20
Hələ 1848-49-cu illərdə Vilaqoş qalası uğrunda gedən ağır döyüşlərdə həmyerlimiz
kapitan Ərəblinski də mərdliklə vuruşaraq birinci dərəcəli müqəddəs Stanislav ordeni ilə təltif
olunmuşdur.
Balakişi Ərəblinskinin ikinci böyük yürüşü 1854-cü ildə Rusiyanın Xivə xanı ilə apardığı
müharibədə olmuşdur. Bu hərbi səfərdə mayor Ərəblinski general Lazerevin ordusunda
vuruşurdu.
Bu illərdə Qarabağ süvari dəstəsinin tərkibində general-leytenant Fərəc bəy Ağayev,
Azərbaycan süvari briqadasında general-mayor İsmayılbəy Qutqaşınlı, Mənsurağa Vəkilov,
ikinci süvari Azərbaycan alayının komandiri, polkovnik İsrafilbəy Yadigarov,
podpolkovnik
Cəfərağa Əlibəyağa oğlu, general-mayor Cəfərquluağa Bakıxanov, dördüncü İrəvan süvari
batalyonunun komandiri mayor Ağasıbəy Avşarov (1887-ci ildən general-mayor olub. - Ş.N.),
mayor Firidunbəy Vəzirov (1877-78-ci illər Rusiya-Türkiyə müharibəsində general-mayor
rütbəsi alıb. Ş.N.) və başqa həmyerlilərimiz qorxmaz döyüşçü, bacarıqlı komandir kimi
tanınırdılar.
1853-56-cı illərdə Krım müharibəsində dörd süvari alayında mindən çox azərbaycanlı
əsgər və zabit vuruşurdu. Onlardan biri də Balakişi Ərəblinski idi. Bu müharibədə podpolkovnik
Ərəblinski göstərdiyi igidliyə görə üstü yazılı qılınc və müqəddəs Anna ordeni ilə təltif
olunmuşdur.
Balakişi Ərəblinskinin iştirak etdiyi sonuncu müharibə 1877-1878-ci illərdəki Rusiya-
Türkiyə müharibəsi idi. Qısa müddətli döyüşdə göstərdiyi qeyri-adi igidliyə və əvəzsiz
komandirlik fəaliyyətinə görə həmyerlimiz Balakişi Ərəblinski general-mayor
rütbəsinə layiq
görülmüşdür.
1896-cı ildə istefaya çıxan general-leytenant Balakişi Ərəblinski Dərbəndə qayıtmış,
ömrünün axırına kimi orada yaşamış, imperator tərəfindən ona hədiyyə olunan torpaq sahəsinə
başçılıq etmişdir. Yerli əhali arasında gözəl insani keyfiyyətləri ilə hədsiz hörmət qazanmış
general-leytenant Balakişi Ərəblinskinin şərəfinə adlandırılan Dərbənd yaxınlığındakı kənd və
stansiya indi də onun adını daşıyır.
1902-ci il 20 yanvar tarixli nömrəsində “Kaspi” qəzeti general-leytenant Balakişi
Ərəblinskiyə həsr etdiyi nekroloqda yazırdı: “Mərhum təbiətən humanist idi. Rütbəsindən və
milliyyətindən asılı olmayaraq çətin anlarda həmişə hamının köməyinə gəlir, həyatda özünü çox
sadə aparırdı. Rəis kimi xidməti işdə tələbkar olsa da, ədalətli idi. Tabeliyində olanlara qayğı ilə
yanaşırdı. Buna görə də ən aşağı rütbəlilər
belə onu ata kimi sevir, hörmət edirdilər. Onun
diqqəti cəlb edən keyfiyyətlərindən biri də qonaqpərvərliyi idi.
General-leytenant Balakişi Ərəblinskinin dəfn mərasimində iştirak edənlərin hədsiz
çoxluğu ona olan xalq məhəbbətinin əyani təzahürüdür. Onun evindən qəbiristanlığa qədər
uzanan yol mərhuma son borcunu vermək məqsədi ilə tabutu müşayiət edənlərlə dolu idi”.
General-leytenant Balakişi Ərəblinskinin iştirak etdiyi müharibələr haqqında indiyədək
onlarla elmi, bədii əsərlər yazılıb. Ancaq nədənsə general Ərəblinskinin adı bu müharibəyə aid
nə elmi, nə də bədii əsərlərdə heç olmasa bir dəfə də çəkilmir. Tədqiqatçı və tarixçilərimiz onun
haqqında heç bir məlumat verməyiblər.
İlk dəfə mənə general Ərəblinski haqqında söhbət açan Azərbaycan Dövlət Tarix
Muzeyinin elmi işçisi Nərmin xanım Tahirzadə oldu. Onun nəvələrini tapmaqda da Nərmin
xanım köməyimə çatdı.
Hazırda general-leytenant Ərəblinskinin iki nəvəsi Bakıda yaşayır. Montin
qəsəbəsində
yaşayan qız nəvəsi Fatma xanım general babası dünyadan köçəndən iki il sonra anadan olub.
Fatma xanımın dediyinə görə babasının mənsub olduğu Ərəblər məhəlləsi Zaqatalada indi də
durur.
Fatma xanımda generalın cəmi iki şəkli, bir də generalın qızı Sona xanım
Ərəblinskayanın bacısı Nurcahana atasının xəstəliyi və ölümü haqqında yazdığı qısa bir məktubu
saxlanılır.
“Noyabrın iyirmisində sarılıq xəstəliyinə tutuldu, az sonra sağaldı və bədbəxtlikdən
yenidən çiban çıxartdı. Dekabrın ikisində təşrih edib yaranı kəsdilər. Yaranın yerini qızmar
21
dəmirlə xlorofomsuz dağladılar. Atamız yaşlı olduğuna görə xlorofomdan istifadə etmək
olmazdı. Operasiyadan sonra özünü bir qədər yaxşı hiss etdi. İyirmi gündən sonra əhvalı birdən-
birə pisləşdi və keçindi.
Min doqquz yüz ikinci il yanvarın ikisində dəfn olundu. Müxtəlif polklardan zabitlər,
deputatlar gəlib anamıza başsağlığı verdilər.
Evimizin qabağı adamla dolu idi. Sonra matəm musiqisi çalındı.
Küçələrdə adam əlindən
güclə tərpənmək olurdu”.
General-leytenant Ərəblinskinin ikinci nəvəsi Həyat xanım Abdullayevadan isə onun çox
qısa tərcümeyi-halını öyrənə bildim.
Bir dəfə Azərbaycan Dövlət Tarix Muzeyinin inqilaba qədərki sərgi guşəsində bir portret
gördüm. Orda meşin divanda əyləşən Bakı milyoneri Hacı Zeynalabdin Tağıyev öz evində təsvir
olunmuşdu. H.Z.Tağıyevin başının üstündən isə general-leytenant Balakişi Ərəblinskinin portreti
asılmışdı. Bələdçi qızdan portretdəki generalın kimliyini soruşdum. “Bilmirəm, tanımıram” -
dedi. - Bircə H.Z.Tağıyevi tanıyıram...
General Balakişi Ərəblinskinin portreti H.Z.Tağıyevin başı üstündən təsadüfən asılmayıb.
Onlar qohum idilər. Generalın kiçik qızı Sona xanım Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı
idi. Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabındakı maraqlı epizod
bunu bir daha təsdiq edir. Müəllif yazır ki, Hacı Zeynalabdin öz qızları - Sara və Leylanı
Peterburqa, Smolnı qızlar institutuna oxumağa göndərmək qərarına gəlir və sənədləri ora
yollayır. Çox keçmir Smolnıdan rədd cavabı gəlir ki, nə bəy, nə xan və nə də zadəgan
olmadığınız üçün qızlarınızı qəbul
edə bilmərik; bu instituta yalnız qraf, knyaz, xan, bəy, əmir
qızları qəbul edilir. Hacının arvadı Sona xanım rəsmi sənəd təqdim edir ki, atası general Balakişi
Ərəblinski müharibədə rəşadət göstərib və Rusiyaya sədaqətinə görə çar tərəfindən qızıl silahla
təltif olunmuşdur; bu qızlar da onun nəvələridir, bütün imtiyazlardan istifadə etmək hüquqları
var.
Tağıyevin qızları ana babalarına - general Ərəblinskiyə görə Smolnı qızlar institutuna
qəbul edilirlər.
Hacı Zeynalabdin Tağıyevin qızı Sürəyya xanımın xatirələrindən:
- Hələ ötən əsrin doxsanıncı illərində Buxara əmiri Seyid Mir Əbdül Əhəd xan hər il
Qafqaza müalicəyə gedərdi. Onun yolu hər dəfə Bakıdan keçər və gedib qayıdanda
rəiyyəti ilə
bərabər bir neçə gün şəhərimizdə qalar, neft mədənlərinə, toxuculuq fabrikinə, ayrı-ayrı
zavodlara, Mərdəkandakı bağbanlıq məktəbinə, Bibiheybət məscidinə, teatr və digər yerlərə baş
çəkərdi.
... Buxara əmiri hər dəfə Bakının bir neçə nəfər yüksək
rütbəli mənsəb sahiblərinə,
milyonçulara və hətta adi adamlara belə qızıl və gümüşdən birinci və ikinci dərəcəli Buxara
“Ucalan ulduz” ordeni və digər Buxara medalları bağışlayardı. Atama və ana babam general-
leytenant Ərəblinskiyə də birinci dərəcəli “Ucalan ulduz” qızıl ordeni vermişdi. Hacıya arxa
tərəfində xoş sözlər həkk edilmiş iri, çox qiymətli bir qızıl saat da bağışlamışdı.
Dostları ilə paylaş: