CƏMŞİD XAN NAXÇIVANSKİ
O, Kəngərli nəslindən olan axırıncı generaldır. Onun general babalarının hamısı qoca
yaşında öz əcəli ilə vəfat edib. Tale Cəmşid xana cəmi qırx üç il ömür qismət elədi. Onun da
iyirmi altı ilini hərbi fəaliyyətdə keçirdi. Ömrünün ən qaynar çağında otuzuncu illərin haqsız
qurbanlarından biri oldu. Günahı da bu idi ki, qardaşı Davud və Kəlbalı İranda şah qvardiyasında
xidmət edir. Guya Cəmşid xan da başçılıq etdiyi “casus-təxribatçı dəstəsi” ilə onlarla sıx əlaqə
saxlayır. Azərbaycanda şura hökuməti yarananda hər iki qardaş rəsmi şəkildə icazə alıb İrana
getdilər. Tezliklə İran ordusunda ad-san qazanıb yüksək rütbə aldılar. Lakin otuzuncu illərdə
şahənşah Davud və Kəlbalı qardaşlarına inamı itirdi. Səbəbi də ondan ibarət idi ki, onların
qardaşı Cəmşid xan Naxçıvanski Qızıl orduda briqada komandiridir. Axı vaxtilə onların ata
babaları rus qoşunlarını Naxçıvana çağırmışdı, İran ordusuna qarşı vuruşmuşdu. Görünür,
şahənşaha bu məlumat da çatdırılıbmış... Ona görə də şahənşah onları güllələtdirir. Bu tayda,
15
1938-ci ilin mayında Cəmşid xan həbs edilib güllələnəndə artıq dörd il əvvəl qardaşları İranda
qətlə yetirilmişdi. Onda C.Naxçıvanski, Moskvada M.Frunze adına Ali Hərbi-Siyasi
Akademiyanın ikinci kurs rəisi kimi yüksək vəzifədə işləyirdi.
“Onun dalınca gecə gəldilər. Axtarış aparmaq üçün şahid gərək idi. Dalandar şahidlik
etməyə etiraz etdi: “Kim olsaydı gedərdim, bircə Naxçıvanskidən başqa. Mən onun gözünə necə
baxaram?”. Həbs etmək barədə orderlə qara emkada gələnlərdən biri pillələri tələsik qalxdı.
Qapını açan ev sahibəsinə hövlnak dedi: “Lap qiymətli nəyiniz varsa gizləyin”. Qızıl ordunun
xan nəsilli briqada komandiri Cəmşid Naxçıvanski pula-mala qətiyyən tamah salmayan bir insan
idi.
Vidalaşarkən o, qızı Aliyənin yuxulu gözlərindən öpdü, arvadını bağrına basdı: “Özündən
və uşaqdan muğayat ol! Mənim heç bir günahım yoxdur. Tezliklə qayıdacağam!..” - dedi.
O, uzun illər keçəndən sonra qayıtdı. Qayıtdı ki, xalqın yaddaşında əbədi qalsın” (Qriqori
Akselrod “Xan nəsilli briqada komandiri”. “Nedelya” qəzeti № 17, 1988-ci il).
O dövrdə haqsız güllələnən briqada komandiri Cəmşid xan Naxçıvanski, diviziya
komandiri Qambay Vəzirov, komissar Heydər Vəzirov, Cabir Əliyev, polkovnik Cəlil Əliyev,
Seyfulla Mehdiyev, Qalib Vəkilov və Soltanhəmid Paşayevin sənədləri ilə tanış olanda, sağ
qalan müasirlərindən general-mayor Akim Abbasovun, professor Əyyub Əsgərovun və onların
ailələrinin xatirələrini dinləyəndə yanıb-yaxılırsan. Adamı yandıran odur ki, bu igid
komandirlərin fəaliyyətində yeni quruluşa qarşı hardasa zərrəcə inamsızlıq, səhv və büdrəmələr
tapa bilmirsən. Bəs haqsız qan niyə axıdılıb, onların ailələri sürgünlərdə min bir əziyyəti niyə
çəkib? Stalinin əshabələri - Beriya, Bağırov belə görkəmli hərbi xadimlərimizi qanlı
“təmizləmə” maşınında niyə məhv ediblər? Suallar, suallar... Onlara cavab tapmaq çətindir.
Otuzuncu illərdə bağları doğradılar ki, bəylər salıb, bəhrəsini yemək olmaz. Evləri
uçurdular ki, xanlardan qalıb. Məscidləri bağlayıb allahsızlar ittifaqı yaratdılar. Oğulları həbs
edib öldürdülər ki, nəsli bəy olub, xan olub.
