Güney Azərbaycanda ədəbi sürəc(1979-2014-ci illər)


Nasir Mənzuri, Eyvaz Taha,Rüqəyyə Kəbiri



Yüklə 156 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü156 Kb.
#2357
1   2
Nasir Mənzuri, Eyvaz Taha,Rüqəyyə Kəbiri, Kiyan Xiyav, Həmid Arğış, Murtuza Məcidfər, Məlihə Əzizpur, Ruqəyyə Səfəri, Vali Gözətən,Toğrul Atabay, Saleh Ətayi, Qadir Cəfəri, Rəsul Məlikoğlu,Vuqar Nemət, Məmmədrza Ləvayi,Nigar Xiyavi, Ziba Mənüçöhri, Məmmədrza Təbrizli, Araz Əhədoğlu nəsrdə özünə xas ifadə ba­carığı, mövzu çeşidinin genişliyi ilə seçilirlər. Məsələn, Rüqəyyə Kəbiri hekayələrində za­man-zaman Kafkanın “Çevril­mə”sinin fərqli epizodla­rını yaşadır, ancaq burada çevrilməyə məruz qalan per­sonaj daha subyektiv, daha ümidli, daha həyəcanlı və bir sözlə desək, yaşam dolu bir qadındır… Rüqəyyə xanımın özünün çox maraqlı həyat tarixçəsi var. Ötən əsrin 80-ci iilərində milli düşüncəli gənclər çox yayğın olan və Quzey Azərbaycana olan sevgi və maraqdan doğan sosialist baxışlara yiyənirdilər. Bu bəlkə də bir növ bu taydakılara rəğbətin göstəricisi idi. Universitetdə təhsil alan Rüqəyyə xanım da bu gənclərdən biriydi. Bir müddət sonra o, solçu fikirlәrinə görә həbs olunur. Azadlığa çıxdıqdan sonra siyasi fəaliyyətdən vaz keçir. Başqa sahədə tәhsil alsa da, Rüqəyyə xanım poeziyaya üz tutur. Şair ruhu R.Kəbirini Güney Azәrbaycanda yoluxucu xəstəliklərə qarşı və qadın hüquqları uğrunda bir mübarizə çevirir. R.Kәbiri poeziya ilə yanaşı nəsr sahəsində də qələmini sınayır və gözəl hekayələr müəllifidir. Hələ çox əvvəllər qələmə alıb davam etdirdiyi dərdli və ağır günlərinin xatirələrini qapsayan gündəlikləri- silsilə ilə həyat hekayələrinə dönüb nəşr olunur. Paralel olaraq qadınların sorunu ilə bağlı bağlı araşdırmalar aparıb, dərgilərə mәqalәlәr də yazır. ”Evin” – evim deyil” (“Evin” Tehranda siyasi dustaqlar saxlanan həbsxananın adıdır.-P.M.) romanının baş qəhrəmanın prototipi də müəllifin özüdür. Xatırladaq ki,2012-ci ildә Bakıda tәşkil olunan hekayә müsabiqәsindә R. Kəbirinin “Mavayl” adlı әsәri birinci yerə layiq görülüb.

Ə.Ağçaylının(Əlirza Zihəq) redaktoru olduğu “Maral” internet dərgisində yayınlanan «Başı bəlalı dilimiz» adlı satirik hekayəsi sabiranə üslubda yazılıb.Müəllif duzlu yumor dili ilə bir «alim»in guya azərbaycanlıların qədim dilinin fars mənşəli olduğunu sübut etmək üçün bir yoldaşı ilə dağ kəndinə yollanıb orada apardığı “tədqiqat işlərin”dən danışır. Mərəndin yaxınlığında yerləşən «Gəlinqaya» adlanan bu kənddə onlar güc-bəla ilə «qədim dildə»(fars kökənli azəri tayfasının dili nəzərdə tutulur-P.M.) danışan 2 qoca tapırlar. Az keçmir ki, alimin bu qocalarla bərk mübahisəsi düşür. Alim təkidlə onlara başa salmaq istəyir ki, onlar buranın bineyi-qədimdən sakinləri olublar, qocalarsa bununla heç cür razılaşmırlar. Onlar deyirlər ki, burada bina salmaları uzağı 200 ildir. Bir qonağı da göstərib deyirlər ki, bu da talışdır, iki gündən sonra öz vətəninə, o taya qayıdacaq. -Bizimkilər də elə oradan gəliblər. Bunu eşidən alim hirslənib onların sözünə daha qulaq asmaq istəmir; ayağa durub kəndi tərk edir. Aradan az keçmir ki, həmin alimin növbəti kitabı çapdan çıxır. O, kitabda azərbaycanlıların qədim dilinin hələ də yaşadığını və bu dildə danışanlara «Gəlin qaya»da rast gəldiyini bütün təfsilatı ilə «düzüb qoşur».

