yüksəlmişdir.
Həsən ağa Bakıxanov 1834-cü ildə Qubada anadan olmuşdur. On dörd yaşında Tiflis
kadet korpusunu bitirən Həsən ağa hərbi təhsilini artırmaq üçün Peterburqdakı paj korpusuna
daxil olur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra o, xidmət etmək üçün Əlahiddə
Qafqaz Ordusuna göndərilir. Dəfələrlə hərbi yürüşlərdə iştirak etdiyinə görə orden və medallarla
təltif olunmuşdur.
1894-cü ildə tərtib olunmuş bir arxiv sənədində general-mayor Həsən ağa Bakıxanovun
təltif olunduğu orden və medallar qeydə alınmışdır.
O, üçüncü dərəcəli Müqəddəs Vladimir, üzərində igidliyə görə yazısı olan dördüncü
dərəcəli Müqəddəs Anna, ikinci və üçüncü dərəcəli Müqəddəs Stanislav, bundan başqa yüz on
altı nömrəli ikinci dərəcəli hərbi fərqlənmə ordeni, Georgi lenti üzərində qızıl medalla,
Müqəddəs hərbi Georgi ordeninin yüz illiyi şərəfinə buraxılmış bürünc medalla, 1877-1878-ci il
müharibəsi xatirəsinə buraxılmış tunc bürünc medal və Qafqazda xidmətinə görə xaçla təltif
olunub.
Bir müddət İrandakı Rusiya səfirliyində xidmət etdiyinə görə Həsən ağa Bakıxanov
həmin ölkənin ən ali ordeni olan “Şire-Xorşid” ordeninə layiq görülmüşdür.
1856-cı ildə Həsən ağa, əmisi Abbasqulu ağa Bakıxanovun qızı Bikəxanımla ailə
qurmuşdur. 1880-cı ildə isə general-mayor rütbəsində istefaya çıxan Həsən ağa Bakıxanov
ömrünün axırınadək Qubada yaşamışdır.