89
ŞAMAXI TƏRLANI
Keçmiş zamanlarda belə hesab edərlərmiş ki, zabit ömrü cəmi iki müharibə əzabından
keçə bilər. Biri onun gəncliyinə, o biri isə yaşlı vaxtına təsadüf edər. Fərəhləndirici haldır ki,
həmyerlimiz general-mayor Tərlan Əlyarbəyov altmış dörd illik ömür yolunda üç müharibənin
iştirakçısı olub.
Tam artilleriya generalları Əliağa Şıxlinskidən və Səməd bəy Mehmandarovdan sonra o,
üçüncü azərbaycanlıdır ki, birinci dünya müharibəsində, vətəndaş müharibəsində və Böyük
Vətən müharibəsində vuruşub.
1911-ci ildə üçüncü Qafqaz alayının əlaçı əsgəri Tərlan Əlyarbəyovu Tiflisdəki piyada
hərbi məktəbinə oxumağa göndərdilər. Dörd il kursdan-kursa müvəffəqiyyətlə keçən Tərlan
hərbi məktəbi birinci dərəcəli diplomla bitirdi. Podporuçik Əlyarbəyov Şamaxıdakı 205-ci
piyada alayında xidmətə başladı.
1914-cü ilin yayında birinci dünya müharibəsi başlandı. Kayzer Almaniyası Rusiyaya
müharibə elan etmişdi. Əlyarbəyovun xidmət etdiyi 205-ci alayı da Qərb cəbhəsinə göndərdilər.
Od-alov yağan səngərlərdə gənc zabitin çətin sınaq günləri başlandı. Komandirin verdiyi
tapşırıqları yerinə yetirən, hər döyüşdən qələbə ilə çıxan Tərlan əsgərlərin də sevimlisi oldu.
Ona görə də rota komandiri olan Əlyarbəyovu batalyon komandiri kimi məsul vəzifəyə təyin
etdilər.
Öz batalyonunu qələbədən-qələbəyə aparan ştabs-kapitan Əliyarbəyovun igidliyi bütün
Qərb cəbhəsinə yayılmışdı.
Bir dəfə Verden ətrafında gedən vuruşmaların qızğın çağında ona 10-cu ordunun
komandanı general Əliağa Şıxlinski ilə görüşmək nəsib oldu.
General hərbçi qaydası ilə onu başdan-ayağa süzüb: “Səsini-sorağını eşitmişəm, eloğlu,
əsl igid kimi vuruşursan”, - dedi. Əlini onun çiyninə qoyub – “Böyük şair Puşkin vaxtilə Şamaxı
gözəlini vəsf eləyib, indi yeni bir Puşkin lazımdır ki, sənin Şamaxı Tərlanının qəhrəmanlığını
qələmə alsın”. Sonra maraq dolu baxışlarını Tərlana zilləyib:
- Bir de görüm, hansı hərbi məktəbi bitirmisən, oğul?
- Tiflisdəki hərbi gimnaziyanı... General Şıxlinski sevinclə:
- Hə, demək ikimiz də bir yuvadan pərvazlanmışıq. Çox şadam. Bu qürbət diyarda
sevindirdin məni, oğul. Onsuz da bir neçə gündür ki, sevincimdən ürəyim köksümə sığışmır.
Xəbərin varmı, bu günlərdə bir eloğlumuz qeyri-adi igidlik göstərdiyinə görə Müqəddəs Georgi
ordeninin bütün dörd dərəcəsi ilə təltif olunub.
- Xeyr, eşitməmişəm. Düzü, cəbhəyə gələndən heç bir eloğlumla görüşə bilməmişəm.
Cəbhədə sizdən başqa heç bir azərbaycanlıya rast gəlməmişəm, cənab general. İcazənizlə
soruşum, kimdi belə yüksək təltifata layiq görülən?
- Nijeqorod draqun alayının rotmistri Teymur Novruzovun igidliyi haqqında qəzetlər bar-
bar bağırır. Sən isə burdan-bura eşitməmisən. Eloğlumuz Teymur özünün eskadronu ilə bir ay
əvvəl düşmənin piyada süvarilərinə hücum edərək onların hamısını qılıncdan keçirib. Hələ
üstəlik də iki gün sonra üç ağır topunu qənimət götürüb. Cəmisi iki ay yarımlıq döyüşdən sonra
həmyerlimiz Teymur Novruzov Georgi ordeninin dörd dərəcəsi ilə təltif olunub. Bu çox böyük
fəxrdir. O, artıq kavalerdir.
Tərlan bu şöhrətli generalla görüşünü uzun müddət unuda bilmədi. Onlar bir də 18-ci ildə
Bakıda görüşdülər.
1916-cı ilin yayında general A.A.Brusilovun ordusu Pripyat çayından Rumıniya
sərhədinə kimi uzanan 400 kilometrlik cəbhə boyunca hücuma keçib düşmənin müdafiə xəttini
yardı. Ağır şəraitdə vuruşan qoşunlar güclü düşməni xeyli geriyə qovdu. Tərlan Əlyarbəyov bu
döyüşlərdə sinəsindən ağır yaralandı. Bu, müharibə başlanandan Tərlanın aldığı dördüncü yara
idi. Ştabs-kapitan bir müddət Brest şəhərindəki qospitalda müalicə olunduqdan sonra Bakıya
göndərildi.
1918-ci ilin avqustunda müsavat ordusuna çağrılan Tərlan Əlyarbəyov ikinci alayın
komandir köməkçisi təyin edildi. Rusiyada Qızıl Ordu tərəfindən dağıdılmış Denikin ordusu
90
pərən-pərən düşüb ölkənin hər yerinə dağılmışdı. Dərbəndi tutan ağqvardiyaçılar Azərbaycana
soxulmaq istəyirdilər. Qusarda yerləşən ikinci alay gecə-gündüz vuruşaraq düşməni
Azərbaycana buraxmadı.
İyirminci ilin baharında Tərlan Əlyarbəyov Bakı hərbi idarə rəisinin müavini idi. O, heç
vaxt inqilabi ənənələr şəhəri Bakını belə qaynar, belə təlatümlü görməmişdi.
Döyüşlərdə böyüyüb-bərkimiş Tərlan Əlyarbəyov könüllü olaraq ordu sıralarına yazıldı.
Bir neçə qolçomaq Şuşanın yalçın qayaları arasına sığınaraq başına quldur dəstələri
yığmışdı. Tez-tez kəndlərə hücum edir, kənd soveti sədrlərini, komsomolçuları öldürürdülər.
Kapitan Tərlan Əlyarbəyovun 1920-21-ci illərdəki böyük fəallığı ilə bu quldur dəstələri ləğv
edildi. 1922-ci ildə respublika Xalq Komissarlığı qərargahında hərbi dəniz işləri üzrə rəis işləyən
Əlyarbəyova yeni bir tapşırıq verildi:
“Kürdəmir və Qaraqoyunlu ərazilərində baş qaldıran quldur dəstələrini məhv etməli”. O,
cəsur silah yoldaşları ilə yorğunuq və yuxusuzluq nə olduğunu bilmədən az bir vaxtda düşməni
məğlub etdi.
Azərbaycan Sovet Sosialist Respublikası hərbi Dəniz Xalq Komissarlığının 1922-ci il 9
dekabr tarixli 525 nömrəli əmrində deyilirdi:
“Mənə etibar olunmuş Komissarlığın qərargah rəisi Tərlan Əlyarbəyov yoldaş
Azərbaycanda Sovet hakimiyyəti qurulan ilk günlərdən məsul vəzifələr daşımış, vicdanlı, səliqəli
olması, ona tapşırılan vəzifələri can-başla yerinə yetirməsi və proletar hakimiyyətinə sədaqəti ilə
fərqlənmişdir.
Hərbi işi tam bildiyini göstərmiş və Azərbaycan SSR-də mahal hərbi komissarlıqlarının
təşkili işinə böyük qüvvə və qayğı sərf etmişdir. 1920-ci ildə Bakı qəzasında və 1921-ci ildə
bütün respublikada səfərbərliyi yüksək bacarıqla keçirmişdir.
Hazırda HDXK-nın qərargahı ləğv edildiyi üçün Əlyarbəyov yoldaşı Azərbaycan SSR
Hərbi Komissarlığının müavini vəzifəsinə təyin etməklə inanıram ki, onun öz biliyi və Sovet
hakimiyyətinə sədaqəti sayəsində Azərbaycanda səfərbərlik işi həmişə yüksək səviyyədə
olacaqdır.
Təxminən üç il müddətində hərbi idarədə birgə çalışdığımız vaxtlar gənc Sovet
Azərbaycanının yaradılması işinə böyük zəhmət və enerji sərf etdiyinə görə Tərlan Əlyarbəyova
rəhbərlik adından təşəkkür elan edir və əmr edirəm ki, şəxsi xidmət kitabçasına yazılsın.
Hərbi Dəniz Xalq Komissarı və Əlahiddə Qafqaz Ordusu Hərbi İnqilab Şurasının üzvü
Əliheydər Qarayev.
Qərargah rəisi əvəzi Məğrubov.
Gənc sovet respublikası Tərlan Əlyarbəyovu hansı sahəyə göndərirdisə o, namuslu bir
zabit kimi çalışır, verilən tapşırığı ləyaqətlə yerinə yetirirdi. 1927-ci ildə Frunze adına hərbi
Akademiyada Ali komanda heyəti kursunu bitirdikdən sonra Bakıya qayıdan Əlyarbəyov hərbi
istedadını milli hərbi kadrların yetişdirilməsinə sərf etmişdir. O, ikinci dəfə bu hərbi
Akademiyanı bitirən ili ölkəmizi faşizm taunu bürüdü.