Yazıçı bu hekayədə Pəhləvi sülaləsinin son 56 ildə yeritdiyi farslaşdırma siyasəti nəticəsində İrandakı xalqları, xüsusilə azərbaycanlıları soy-köklərindən ayrı salmaq üçün bir para Kəsrəvi, Karəng və s. alimlər tərəfindən irəli sürülən azərbaycan türklərinin dilinin fars mənşəli olub, sonradan türkləşməsi kimi heç bir elmi əsası olmayan fərziyyələrini ifşa edir.

Roman Güney Azərbaycanın indiki durumunun güzgüsüdür. Nasir Mənzuri, Güntay Gəncalp, Sayman Aruzun irihəcmli əsərlərində cə­miyyətin həyat tərzi, ictimai-siyasi və dini prob­lemləri əks olunmuşdur.

Son illər Azərbaycan Respublikasının ədəbiyyatında roman bumu yaşanır. Yaxşı tanıdığımız, eləcə də adını ilk dəfə görüb-eşitdiyimiz yazarların onlarla irihəcmli romanları çap olunur. Arazın o tayında isə nəsrlə uğraşan gənc yazarlar, əksinə daha yığcam, daha lakonik formalara üstünlük verirlər. Bu gün Güneydə artıq Avropada ötən əsrin 60-cı illərində formalaşan “fləş fikşn” (Flash Fiction) üslubunda yaranan və minimalizmə, kiçik həcmə əsaslanan nəsr əsərləri yazırlar. Yığcamlığa üstünlük verən belə kiçik ölçülü nəsr əsərlərinə fikir açıqcası, mikrohekayə, qısa hekayə kimi çeşidli adlar verilir. Güneydə isə belə əsərləri “kibriti hekayə” adlandırırlar. Tutumu 2000 sözü aşmayan, az söz və cümlələrlə süjeti bəlli olan bitkin bir əsər yaratmaq hünər istəyir. Bu cərəyanın önündə gedənlər Murtuza Məcidfər, Həmid Arğış, Toğrul Atabay, Məliha Əzizpur, Məhəmməd Sübhdildır. Onlar, necə deyərlər, “bir güllə ilə iki dovşan” vurmuş olurlar. Öncə Güneydə bəlli səbəblər üzündən ədəbi dillə ilgili yaranmış, hələ də həllini tapmayan sorunlardan azacıq uzaqlaşır, sözə qənaət edib, az sözlə çox məna açıqlaya bilirlər. Eləcə də həm biçiminə, həm də məzmununa, içərisinə görə yeni – modern bir üslubda yazmış olurlar. Bir sözlə, “kibriti hekayə” (“fləş fikşn”) güneylilər üçün bu gün bir tapıntı kimidir.

Gənc yazarlar arasında bu cür eksperiment yanaşmalar az deyil. Hüseyn Süleymanoğlu “Bilimsəl”, Nadir Əzhəri ”Donuq şeir planı”, Ziba Kərbasi ”Nəfəs” və Ərəstu Mücərrəd ”Nano” şeirləri ilə Güneydə yeyinliklə gəlişən poeziya sahəsində xüsusi ədəbi tərz yaratmağa nail olublar.

