MAZAQ
Zurnaçı, dünbəkçi elər arzu: olsun zifaf,
Bir beş-on şahi alıb getsinlə dünbək çalmağa.
Mollalar da arzu eylər ki, bir mömün ölə,
Dünbəyi doldurmaq ilə yaxşıca kam almağa.
ÇIXIR
Sanma ki, bu qazet-mazet hər günü təkbətək çıxır,
Hər günü min oyun açır, hər günü min kələk çıxır.
Gəlib siyasəti yazır, gah deyir məişəti,
Gah çağırır, sənaətə, məktəbə də kömək çıxır.
Tərif edir teatrı, səhnəni xalqa göstərir,
Möminə rişxənd edir, saqqalı bir çərək çıxır.
Gah ülamayə lağ edir, əksini jurnala çəkir,
Bir də baxırsan ortaya molla uzun ətək çıxır.
Rəml atan, dua yazan, tas quranla cin tutan,
Doğuzduran cadugərə gör hələ min, düdək çıxır.
Rəğbəti yoxdu mollaya, dini, təriqəti danır,
Molladakı kəramətin birinə mincə şəkk çıxır.
Öz bəbəyindəki tiri qılca da görmüyür bular,
Molla gözündəki qılı arifə bir dirək çıxır.
Mollaya rişxənd edir, saqqalına baxır, gülür,
Saqqalı qırxdırır özü, buğlarına yedək çıxır.
Molla danışdığı sözu bir pula almayır kişi,
Özləri hər nə söyləsə qəşəng, banəmək çıxır.
Özləri səy edir fəqət öz sözünü keçirməyə,
Çalxalayır maarifi, xəlbir olub ələk çıxır
Molla deyəndə bizlərə elmü-ədəb gərək deyil,
Dargöz olur ələkləri, yırğalayır kəpək çıxır.
Vazehi lap budur sözün: hər nə ki, var zəmanədə,
Vacib edir musurmana, cümləsi də gərək çıxır.
Dəmir- dümur, şüşə- müşə, maşın- muşun, alış-veriş,
Sözlərinə balon kimi hey veriyör bəzək, çıxır.
Yatma, oyan, gətir-apar, əkib-biçib, çalış-vuruş,
Hey üyüdür, tökür sözü, gör necə bir, zirək çıxır.
Molla ilə qazetçilər bir yerə su axıtmayır,
Bu iki firqənin sözü, baxış ilə kəsək çıxır.
Qazetçilər deyir: balam molla, bu xalqa rəhm elə,
Molla deyir ki, kəs gədə, burda mənə çörək çıxır.
Çay, şəkər, halva ilə dolma, plov, fisincanı,
Küftəsi müftəcə gəlir, düyü, kükü, tərək çıxır.
Odun, kömür, yağ, kərə, siğəsi mətəsi hələ,
Üstə də pulu, mülkü var, nan çıxır, həmək çıxır.
Milləti qovlaram, kişi, bir də qazet oxumasın,
Əldən alır qiyaməti, huri çıxır, mələk çıxır.
Mən necə eyləyim qəbul jurnal ilə qazet sözün,
Mən o şeyi görən kimi, göz kor olur, bəbək çıxır.
Əsrin işi dəyişdi lap, indi bir azca səbr edin,
Söz qurtarubmı, yoxsa var! Daha nələr görək çıxır?
TURŞULU AŞ
«Kəlniyyət», o hansı aydır millətin
İncəlir boynu, boğazı qıl kimi?
Sən taparsanmı bu sirrin hikmətin,
Mollanın olduqda boynu fil kimi?!
QİSMƏT QAZANIR
İşbu dünyada hərə bir cürə nemət qazanır!
Hər kəsə olsa bu aləmdə nə qismət qazanır.
Məsələn, arif əgər min də edə sidq, səfa,
Olmıya onda nə təzvir, nə kizbü, nə riya,
Yüz də düz söylüyə, düz tərpəşə, doğru danışa,
Min də fəryad edə verməzlər əhəmiyyət ona.
Yenə hər vəqt bu bədbəxt elə töhmət qazanır,
Bəlkə töhmətmiş əzəldən ona qismət, qazanır.
Çünki hər vəqt edib bəhs, maarif sözünü,
İstiyor zümreyi-insanlara qatsın özünü,
Söyliyor molla da nə eyb tutarsa düzünü,
Qoymayor şeyx yuma çünki əvamın gözünü,
Molladan ol səbəbə bolluca lənət qazanır,
Xəlqi asudə sevərkən özü zillət qazanır.
Xaricilər... ki, deyir şeyx olara “kafərdir”,
Kimisi əhli-sənaət„ kimisi tacirdir.
Kimi doktordu, mühəndisdi, kimi naşirdir,
Cümləsindən əməli-xeyr oların zahirdir,
Ki bu aləmdə olar ismilə şöhrət qazanır,
Bəli, düzdür, qazanır, leyk narahət qazanır.
Əqlinə gəlsə, qərəz, hər nə qədər məxluqat,
Cümləsi zəhmətilə eyləyir imrari-həyat.
Bir para nan qazanırkən görü yüz min zəhəmat,
Bircə rahət güzəran sahibi var, biisbat,
O da molladı ki, asudə məişət qazanır,
Ki, dolur ciblərinə hər nə bu ümmət qazanır.
Bir zaman ta dolanır il, rəməzan ayı gəlir.
Doluşur məscidə xərguş oturur, ayı gəlir.
Yəni kim hacı gəlir, məşhədi, kəblayi gəlir,
Mollaya şorba gəlir, qəndi gəlir, çayı gəlir,
Molla asudə yeyir, eyşilə işrət qazanır,
Xalq məsciddə gözüyaşlı müsibət qazanır.
Qır- fır ilə sərmənbərə molla ki, çıxar
Min cürə şivə ilə qırmızıca xəlqi soyar,
Müsliminə peşəsi föhşdi ta ağzın açar,
Zalımın, bahəmə, hər vəqt cibişdanı dolar.
Xalqa söydükdə yenə hörmət, izzət qazanır,
Görəsən kim bu cahanda belə nemət qazanır?
Məncə, bu əsrdə bihudə təlaş etmək əbəs,
Məktəb, elm, maarif dalıca getmək əbəs!
Cocuğun xırda ikən tərbiyəsin etmək əbəs!
Səyi-bihudə edən axırı töhmət qazanır,
Hər kəsə olsa bu aləmdə nə qismət qazanır.
TƏBRİKNAMƏ
(Əvvəl iranlılara, sonra musurmanlara)
Ey möcüzəvü mükarim əhli,
Ey xəlqi soyan əmaim əhli,
Bu ayda olan qənaim əhli,
Məxluqu sanan bəhaim əhli,
Bu eyd sizə mübarək olsun,
Taətləriniz qəbul olunsun.
Ey irözeyi-həq bilib tutanlar,
Təzvir, riyaya qurşananlar,
Saqqallarına həna qoyanlar,
Ey mollalara mürid olanlar,
Bu eyd sizə mübarək olsun.
Taətləriniz qəbul olunsun.
Ey Kəbəyə, Məşhədə gedənlər
Dadü sitədində and içənlər,
Ey föhşilə, sübhi şam edənlər,
İftardə övrəti döyənlər,
Bu eyd, sizə mübarəkolsun,
Taətləriniz qəbul olunsun.
Ey rəngli çaylar içənlər,
Ey hoqqanı xalqa püflədənlər
Ruzə yeyənə inad edənlər,
Ey mədhi-Əmiri söyləyənlər
Bu eyd sizə mübarək olsun,
Taətləriniz qəbul olunsun.
Ey padvala məxficə gedənlər,
Kanyak, şərab meyl edənlər,
Qastində, maloçnada gəzənlər,
Xəlvət deyərək oruc yeyənlər,
Bu eyd sizə mübarək olsun,
Taətləriniz qəbul olunsun.
Ey huriyi-cənnəti satanlar,
Böhtanilə xalqı ağladanlar,
Hədyanilə xalqı aldadanlar,
Xalqın iliyin qanın soranlar,
Bu eyd sizə mübarək olsun,
Taətləriniz qəbul olunsun.
Ey məktəbə xidmət eyləyənlər,
Ey hər işə diqqət eyləyənlər,
Ey formaları gödək geyənlər,
Ey pərçəmi baş, sapoq geyənlər,
Bu eyd sizə mübarək olsun,
Taətləriniz qəbul olunsun.
Ey başa döyüb də ağlayanlar,
Bir abbasıya behişt alanlar,
Mollaya özün fəda qılanlar,
Arifləri ey daşa basanlar,
Bu eyd sizə mübarək olsun,
Taətləriniz qəbul olunsun.
Ey arifə kafər ad qoyanlar,
Cahilləri başına yığanlar,
Arifləri bollu tapdadanlar,
Məqsudu-muradına çatanlar,
Bu eyd sizə mübarək olsun,
Taətləriniz qəbul olunsun.
Ey «mahur» ilə salam verənlər,
«Çarəng» ilə nöhələr deyənlər,
Mərsiyyə əvəz «segah» deyənlər,
Ey müftəcə siğələr edənlər,
Bu eyd sizə mübarək olsun,
Taətlariniz qəbul olunsun.
Ey jurnal ilə qazet yazanlar,
Ey düz yolu kəc edib azanlar,
Ey mollaların kefin pozanlar,
Təzvir, riya kökün qazanlar,
Bu eyd sizə mübarək olsun,
Taətləriniz qəbul olunsun.
İSFAHANLI OĞLU DEYİR:
Bəhəmdullah ki, qırxıq baş, yoğun peysər, qafa bizdə,
İki put başda əmmamə, əba bizdə, qəba bizdə.
Yoğun şal, dikdaban başmaq, uzun saqqal,
Düşübdür qurşağa rəng eyləyibdir qapqara bizdə.
Qoyub bü milləti düşgün sənayedən, maarifdən,
Həqiqət gizlədən min pərdə, var, zülmətnüma bizdə.
Əcaib zövqpərvər, hiyləgər bir növ məxluquz ,
Məsacid bizdə, mənbər bizdə, böhtanü-riya bizdə.
Ki, bizdə rəhm yox, vicdan yox, qövli-həqiqət yox,
Dəruni-qəlbimiz sərşari-qövli-iftira bizdə.
Yalan, doğru deməkdə minbərin üstündə sərbəstiz,
Təbii bir zəka yandırmağa kəskin dəva bizdə.
Cəhənnəm bizdə, cənnət bizdə, huri bizdə, hər şey bizdədir,
billah!
Alıb-satmaq bizimdir, cənnətə qoymaq bəha bizdə,
Qarın bizdə, gödən bizdə, alovlu mədədir bizdə.
Nə dolsa, mədəmiz həzm eyləyər, qoymaz qala bizdə.
Əcanib çəkmədə öz millətin hər vəqt pişa-piş.
Deyib laylay yatırtdıq, yuxladıb saldıq dala biz də.
BİR LÖQMƏ NAN ÜSTÜNDƏDİR
Sanma bihudə ki, hər qövlüm yalan üstündədir,
Tiri-təkfirim əbəs sanma kəman üstündədir.
Ahü-zarım cümlə bir əmri-nihan üstündədir,
Fikri-zikrim cümləsi bir löqmə nan üstündədir.
Ol səbəbdən qəlbi-naşadım fəğan üstündədir.
Ağlaram düşdükcə yada çün keçən gün halıma,
Ol keçən dövranıma, parlaq olan iqbalıma,
Aldanırdı xalq əbavu həm qəbavu-şalıma,
Kimsə gülməzdi mənim bir qırmızı saqqalıma.
İndi hər kimsə mənə bir bəd güman üstündədir,
Ol səbəbdən qəlbi-naşadım fəğan üstündədir.
Eybimi faş eyliyən bu çöhrə qırxıxlardılar,
Bu ədəbsiz, bu gödək paltarlı sırtıqlardılar,
Bundan əvvəl cümləsi əhvalımı yoxlardılar,
Hörmətimi hər zaman təzim edib saxlardılar.
Əsl dərdim bu qəzet-jurnal yazan üstündədir,
Ol səbəbdən qəlbi-naşadım fəğan üstündədir.
Qalmışam indi plovla çaya həsrət, vay dədə.
Aş qəndabsız durur, bəs hanı ləzzət, vay dədə,
Çulğalar, gəldikcə, qəlbi dərd-möhnət, vay dədə,
Getdi əldən köhnə ləzzət, köhnə işrət, vay dədə,
Boş qalıb qaynamayan çömçə qazan üstündədir.
Ol səbəbdən qəlbi-naşadım fəğan üstündədir.
Bundan əvvəl xalq də bir özgə niyyətlər dilər
Payi mənbərdə giriybanlarını bitlərdilər,
Hər nə söz çıxsaydı ağzımdan qulaq cütlərdilər,
Əsginası ovcuma basdıqca xəlvətdərdilər,
Körpələr ac qalmış indi, cümlə can üstündədir.
Ol səbəbdən qəlbi-naşadım fəğan üsdündədir.
QAN EYLƏYİR
Yenə-təbi-şerim rəvan eyləyir
Gözəl bir hekayət bəyan eyləyir:
Qızışmış bəli, İrəvan əhli cəngə,
Dönüblər bütün şirə, bəbrə, pələngə,
Əl atmış təmamən «revolver», tüfəngə.
Gəlib əllərindən bütün şəhr təngə.
Mürüvvət, həmiyyət fəğan eyləyir,
Tərəhhüm düşüb ələman eyləyir.
Hamı büğz, kin ilə etmiş tifaq,
İnada yetirmiş bütün iştiyaq,
Ədavətlə həmdəst əzəlki sayaq,
Nə var mehr, nə ülfətü ittifaq.
Məhəbbət özünü nihan eyləyir,
Ədavət, şərarət əyan eyləyir.
Baxırsan iki gündə-bir qan olur:
Biri qatilü zibi-zindan olur.
Qapı bağlanır, xanə viran olur,
Səfalət, rəzalət firavan olur,
Zəlalət öz hökmün rəvan eyləyir,
Həyatı pozur, binişan eyləyir.
Məgər sizdə yoxdurmu rəhm, ey cəmaət?..
Nədir bu qədər kinü-büğzü ədavət?..
Məgər etməmişmi peyğəmbər vəsiyyət! –
Bizə ittifaq, ittihadü üxüvvət?
Üxüvvət bumu,-xəlqi qan eyləyir?
Belə vəhşəti-biaman eyləyir?
VƏLVƏLƏ
Bilmirəm, yarəb, yenə hardan, hayanlardan deyim!
«Yeddi yer»dən başlayım, ya asimanlardan deyim?
Xanümandan başlayımmı? Ya deyim əyanların,
Hümmətü mimmətlərin, ol sahibi-milyonların,
Ya deyim ac-mac qalan yoxsulların, kənkanların
Kirli-mirli, cıb-cırıq paltarların, palanların,
Vəsf edim ya evdəki çıplaq qalanlardan deyim?
Başlayım ya İravanda tazə qətlü-mətldən.
Ya paçotnik, ya maçotnik baş-bacağı ətlidən,
Ya deyim ərbabi-kin qeyrətlidən-meyrətlidən.
Ya yazım sahibhünər, cürətlidən, mürətlidən...
Ya ki, pis-mis vaxtıda güllə atanlardan deyim!
Ya ki, Nasir-masirin Zakilərə iradını,
Zikr edim? Ya ki, doşabçı Seyyidin inşadını?
Ya ki, söhbət-möhbətin axır qaçırdıb dadını?
«Mov-mov»ın yainki böylə boş quru fəryadını
Əldə dəstaviz edib hədyan yazanlardan deyim?
Ya qazet-mazet kimi bollu yalanlar bağlayım?
Ya ki, şagirdin sevən «cəkməduz»a gün ağlayım?
Hərb sözü tək... əslini fərin çağlayım?
Gah da bir az dağlayım, gah da bir az da yağlayım,
Qanmasın bir kimsə də düzdən, yalanlardan deyim.
İLLƏR XƏSTƏSİ
«Tuti», mənə eyləgilən mərhəmət,
Var yeli, həm ağrılıdır baldırım.
Yaz açılar, hansı olar məsləhət,
Qan alarım, ya ki, zəli saldırım?
Gözlərimin suyu axır, dərdi var,
Çarpınıyor qəlbim olur biqərar,
Fırlanıyor başıma yer, dər divar,
Bilməyirəm indi zəli saldırım,
Ya ki, gedib dəlləgə qan aldırım?
Yatmayıram il gecəsin sübhə tək,
Məndə aman qoymadı bu öskürək,
Zəhrə dönübdür mənə içmək, yemək,
Yaxşımıdır bir həcəmət aldırım?
Eyb eləməzsə, qulağım kəsdirim?
İl uzunu heç də yığılmaz yerim,
Can üzülübdür qırışıbdır dərim.
Ac qalıb altı nəfər övrətlərim,
Mən deyirəm ki, genə rahətdi bu.
Qüvvətim artarsa zəli saldırım?
Yaxşı olursa dişimi çəkdirim,
Eyb eləməzsə qulağım kəsdirim.
Mən deyirəm ki, genə rahətdi bu:
Qan alırım, ya ki, zəli saldırım?
TİRYAKİLƏRƏ SƏR-SƏLAMƏTİ
Gəlin, ay tiryakilər, bir yeni hədyan oxuyun!
Yeni söz, tazə xəbər, tazə bir ünvan oxuyun!
Oxuyun, böht götürsün sizi, heyran oxuyun,
Ayılıb, başa düşübdür yeni İran, oxuyun.
Görün, Əhməd şah edibdir necə divan, oxuyun,
Ev yıxan, nəşə pozan bir yeni dastan oxuyun!
Necə kim oldu Rusetdə qədəğən şürbi-əraq...
İçkiyə adət edənlər üzülüb oldu naçaq.
Etdi İrana da axırda sirayət bu səyaq,
Oldu İranda da tiryak işi tainki yasaq,
Görün oldu eviniz bir necə viran, oxuyun!
Ev yıxan, nəşə pozan bir yeni dastan oxuyun.
Bir ağır xərc qoyulmuş onu hər kimsə əkə,
Var xüsusən də böyük şərti əgər birsi çəkə,
Görməmişdi bir iş İran hələ bu boyda yekə,
Bir də mümkünmüdü merac edəsiz siz fələkə?
Bu xəbər eyləyəcəkdir sizi bican, oxuyun,
Ev yıxan, nəşə pozan bir yeni dastan oxuyun!
Bu xəbərlər bilirəm ki, pozacaq halınızı,
Eylər əfsurdə hamı puxtənizi, kalınızı,
Gözünüz yaşı verər sellərə mənqalınızı,
Zor yazıb dəsti-qəza nameyi-əmalınızı,
Ki, salar hoqqanızı axırı xoddan oxuyun,
Ev yıxan, nəşə pozan bir yeni dastan oxuyun.
Tiryakın adı, sizi əsdirəcək nanə kimi,
Şərhə-şərhə edəcək bağrınızı şanə kimi,
Olacaq bircə manat bir pənabatlıq çəkimi,
Şaşdırıb eyləyəcəkdir sizi divanə kimi:
Xud sizə sadir olub bu yeni fərman oxuyun!
Ev yıxan, nəşə, pozan bir yeni dastan oxuyun!
GƏRƏK
Kəsbi-kamal eyləyə insan gərək,
Cism diri olmaq üçün can gərək.
Elmsiz adəmlər üçün hər zaman,
Xər kimi bir noxta və palan gərək.
Ləzzətini anlamayan bozbaşın
Meyl eləyə yonca və saman gərək.
Beylədi qanuni-təbiət əzəl,
Qapzalana təbəei-İran gərək.
Bunda nədir hikməti mən bilmirəm,
Min yerə məni ola Quran gərək.
Olsa pulu beş şahi hər bir kəsin,
Olmıya heç sahibi-vicdan gərək.
Olsa da elm əhli bütün əcnəbi,
Cahil ola cümlə müsəlman gərək.
Harda müsəlman çox isə müxtəsər,
Gündə biri qanına qəltan gərək.
Adəm odur ki, ola çox fitnəcu,
Ondan ala tərbiyə şeytan gərək.
Hacı-gərək beşnəfər arvad ala,
Bir-iki də sadəcə oğlan gərək.
ARİF QƏZƏLİ
Arif odur, ki, gözləmiyə ehtiramını,
Rüsvayi-aləm eyləyə öz nəngü-namını,
Gəldi-gedərlə sabiti-təşxis qılmaya,
Fərq etmiyə gəda ilə şahın-məqamını.
Yüz il birilə həmdəm olub duz-çörək yeyə,
Bir gündə yüz ilin poza həqqüssalamını!
Xəlqə nişan verə özünü xadimi-vətən
Amma düşünmüyə vətənin ehtiramını.
Hal əhli zənn edə özünü ruzu-şəb, vəli
Qal ilə müttəsil keçirə sübhü-şamını.
Hər kəcnigəhlə həmdəm olub düz hesab, edə
Ney kimi suzi-dil edə Rüstəmlə kamını.
Bəhsi-kamali-əql edə, naqis ikən özü,
Çərxin hilal zənn edə mahi-tamamını.
Xud kasəlis ola, sana əhbabi kasəlis,
Könlüm kimi şikəst edə Cəmşid camını.
Bucəhl ikən, sana özün əllameyi-zaman,
Nəfsə uyub bəyənməyə əsrin imamını.
Varlı görəndə səcdə edə bütpərəst kimi
Yoxsul görəndə döndərə həcvə kəlamını.
QIZILLI YARPAQ,
yaxud
ZƏKALI ƏNVƏR
(Məktəbli balalar üçün)
Sabah oldu banladılar xoruzlar,
Oxudu bağçada bülbüllər, quşlar,
Günəş çıxdı işıqlandı bağçalar
Çığıllaşıb uçuşdular sərçələr.
Çoban sürdü qoyunları otlağa,
Quzular mələyib, dırmandı dağa.
Mehriban analar sevib oxşuyur
Bu növ ilə cocuqları ayıldır:
Sübh açılıb, can oğlum,
Ayıl uyqudan, oğlum.
Oxur quşlar, bülbüllər,
Açıb bağçada güllər,
Yaşıllaşıb sünbüllər.
Sübh açılıb, can oğlum,
Ayıl uyqudan, oğlum.
Həyətdə var gözəl su,
Əl-üzünü təmiz yu.
Bəsdir, oğul, bu uyqu,
Sübh açılıb, can oğlum,
Ayıl uyqudan, oğlum.
Dur, çayını içgilən,
Formaların geygilən,
Məktəbə tez getgilən,
Sübh açılıb، can oğlum,
Ayıl uyqudan, oğlum.
Oxumağa həvəs ver,
Dərsini elə əzbər.
Müəllimin inciyər,
Sübh açılıb، can oğlum,
Ayıl uyqudan, oğlum.
Oxumağa meyl eləyin cocuqlar
Anaları çağırcağın tez durar.
Gedər, yuyar əl-üzünü tər-təmiz,
Olar ana yanında o, çox əziz.
Həyəti, bağçanı dolanar, gəzər
Çiçək dərib, kəsaləti məhv edər.
Bir-iki istəkan çay içib durar,
Divardakı saata bir yol baxar.
Baxar ki, var hələ bir yarım saat,
Məktəbin vaxtına... əyləşər rahat.
Açar kitabını bir də əzbərlər,
Dərsi əzbər, hesabı hazır edər.
Bir də baxar, az qalıbdır vaxtına,
Yığar bir-bir kitabı çantasına.
Gedə-gedə dərslərini zikr edər,
Ürəyində bu sözləri fikr edər:
«Dərsim rəvandır mənim,
Beş verəcək müəllim,
Daha mənim nə qəmim?
Dərsimə etdim diqqət,
Olmacağam xəcalət.
Yazılarım görüncə,
Əhsən deyəcək xacə.
Olacağam baş uca,
Dərsimə etdim diqqət.
Olmacağam xəcalət.
Çətin ola, ya asan,
Dərsimi qıllam rəvan.
Daha gözəl o bundan,
Dərsimə etdim diqqət,
Olmacağam xəcalət. »
Şüurlu çocuqlar ha belə olar.
Yazısını, dərsini hazır qılar.
Ənvər adlı bircə cocuq var imiş,
Oxumağa çox da həvəskar imiş.
Hər zaman dərsini hazır edərmiş,
Məktəbə vaxtında, erkən gedərmiş.
Savaşqanlıq, şuluqluq bilməz idi,
Vel-vel bazar-küçəni gəzməz idi.
Müəllimi onu hər vaxt sevərdi,
Ona dəftər, qələm bəxşiş edərdi.
Dərsində hər zaman beşlər alarmış,
Müəllimi ondan razı qalarmış.
Yoldaşları çıxanda oynamağa,
Bu, çəkilib dürardı bir qırağa.
Dərsini oxuyub edərdi rəvan,
Qoymazdı dərsində qala bir nöqsan.
Yoldaşları oynayardı, qaçardı,
Yıxardı bir-birin, toza bulardı,
İncidərdi bir-birini hər zaman
Üz-gözləri cızıq-cızıq axar qan.
Yoldaşları buna təklif edərdi,
Onlar ilə oynamağı deyərdi.
Cavabında Ənvər deyərdi. amma:
- «Bu növilə oynamaqlıq nədir ya?
Qaçırsınız, düşürsünüz torpağa,
Batırsınız belə suya, palçığa.
Neçin gedib, qaçıb, belə çırpışaq?
Gəliniz bir dərsimizdən bəhs açaq,
Lazımdır ki, edək dərsləri rəvan,
Bu gün, sabah gəlir vəqti-imtahan».
Yoldaşları buna baxırdı, gah-gah,
Təhqir edib, gülərdilər qah, qah, qah,
Yığışırdı hamı şagird bir yerə,
Bu sözləri deyirdilər Ənvərə:
«Ənvərə bax, Ənvərə,
Qaşı kömurdən qərə,
Huşun verib dərslərə,
Yazın adın- dəftərə.
Ənvər, Ənvər, can Ənvər,
Oyundan qorxan Ənvər.
Gəlin bizlər oynayaq,
Bir-birimizi, yıxaq.
Bu sözləri söyləyib,
Oyan bu yana qaçaq.
«Ənvər, Ənvər, can Ənvər,
Oyundan qorxan Ənvər».
Ənvər baxıb onlara,
Yazıq labüd qalırdı.
Bu da çəpik çalırdı,
Onlara səs salırdı:
«Uşaq, uşaq, can uşaq,
Gəlir imtahan uşaq.
Mənə rişxənd edərsiniz,
Belə atılıb-düşərsiniz,
Sözumü sonra bilərsiniz,
Onda başa düşərsiniz.
Uşaq, uşaq,can uşaq,
Gəlir imtahan uşaq».
Müəllim zəng çaldı, doldu otaqlar,
Hər kəs gəlib öz yerində otdular.
Müəllim onları sevər, oxşuyar,
Dərslərindən bir-bir onlardan sorar.
Bəziləri az-az cavab verərdi,
Bilmiyənlər baxıb gözün döyərdi.
Hər bir söz ki, soruşardı Ənvərdən,
Cavab alıb söyləyərdi: çox əhsən.
Əzbər dərs olaydı, yainki hesab,
Ənvər düruxmayıb, verərdi cavab.
Müəllim onlara etdi nəsihət,
Dedi:- Cocuqlarım, eyləyin, himmət.
Zehinli şagirdlər əmək itirməz,
Müəllimi heç vaxt xəcalət etməz.
Görürsünüz necə əzizdir Ənvər?
Səbəb odur ki, dərsi əzbər edər.
Dərsinizi təkrar eləyin əzbər,
Qapanacaq bir həftəcik məktəblər.
Altı gündən sonra başlar imtahan,
Bacardıqca edin dərsləri rəvan.
Haydı, gedin! Allah əmanətində,
Beş gün sonra gələrsiniz vaxtında».
Müəllim qurtardı ta bu kəlamı,
Getdi çoluq-cocuq oradan hamı.
Bu cocuqlar çıxdılar ta küçəyə,
Daş atdılar faytunçuya, südçüyə
Dolaşdılar yolda gəlib-gedənə,
Söyüb, qaçıb, oldular hərzəçənə.
Evlərinə gedib etdilər şuxlüq,
Qaldırdılar çığır, bağır, qışqırıq.
Ana, bacıları çəkdilər fəryad,
Bunların əlindən elədilər dad.
Gündə bir qoşulub getdilər bağa,
Dırmaşdılar bu təpəyə, o dağa.
Dağ başında dəstə ilə, cövq ilə
Bü sözləri oxudular şövq ilə:
«Gəliniz gedək gəzməyə,
Qırğı kimi süzməyə.
Bu göllərə girəlim,
Balıq kimi üzməyə.
Nəyə lazım imtahan,
Qoy, biz olaq peşiman.
Bağı, dağı seyr edək,
Bağçalarda gül dərək.
Beynimiz lap qaraldı,
Dərsi niyə fikr edək.
Nəyə lazım imtahan,
Qoy biz olaq peşiman.
Oynüyalım gizlənpaç
Haydı gəldim, durma, qaç!
Bu pisdirsə oynayaq
Hamı «papaq aldı qaç!»
Nəyə lazım imtahan,
Qoy biz olaq peşiman.
Ondan sonra oynayaq,
Atılın, başmaq yırtılsın,
Dəbbağda gön var hələ,
Başmaq tikən sağ olsun.
Nəyə lazım imtahan,
Qoy biz olaq peşiman.
Ləzzət budur, yoldaşlar,
Kef eləyin, qardaşlar.
Heç birimiz getmərik,
O vaxtda ki, dərs başlar.
Nəyə lazım imtahan,
Qoy biz olaq peşiman.
Bunlar uyuşdular eylə həvəsə,
Bir gün böylə baxmadılar heç dərsə.
Ənvər o gündən ki, gəldi məktəbdən,
Əl çəkmədi dərsi əzbərləməkdən.
Anasına hər vaxt etdi itaət.
Bacısına hər vaxt etdi məhəbbət.
Küçəyə çıxmayıb, savaşmaz idi,
Nadinc uşaqlara yanaşmaz idi.
Olduqca hər kəsə hörmət edərdi,
Gəzib, gəlib dərsi əzbər edərdi.
Altı gündə hər bir işi sazladı,
Hesabını, dərsini hazırladı.
Öylə ki, imtahan vaxtı yetişdi,
Altı gün keçmişdi məktəbə getdi.
Gəlmişdi məktəbə əkabir, əyan,
Müdir, müəllimlər vəqti-imtahan.
Gəlib bir-bir yığıldılar şagirdlər,
Hər kəs öz yerində otdu birbəbir.
Müəllim başladı imtahanını,
Əsmə tutdu uşaqların canını:
Hər kəsin ki, dərsi qələt qalmışdı,
Saralmışdı, baş aşağı salmışdı.
Müəllim soruşaraq edərdi xitab,
Zirək uşaqlar tez verərdi cavab.
Müəllimlər danışdırdı Ənvəri.
Gördülər ki, rəvandır hər dərsləri.
Onu əyan, əşraf edirdi alqış,
Hər bir dərsə imtahanda aldı beş.
Bəxşiş etdi ona əşrafü-əyan
Yazı dəstgahına lazım zadlardan.
Ənvər bu növilə ki, alqışlandı,
Tənbəl cocuqlar da baxıb utandı.
Ənvər tutub yoldaşlara üzünü,
Onlara söylədi işbu sözünü:
«Mən ki, sizə deyirdim,
Nəsihət eləyirdim,
Bu günləri bilirdim.
Dərsinizi oxuyun,
Sonra xəcil olmuyun.
Siz atılıb-düşərdiniz,
Mənə baxıb gülərdiniz,
Bu sözləri deyərdiniz:
«Sözlərinə uymuyun!
Dəli olub qoymuyun!»
Bu sözləri böyüklər
Eləki eşitdilər,
Keçən işi bildilər,
Hamı birdən dedilər:
«Sağ ol, zəkalı Ənvər,
Var ol zəkalı Ənvər».
Buyurdular uşaqlar,
Ayaq üstə durdular.
Bir ağızdan hər nə var
Deyib çəpik çaldılar:
«Sağ ol zəkalı Ənvər,
Var ol, zəkalı Ənvər,
Biz əvvəldən bilmirdik,
Sənə baxıb gülürdük.
Nahaq töhmət edirdik.
İndi anladıq bildik.
Sağ ol, zəkalı Ənvər,
Var ol, zəkalı Ənvər.
Yaşa, Ənvər, çox yaşa.
Oxun dəyməsin daşa.
Tofiq versin tanrımız,
Təhsilin çatsın başa.
Sağ ol, zəkalı Ənvər,
Var ol, zəkalı Ənvər».
Müəllimlər etdildr,
Uşaqla1rı mürəxxəs.
Gedə-gedə hamısı
Bir yerdə vurdular səs:
«Sağ ol, zəkalı Ənvər,
Var ol, zəkalı Ənvər».
Ənvər öpdü xacəsinin əlindən,
Xeyir-dua aldı müəllimindən.
Özü kimi zirəklərdən beş nəfər
Müəllimə xudahafiz etdilər,
Evlərinə getdilər şadü-xəndan,
Müjdələr aldılar atalarından.
İzn aldılar, səyahətə getdilər,
Çəmən-çiçəkli bir bağa yetdilər.
Bulaqlar qaynayıb, sular axırdı,
Çiçəklər bunlara mat-mat, baxırdı.
Ağaclar bir-birin alıb qoynuna,
Qol salıblar bir-birinin boynuna.
Çəh-çəh vurub ötüşürlər bülbüllər,
Gülüşürlər çiçəklər, qönçəli güllər
Şu aləmə bunlar etdi tamaşa,
Düzüldülər bunlar cüft, qoşa-qoşa.
Quşlar gətdi bunları ta həvəsə;
Bu sözləri qoşdu bunlar səs-səsə:
«Ötüşün, ay quşlar, bülbüllər,
Gülüşün, ay quşlar, bülbüllər.
Xoş gəlibdir sizə bu güllər,
Süsənlər, çiçəklər, sünbüllər,
Bu dağlar, dərələr, meşələr.
Ötüşün, ay quşlar, bülbüllər,
Gülüşün, ay quşlar, bülbüllər.
Bəxtəvər bizlərik bizlərik.
Elmin gülzarını gəzərik,
Min cür çiçəklər dərərik,
Ötüşün, ay quşlar, bülbüllər,
Gülüşün, ay quşlar, bülbüllər.
Vermişik bu gün biz imtahan,
Almışıq alqışlar hamıdan:
Ötüşün, ay quşlar, bülbüllər,
Gülüşün, ay quşlar, bülbüllər.
Mərifət gülşəni bizimdir,
Sünbülü, süsəni bizimdir.
Həm gülü, səməni bizimdir,
Ötüşün, ay quşlar, bülbüllər,
Gülüşün, ay quşlar, bülbüllər.
Gəzirik elm gülzarını,
Görürük güllü bağlarını,
Yamyaşıl uca dağlarını.
Ötüşün, ay quşlar, bülbüllər,
Gülüşün, ay quşlar, bülbüllər.
Bilmərik yavalıq tənbəllik,
Etmərik şuluqluq, cədəllik,
Məktəbi elərik biz şənlik.
Ötüşün, ay quşlar, bülbüllər,
Gülüşün, ay quşlar, bülbüllər.
Vətəndir ölkəmiz, yuvamız,
Yaşasın müəllim xacəmiz,
Yaşasın oxudan atamız.
Ötüşün, ay quşlar, bülbüllər,
Gülüşün, ay quşlar, bülbüllər.
Dostları ilə paylaş: |