Böyük Vətən müharibəsi başlananda polkovnik Tərlan Əlyarbəyov 416-cı atıcı
diviziyanın komandir müavini, üç ay sonra isə onun komandiri təyin edildi.
Diviziya 1942-ci il noyabrın 30-da səhər Terek çayı sahilində düşmənlə ilk dəfə döyüşə
girdi. İki günlük döyüşdən sonra İşşorsk rayonunda faşistlərin müdafiə xətti yarıldı, Novo-
Lednev və Kapustino yaşayış məntəqələri azad edildi.
Xalqımızın igid oğullarından ibarət olan bu diviziya dekabrın altısında inamla vuruşaraq
düşmənin möhkəmləndirilmiş daha bir atəş nöqtəsini məhv etdi. Hücumu müvəffəqiyyətlə
genişləndirən polkovnik Tərlan Əlyarbəyov həmişə ön cəbhədə olur, döyüşçülərdə qələbəyə
sarsılmaz inam yaradırdı.
44-cü ordunun tərkibində yerləşən bu diviziya 1942-ci ilin qışında Şimali Qafqazda 350
kilometrlik döyüş yolu keçərək, onlarla şəhər və kəndi düşməndən azad etdi. Dəfələrlə ordu
komandanlığının təşəkkürünə layiq görüldü.
Sonralar 79-cu, 88-ci alaylara, 402-ci atıcı diviziyaya başçılıq edən və 58-ci korpusun
komandir müavini kimi məsul vəzifələrdə çalışan Tərlan Əlyarbəyov özünün komandirlik
91
bacarığını parlaq şəkildə nümayiş etdirdi. O, xidmət etdiyi bütün hərbi hissələrdə böyük nüfuza
və hörmətə malik idi.
Müharibə illərində Əlyarbəyovun döyüş xidmətlərini yüksək qiymətləndirən
hökumətimiz 1944-cü il fevralın 9-da onu general-mayor rütbəsi, ilə təltif etmişdir.
1956-cı ildə vəfat edən generalın iki oğlu qalıb. General atasının sənədlərini qayğı ilə
qoruyub saxlayan Nadir Əlyarbəyovun xatirələrindən:
- Atamın söhbətləri yaxşı yadımdadır. Danışardı ki, 1908-ci ildə Şamaxıdakı altı illik
şəhər məktəbini bitirəndən sonra Vladiqafqaza gedib kadet korpusuna daxil olmaq istəyirdim.
Lakin babam Abdullanın qəfil ölümü onun hərbi məktəbə getməsinə mane olur. Atam yalnız
1910-cu ildə Tiflisə gedib Mixaylovsk hərbi piyada məktəbinə daxil olur.
Atam özü haqqında çox az danışardı. Evdə də az olardı. O, daim əsgərlərin yanında olar,
onların ailə həyatı ilə, güzəranı ilə maraqlanardı.
Yadımdadır, atamın ölümündən sonra bizə bir jurnalist gəlmişdi. Atam haqqında yazmaq
istəyirdi. Anam Lətifə xanımdan atam haqında danışmağı xahiş etdi.
Anamsa, nə deyim, nə danışım, ay oğul, - dedi, - bir doyunca üzünü gördüm ki... Qonaq
kimi gəlib-gedərdi.
Anam - “Tərlan bizə gələndə belə oldu, Tərlan belə dedi”, - deyə danışanda qonşular
gülərdilər.
Atamı tanıyanlar - döyüş yoldaşları, dostları həmişə deyərdilər ki, Tərlan özü üçün
yaşamadı, eli, obası üçün yaşadı. O, məzuniyyət, istirahət nə olduğunu bilməzdi. Onun
xidmətləri Lenin ordeni, Qırmızı Bayraq ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif
olundu. Doğma Şamaxıda adına abad küçə qoyuldu.
Şahidi olduğum bir xatirəni heç vaxt unuda bilmirəm. Atam hərbi qulluqda idi. Anamla
mən bir dəfə onun yanına getmişdik. Bizim gəlişimiz günorta vaxtına düşmüşdü. Aşpaz üç qabda
yemək gətirdi. Atamın bərk acığı tutdu. Aşpazı geri çağırıb dedi:
- Bunlar buraya yeməyə gəlməyiblər ki?.. Sən niyə əsgərin payından kəsib bunlara
gətirirsən. Bu saat qaytar... Sonra anama “niyə nahar vaxtı gəlmisiniz?” - dedi.
İllər keçib, evimizdə bir Tərlan da böyüyüb. Atamın adını daşıyan oğlum Tərlan bu il
Bakıdakı Azərbaycan SSR Ali Soveti adına hərbi məktəbi bitirib, zabit rütbəsi ilə qulluğa
başlayıb, babasının yolunu seçib.
Dostları ilə paylaş: |