Su təchizatı. Sığınacağın və DES-in su təchizatı xarici su kəməri və ya əlavə su şəbəkəsi hesabına nəzərdə tutulur, hər iki halda su borularının sığınacağa girişlərində içəridən bağlayıcı armatur və əks-klapan qoyulur (şəkil 7).
Qəza və zədələnmə halları üçün sığınacaqdakı qablarda hər adam üçün sutkada 3 l hesabı ilə içməli su ehtiyatı saxlanılması nəzərdə tutulur.
Su kəməri sistemi işləyərkən suya tələbat məhdudlaşdırılmır.
Su ehtiyatı qablarının tutumu hesablama yolu ilə təyin edilir; bu qablar, adətən, axarlı olmalı və iki sutka ərzində suyun tamamilə təzələnməsini təmin etməlidir.
Sığınacaqlarda vaqon tipli unitazlar tətbiq edilərkən su ehtiyatını hər adam üçün sutkada 5 l hesablamaq lazımdır.
Sığınacaqlardakı tibb məntəqəsi otaqları su kəməri şəbəkəsindən işləyən əlüzyuyanlarla avadanlıqlaşdırılmalıdır. Şəbəkədə su kəsilən hallar üçün səyyar əlüzyuyan cihazlar qoyulması və onlar üçün sutkada 10 l hesabı ilə su ehtiyatı nəzərdə tutulmalıdır.
Tutumu 300 nəfərdən az olan sığınacaqlarda içməli su ehtiyatları üçün quru qablar saxlanmasına icazə verilir, belə qablar sığınacaqlar hazır vəziyyətə gətirilərkən doldurulmalıdır.
İçməli su ehtiyatı qabları (tutumları) suyun səviyyəsini göstərən cihazlarla, habelə tutumun içərisini təmizləməyə və daxili səthinə boya çəkməyə imkan verən qapaqla avadanlıqlaşdırılmalıdır. İçməli su tutumları yerləşdirilən otaqlarda, hər 300 nəfər üçün bir kran hesabı ilə su kranları olmalıdır.
Axarlı su tutumları və onun su borularının xarici səthləri qızmanın qarşısını alan xüsusi izolyasiya materialı ilə örtülməli, metal qabların daxili səthlərinə isə Respublika Səhiyyə Nazirliyinin tövsiyə etdiyi korroziya əleyhinə məhlul çəkilməlidir.
Hər bir sığınacaqda tullantı sularını xarici şəbəkəyə axıtmağa imkan verən kanalizasiya sistemi olur. Mühafizə qurğusu çox dərində yerləşdirilərkən maye vurucu stansiya düzəldilir.
Qəza hallarında sığınacağın sanitariya qovşağı otaqlarında tullantı suları yıˆmaq üçün qəza çənləri nəzərdə tutulur; belə çənlər, onların təmizlənməsinə imkan verən birtipli metal baklardan, yaxud birləşdirilmiş çənlərdən ibarət ola bilər.