Bu gün tarix bu səhvləri boynuna aldığına görə otuz-qırxıncı illər dövründə və əllinci
illərin əvvəllərində repressiya qurbanlarına bəraət verir. Onların şərəfinə abidələr ucaldır,
küçələrə, meydanlara onların adı verilir. Nəhayət, gənc nəsil gec də olsa görkəmli ata-babalarının
xatirəsi önündə mənəvi borcunu yerinə yetirir.
Heç bir “casus-təxribatçı dəstəsi” olmayan (əslində belə bir dəstə yox idi), İrandakı
qardaşları ilə heç vaxt məktublaşmayan Cəmşid xan da, o vaxt çox adi bir hala çevrilən müdhiş
cəzanın qurbanı oldu. Günahı isə xan nəslindən olmağı idi.
Haqqında söhbət açdığımız Kəngərlilərin xan nəsli Azərbaycan hərb tarixinə qızıl
səhifələr yazmış Cəmşidi 1895-ci il avqustun iyirmi üçündə dünyaya bəxş etdi. O, yeddi yaşına
çatanda anası Fərəntac xanımdan Azərbaycan dilində yazmağı, dayəsi Anna İvanovna
Nikolayevnadan isə rus və fransız dillərində danışmağı öyrənmişdi. Səkkiz yaşlı Cəmşidi rus
ordusunun zabiti olan atası Cəfər xan Tiflisdəki yunkerlər məktəbinə qoyur. Bir il sonra
Qərbi Ukraynadakı Yelizavetqrad (İndiki Kirovqrad şəhəri - Ş.N.) qvardiya məktəbinə
göndərilir. 1914-cü ildə podporuçik rütbəsi ilə qvardiya məktəbini bitirir. Birinci dünya
müharibəsi başlananda imperiyanın müsəlman əhalisindən təşkil olunmuş tatar süvari
eskadronunun komandiri təyin olunur.
Cəmşid Naxçıvanski hərbi məharəti ilə ilk dəfə birinci dünya müharibəsində ad-san
qazanmışdı. O, “Brusilov cəbhəsi”nin yarılmasında iştirak etmiş. “Müqəddəs Georgi” ordeninin
dördüncü dərəcəsi ilə təltif olunmuşdu. Avstriya və Rumıniya cəbhələrində üç dəfə yaralanan
Naxçıvanski igid bir süvari zabiti kimi gümüş silahla təltif edilmiş və ikinci, üçüncü, dördüncü
dərəcəli Anna, ikinci, üçüncü dərəcəli Stanislav ordenləri ilə mükafatlandırılmışdır.
Cənub-qərb cəbhəsi dağıldı. Cəmşid Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə
doğma Azərbaycana qayıtdı. Füsunkar Qarabağın Şuşa şəhərində yerləşən alay daşnak tör-
töküntülərinə və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak etdi.
Azərbaycanda Aprel inqilabından bir neçə gün sonra respublika Xalq Komissarları
Sovetinin sədri Nəriman Nərimanov Şuşaya təcili teleqram göndərdi. O, alay komandiri Cəmşidə
təklif edirdi ki, dərhal Bakıya qayıtsın və milli ordu hissələrinin təşkilinə başlasın. Onun
16
komandirlik etdiyi süvari polku könüllü olaraq sovet ordusu tərəfinə keçdikdən sonra Birinci
fəhlə-kəndli polku adlandırılaraq XI Ordunun tərkibinə daxil edilir. Cəmşid Naxçıvanskinin özü
isə ilk Azərbaycan birləşmiş komanda məktəbinin müavini, az sonra isə rəisi təyin olunur. Ordu
komandiri kimi ilk günlərdən ləyaqətlə xidmət edən C.Naxçıvanskiyə həmişə müsbət
xasiyyətnamələr verilmişdir.
İstedadlı sərkərdənin sovet hökumətinə sədaqət və məhəbbəti, yüksək hərbi biliyi XI
Ordunun komandanı Levandovski, hərbi İnqilab Şurasının üzvü S.Orconikidze, Azərbaycan
hərbi-Dəniz Xalq Komissarı Əliheydər Qarayev tərəfindən yüksək qiymətləndirilmişdir.
1921-ci il martın on dördündə ordu komandanı Levandovskinin Cəmşid Naxçıvanskiyə
verdiyi xasiyyətnamədə oxuyuruq:
“Korpus da daxil olmaqla bütün hissələrə operativ, taktiki cəhətdən komandanlıq etməyə
tam layiqdir... Sakit, təmkinli, fəal və təşəbbüskardır... Azərbaycan MİK-in və Zaqafqaziya
MİK-nin tərkibinə seçilmişdir. Diviziya komandirliyi vəzifəsinə tam uyğundur”.
İyirmi birinci il dekabrın on doqquzunda milli diviziya yaratmaq işindəki fəallığına görə
Naxçıvanskiyə Azərbaycan hərbi Dəniz Xalq Komissarlığı təşəkkür elan etmiş və mükafat olaraq
ona gümüş dəstəkli qılınc hədiyyə verilmişdi. O, yeni yaradılan Azərbaycan dağ-atıcı
diviziyasına komandir təyin olundu.
General-mayor Akim Abbasov vaxtilə Naxçıvanskinin komandir olduğu diviziyada
xidmət edib.
- Cəmşid Naxçıvanski qətiyyətli komandir idi. Onun gözəl cizgili siması, səliqəylə yana
ayrılıb daranmış qara saçları və qalın qaşları altında açıq, aydın baxışları indi də gözümün
önündədir. O, yaraşıqlı qaməti, hərbçilərə məxsus dəyanəti ilə müasirlərindən seçilirdi. Biz-
Cəmşid Naxçıvanskinin diviziyasında xidmət edənlər, ondan hərbi peşənin sirlərini öyrənmiş
komandirlər onu iftixarla xatırlayırıq. Biz bu gün də keçmiş ənənələrə görə onu “Xan
Naxçıvanski”, döyüş təxəllüsünə görə “Şamo” deyə yad edirik. Xanlar rayonu ərazisindən iki
kilometr cənub-şərqdə yerləşən dağı biz komandirlər və qızıl əsgərlər, həmçinin yerli sakinlər
komandirimizə ehtiram əlaməti olaraq “Xan Naxçıvanski dağı” adlandırırdıq. Cəmşid komandir
məntəqəsini bu dağda qurmuşdu. Buranın relyefi elədir ki, həmin dağdan ətrafın geniş ərazisi,
Azərbaycan diviziyasının təlim meydançaları aydın görünürdü.
Cəmşid Naxçıvanski hərtərəfli hərbi mütəxəssis idi. O, siyasi cəhətdən hazırlıqlı və
inqilab işinə sədaqətli zabit idi.
Məhz bu yüksək keyfiyyətlərinə görə 1923-cü ildə hərbi İnqilab Şurasının əmri ilə
Cəmşid Qızıl Ordunun ali komanda heyəti kursuna dinləyici qəbul olunur. Bu kursu
müvəffəqiyyətlə bitirən Naxçıvanski 1931-ci ildən M.V.Frunze adına hərbi Akademiyanın
xüsusi qrupunda təhsilini davam etdirir. Buranıda fərqlənmə diplomu ilə başa vuran Cəmşid
Naxçıvanski xalq müdafiə komissarının əmri ilə müəllim saxlanılır.
Həmin dövrdə C.Naxçıvanskiyə verilmiş attestasiya sənədində oxuyuruq:
“C.Naxçıvanskiyə əvvəllər verilən müsbət rəylər öz qüvvəsində saxlanılsın. O, hər
cəhətdən inkişaf etmişdir. Cəmşid Naxçıvanski hərbi təlimlərdə, operativ taktiki əməliyyatlarda
özünü bacarıqlı sərkərdə kimi göstərmişdir. C.Naxçıvanskidən korpus komandiri kimi də istifadə
etmək olar... O, təmkinli, sakit təbiətlidir, tükənməz enerjiyə malikdir, təşəbbüskardır, gözəl
inzibatçıdır, yaxşı təşkilatçılıq qabiliyyəti vardır...”.
Bu da hərbi Akademiyanın kurs rəisi və komissarı, sonralar Sovet İttifaqı marşalı Boris
Şapoşnikovun həmin attestasiyanın təsdiqi barədə rəyi:
“Cəmşid Naxçıvanskinin attestasiyası ilə razıyam, atıcı diviziyasının komandiri
vəzifəsinə münasibdir”.
Vaxtilə süvari qoşunun qızğın pərəstişkarı olan Cəmşid orduda bu qoşun növünə vətəndaş
müharibəsinin təəssüratı ilə həddən artıq qızğın münasibət bəsləyənlərin birinci olaraq əleyhinə
çıxanlardan idi. O, Akademiyanın dinləyicilərini köhnəlmiş şablonlardan tezliklə azad olmağa
çağırırdı; sübut edirdi ki, gələcək müharibədə cinahların dövrələnməsi üstünlük təşkil edəcək;
döyüş meydanlarında o kəs qalib gələcək ki, müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətini
17
təmin edə biləcək, döyüşün idarə olunmasına yaradıcı şəkildə yanaşmağı öyrənəcək. Toxum
münbit zəminə düşmüşdü. Lakin bu toxumun cücərməsi...”
5
Bəli, nadanlar, şər və iftira düşkünləri bu toxumun cücərməsinə imkan vermədilər. Onun
tərbiyə edib yetişdirdiyi müdavimləri S.Biryuzov, A.A.Qreçko, P.F.Batisti marşal rütbəsinə
çatdılar. Özü isə günahsız məhv edildi. Onun fəaliyyətinə verilən xasiyyətnamələrlə, rəylərlə
tanış olandan sonra Cəmşid Naxçıvanskinin “xalq düşməni” çıxmasına inanmaq çox çətindir. Bu
ağa qara demək kimi bir yalandır. Ona görə də polad kimi əyilməyən Cəmşidi sındırdılar. Lakin
o, istintaqda heç bir yalanı boynuna almayıb. Özünün günahsız dostlarını satmayıb, nə xalqının,
nə də nüfuzlu nəslinin adını ləkələməyib.
İllər keçdi. Başqaları kimi sonralar ona da bəraət verildi. Vaxtilə haqqında ürək dolusu
danışa bilmədiyimiz bu görkəmli komandir haqqında gənc nəslə məlumat vermək üçün imkan
yarandı. İndi onun adına Bakıda ixtisaslaşdırılmış internat məktəb və küçə var. Boya-başa çatdığı
Naxçıvanda isə ev muzeyi açılmışdır.
Bakı Dövlət Universitetinin müəllimi, hüquq elmləri doktoru, professor Əyyub Əsgərov
vaxtilə yetmiş yeddinci Azərbaycan atıcı diviziyasının sıralarında zabit kimi xidmət edib.
O, istedadlı sərkərdə Cəmşid Naxçıvanskinin son günlərinin şahidi olub:
1937-ci ilin payızında Leninqradda keçirdiyim məzuniyyətdən geri qayıdırdım.
Moskvada hərbi kursda oxuyan yoldaşlarımla görüşmək uçün Frunze adına akademiyaya getdim.
Yaxın dostum və akademiyanın müdavimi Hacıbaba Zeynalovun qonağı oldum. Həmyerlilərimiz
Cəlil Əliyev, Əhmədəli Əliyev, Bəhram Şıxıyev, Fərhad Şahbazov və başqaları ilə də burada
görüşdüm.
Bir gün Hacıbaba Zeynalovun otağında şama toplaşmışdıq. Bu vaxt C.Naxçıvanski otağa
girdi. Biz hamımız ayağa qalxıb ehtiramla, rəsmi təzim edərək onu salamladıq. Görkəmli
sərkərdə hər birimizlə ayrı-ayrılıqda görüşdü. Üz-gözündə xoş təbəssum cilvələnirdi... O, 77-
ci Azərbaycan atıcı diviziyasında xidmət etdiyimi bildikdə mənimlə söhbətə başladı. Azərbaycan
xalqının həyatı ilə yaxından maraqlandı, diviziyanın siyasi döyüş hazırlığı sahəsində əldə etdiyi
uğurlar barədə yeni məlumatları çox diqqətlə dinlədi və ürəkdən sevindi. O, Vətənin müdafiə
qüdrətini daim möhkəmləndirməyin, dövrün tələblərinə uyğun olaraq, yüksək bilikli kadrların
hazırlanmasının, xüsusilə yeni texnikaya yiyələnməyin vacib olduğunu bildirdi. Sonra: Oğul,
bizim xalqımıza yaxşı hazırlıqlı kadrlar lazımdır, - dedi. Gedərkən hamıya müraciət edərək: -
Bu ali hərbi məktəb-akademiya əsl siz gənclərin yeridir, sizin üçündür, əfsus ki, bizim
nümayəndələrimiz burada çox azdır. Üzünü mənə döndərib: - Çalışın, qoçaq olun, mən elə sizi
də burada görmək istərdim, - deyib xoş arzularla bizdən ayrıldı.
Dostları ilə paylaş: |