25
təqdim etməsi qonaq üçün ən yüksək hörmət sayılırmış. Abbasqulu ağa ayağa qalxıb podnosdan
qədəhi götürür və üzünü imperator birinci Nikolaya tutaraq deyir:
- Ey mənim həşəmətli hökmdarım, siz deyirsiniz bu şərabı için, allahım deyir içmə,
hansınızın sözünə baxım?
Çox dindar olan çar birinci Nikolay bir anın içində: - Əlbəttə, allahın - söyləyir.
Abbasqulu ağa Bakıxanov qədəhi qaytarıb padşah arvadının əlindəki podnosa qoyur.
Çar üsul-idarələri qarşısında öz xalqını müdafiə etdiyinə, xüsusilə, 1837-ci il Quba
üsyanına görə Abbasqulu ağa Bakıxanovun başı çox ağrılar çəkdi. Qardaşı Cəfərqulu ağa
vəzifədən çıxarılıb Bakıya sürgün olundu, əmisi oğlu və qaynı Əlipaşa ağa qiyamçılar tərəfindən
öldürüldü, üsyançılar kütləvi həbs olundu. Onlardan 42 nəfəri hərbi-siyasi məhkəmədə
mühakimə olunmaq üçün Bakıya göndərildi. Həmin illərdə Əlahiddə Qafqaz ordusunun
komandanı baron Q.V.Rozenin fitvası ilə Bakıxanovun “qol-qabırğası” sındırıldı. 1837-ci ilin
oktyabrında usyan iştirakçılarını istintaq etmək üçün qraf Vasilçikov Qubaya ezam olundu.
Baron Rozen Peterburqa göndərdiyi tamamilə məxfi məktubunda yazırdı: “Bakıxanovlar
ailəsini Rusiya hökumətinə qarşı xainlikdə təqsirləndirmək üçün əlimizdə heç bir sübut yoxdur,
amma nəinki Bakıxanovlar, hətta hər hansı bir müsəlman haqqında qəti demək olmaz ki, səmimi
qəlbdən bizə bağlıdır. Kim qəti deyə bilər ki, həmin bu ailə başqa bir şəraitdə düşmənlərə
qoşulub əleyhimizə çalışmayacaq?..”.
Quba üsyanında Bakıxanovlar ailəsini və şəxsən Abbasqulu ağanı günahlandırırdılar. Ona
görə də “Quba sakini, podpolkovnik Abbasqulu ağa bəzi izahatlar” üçün zati-alilər (baron Rozen
- Ş.N.) tərəfindən Tiflisə çağrılmışdı.
A.Bakıxanovu Qubadan, xalqdan belə uzaqlaşdırdılar. Abbasqulu ağa da bütün bu ağrı-
acıları unutmaq üçün dostu qraf feldmarşal Paskeviçin yanına, Varşavaya səfər etdi. Qafqaza
qayıtmaq istəmədiyini və onun nələr çəkdiyini yaxşı duyan Paskeviç dostuna kömək etmək üçün
təşəbbüs göstərdi. O, xarici işlər naziri qraf K.V.Nesselrodeyə rəsmi məktubla müraciət etdi:
“İran müharibəsində Abbasqulu ağanın fəaliyyətindən çox razı idim. Fars dilində mükəmməl
biliyi və yorulmadan çalışmağı bizim üçün faydalı oldu. İran dövləti ilə məktublaşmamız onun
əlindən keçirdi və beləliklə, iranlılarla əlaqələrimizdən, İranda yürütdüyümüz siyasətdən
xəbərdar idi. Abbasqulu ağanı mütləq qulluğumuzda saxlayıb Qafqaz müsəlmanlarına
göstərməliyik ki, hökumətimiz bizə can-başla xidmət edənlərin qədrini bilir, bir daha qətiyyətlə
bildirirəm ki, Bakıxanov Xarici İşlər Nazirliyinin sərəncamında qalmalıdır.
Xarici İşlər Nazirliyində işə düzəlmək üçün yeddi ay Varşavada, iki ay da Peterburqda
gözləyən Abbasqulu ağa Bakıxanov uzunmüddətli məzuniyyət götürüb 1834-cü ildə Qafqaza
qayıdır. O, vəzifənin puçluğuna, “hər yüksək mədəni cəmiyyətin saxtalığına” və müqəvva kimi
gəzən fraklı məmurların boş-boş danışıqlarına, ağlasığmaz vədlərinə nifrət edərək yazırdı: “Bir
çox qəribə işlər və saysız təəccüblü əsərlər gördüm. Hər bir ölkədə, hər bir işdən bilik və
təcrübəmi artırdım. Get-gedə cəhalətim azaldı. Yavaş-yavaş xəyalət və təsəvvüratımın puçluğu
aydınlaşdı və gördüm ki, dünyanın yüksək mənsəbləri çox alçaqdır və bizim əziz saydığımız
tədbirlər bir sərxoşun ağıl sınamasına bənzər; çünki mal və dövlət hər halda puç olacaq, ixtiyar
və iqtidar əldən gedəcəkdir... Şəxsi ləyaqət olmadan, nəsəb və sülalə şərafəti qürbətdə naməlum,
Vətəndə isə məzəmmətə məruzdur. Bunları təkyə etmək mənasızdır, etibar ediləcək və
arxalanacaq bir dövlət varsa, o da hər halda elm və ədəbdən ibarətdir.”
Qalan ömrü keçirərəm firavan,
Şükr edərəm allahıma hər zaman.
Qüdsi, xoşdur Əmsar adlı məskənin,
Şəhərlərdən çox üstündür öz kəndin.
Dostları ilə paylaş: