GENERAL SƏMƏD BƏY MEHMANDAROV
Bizim keçmişdə başqa xalqların qibtə etmələrinə
layiq böyüklərimiz çoxdur. Əgər biz istəyirik ki,
gələcəkdə bizim xalqımızdan böyük şəxsiyyətlər
yetişsin, həmin böyükləri müasirlərimizə,
gənclərimizə yaxşı tanıtmalıyıq. Keçmişə məhəbbət
gələcəyə xidmətdir.
Əkrəm Cəfər
professor
1871 - ci ildə Mehmandarovlar ailəsində şadlıq keçirilirdi. Sadıq bəy oğlunun orta təhsil
alması münasibətilə Bakıda yaxın dostlarından ibarət bir məclis düzəltmişdi. Qarabağdan adlı-
sanlı bəylər, yaxın qohumlar, Lənkərandan qulluq yoldaşları Sadıq bəyin sevincinə şərik olmağa
gəlmişdilər. Şuşadan gələn qonaqlar özlərilə müğənni də gətirmişdilər. Müğənni füsunkar
Qarabağın igidlərini, türfə gözəllərini vəsf edib məclisi əyləndirirdi. Gecədən xeyli keçənə qədər
davam edən məclisdən hamı deyə-gülə dağılışdı. Uzaqdan gələn yaxın qohumlar ailəvi söhbəti
hələ də davam etdirirdilər. Xanı bəy sağ yanında əyləşmiş Sadıq bəyə yanakı baxıb:
79
- Əmioğlu, Səməd bəy ədadiyə
14
məktəbində təhsilini ikmal elədi. Biz də yığışıb onu
təbrik elədik. Bəs sonrası, indi hansı ali məktəbə hazırlaşır?
Kefi kök, damağı çar Sadıq bəy bığlarına ötəri əl gəzdirib:
- Ötən il, - dedi, - özü ilə söhbətimiz belə olub ki, gimnaziyaya getsin, müəllim olsun, onu
da istəməz, bəyənməz doxtur, mühəndis... Bunların hansını istərsə...
-Yaxşı bu, ötən ilin söhbəti, bəs indi, bu il nə fikirləşib?
- Bu nə sözdü, canım, fikirləşmək də ilnəndi? Nə fikirləşəcək, kişinin sözü bir olar. Nə
bilim, ay qadan alım, əgər sən deyən kimidirsə, bu ilin qərarını yəqin ki, özü vermiş olar. Çağır,
özündən soruş. Əmi, qardaşoğlu - siz ki, köhnə dostsunuz.
Sadıq bəy oğlunun boy-buxunu, ədəb-ərkanı ilə fəxr edirdi. İstəyirdi ki, yaxın qohumlar
da onun yarlı-yaraşıqlı oğlu olmasını yaxından görsünlər.
Xanı bəy çaydan bir neçə qurtum alıb atasının yanında naz-qəmzə ilə şıltaqlıq edən
Rüxsarənin saçlarını tumarladı..
- Qızım, - dedi, - get, qardaşın Səməd bəyi çağır gəlsin bura.
Səməd bəy ədəb-ərkanla salam verib stolun aşağı ucunda, qohumlarının hüzurunda
müntəzir dayandı. Şuşadan gələn ağsaqqal qonaqlar olmasaydı, ötəri zarafatı olan əmisi Xanı
bəylə öpüşüb görüşərdi. İçkidən xumarlanan Xanı bəy şad-xürrəm halda gülümsünür, gözünü
Səməd bəydən çəkmirdi.
- Bura bax, əyə, - dedi, - yaxın gəl, bir əmin səni öpsün.
Sadıq bəy təəçcüblə:
- Bay, balam, hələ görüşməmisiniz? Xanı bəy gur səslə:
- Yox - dedi, - mən gələndə soruşdum, dedilər evdə yoxdu,
- Xanı bəy zarafatla şəhadət barmağını silkələyə-silkələyə: qırışmal, gör heç əmisi ilə
görüşməyə can atır? Dirsəyi ilə əmisi oğlu Sadıq bəyə yüngülvarı toxunub - ona izin ver gəlsin.
- Nə izin verəcəm, bura kimi gəlib, qoy bir-iki addım da atsın. Gəl, əminlə görüş, oğul.
Xanı bəy hər iki əlilə onun başından yapışıb alnından öpdü.
- İgidin alnından öpərlər, sən ki, ədadiyəni əla bitirdin,
demək igidsən.
Səməd bəy qollarını əmisinin boynuna dolayıb qulağına pıçıldadı:
- Mən də elə bildim qız kimi üzümdən öpəcəksən.
Xanı bəy bərkdən qəhqəhə çəkərək:
- Əyə, - dedi, - Lənkəranda
15
dünyaya gəlsən də, vallah, qarabağlısan ki, qarabağlısan...
Eşq olsun sənə, qardaş oğlu....
Səməd bəy şəhadət barmağını dodaqlarının ucuna toxundurdu. Yəni ağartma, atama,
qonaqlara demə işarəsi verdi.
Sadıq bəy üzə vurmasa da, onun özünə də xoş gəlirdi ki, Xanı bəy oğlu ilə böyük kimi
rəftar edir. Aralarında səmimi zarafatları vardı. Bir-iki dəfə elə-belə ehtiyata əmisi oğluna
demişdi ki, çox da dərinə gedib uşağı üzdən salma. Zarafatın şitişoru çıxanda, aradan pərdə
götürülür, hörmət-izzət itir, axırı yaxşı nəticə vermir.
Sadıq bəy qəlyanını doldura-doldura:
- Yenə başladınız. Xanı, o sənin qulağına nə dedi ki?..
Ağır-ağır yerinə əyləşən Xanı bəy:
- Heç, özümüz bilərik, - dedi. - Gözünü Səməd bəydən çəkmədən - Yaxşı, qardaş oğlu,
ədadiyəni bitirdin, yəni möhtəşəm bilik məbədinə gedən pilləkənin birini çıxdın, bəs sonrası, indi
fikrin nədir, hara oxumağa gedəcəksən?
14 Əd a d i y ə - orta məktəb.
15 Əslən Qarabağlı olan Səməd bəy Mehmandarov 1856-cı il oktyabrın on altısında Lənkəranda varlı zadəgan
ailəsində anadan olub.
80
Səməd bəy susurdu. Dinmək istəyirdi, ancaq atasından ehtiyat edirdi. Axşamdan
özlüyündə belə fikirləşmişdi ki, arzumu əmimə təklikdə deyərəm, o da bəlkə atamı yola gətirdi.
Bir ilə yaxın idi ki, qəti qərara gəlmişdi: oxumağa hərbiyyə məktəbinə gedəcək.
- Hə, dillən, oğul, qonaqları, əmini intizarda qoyma. Hara
istəyirsən? Tiflis
gimnaziyasına, Xarkova, yoxsa Peterburqa?.. Maşallah, özün daha böyük oğlansan. Bəlkə
mühəndis olmaq istəyirsən, bəlkə təbabət elmi fikrindən keçir?
- Ata, demək olar, bütün sənətləri saydı, bircə Səməd bəyin bir ilə yaxın havası ilə
uçduğu hərbi kəlməsini dilinə gətirmədi. Bu qədər ağsaqqalın yanında susmağı nəzakətsizlik
sayan Səməd bəy özünü toplayıb bəy oğluna məxsus təmkinlə:
- Ata, Peterburqa, amma hərbiyyə məktəbinə getmək istəyirəm. Sadıq bəy hərbiyyə
sözünü eşidib yerində qurcalandı. Təəçcüb və heyrətlə:
- Hara dedin, oğul?
- Hərbiyyə məktəbinə getmək çoxdankı arzumdur. Mən ora hazırlaşmışam, ata!
Səsinin tonu dəyişmiş Xanı bəy:
- Baho, qardaş oğlu, bu nə çətin oldu. - Deyilişindən hiss olunurdu ki, əmi də narazıdır,
onun hərbçi olmasına. Bu dəfə lap ciddi - Gələcəyin yolu yaman enişli-yoxuşlu oldu, qardaş
oğlu. Bəri başdan yaxşı fikirləş ha...
- Bu mənim qəti qərarımdır, əmi! - deyib Səməd bəy utancaq baxışlarını yerə dikdi. Ani
olaraq gözaltı atasına baxdı. Kişinin sərt sifəti qara qayış kimi tarıma çəkilmişdi. Sinəsi körük
kimi qalxıb enirdi. Otaqda tam sakitlik hökm surürdü. Xanı bəy bikef halda stəkanı götürüb
bir qurtum içdi. Özü də hiss etmədən stəkan əlindən sürüşüb nəlbəkidə şaqqıldadı. Əyilib
diqqətlə stəkana yandan baxdı:
- Bay sənin - dedi, - çatladı ki... - Üzünü Səməd bəyə tutub: -qardaş oğlu, gəl bunu
mətbəxə apar.
- Səməd bəy otaqdan çıxanda Xanı bəy üzrxahlıq edib Sadıq bəyə təsəlli verdi:
- Əmi oğlu, - dedi - gördün, şüşə qab sındı, fikir eləmə, bəlkə xeyir elə bundadır. Uşağın
arzusuna qarşı çıxma, hiss olunur ki, hərbiyyə işinə çox həvəsi var. Səməd bəy qanacaqsız uşaq
deyil. Özün məndən yaxşı tanıyırsan. O sənəti sevməsə, bu qədər ağsaqqal hüzurunda deməzdi
ki, bu mənim qəti qərarımdır. Allah xeyir versin...
Sadıq bəy hirslə:
-Yava-yava danışma, mənim on beş oğlum yoxdur ki, birinin də başından keçib rusa
verəm.
- Rusa niyə verirsən, oxuyub qayıdacaq. Bakı, Gəncə, Tiflis qarnizonlarından birində
xidmət edəcək. Xalqımızın bir silah tutan oğlu da artacaq.
- Bəs o, gecə-gündüz Nizami, Füzuli oxuyurdu. Vidadi, Vaqif şerlərini əzbərləyirdi. Fars,
türk dillərinin qrammatikasını öyrənirdi. Mən də sevindim ki, oğlum müəllim olacaq, xalqına
gərək olan maarif işində çalışacaq. - Sadıq bəy hirslə Rüxsarəyə:
- Get, onu çağır, bura gəlsin! - dedi.
Səməd bəy pörtmüş halda içəri girdi. Bilmirdi baxışlarını hara diksin. Yenə bayaqkı
yerdə böyüklərin hüzurunda müntəzir dayandı.
- Sadıq bəy sərt və ötkəm səslə:
- Oğul, bu sənin qəti qərarındır?
- Bəli, ata...
- Axı sən onu bilirsənmi ki, sənin atan Sadıq bəyin indiyədək nə hökumət qulluğunda, nə
dostlar arasında, nə də ki, evdə bir sözü iki olmayıb. Heç kəs onun sözünün qabağında söz
deməyib.Bizim nəsildə indiyədək bir nəfər belə hərbçi olmayıb. Bu mənasız fikir hardan sənin
ağlına gəlib? Get, fikirləş, qərarını dəyiş, - kinayə ilə, - hərbçi olacaq,... yox bir yaranal olacaq...
Elə bilirsən asandı gecə-gündüz çöllərdə qalmaq? Bu nə sənətdi? Qızmar günəşdə, sərt ayazda,
dizə çıxan palçıqda günlərlə, aylarla çöllərdə qalaçaqsan. Səni kimsə yoldan çıxardıb, yəqin ki,
yaranal olmaq iştahan var... Dəyiş qərarını... On altı yaşın var, özünə sənət seçib, gün ağlaya
bilmirsən.
81
- Əziz ata, ilk dəfə sözünüzdən çıxdığım üçün üzr istəyirəm. O ki qaldı yaranal olmağa...
yaranal qızlardan olmur. Yaranal
elə mənim kimi oğullardan olur...
Anası Böyüknənə dözə bilməyib oğluna qahmar çıxdı:
- A kişi, uşağı bu qədər danlama, özün də boş yerə hirslənib əsib-coşma. Uşaqdı, indi
deyib, bəlkə səhərə, o biri günə fikrini dəyişdi.
Sadıq bəy hirslə stulunu qabağa çəkib:
- Görmürsən, deyir ki, bu mənim qəti qərarımdır. Mənimdə qəti qərarım, oğul, eşit və bil,
ondan ibarətdir ki, səni heç yerə göndərməyə, nə də hərbiyyə məktəbində oxutmağa bir qəpik
belə-pulum yoxdur. Xoş gəldin, get, otur evdə, un çuvalına tay ol...
- Ata, mən kor qız deyiləm ki, un çuvalına tay olam. Sizin yardımınızdan imtina edib,
Peterburqa hərbiyyə məktəbinə oxumağa gedəcəm... - deyib çıxdı.
1871-ci ildə ata sözündən “çıxan”, bir daha onun üzünü görməyən general Səməd bəy
Mehmandarov ilk hərbi təhsil almağa belə getdi. Kaş bütün gənclər ata sözündən belə “çıxaydı”.
Səməd bəy Mehmandarov haqqında yazmağı düşünəndə qeyri-ixtiyari Əliağa Şıxlinskini
xatırladım. Tez-tez Şıxlinskinin “Xatirələrim”indəki ayrı-ayrı epizodlar yadıma düşürdü. Mənə
elə gəlir ki, Səməd bəy Mehmandarovun ömür yolunu Əliağa Şıxlinskidən yaxşı bilən ikinci bir
şəxs olmayıb. Ona görə də Şıxlinskinin əvəzsiz xatirələrinə müraciət edəcəyəm. Onlar ilk dəfə
1888-ci ildə tanış oldular. Bu dostluq 1931-ci ilin fevralına kimi - Mehmandarov dünyadan
köçən günə qədər davam etdi, həmyerlilərin bu dostluğu bir neçə müharibə alovundan, inqilab
tufanından keçib nəsillərə nümunə oldu.
Çox təəssüf ki, Səməd bəy Mehmandarov da Əliağa Şıxlinski kimi hərbi memuar
yazmayıb. Buna otuzuncu illərin sərt abı-havası günahkardır. Onda Heydər Hüseynov kimi
məşhur, xeyir-xah alim ədəbi ictimaiyyətə təzə gəlmişdi. Bizə əziz miras kimi qalan
“Xatirələrim”in bəxti onda kəsdi ki, müharibə başlananda milli Azərbaycan diviziyasının
yaradılması ilə bağlı məsləhətə gələn Heydər Hüseynov generalın xatirələrinin dəyərini
qiymətləndirərək onu qələmə aldı. Ömrunün son günlərini yaşayan Şıxlinski də qürbətdə,
səngərlərdə, palçıq və qanqarışıq cəbhə meydanlarında Səməd bəy Mehmandarovla keçirdiyi
günlərini unutmayıb ona diktə etdi.
Bir hərbi xadim kimi, Səməd bəyin xidmətləri əvvəzsizdir. Hərbi sərkərdə kimi, rus hərb
tarixçiləri və yazıçıları onun artilleriya sahəsindəki böyük nüfuzundan, istedadından iftixarla
yazırlar. Özümüzdə isə, inqilabdan əvvəlki generallarımızdan söz düşəndə, ən az məlumata
malik adam belə Şıxlinskinin və Mehmandarovun adını çəkə bilir. Etiraf etməliyik ki, son illərə
qədər hər bir azərbaycanlının tanıdığı yalnız bu iki əfsanəvi general olub. Təəssüf ki, onların da
adını çox vaxt qorxa-qorxa çəkmişik. Rəsmi dairələrdə isə onların - adının yanında həmişə bir
neçə ağ ləkə olub: “çar generalıdı”, “müsavatın hərbiyyə naziri olub”, “bəy nəslinin
nümayəndələri”-dir və s. Bu minvalla, yersiz damğalarla görkəmli sərkərdələrimizi unutmuşuq,
lap az tədqiq etmişik. Amma qonşularımız praporşik rütbəsində olan oğlunu elə tərifləyir,
haqqında o qədər yazır ki, az qala gözündə generaldan da uca olur. Halbuki, - yadların fəxrlə
söhbət açdığı bu iki generalımız Port-Arturda yaponlara, Birinci dünya müharibəsində almanlara
qarşı vuruşaraq ulu babalarımızdan gələn döyüş ənənələrini bütün dünyaya yaymışlar. Birinə
“artilleriyanın allahı” fəxri adı, o birinə isə müqəddəs Georgi ordeninin bütün dörd dərəcəsi
verilib. Böyük imperiyanın minlərlə generalları arasında onların da öz yeri olub.
Əliağa Şıxlinskinin aydan arı, sudan duru xatirələrindən məlum olur ki, podpolkovnik
Mehmandarov ilk dəfə 1900-cü il avqustun üçündə çinlilərə qarşı vuruşmada ad-san
qazanmışdır. Uzaq Şərqə hərbi xidmətə gələn gənc zabit Şıxlinski həmin ili Nerçinsk şəhərində
düşərgə salmış Zabaykal topçu divizionunda həmyerlisi ilə görüşünü sevinclə qeyd edir:
“Divizion iki batareyadan ibarət idi: birincisinə podpolkovnik Enqelman, ikinci batareyaya isə
mənim həmyerlim və köhnə tanışım podpolkovnik Səməd bəy Mehmandarov komandanlıq
edirdi”.
Şıxlinskinin xatirələrindən aydın olur ki, o, həmyerlisi ilə fəxr edirmiş. Bu da təsadüfi
deyildi. Axı, hərbin sərt qanunlarına, ciddi nizam-intizama baxmayaraq, kinayə ilə “aziat”
deyilən bir millətin cavan zabit oğlu az müddətdə Rusiyanın ikinci və üçüncü dərəcəli
82
“Müqəddəs Stanislav”, ikinci dərəcəli “Müqəddəs Anna”, üçüncü dərəcəli “Müqəddəs
Vladimir”, sərkərdələrə məxsus “İgidliyə görə” (qızıl qılıncla birgə) ali ordenləri ilə təltif
olunmuşdur.
1875-ci ildə Peterburqdakı Konstantin yunkerlər məktəbini bitirən Səməd bəy hərbiyə
olan güclü marağı və fitri istedadı sayəsində bir il keçməmiş podporuçik rütbəsi ilə təltif olunur.
Xidmətdə çox sürətlə irəliləyən Mehmandarov, yeni əsrin başlamasına iki il qalmış
podpolkovnik idi. Bir az əvvələ qayıtsaq görərik ki, cəmi iki il Varşava hərbi dairəsində xidmət
edən mayor Səməd bəy Mehmandarov şəhər hərbi məhkəməsinin üzvü seçilib.
Əliağa Şıxlinski bunları bilirdi və həmyerlisinin Uzaq Şərqdə çinlilərlə döyüşdəki
məharəti ilə haqlı olaraq fəxr edirdi.
Zabaykal topçu divizionunun batareya komandiri Mehmandarov tapşırıq almışdı ki, Kiçik
Xinqan dağ silsiləsini düşməndən müdafiə etsin. Komandir üç sıra səngər qurdurdu. Silsilənin
coğrafi şəraiti çılpaq təpələrdən ibarət olduğuna görə batareya düşmənin atəşi altında özünə
mövqe tutmalı idi. Özgə çıxış yolu yox idi. Bura topların qurulması, topçuların əl-qol açması
üçün münasib deyildi. Batareya döyüşə hazır olan anda Zabaykal vilayətinin rəisi, general-mayor
Rennenkampf əmr verdi ki çinli əsgərlər Sisikara şəhərindən çıxır, onlara atəş açın. Bu vaxt
silahsız, hərbi paltarda, iki dəstə düşmən əsgərləri təntənə ilə şəhərdən çıxmağa başladı. General
nə qədər qışqırıb bağırdısa, Mehmandarov silahsız adamlara atəş açmadı.
Bu əhvalatın canlı şahidi Əliağa Şıxlinski olub. O yazır, ki, bu hadisəyə görə general
Rennenkampfla Mehmandarov arasında ciddi münaqişə oldu. General Rennenkampf
Mehmandarovu hədələyərək dedi ki, əmri yerinə yetirmədiyinə görə, batareya komandirliyindən
çıxarılıb məhkəməyə veriləcəksən. Mehmandarov isə silahsız adamlara atəş açmağı qəti rədd
etdi. O, şəhərdən çıxan çinlilərin başı üstündən atəş açdırıb onları geri qaytardı. Sisikara
şəhərində bir nəfərin belə qanı axıdılmayıb bağırdısa, Mehmandarov silahsız adamla atəş
açmadı.
... Polkovnik Səməd bəy Mehmandarovun artilleriya divizionu 1902-ci ildə Mancuriya
ərazisində öz xidməti borcunu yerinə yetirirdi. Komandanlıq ona mühüm bir tapşırıq vermişdi:
Siyan-Sin rayonunda yapon agentləri - xunxuzların quldur dəstələrini ləğv etmək. Az bir
müddətdə quldur dəstələrini ləğv edən polkovnik Mehmandarovun divizionu onların başçısı,
xunxuz generalı Çembeyinin özünü də əsir aldı. Həmin əməliyyatlardakı əla döyüş xidmətlərinə
görə komandir Səməd bəy Mehmandarov üçüncü dərəcəli “Müqəddəs Vladimir” ordeni ilə təltif
olundu.
1903-cü ilin əvvəllərində Mehmandarov altı aylıq məzuniyyət alıb Peterburqa qayıdır.
Jitomirli Yelizaveta Nikolayevna Teslavla ilə ailə həyatı qurur. Yeddi aylıq topçu zabitləri
məktəbində təhsilini davam etdirir.
Əliağa Şıxlinskinin xatirələrindən:
“Mehmandarov bizdən ayrı olduğu bu müddətdə batareyaya mən komandanlıq edirdim.
O, hissəmizə qayıdanda həyata keçirdiyim bütün tədbirlərlə tanış oldu, çox razı qaldı...
batareyanı qəbul edərkən bütün dəftərlərə və pulun qəbul edilməsi aktına qol çəkdi. Amma
pulları saymadı. Mən təəccüb edərək, pulları niyə saymadığını soruşduqda, gülümsəyərək:
- Siz ki, saymısınız, - dedi - mənim saymağıma ehtiyac yoxdur.
Mehmandarov həmişə kefi saz olanda etdiyi kimi, indi də papağını yan qoyaraq, açarı
cibinə qoydu və evinə getdi. Kiçik rütbəli yoldaşlarım bu işə çox təəccüb etdilər. Çünki onlar
komandirimizin dövlət pulu üçün necə can yandırdığını yaxşı bilirdilər. Mən onlara başa saldım
ki, Mehmandarov kimi adamlar, adama bir dəfəlik inanırlar. Məni isə Səməd bəy Mehmandarov
1888-ci ildən tanıyır”.
Dostları ilə paylaş: |