Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə49/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   ...   43   44   45   46   47   48   49   50   51
İNTİZARIN SONU 
 
Payız girirdi. Artıq köç bayatıları  eşidilirdi. Duman binələrin  ətrafında cövlan eləyirdi. 
Tez-tez çiskin yağış yağır, qara buludlar aşağılara enir, buralardan çəkilmək istəmirdi. Bəylər 
nərmə-nazik xanımlarını arana köçürdüklərindən yurd yerləri qaralırdı. 
Sayadgilin sürüsü Atan dərəsini bulud kimi tutmuşdu. O üz bu üzə yayılan qoyunlar şirin 
yaylaq otunu acgözlüklə  qırpırdı. Sayad sağ  qılıncda çarıq tikirdi. Məhər isə zümzümə eləyə-
eləyə sürünün arxasında keşik çəkirdi. Dərənin girəcəyindən zəif səs eşidildi. Sayad başını 
qaldırdı. Aran yolundan yedəkli bir atlı  gəlirdi. Yaxınlaşan atlı sürüyə baxa-baxa əl eləyib 
qılında oturan Sayadı çağırdı. Hava duman olsa da Sayad onu səsindən tanıdı. Bu, Eminlərin 
nökəri çolaq İdris idi. Fikirləşdi ki, xeyir ola, ağam nə yaxşı buna iki at verib yaylağa göndərib. 
Yəqin kimisə vacib iş üçün arana aparacaq. Axı, dağda bəylərdən, ağalardan heç kəs qalmamışdı. 


 
122
Sağmal qoyun artıq yola düşüb, bir neçə günə biz də qısırları otara-otara aşağılara endirəcəyik. 
Bəlkə, görücü yenə ağamızı qorxudub ki, dağlarda bərk çovğun gözlənilir. İdrisi xəbərə göndərib 
ki, uşaqlara deyinən sürünü tez aşağıya endirsinlər. 
Dərənin bu tayından o tayına enib atlıya çatana kimi Sayad bunları fikrində götür-qoy 
elədi. Amma ürəyinə nəsə şübhə düşmüşdü. İdrislə soyuq görüşüb: 
- Əyə, ölmüş, bu zaman nə yaxşı gəlibsən, xeyirdimi? 
İdris irişdi. Tay gözü ilə yekəxana-yekəxana sürüyə  nəzər saldı. Ağasının tapşırığını xatırlayıb 
özünü daha ciddi tutdu. - Ağam səni ismarlayıb dedi ki, tez arana qayıtsın, vacib işim var onnan. 
Sayad zənlə onun üzünə baxdı.  İdrisin at üstündəki görkəmi peyinlikdə oturan qarğanı 
xatırladırdı. Başqa vaxt olsaydı, deyərdi ki, ayə, get ağlına dua yazdır, ağa hara, mən hara, onun 
mənnən nə vacib işi ola bilər. Mənimki də sənin kimi nökərçilikdi, onu da eləyirəm. Bircə fərqi 
var ki, sən qapı nökərisən, mən çöl. Emin ağa ildə iki cüt çarığa, iki ildə bir dəst paltara, bir qarın 
çörəyə səni də işlədir, məni də. Mənim dabanlarımı çöldə köşə kəsir, yorğan-döşək əvəzinə bir 
həsirdə yatıram. 
Sayad heç vaxt özünü çoban saymırdı. Çoban da, deyirdi, nökər kimi bir şeydi. Fərqi odu 
ki, ağa qapısında yox, yataq qapısında nökərçiliyini başa vurur. İnişil Qıraq Kəsəmənli çoban 
Əfqanın, Məşədi qızı Gülnazın toyunda yanıqlı-yanıqlı oxuduğu bu sözlər Sayadın nə  şad 
dəqiqələrində, nə də kədərli vaxtlarında dilindən düşmürdü. 
 
Bu necə əyyamdı, necə zamandı? 
Ürəklər qan ağlar, allah, amandı! 
İşləyən rəiyyət, kef çəkən xandı, 
Ağlayana bir inayət görünmür. 
 
Çoban Əfqan yazır dastan, a dostlar! 
Bax bu qəmdən, bax bu yasdan, a dostlar! 
Hardadı şir, bir də aslan, a dostlar?! 
Onda olan zor, şücaət görünmür. 
 
O gecə toydakı  ağalar cilov gəmirmişdilər. Bu sözlərə görə çoban Əfqanı öldürmək 
istəyirdilər. Çomaqların şaqqıltısı eşidiləndən sonra ağaların dişi qamaşdı. Dinəni, əl-ayaq atanı 
olmadı. 
  
- Binəyə qayıdaqmı, yoxsa elə burdan gedək? - Kal səslə Sayad soruşdu. 
- Binəyə gedib vaxtı niyə itirirsən. Bir də  binədə  nə      var.  Hayıf olub bəylik paltarın   
orda qalıb? - İdris   yersiz-yersiz elə irişdi ki, qarğıdalı dənəsinə bənzər saralmış eybəcər dişləri 
göründü. - Çağır, qoyunu Məhərə tapşır, elə burdan da geri qayıdaq. Ağam dedi, çatan kimi də 
qayıdın. 
Sayad  əl eləyib Məhəri yanına çağırdı. Sürünü ona bərk-bərk tapşırdı.  İdris çoxdan 
bozarmış çəp gözünü yumub seyrək dişlərini ağardaraq: 
- Məhər, mənə bir toğlu versənə, aparıb kənddə yeyəm. 
Məhər az qala gözünü örtən saçaqlı papağı başından götürüb: 
- Nə deyirsən, - dedi, - əyə? 
  
- Qağa, mamaoğlu-dayıoğlu döylükmü, neçə ildə bir dəfə - atüstü qonağınam, bir balaca 
quzu ver, aparım uşaqlarım... 
Məhərin aranda gündən, dağda borandan yanmış üzünə  sərt, amansız bir ifadə çökdü. 
Hirslə papağı başına basdı. Çomağını qaldırıb dişlərini qıcadı: 
- Maman da   ölsün, onun oğlu da, şuğul oğlu  şuğul, quzu sənnən ötrü qarpız kələyi-
zaddı? Yoxdu mənim quzum, yolun altından gəlibsən, üstündən də  cəhənnəm ol, ket, Göyçə 
küçüyü, get kimə xəbərçilik eləyirsən, o da sənə quzu versin. 
Məhərin İdrisə acıqlanmağı təsadüfi deyildi. Üç il qabaq Məhərin qardaşı Mədədi də bu 
qarğıdalıdiş çağırıb aparmışdı ki, ağam səni arana ot biçininə çağırır. Mədəd o gedən oldu. Onu 
iki ay Gəncə qalasında saxlayıb, birbaşa Sibirə göndərdilər. Adını da qoydular ki, yaylaqda 


 
123
qaçaq Cahangirə çörək verib. Bu obada hamı bilirdi ki, İdris kimi çağırdı, onun işi xeyirliyə 
olmaz. Emin ağanın üç-dörd qapı nökəri vardı. Belə vacib buyruqları ancaq İdris yerinə yetirərdi. 
Ağa özü deyirdi ki, başqa nökər-naib belə mühum işin öhdəsindən gələ bilməz,  İdrisin ağa 
qulluğuna çağırdığı adam gedər-gəlməz olardı, ya da başına min oyun açılardı.  
Atlılar geri, arana tərpəndi. Məhər yerində quruyub qalmışdı. Acığı  hələ soyumamışdı. 
Çomağını qaldırıb hirslə   yerə çırpdı, öz-özünə: 
-  Əlimə yaxşı girəvə düşmüşdü, - dedi, nahaq öldürmədim o qapı küçüyünü. Mədədin 
hayıfını  gərək onda   qoymayaydım.   İt oğlunu görəndə qan beynimə sıçradı, Sayadnan öpüşüb 
ayrılmağı da unutdum. 
Yerində quruyub qalan Məhərin iri ala gözlərini yaş yandırdı. Mədəd yadından çıxmırdı. 
Onu da belə tələsik aparmışdılar. Şər vaxtı qoyun-quzu əmişdirməkdən gec qayıdan Məhər gəlib 
onu bir daha görmədi. Doluxsunmuş  Məhərin sinəsinə elə bil qızmar dəmir basırdılar. Nəfəsi 
qarala-qarala: 
- Yaxşı yol, ay Sayad, yaxşı... - çomağı   da, əli də   havadan asılı qaldı. Sayad atın başını 
geri döndərib: 
- Məhər, ay Məhər, qoyunu Cavadnan otar, onun yaxşı yoldaşlığı var. Mustafagil onu 
yola vermir. Onu öz yanına gətir. 
- Yaxşı, yaxşı, arxayın ol... - Məhər qəhərləndi. 
Tüstü burulğanına düşmüş adam kimi səsi zorla çıxırdı. Əlindəki köşəliyi cibinə soxub, gözünün 
yaşını sildi. Bu kədərli mənzərəyə qoyunların bir parası duruxub mələşirdi. Məhərin ürəyinin 
başı daha da göynədi: 
- Hey, hey, - eləyib sürünün ağzını binəyə tərəf döndərdi. Ağlaya-ağlaya dağlara baxıb 
oxudu: 
 
Bürüyüb hər yeri bəylərin malı, 
Qazaxda qurulur cahi-cəlalı, 
Əfqan, yaman keçir ellərin halı, 
Düşüb yandığımız nar kiminkidi 
 
*  *   * 
 
Xanbulaqdan tərpənən atlılar bütün gecəni yol gəlib dan ağaranda Ağköynək kəndinin 
üstündəki Qaracalar yalına çatdılar. Emin ağa həmişəkindən də tez durmuşdu. Gözünə yuxu 
getmirdi. Üç gün idi aldığı xəbər onu fikirdən-fikrə salırdı. Əlindəki zərli təsbehi də əsəbi-əsəbi 
oynadırdı. Arvadı Cavahir xanım ağlamaqdan başağrısı tapmışdı. 
- Çoban-çoluq, nökər-naib mənim varımı yeyib yatacaq, hələ bir daldada atamın goruna 
da söyəcək. Yox, mən buna dözə bilmərəm, yetim-yesir üçün qazanmışam bu cah-calalı, 
gözümün ağı-qarası  Cəlilim getsin qayıtmasın? - Kişi bunları fikirləşəndə  dəli  olurdu.  “Bu   
köpəkoğlunun   nemsəsi də farağat   durmur.  Dava    eləməyə vaxt tapdı. Lap razıyam mənim  
adıma oğul   kimi yazsınlar, ancaq davaya Sayad getsin”. 
Darvazanın arxasında at kişnədi. Emin ağa atın kişnərtisini tanıdı. Alapaçanın adəti idi, 
darvazaya   çatanda   iki-üç dəfə kəsik-kəsik kişnərdi. Böyük   darvazanın balaca qapısı açıldı. 
İdris   quyruq bulayan məhəllə iti kimi iki qatlanıb: 
- Ağam, sabahın xeyir, - qəddini düzəldib fəxrlə, - gətirmişəm. - dedi. 
Emin ağa qulaqlarına inanmadı.  İdrisi göndərəndə elə bilirdi ki, Sayad gəlməyəcək. Eşitsə ki, 
ağası onu oğlunun  əvəzində  əsgər göndərir, ilim-ilim itib dağlara çəkiləcək. Ona görə nökərə 
dönə-dönə tapşırmışdı ki, Sayad səni döyüb öldürsə də onu niyə çağırdığımı deməzsən. 
Emin ağa sevincindən,  şad xəbərin təsirindən qabağa yeridi. İdrislə üzbəüz dayandı. 
“Nökəri qarşılamağa gedirəm, mən lap başımı itirmişəm. Yox, qoy o mənim üstümə  gəlsin, 
gədəni duyuq salaram. Köpək oğlu razı olmasa, it kimi gəbərdərəm”. 
İdris ağasını fikirli görüb yerində qurumuşdu. Emin ağa təsbehli  əlini darvazaya doğru 
uzadıb: 


 
124
- Darvazanı aç, qoy Alapaça içəri girsin, at tərlidimi? 
- Bəli, ağa, heç binələrə getmədim, sürünün yanından gətirdim. Dedim birdən binədəkilər 
öyrədib eləyər. 
- Davanın başlanmağını bilirmi? 
- Yox, ağa, o barədə yolda   heç söhbət olmadı. Nə soruşdu, çoxusuna - bilmirəm - dedim. 
Məncə xəbəri yoxdu. Hardan    bilsin, on-on beş gündü yaylağa gedib-gələn yoxdu. 
- Yaxşı, get Alapaçanı içəri burax, çox   tərlidirsə, yəhərini alma, qayışını boşalt, atı yaxşı 
bağla, birdən gedib su-zad içər. 
Bir göz qırpımında darvaza açıldı. Emin ağa sağa dönüb qızılgüllüyün arasında yavaş-
yavaş  gəzişdi. Bir az gedib ürək döyüntüsü ilə geri qayıtdı. Gözaltı ona tərəf gələn ucaboy, 
enlikürək Sayada baxdı. Ürəyində: “Mənim var-dövlətimi yeyib gör nə boyda olub. Mənə nökər 
duranda arıq, cüllüt bir uşaq idi. İnsafdımı bu köpək oğlu dura-dura, mənim bircə Cəlilim qızıl 
güllə qabağına getsin. Dünyanı dağıdaram getməsə, nəslini yer üzündən qazıdıb turp əkdirərəm” 
- dedi. 
Amma onun ürəyində bir səksəkə, bir qorxu da vardı. “Birdən doğrudan getməz, hədə-
qorxu lazım deyil, zırın biridi, tərslikdə nəsliynən məşhurdur. Birdən qabağımdan qayıdar, ilim-
ilim itər, Salahlı qaçaq Cahangir kimi dağlara çəkilib qaçaqlıq eləyər. Çoban Əfqanın sözlərini 
oxuyan nökərdən nə desən gözləmək olar. Yox, bunun bircə yolu var, o da qılığına girməkdi. Pul 
nə qədər istəsə verəcəm, lap evimi satıb... Nə evimi? Əşşi onun dilini iki yüz-üç yüz manat da 
bağlayar. Tarix boyu nəsli bu qədər pul görməyib”. 
Sayad ədəb-ərkanla salam verdi. Emin ağa lap yaxına gəldi. Yalandan üz-gözü gülür, ona 
mehriban-mehriban baxırdı. 
- Xoş gəlibsən, oğul, - dedi, - Sayadla həyatında ilk dəfə əl verib görüşdü. 
Sayad nə gözünə inandı, nə də eşitdiyinə. Düz səkkiz il idi Emin ağanın çobanı idi. İlk 
dəfə idi ki, ağası ona “xoş  gəlibsən, oğul” deyirdi. Sayad çaşıb qalmışdı,  bilmirdi nə   desin, 
necə cavab versin. Gecdən-gec: 
- Sağ olun, yaxşıyam, - dedi. 
Araya sükut çökdü. Bayaqdan öz-özünə asıb-kəsən ağa indi danışmağa söz tapmırdı. Dan 
üzünün bu sakitliyində ağanın təsbehi çaylaq daşı kimi şaqqıldayırdı. 
- Dağlarda yağarlıq başlayıbmı? Sürü necədi, salamatdımı? Ölüb-itəni yoxdu ki?.. 
- Yağış hələ azdı, sürü də sağ-salamatdı, Məhərə tapşırıb gəlmişəm.  
Ağa susdu. Nə qədər elədi əsas məsələnin üstünə gələ bilmədi. Ehtiyat elədi. Geri dönüb:  
- İdris, ay İdris, bu kişi çöldən gəlib, buna çay-çörək ver yesin. Aynabənddə oturun,   mən 
də  gəlirəm, - sonra üzünü   Sayada tutub: - get, oğul, yoldan gəlibsən, bir qismət çörək kəs, 
dincini al, sənnən işim var, ürəyinə başqa şey gəlməsin, xeyirdi, - dedi. 
 Sayad taxta pilləkənləri çıxdıqca fikirləşirdi ki, görəsən bu nə  işdi ağa mənimlə belə 
mehriban danışır. Səkkiz ildə ilk   dəfə      məni evinə  dəvət eləyir.   Hələ çörək də yedizdirir. 
Görəsən, yazıq Mədədi də beləmi eləyiblər. Nəsə boynuma qoyacaqlar. Yox, rəhmətlik atam 
Zeynalabdin deyərdi ki, ağalar, bəylər rəiyyəti heç vaxt xeyirliyə çağırmazlar. Ağa nökəri 
çağırdısa, ya Bakıya nöyüdə, ya da Naxçıvana duza göndərəcək. 
Cavahir xanım istədi çay-çörəyi Sayada özü aparsın. Emin ağa onun üstünə elə qışqırdı 
ki, evdə lampa yansaydı bu zəhmdən sönərdi. 
- Qarıxmısan, ay arvad, istəyirsən gedənin biri ayağını qaldırıb başımıza qoysun? 
- Neyləyim, ay kişi, bircə Cəlilimin xatirinə, o gözümdən getsə, dünyam dağılar. 
Emin ağa Sayadın yanına xeyli sonra gəldi. Süfrəyə göz gəzdirib dilucu: 
- Niyə   çörək   yemirsən,   utanırsan,    nədi? - dedi. - Utanma, əməlli-başlı çörək ye. 
Sayad: 
- Sağ ol, ağa, allah artıq eləsin, ac döyüləm, özümnən   yola çörək... 
- A  gədə, İdris, it özünü öldürür, karsanmı, çıx gör kimdi, bəlkə qonaq-zad gəlir? 
Ağa qəsdən İdrisi rədd elədi ki, söhbəti eşitməsin. İdrisin onun evinin sirrini heç yerdə 
danışmadığına arxayın idi. Yenə də ehtiyat elədi. Oxumağa hazırlaşan müğənni kimi bir-iki dəfə 
öskürüb boğazını arıtladı. 


 
125
- Oğul, - dedi, - bilirsən səni niyə çağırmışam? Sənin   əsgərliyə verdiyin vergini hökumət 
qəbul eləmir. - Ağa başını yuxarı qaldırmırdı. Sözləri yalan olduğuna görə cəsarəti çatmırdı ki, 
Sayadın üzünə baxsın.  Öz-özünə: - “Bu Zeynal uşağının görücülüyü var, birdən gözümdən 
oxuyar ki, yalan danışıram. Bu zalım uşağı özündən çıxdı, qabağında durmaq çətindi”. - 
Deyirlər, cavandı, qoçaqdı, gərək özü əsgər getsin. Bilirsən, məsələ belədi ki, hökumət ildə bizim 
Qazax mahalından bir cavanın vergisini almır, özünü əsgər aparır. Padşahın əmri belədi. 
Sayad ovcunun içi kimi bilirdi ki, ağası onu aldadır. Böyük padşahın qanunu vardı ki, 
əsgərliyə ancaq xan, bəy, ağa uşaqları çağrılmalıdır. Bunu ona çoban Əfqan başa salmışdı. Sayad 
ona inanırdı.  Əfqan heç vaxt yalan danışmazdı. Sayad fikirləşirdi ki, gecə-gündüz yağışda, 
sızaqda qoyun otarmaqdansa, əsgər getmək yaxşıdı. Günü-güzəranı bir qara qəpiyə  dəyməzdi. 
Yayda arxaclarda, qışda isə mal damında yatardı. Nə yorğan görərdi, nə  də döşək tanıyardı. 
Ancaq qarşısında bir çıxılmaz yol vardı. 
- Ağa, özün bilirsən ki,  bacı-qardaşlarımın hamısı körpədi. Onları mən saxlayıram. Bəs 
mən getsəm onların dolanacağı necə olar? 
- Oğul, Sayad, məgər mən ölmüşəm? Qoymaram onları korluq çəkməyə. Məni pristav 
çağırıb tapşırdı. - Emin ağa qoltuq cibindən bir xeyli pul çıxardıb Sayadın qabağına qoydu. - 
Bax, bu da pristavla mənim sənə bəxşeyişim. - Ağa yaxşı   bilirdi   ki, Sayad gedib pristavdan 
soruşmayacaq ki, mənim ailəmə pulu doğrudanmı, sən veribsən. Sayad heç pristavın qapısını 
tanımırdı. - İki-üç il uşaqlara bəsdi. Mən özüm də buradayam, qoymaram uşaqlar ac-yalavac 
qalsın. 
  
- Yaxşı, nə deyirəm, məsləhət bilirsinizsə gedərəm. 
Emin ağanın sevincinin həddi-hüdudu yox idi. Elə bil üstündən ağır dəyirman daşı götürüldü. 
Ürəyində, - allah sənə şükür, bircə Cəlilim qızıl güllədən xilas oldu, - dedi. 
Sayadı yola salandan bir neçə gün sonra Emin ağanın evində böyük şadyanalıq vardı. 
Çiyni zər poqonlu, boynuyoğun, turpsifət pristav deyirdi: 
- Cənab Emin ağa, içirəm sənin o bir və pir balan Cəlil bəyin sağlığına, qoy həmişə qızıl 
güllələr Cəlil kimi mərdlərdən qorxub yan keçsin. - Sərxoş pristav yerində səndirlədi. Stəkandan 
daşan araq yerə damcılayırdı. - Qoy o güllələr çoban-çoluğa, gədə-güdəyə  dəysin. Pristav ha, 
ha...   eləyib   bərkdən   güldü. Emin ağanın qaşqabağı açılmır, dinib-danışmırdı. Özü də bilmirdi 
ona nə olub. Yuxusuz adamlar kimi tez-tez əsnəyir,   nəzərləri bir  nöqtədə ilişib qalırdı. Pristav 
gur səslə: - Cənablar, Kayzer Almaniyası  sərhədlərimizdə  dəhşətlər törədir. Sizin o bədbəxt 
çoban Sayad indi haradasa ölüb-itdi, əl-ayaq altında qaldı. 
Pristav elə danışırdı ki, sanki qalibiyyət qazanmış ordu komandanını alqışlayırdı. O, 
məclisdəki ağalara göz gəzdirdi. Heç kəs ona baxmırdı. Donquldana-donquldana oturdu. 
Canab pristavın əl-ayaqda ölüb-itmiş hesab elədiyi Sayad Zeynalabdin oğlu Birinci dünya 
müharibəsindən zəfərlə qayıtdı. O, cəbhədə göstərdiyi  şücaətlərə görə müqəddəs Georgi 
ordeninin dörd dərəcəsilə təltif olunmuşdu. Bu yaxınlarda SSRİ Mərkəzi Dövlət hərbi arxivindən 
aldığımız bir sənəd bunu bir daha təsdiq edir: 
 
“Sizin sorğunuza cavab olaraq bildiririk ki, arxiv materiallarında tatar süvari polkunun 
yunkeri, praporşik - Sayad Zeynalovun xidmət dəftərcəsi saxlanılır. Sənəddə deyilir ki, o, 30 
avqust 1886-cı ildə anadan olub. Yelizavetpol quberniyasındakı Qazax qəzasının vətəndaşıdır. 
1914-cü ildə könüllü olaraq tatar süvari polkuna daxil olub. 1915-ci ildə uryadnik, 1917-ci ildə 
praporşik, sonra isə yunker rütbəsi alıb. 
1914-cü il sentyabrın 20-dən Avstriya-Macarıstan və Almaniya döyüşlərinin iştirakçısı 
olub. Georgi ordeninin bütün dörd dərəcəsilə təltif edilib. 
Müqəddəs Georgi ordeni qədim rus ordenlərindəndir. Onun dörd dərəcəsi vardı. Birinci 
dərəcəli orden də yuksək hesab olunurdu. Ordenin devizi belə idi – “əla xidmət və  cəsurluğa 
görə”. Odur ki, müqəddəs Georgi ordeninin bütün dərəcəsinə yalnız “fövqəladə  dərəcədə 
fərqlənən, xüsusi rəşadət, mərdlik,  əla  əsgəri qəhrəmanlıq göstərən hərbi qulluqçular layiq 
görülürdülər”. 


 
126
Sayad müharibədən qayıdanda yeni bir “cəbhədə” vuruşmalı oldu: Qarayazı meşəsində, 
Naltökən və Avey dağlarında gənc sovet hökumətini bəyənməyən, qınına çəkilmiş qaçaqlara, 
quldurlara qarşı. 
Qazax qırmızı partizan dəstəsində  mətanətlə vuruşan, Gəncə qiyamının darmadağın 
edilməsində  fəal iştirak edən Sayad Zeynalov Azərbaycan kəndlərində kolxoz yaradılmasında 
fəal iştirak edirdi. 
Birinci dünya müharibəsində göstərdiyi igidliyə görə müqəddəs Georgi ordeninin bütün 
dərəcəsinə layiq görülən yeganə azərbaycanlı Sayad Zeynalov sovet hakimiyyəti illərində Qazax 
milis  şöbəsinin rəisi, el yardımı komitəsinin sədri və  Gəncə milis idarəsinin rəisi kimi məsul 
vəzifələrdə çalışmışdır. 
Otuz yeddinin acı tufanı Sayad Zeynalabdinoğlunun da qapısını döydü. Günahı da o olub 
ki, niyə çar zabiti olmusan? O, 1942-ci ildə sürgündə həlak olub. İgid döyüşçünün həm də şairlik 
təbi varmış. Çox təssüf ki, onun bütöv bir şeri tapılmadı. Otuz yeddinin qara gecəsində  gələn 
“üçlük” onun yazı-pozusunu da aparıb məhv etdi. Ağköynəkli ağsaqqalların yaddaşında Sayadın 
1915-ci ildə Sarıqamışdan yazdığı şerindən bircə bənd yadigar qalıb: 
 
Sarıqamış altında olduq nəzərdə,  
Yuyürdük irəli, qalmadıq gerdə.  
Tatar polkunun adı söyləndi dildə,  
Qürbət elə düşdü yolum neyləyim. 
  
 

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin