XVI Mədəni nitqin etiketləri.
İnsanlar onları əhatə edənlərlə ünsiyyətdə müxtəlif məqsədlərlə əksəriyyətin işlətditdiyi bir sıra ifadələrdən istifadə edirlər ki, onların böyük bir qismini mədəni danışığın etiketləri təşkil edir. Etiket fransızca etiquette sözündən olub mənası mərasim, təsnifat deməkdir. Vaxtilə monarx saraylarında, diplomatik dairələrdə və s. davranış qaydaları etiket adlanırdı. Hal-hazırda hər hansı bir cəmiyyətdə qəbul edilmiş davranış və nəzakət formalarına da etiket deyilir.
Xalqımızın milli təfəkkürünə, ənənələrinə uyğun işlənilən bu ifadələr, hazır nitq modelləri insanları razı salır, onlarda xoş ovqat yaradır, qarşılıqlı anlaşmanı təmin edir. Dilimiz belə ifadələrlə zəngindir.
Müxtəlif nitq situasiyalarında, ünsiyyətin bütün formalarında (məs: müraciət, görüşmə, təbrik, alqış, telefon danışığı və s.) işlədilən belə söz, ifadə və cümlələrdən bir neçəsini göstərək:
Kömək etmək, qulluq göstərmək məqsədilə: İcazə verin kömək edim; Qulluğunuzda olum; Sizə kömək etmək lazımdır?; Mən sizi eşidirəm; Nə buyurursunuz?; Sizi narahat edən nədir? və s.
İş gördürmək, soruşmaq, üzrxahlıq etmək məqsədilə: İnciməyin, Sizə zəhmət verəcəyəm; Əgər mümkünsə; Zəhmət olmasa, Sizi yormayım; Üzr istəyirəm; Rica edirəm danışın; Sizə əziyyət olacaq və s.
Məmnun olmaq məqamında: Razıyam; Etiraz etmirəm; Sizinlə şərikəm; Arxayın olun; Sizi unutmaram; Allah köməyin olsun; Tanrı sənə yar olsun və s.
Etiraz etmək, razılıq verməmək məqamında: Bu məni təmin etmir; Etirazımı bildirirəm; Sizin fikrinizlə şərik deyiləm; Bu mənim xoşuma gəlmir və s.
Təskinlik vermək, razı salmaq məqamında: Darıxmayın, özünüzü ələ alın; Əsəbləşməyin; Səbr edin; Bir qədər səbrli olun; Nə etmək olar, qismət belə imiş və s.
Qarşılaşma məqamında: Xoş gördük; Nə gözəl təsadüfdür; Həmişə siz gələsiniz; Sizi arzulayırıq; Səni çoxdan gözləyirik və s.
İntizama dəvət, məzəmmət etmə: Sizdən bu hərəkəti gözləməzdim; Nəzakətli olun; Allah xatirinə razı olun; Danışığınıza fikir verin və s.
Qarşılama məqamında: Xoş gördük; Həmişə siz gələsiniz; Göz üstə gəldin; Gələn qədəmləriniz xoş olsun; Lap vaxtında gəlmisiniz və s.
Vidalaşma məqamında: Sizi səbirsizliklə gözləyəcəyik; Həmişə sağlığa gələk; Allah yolunuzu açıq etsin; Yuxunuz şirin olsun; Gecəniz xeyrə qalsın və s.
Görülən işin müqabilində razılıq, rəğbətləndirmə: Afərin; Əhsən; Sizə zəhmət verdim; Allah sizdən razı olsun; Qismət olsa əvəzini çıxaram; Səni Allah saxlasın və s.
Danışmağa başlamaq məqamında: İcazənizlə fikrimi bildirim; Mənə söz verdiyiniz üçün minnətdaram; Sizin fikrinizə şərikəm və s.
Məsləhət qəbul etmə məqamında: Dediklərinizlə razıyam, Bunlar mənim xeyrimədir; Faydalı məsləhətləriniz üçün çox sağ olun; Sizin təklifinizi qəbul edirəm; Çalışacağam ki, dediklərinizə əməl edim və s.
Telefonla danışanda, zəng edəndə: Alo, sabahınız (axşamınız, hər vaxtınız) xeyir olsun; Bağışlayın, mən kiminlə danışıram; Bağışlayın vaxtınızı aldım; Deyəsən Sizi yordum; Təşəkkür edirəm və s.
Süfrə etiketləri: Bismillah; Bərəkətli olsun; Allah bol etsin; Nuş olsun; Buyurun; Çox sağ olun və s.
Şübhəsiz, mədəni nitqin etiketləri dediklərimizlə məhdudlaşmır. Dilimiz bu baxımdan olduqca zəngindir.
İnsanın etik, əxlaqi baxışları qısa zaman daxilində yaranıb formalaşmır. Bu, uzun sürən bir proses olub, ömrün bütün dövrlərini əhatə edir.
Dostları ilə paylaş: |