Ədəbiyyata, ana dilinə milli kültürə bağlı olan güneyli aydınlar adətən yaşadıqları şəhərlərdə yaratdıqları ədəbi dərnəklərdə yığışır,əsərlərini oxuyur və ya dinləyir,fikir mübadiləsi edirlər. Artıq bir ənənəyə halına gələn Sabir, Sahir, Şəhriyar, Buta və başqa ədəbi birliklər neçə-neçə gənc yazara ədəbiyyat aləminə vəsiqə verib. Bu ədəbi birliklərə ədəbi aləmdə yetərincə tanınan Daşqın, Məhəmməd Sübhdil, Heydər Bayat kimi tanınmış yazarlar rəhbərlik edir.

Uşaq ədəbiyyatının Güneydə davamşıları yetərincədir.Bu sahədə yazılan əsərlər də çox ümidvericidir.Ramin Cahangirzadə, Xosrov Barışan, Məliha Əzizpur,Murtuza Məcidfər,Leyla Kəhalı və başqa adını şəkə bilmədiyim gənc yazarların uşaq qəlbinə yol tapan əsərləri çoxdur.

Tərcümə, çevirinin Güneydə tarixi ənənələri var.Türkiyədə, Quzey Azərbaycanda çıxan əsərləri,şeir antolojisi biçimində vaxtilə Sahir, Səhənd, Həmid Nitqi farscaya,eləcə də farscadan türkcəyə çevirmişlər.İndi bu işi uğurla çağdaş nəslin davamşıları Rəsul Yunan, Əziz Salami, Güntay Gəncalp, Hümmət Şahbazi,Ülkər Ucqar,Murtuza Səlmani, Daşqın və Xosrov Barışan görür. Onlar dünya ədəbiyyatı incilərini tək farscadan deyil,ingilis,alman,fransızcadan ana dilinə çevirirlər

Əski nəsillər türkcə düşünüb, farsca yazırdılarsa, sonrakı nəsil, əksinə, farsca düşünüb, türkcə yazırdı. Bu, xalqın faciəsi idi, taleyin qara hökmü idi ki, ondan qaçmaq mümkün deyildi. Güneydə hər dövrün ziyalılarının öz görəvi, öz funksiyası olub. 1978-79-cu illər İran inqilabının yedəyində gələn ziyalılar (başda Cavad Heyət, Həmid Nitqi, Məmmədəli Fərzanə, Məmmədtağı Zehtabı olmaqla) xalqa ana dilində danışmağı, yazmağı öyrətdilər. “Varlıq” jurnalı bu yöndə bir məktəb oldu. Sonralar ”Yarpaq” (Eyvaz Taha), “Dilmanc” (Əlirza Sərrafi)”, ”Yaşmaq” (Səid Muğanlı) bu yola çıxdılar, yeni ədəbi nəsli yönləndirdilər. Bu məktəbin istedadlı tələbələri də az olmadı. Onlar öncəki nəsildən çox şeylər öyrəndilər, amma onlara bənzəmədilər. Bu da təbiidir. Yeni nəslin dünya ədəbiyyatından çevirmələri ana dilinin dərindən mənimsənilməsinə, yeni ədəbi axınların izlənilməsinə, çeşidli düşüncə və ideyaların yaranmasına xidmət edir. Azərbaycan tarix boyu İranda aparıcı ideyaların ötürücüsü olub. Bu gün də ötən əsrlərdə olduğu kimi, bu missiya davam edir. Yeni ədəbi nəsil bir varis kimi zəngin ədəbi irsə sahib çıxıb onu qoruyur və ədəbiyyatda yeni səhifələr açır.

Ötən ilin mənzərəsi fonunda Güney Azərbaycanda olan ədəbi prosesi haqda az-çox təsəvvür yaratmağa çalışdıq.Daha çox sayılıb seçilən yazarların əsərlərindən örnəklər verdik.Zəif əsərlərinsə üstündən sükutla keçdik.



Bu gün nəsr və təbliğ imkanlarının məhdudluğuna baxmayaraq Cənubdakı ədəbi fikrin mənzərəsi çox rəngarəngdi, mövcud ədəbi prosesin dil, sənətkarlıq baxımından problemləri olsa da, ədəbiyyat milli varlığını yeni bir vüsətlə təsdiq və inkişaf etdirir,dünya ədəbiyyatının yeni meyllərinə qovuşmaq üçün axtarışlarını davam etdirir.


i





Yüklə 156 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin