Səfəvilər haqqında araşdırmalara necə başladınız? Hansı ehtiyacdan yarandı səfəvi araşdırmaları? Ağlımda suallar var idi. Bu suallara tarix planında cavab tapmaq istəmişdim. Tarix yazarlıq Qərb aydınlanma kültürünün məhsuludur. Şərqdə belə bir olay olmamışdır. Tarix fəlsəfəsi və tarixdə ideyaların mahiyətini və gerçəkləşmə sürəcini araşdırmaq kimi bir yöntəm Şərqdə olmamışdır. Şərqdə mövcud düzəni tarixi olaylar dəstəkləyirsə, o tarixi olaydan yapışıb qopmama düşüncələri ürətilir. Düşüncəni hərəkətləndirən deyil, düşüncəni susdurucu bilgilər ortaya qoyulur. Tarix bu şəkildə insanların düşüncəsini əsir alan bir zindana çevrilmişdir. Mən, özəlliklə İranda və Azərbaycanda insanlarımızın dünyagörüşünü öz zindanında həbs edən bu tarixə qarşı etiraz etmək istədim. Bizim və insanlığın ən qorxunc qaranlıq tarixi mərhələlərindən biri Səfəvilər dönəmidir. Çünkü bu qaranlıq həm İranda, həm də Azərbaycan Respublikasında öz təsirini sürdürməkdədir. Burada bilgi və iqtidar münasibətini ələ almaq gərəkir. İrandakı rejim Şah İsmayılın mənəvi, məzhəbi və siyasi varisidir. İqtidar imkanlarını əllərində bulunduran rejim Səfəviyətə qarşı sual sorma, sorğulama metodunu yasaqlamışdır. Çünkü bu iqtidar nemətlərini onlara Şah İsmayıl bağışlamışdır. Azərbaycanda Respublikasında isə Səfəvi qaranlığı ilə bağlı fərqli pozisionlar ortaya çıxmışdır. 1828-ci il ”Türkmənçay” müqaviləsi ilə Qafqaz Rusiyanın idarəsinə keçər. Bu, Qafqazda yaşayan Türklər üçün tarixi bir şans və Səfəvi qaranlığından qurtulmaq üçün bir fürsət olmuşdur. Çünkü qurtuluş düşüncələri və görüşləri böyük qopuşlarla ortaya çıxar. Bir yerə bağlanıb qalmaqla yenilik və yeni fikirlər doğmaz. Qopuşlar aydınlanmanın şərtidir. Yeni bir pozisiona qovuşmaq üçün əski durumdan qopuş düşüncəsini ağlımızda daşımalıyıq. Bu, dəyişimin ən bəsit tərifidir. Biz əskilərdən qopa bilmədiyimiz üçün Səfəvi İranında yox oluruq. Dilimiz, kimliyimiz silinib gedir. Tarixi Səfəvi mühitindən qopuş Qafqaz üçün fərqli düşünmə imkanı yaratdı. Özəlliklə Rusiya və rus dili vasitəsi ilə Qərbləşmə meylləri ortaya çıxdı. Bizim dilimizdə Səfəvi mərsiyəsi və növhəsindən başqa heç bir şey yox idi. Səfəvilərdən qalan bu idi. Rus dilini bilmələri səbəb oldu ki, Səfəvi mərsiyə və ağlaşma ədəbiyatının dışında başqa ədəbiyat da oxusunlar, modern bilgilərlə tanış olsunlar. Bəzi aydınlar düşünməyə başladılar. Demək olar ki, 19-cu əsrin sonlarına doğru və keçən əsrin əvvəllərində güclənərək 1918-ci ildə milli dövlət quran və ya fikrən bu quruluşda iştirak edən bütün aydınlar tarixi İran coğrafiyasında yaşayan türklərin bədbəxtliklərini Səfəvilərdə görmüşlər. H. Zərdabi, Rəsulzadə, H. Cavid, Ə. Ağaoğlu, M. Cəlil və... Onların ortaya atdıqları islamlaşma da Səfəviliyin İslam anlayışına qarşı olmuşdur. Ancaq Sovet rejimi Azərbaycanda qurulduqdan sonra tarixə milli baxış bucağı ortadan qaldırıldı və sovet görüşlərinə uyğun baxış gətirildi. Karl Marksın Şah İsmayıl haqqında anlamsız bir cümlə söyləməsi üzündən Səfəvi dövlətinin qurucusu, Azərbaycan aydınlarının tənqidlərinə baxmayaraq, göylərə qaldırıldı. Milli kimliyimizdə türklük anlayışının yerinə azərbaycanlılıq yerləşdirildikdən sonra səfəviyət daha da qabardıldı. Çünkü Azərbaycanı türklüyündən qoparmaq üçün səfəvilik yaxşı bir amil idi. Moskva bunu təşviq edirdi. Yoxsa Moskvaya zərəri olsaydı Sovet dönəmində bu qədər şah İsmayılı tərif edən əsərlər yazılardımı? Şah İsmayılın sovet Azərbaycanında şişirdilməsi, müqəddəsləşdirilməsi lazım idi. Çünkü Moskvanın Türk Dünyasını və Türk kimliyini parçalama niyyətinə Səfəvi kimliyi xidmət etməkdə idi. Sovetlər Azərbaycanı Türk kimliyi istiqamətində deyil, İrani kimliyin daxilində bilgiləndirmək istəyirdi. Bu üzdən də Şah İsmayıl adında parçalayıcı bir amili əfsanəvi qəhrəmana dönüşdürdülər. Tarixlə heç bir əlaqəsi olmayan yalan uydurub xalqa inandırdılar ki, Şah İsmayıl Azərbaycan imperatorluğu qurmuş və ”Azərbaycan dili!”ni də dövlət dili etmiş! Bunların hamısı sovet yalanı və iftirasıdır. Hardadır o dilin ədəbiyatı? Nədən bütün Səfəvi dövrünün tarix kitabları farsca yazılmış? Bir məktubun harasa Türkçə yazılması Səfəvilərdə dövlət düzənində irtibat dilinin Türkçə olması anlamına gəlməz. Sovetzədə Azərbaycan tarixçiləri, şairləri, yazıçıları bol-bol yazıb və bu yalanı xalqa doğru kimi qəbul etdirməyə çalışdırlar və başardılar. Yalan doğru kimi qəbul etdirildi. Ancaq yalan ayaq tutsa da yeriməz. Mən isə, bu yalanı ifşa etdim. Azərbaycan və İran Türklərinə dedim ki, sənin düşüncələrinin təqlidə və fars irqçiliyinin saxta İslam anlayışına gömülmə tarixi Şah İsmayılla başlamışdır. İsbat etdim ki, Şah İsmayıl dilimizi dövlət dili etməmiş. Tam tərsinə Kitabi-Dədə Qorqud kimi əsərlərimizi və Quranın Türkçə tərcüməsini sünni ədəbiyatıdır deyə hamısını Təbrizdə kitab yandıma olayında yandırmış. İsbat etdim ki, Şah ismayılın farsların əmri üzərinə yandırdığı və yox etdiyi Bayındırlı mədəniyəti səviyəsində Səfəvilər milli mədəniyətimizə yararlı olmadılar. Bütün Türk şəhərlərini yandırıb yox edib fars şəhərlərini abad etdilər. Həm də Şah İsmayılın öz zamanında. Şirvanda, Təbrizdə Şah İsmayılın Türk soyqırımı törətdiyini qaynaqlarla göstərdim. Azərbaycanın və İran Türklərinin qarşısında bir tək önəmli əngəlin Şah İsmayıl olduğu düşüncəsini şəkilləndirməyə çalışdım. Çünkü Şah İsmayıl həm İslamı parçaladı, həm də Türklüyü. Səlcuqludan Səfəvilərə qədər Türk-İslam mədəniyəti oluşmuşdu. Hamısını tarixdən silib yerinə Sasani-İslam anlayışını və Sasani kimliyini yerləşdirdi.
Tariximizin çoxlu araşdırılmamış sahələri var. Səfəvilər haqqında isə çoxlu kitablar, tarixi araşdırmalar var. Nə üçün siz fərqli baxış ortaya qoymağa çalışdınız? Səfəvilər haqqında çoxlu kitab yoxdur məncə. Səfəvilər haqqında mədhiyələr var. Bunlara kitab deyilməz. Bunların hamısı yalan və iftira. Bir tək elmi və tənqidi əsər yazılmamış Səfəvilər haqqında. Azərbaycanda Səfəvilər haqqında yazılan tarix kitabları, hətta Səfəvi qaynaqlarının verdiyi məlumatı da təhrif etmiş. Örnəyin ”Tarixi-aləm arayi abbasi”, ”Əhsən-üt təvarix”, ”Rövzət-üs Səfəviyə”, ”Şərəf namə” kimi Səfəvilərin özlərinin yazdığı qaynaqlar Şah İsmayılın öz anasını öldürdüyünü, Şah İsmayılın 12 imam adına 12 nəfərdən ibarət adam yeyən ”çegin” adlı dəstələr təşkil etdiyini yazarlar. Bunların heç birisinə Azərbaycanda yazılan kitablarda işarə edilməmişdir. Nədən? Belə tarixçilikmi olar? Gerçəkləri gizlətmək tarixçilikdirmi? Şah İsmayılın təşkil etdiyi ”təbərra” dəstələrinin Təbrizdə necə soyqırım törətdiyini Səfəvi qaynaqları özləri yazır. Bunları Sovet Azərbaycan tarixçiləri xalqdan gizlin saxlamışlar. İndi xalq da yalançı Şah İsmayıl adında bir qəhrəman surətə elə inanmış və inandırılmış ki, ona deyəndə ki, Şah İsmayıl anasını öldürmüş, soyqırım etmiş, kimsə inanmır. Ancaq həqiqəti biri çıxıb söyləməli idi. Bu üzdən də mənə görə Azərbaycanda Səfəviləri Moskvanın istəyi üzərinə mədh etmişlər, tarix yazmamışlar. Mənsə heç bir iqtidar üçün yalan bilgi toplamayan azad Türk insanı olduğumdan bu yolda araşadırmalarımı kitablaşdırdım. Yalnız kitabı xəstə halımla yazdım. Birdən xəstəlik məni ayaqdan salar və bu düşüncə tariximizə girməz deyə kitabı doğru-dürüst redaktə etmədən çap etdirdim. Bu üzdən kitabda bəzi qüsurlar var. İkinci nəşrdə bu əksikliklər olmayacaq.
Şah İsmayılın qəhrəman, hökmdar və mömin obrazına ciddi zərbə vurmusunuz. Sizcə buna ehtiyac var idimi? Bertolt Bereşt´in belə bir sözü var: ”Doğrunu bilməyən cahildir. Doğrunu bilib susan isə xaindir.” Şah İsmayıl haqqında doğruları bilmədiyim sürəcə cahil idim, deyəcək sözüm yox idi. Doğruları bildikdən sonra sussaydım öz vicdanımda bir xain kimi yaşayacaqdım. Doğru isə Şah İsmayılla Azərbaycan və İran Türklərinin tarixi yönünün sapdırlması olmuşdur. Doğru olan budur ki, Şah İsmayılla Oğuz Türklüyü parçalandı, İslama şirk qatıldı. Müqəddəslərin sayı artırıldı. İslamda tək müqəddəs olan Allahdır. Şah İsmayılla eyni zamanda hər kənddə bir pir məzarı quruldu. Millətin mənəviyatını və parasını bu yolla sömürdülər. Mirzə Cəlilin bütün yaradıclığı bunu tənqidə yönəlmişdi. Təbrizin iki dağının başına belə, iki imamzadə dəfn etdilər. Ölkəmiz imamzada məzarlığına, imamzadaların qaranlığına gömüldü. İslamda imamzada deyə bir şey varmı? Yoxdur. İslamda məzarları ibadət amacı ilə ziyarət etmək qəbul edilməzdir. Səfəviləlr isə, bütün ölkəmizi saxta imamzadalarla doldurdular. Şah İsmayıl peyğəmbərin namusu olan Hz. Ayişəni sayqısızca sözlərlə anımsarkən ölkəmizi saxta imamzadalarla doldurdu. Şah İsmayıl bizi elə bir qaranlığa gömmüş ki, tək çarə bu saxta qəhrəmana qarşı savaşmaqdadır. Peyğmbərin ən yaxın dostları olan Hz. Əbubəkir, Hz. Ömər Şah İsmayıla görə xainmişlər, ancaq min ildən sonra imamzadalar müqəddəsləşdirilir. Şah İsmayıl bunları gətirməmişmi? Gətirmiş. Və bu, düşüncənin susduruluşu və millətin inancının sapdırılışı deyilmi? Sual budur: Qəhrəman kimdir? Qəhrəman millətin tarixinə aydınlıq saçandır, yoxsa millətin tarixini qaranlığa gömən? Kimdir gerçkdən qəhrəman? Bizim düşüncəmizin aydınlanması və cahanşümullaşması üçün önümüzdə tək əngəl bu saxta qəhrəman olan Şah ismayıldır. Ölkəmizi, dövlətçiliyimizi devirib farslara təslim edən və sadəcə İran və Azərbaycan Türklərini deyil, bütün İranı da qaranlığa gömən şah İsmayıldır. İranda təqribən 2 milyon sünni Türkmən var. Onlar asimilə olmurlar. Ancaq səfəvizədə türklər könüllü asimilə olurlar. Fars milliyətçiliyinin modern ideologiyasını da səfəvizədə türklər yazdılar. Bugünükü Xomeyni istibdadı və dikatorluğu da Şah İsmayılın mirasıdır. Sizə bir örnək söyləyəcəyəm. Baxın, Azərbaycan Respublikasında şah ismayılçılara. Çoxu bilərək və ya bilməyərək irançı. Bunun əsasını qoyan Şah İsmayıldır. Şah İsmayılın gətirdiyi düzəndə Türklüyə yer yoxdur. Bu düzən Sasani nostalgiyası əsasında gəlişdirilmişdir. Səfəvilik kitabımda da açıqladığım kimi şüubi təcrübənin məhsuludur. Hələ Azərbaycan 20 ildir müstəqil olmuş. Bu, çox uzun zaman deyil. Qarşımızdakəı illərdə bütün şah ismayılçılar İran mollalarının könüllü əsgərləri olacaqlar. Çünkü İslamda təqlid yoxdur. İslamda “iman və seçim” var, “iman və təqlid” yoxdur. İman və təqlid kültürünü Şah İsmayıl gətirmiş. Bu inanc düzəninə görə Azərbaycan Respublikasının vətəndaşları hansısa bir İran mollasına təqlid etməlidirlər. Bu görüşlə necə milli dövlət qura bilərik? Sənin vətəndaşlarının dini duyğuları İran mollalarının əlində olacaqsa, o zaman milli dövləti hansı insanlarla quracağıq? Səttar Xan da, Xiyabani də səfəvizədə idilər. Səttar Xan da əsla qəhrəman deyildi. Bunu da sovetlər qəhrəman etmiş. Qəhrəmanın düşüncəsi olmalıdır. Səttar Xan deyirdi ki, mənim düşüncəm yoxdur, sadəcə Ayətullahlar cihad əmri vermişlər və mən sırf bu üzdən savaşıram. Belə qəhrəmanmı olar? Ya da Xiyabani bolşevik tərəfdarı idi. Güney Azərbaycanda ermənilər Türkləri qətl edirdi. Xiyabani buna etiraz etmirdi. Ancaq elə ki, Osmanlı-Türk ordusu Güneyə girdi və bu qətlləri durdurdu o zaman Xiyabani Türk ordusunu işğalçı adlandırdı. Nədən? Çünkü səfəvizədə bir molla üçün erməni, sünni müsəlmandan daha yaxşıdır. İndi bunları biz necə qəhrəman adlandıra bilərik? Xiyabani də bolşevik tərəfdarı olduğu üçün sovet zamanı qəhrəmanlaşdırıldı. Nə yazıq ki, ya da çox təəssüf ki, Elçibəy də Xiyabanini Rəsulzadə kimi milli qəhrəman adlandırır. Bunlar yanlışdır. Rəsulzadə türkçü idi, Xiyabani irançı və farsçı. Bu üzdən də tarixi doğruları bilməyən xalq heç bir şəkildə irəliyə doğru inkişaf edə bilməz, öz tarixinin qaranlığında burxulub qalar. Düşüncələrimizlə yalanlara qarşı etirazetmə cəsarətimiz olmalıdır. Bunun üçün tariximizdəki yalan və iftiraları ifşa etmək gərəkir.
Müasir İran reallığında səfəvilik hansı formada davam edir? Bu gün səfəvi idealogiyası davam edirmi? Səfəvilərdən sonra İran qaranlığa gömüldü. Ortada bir Nadir Şah bu qaranlığa qarşı çıxdı. Ancaq onun da görmək istədiyi işi yaraımçıq qaldı, öldürüldü. Bugün mənim sadəcə bir kitabıma görə bu qədər narahat olub üzülən varsa, görün Şah İsmayıl mirasını ortadan qaldıran Nadir Şah necə böyük insanmış və necə böyük iş görmək istəyirmiş. Sovetlər və İran Nadirin bu təşəbbüsünün bilinməsini istəməzdilər. Sanki tariximizdə Nadir Şah Olmamış. Çünkü Nadir Şah tam anlamı ilə şah İsmayıl düşməni idi. Nadirin işi yarım qaldı və Səfəvilik öz həyatına günümüzə qədər davam etdi. İran məşrutə hərəkəti də modern səfəvilikdən başqa bir şey deyildi. Pəhləvilər, eləcə də Xomeyni tam anlamı ilə mükəmməl modern bir Səfəvi modelidir. Çünkü İslamda mollalıq qurumu deyə bir şey yoxdur. Bunu təsis edən də Şah İsmayıl olmuş. Şah İsmayıl Livandan şiə mollalarını Təbrizə gətirib və iqtidarın mənəvi legetimliyini onlara buraxdı. Daha sonra davam edən bu molla axını Səfəvi iqtidarını paylaşdı. Özlərini güya qeybə çəkilmiş Mehdinin nümayəndəsi saydıqları üçün Səfəvi şahları belə iqtidarlarının legetimliyini onlardan almalı idilər. Mollalar feodallaşdılar. Dövləti ələ keçirdilər. Günümüz İran molla rejiminin əsasları, dövlət və dini strukturları Səfəvilər dönəmində şəkillənmişdir. Bunu İran molla rejiminin önəmli ismləri açqıca söyləməkdədirlər. “Biz Səfəvi varisləriyik” deyirlər. Səfəvilərdən sonra düşünmək yasaqlandı. Əgər Dekart “düşünürəm elə isə varam” deyirdisə, Səfəvi mollalıq qurumu “düşünmürəm, təqlid edirəmsə varam” anlayışını yayqınlaşdırdı. Mollalar Səfəvilərdən etibarən millətin namusuna, malına sahib oldular. Millətin də tarix şüuru söndürüldü və təslim oldu. Mollaların fitvasına təslim oldu. İran-İraq savaşında Xomeyninin çağrısı üzərinə yüzminlərcə Türk könüllü olaraq gedib savaşda öldü, yaralandı, müharibə atəşlərində yanıb yox oldu? Nədən könüllü? Çünkü səfəvilik bizim düşünən ağılımızı kor etdi. Səfəvilərdən sonra biz mollalara yem edildik. Gəncliyimiz, bütün varlığımız mollaların əlində oldu. İstədikləri kimi qullandılar. Sanki biz yaradılışdan mollalara yem edilmək üçün yaradılmışıq. Əgər Şah ismayıl 1501-ci ildə Təbrizdə 20 min Türkü sünni olduqları üçün qətl etdisə, Xomeyni də 1987-ci ildə 70 min insanı fərqli görüşündən dolayı qətl etdi. İndi insan haqları təşkilatları Xomeyninin törətdiyi bu qətli araşdırır. Qətldə əli olanları imkan daxilində məhkəməyə çıxaracaqlar. Biz də modern insanlar olaraq Şah İsmayılı milli və insani şüurumuzun məhkəməsinə verməliyik. Bu qatilin gerçək kimliyini və davranışlarını ifşa edərək bəşər tarixinə təqdim etməliyik. Bir çox millətlər bu işi görürlər. Bu işi görmənin yararı ondadır ki, gələcəkdə də Şah İsmayıl və Xomeyni kimi qatillərin tarixə girməsinin qarşısı alınmış olar. Bugünkü İran İslam rejiminin ideologiyası Şah ismayıl tərəfindən ortaya qoyulmuşdur.
Türkiyədəki və dünyadakı ələvilərin səfəvilərə nə qədər bağlılığı var? Ələvilik tarixi etibarı ilə fars islamçılarından çox etkilənmişdir. Ələvilikdə əski türk gələnəyinin olmasının yanı sıra fars İslam anlayışının da etkisi çox güclüdür. Ələviliyin sadəcə dili Türkçə olmuşdur. Mahiyəti ُSasani mərkəzli İslam anlayışından çox etkilənmişdi. İsmaililik ələviliyi çox etkiləmişdi. Ancaq ələvilik qızılbaşlıq deyil. Qızılbaşlıq sapdırılmış, siyasiləşmiş ələvilikdir. Ələvilər sünni şəriətinə qarşı şəriətlə yönətilməyən bir dövlətdən yanaydılar. Bunun kökləri çox əskilərə, Səlcuqlara qədər dayanmaqdadır. Ələvi İslam anlayışı ilə dövlət İslam anlayışı sürəkli toqquşma halında olmuşdur. Anadoluda ələvilərin özlərinəməxsus tarixləri var. Ələvi fikirlərinin olqunlaşmasında Şeyx Bədrəddinin böyük rolu olmuşdur. Şah İsmayıl ələvilərə xəyanət etdi. Ələvilər yurdularını buraxıb Azərbaycana axındılar. Dövlət qurulduqdan sonra 1508-ci ildə Şah İsmayıl “lalalıq” qurumunu ləğv edib yerinə farsca bir ifadə yerləşdirdi və farsları işbaşına gətirdi. Valiləri fars olaraq təyin etdi. Buna etiraz olaraq qızılbaşlar Şah İsmayılın təyin etdiyi valiləri öldürdürlər və sonra şah İsmayıl da o qızılbaşları öldürdü. Yəni qızlbaşlar dünyagörüşü farsçılıqla təchiz edilmiş olan Şah İsmayıl tərəfindən yeni Sasani dövlətini qurmaq üçün qullanıldılar. Daha sonra da qızılbaşlardan əsər-əlamət qalmadı. Şah Abbas onları şahsevənləşdirərək saraydan uzaqlaşdırdı. Obalarda, kəndlərdə yerləşdirdi və dövlət tam olaraq farsın kontroluna keçdi. Qızılbaşların vizionu yox idi. Öndərmərkəzli düşünən bir ideologiyanı mənimsəmişdilər. Şah İsmayılı zühur edən Mehdi kimi qəbul edib ona inanmışdılar. Pərdə arxasında 13 yaşlı çocuq olan Şah İsmayılı qullanan, yönətən fars tarixi planından xəbərsiz idilər. Fars tarixi planı da Şah İsmayıl əli ilə lidermərkəzli davranan qızlbaşları qullandıqdan sonra onları tarixdən sildi. İndi qızlbaşlıq deyə heç bir şey yoxdur. İranın, Azərbaycanın dəyişik yerlərində “goran”, “əhli-həq” adları ilə qeyri-siyasi və passiv həyat sürməkdədirlər. Əlbəttə qızılbaşlar bunu daha sonra anladılar. Ancaq artıq çox gec idi. İş-işdən keçmişdi. Bu üzdən də varsaqlar kimi bir qismi bu fəlakəti anladıqdan sonra Anadoluya geri döndülər. “Öfkə ilə qalxan zərərlə oturar” demişlər. Ələvilər düşüncəsizcə öfkələnib qızılbaşladılar, sonra da hər şeylərini itirib tarixdən silindilər. Heç bir mənəvi miras öz soyları üçün buraxmadılar. Tarixdə buna bənzər örnək olmamış ki, bir etnos qalxıb özünü yox edərək başqa millət üçün dövlət qurub sonra da tarixdən silinsin. Nədən? Çünkü qızılbaşlıq ideyası Türk düşmənliyi əsasında şəkillənmişdi. Şeyx Heydərin qızılbaşlıq ideyası Türkləri qəbul etməzdi. Tarixdə qurulan bütün Türk dövlətləri bir Türk boyu əsasında qurulub böyümüşdü. Səlcuqlar Qınıq boyu əsasında, Osmanlı Qayı boyu əsasında, Ağqoyunlu bayındırlı boyu əsasında və… Yalnız Səfəvilər ortada bir istisna təşkil etməkdədir. Səfəvilər soylarını farsa və ərəbə bağlayırdılar. Çünkü onlar deyirdilər biz 7-ci imam Musa Kazım soyundanıq. İmamlar Hz. Hüseyn soyundan törəmiş. Bir əfsanəyə görə də Hüseynin Şəhrbanu adında bir fars qadını olmuş və imamlıq bu qadından törəmiş. Ancaq kimsə sormamış ki, İmam hüseyn bu fars qadınla hansı dildə danışırmış? Bunların hamısı uydurma və yalan, Hüseynin Şəhrbanu adında qadını olmamış. Səfəvilər də bu yalan üzərində bir ideologiya gəlişdirdilər və soylarını farsa-ərəbə bağladılar. Şiənin qeybə çəkilmiş imamı olan Mehdi də qanında Sasani və peyqəbər qanı daşıdığı üçün əbədiyətə qədər, ya da güya Mehdinin zühuruna qədər Sasani-Fars soyu müqəddsələşdirilir. Yəni Səfəvilik belə təhlükəli və kin dolu bir ideologiya olmuşdur. Qızılbaşlar farsların bu tarixi planını anlaya biləcək səviyyədə və bilgidə deyildilər. Onların kitbaları da yox idi. Saz çalıb oxumaqla dövlət yönədilməz ki. Ona görə də şiə fiqh kitabları qızılbaşlığı tarixdən sildi. İndinin özündə də Türkiyə ələvilərində İran simpatiyası var. İran-İraq savaşında ələvi ictimai rəyi İranı dəstəkləyirdi.
Sizin araşdırmalardan sonra deyə bilərikmi ki, Şah İsmayıl qəhrəman deyil? Baxır biz hansı bucaqdan baxaq bu qəhrəman anlayışına. Fars tarixinin qəhrəmanıdır Şah İsmayıl. Fars tarixçilər Şah İsmayılı qəhrəman görər və Şah İsmayılı Sasaniliyi yenidən dirildib və İranın bütövlüyünü bərqərar edən qəhrəman kimi dəyərləndirərlər. Mənə görə haqlıdırlar da. Fars tarixçilər Şah İsmayılı “fətrət” dövrünü qapadan qəhrəman kimi görürlər. Fətrəti də Sasani və Səfəvi arasındakı 900 illik zaman boşluğu kimi düşünməkdədirlər. Yəni bu 900 ildə İran Sasani dönəmindəki bütövlüyündən məhrum olmuşdur. Şah İsmayıl bu bütövlüyü qurdu. Haqlıdırlar. Çünkü Şah İsmayıl gerçək anlamda bir Sasani dövləti qurdu. Varisləri də bunu gücləndirdi və indiki rejim də Sasani-Səfəvi kimliyi ilə qürur duymaqdadır. Çünkü Şah İsmayıl Dədə Qorqud mədəniyətini ortadan qaldırıb yerinə Şahnamə tarix anlayışını yerləşdirdi. İddia edirlər ki, Şah İsmayıl ora-bura Türkçə məktub yazmış. Bunlar ilk günlərdə qızılbaşları aldatmaq üçün idi. Bütün Səfəvi dönəmindən qalan türkçə yazıları bir yerə yığsanız 50 səhifəlıik bir kitabça olmaz. Ancaq yüzlərcə və bəlkə minlərcə fars dilində tarixi, ədəbi, siyasi, məzhəbi, idari bilgilər kitablaşaraq miras qalmış. Türk millətinin Şah İsmayıl adında qəhrəmanı ola bilməz. Çünkü Türk Dünyası arasında məzhəb sınırı yaratdı. Anadolu və Türküstan arasında tarixi irtibatları kəsdi. Türk dilini fars dilinə təslim edən məzhəbi ideologiyanı dövlətin sınırsız gücü ilə yayqınlaşdırdı. Bunun harası qəhrəmandır? Onun qəhrəmanlığından bizə bugün bir yarar varmı? Kimdir onun qurduğu dövlətin varisi? Türkmənçay müqaviləsi olmasaydı indiki Azərbaycan Respublikası da tarixi Səfəvi mühitində qalıb farslaşacaqdı. Azərbaycanda sizin kitabınızın əleyhinə xeyli yazılar yazılıb. Bu yazılara münasibətiniz necədir? Kitabımın iddia etdiyi görüşləri təqdir və tənqid edənlər var, qarşı çıxanlar da. Qarşı çıxanların çoxu İranın baxdığı yerdən tarixə baxmışlar. Azərbaycanda mifləşdirilən Şah İsmayıl surətinin yalan və iftira olduğunu ifşa etdiyim üçün onların çoxunun dünyaları dağılmış və sırf dünyası dağılmışların hissi münasibətidir o yazıların çoxu. Mən Səfəviləri fenomenolji bir yöntəmlə araşdırmağa çalışmışam. Yəni Səfəvi ideyasını, Səfəvi bilgisini və Səfəvi davranışını incələmişəm. Fenomenoloji yanaşmada durum “bilgi, davranış və ülkü (ideal)” üçbucağında incələnər. Nə qədər başarılı olmuşam bu başqa məsələdir. Mənim amacım ulusumuzu Səfəvi bataqlığından azad edib evrənsəl tarix anlayışına doğru sövq etmək olmuşdur. Millətləşmənin təməl şərtlərindən biri millətin öz tarixi ilə əqli baxımdan hesablaşmasıdır. Nədən çağdaş bir toplumun dünyagörüşünü Səfəvi qaranlığı doldurmalıdır? Bu kitab kimləri narahat edirsə, demək ki, düşündürür. Çünkü düşünmək rahatlığın nəticəsi deyil, düşünmək narahat ruhun işidir. Rahat adamlar və rahat toplumlar düşünməzlər, təqlid edərlər. Cahilcə inanarlar. Modernitə “mən inanıram”la “mən bilirəm”in sınırını bəlli etmişdir. Bu kitab bir çoxlarının inandığı “qəhrəman”ın gerçək üzünü ifşa etdiyi üçün düşündürücüdür və narahat edicidir. Ona görə də belə təpkilər olacaqdı. Tarixdəki hadisələri dəyişdirə bilməyəcəyimiz bizim sual soruşmağımızı əngəlləyə bilməz. çünkü bu tarix indiki həyat tərzimizi də etkiləyir. Bu etkilərlə hesablaşmalıyıq ya yox? Keçmişi gələcəyə ülkü (ideal) olaraq göstərmək gələcəyi də qaranlığa gömmək deməkdir. Səfəvilər adında ancaq qorxunc bir qaranlıq var. Bunu nədən gələcəyə daşımalıyıq? Bu kitaba görə sizi "düşmən dəyirmanına su tökməkdə", xarici qüvvələrə işləməkdə günahlandırırlar. Bu fikirlərə cavabınız varmı? Öncə qavramların içəriyini deşmək və nə anlam daşıdığını tanımlamaq gərəkir. ”Düşmən” qavramına hansı bucaqdan durub baxmaq önəmlidir. Sovet və İran tarixçliyi bucağından baxıldığında mən gerçəkdən də düşmənəm və düşmən dəyirmanına su tökürəm. Azərbaycanın və İranda yaşayan Türklərin gələcəyi baxımından baxıldığında mən bir aydınladıcıyam. Tarixin aydınladıcısı. Yüzillərin qaranlığını aydınlatmaq toplumun alışdığı çirkin gələnəklərə qarşı gəlməkdir və bu çox təhlükəli işdir. Avropanın aydınlanma sürəcində yüzlərcə aydını sırf bu üzdən, yəni toplumun çirkin alışqanlıqlarına qarşı gəldiklərindən öldürdülər, yandırdılar. Mən özüm də İranda və ya Azərbaycanda olsaydım, bəlkə də indiyə öldürmüşdülər. Üzeyir Hacıbəylini, Mirzə Cəlili də düşmən, satılmış, kafir olaraq görmürdülərmi? Görürdülər. Məni düşmən adlandırmaqla sorun çözülməz. Mən bu aydınladıcı çalışmalaram böyük bir sürətlə davam edəcəyəm. Gəlsinlər mənim yazdıqlarımı düşüncələri ilə və tarixi qaynaqlarla çürütsünlər. Mən bu kitabda öz açıqlamalarıma daha çox önəm verirəm. Qalan şeyləri başqa araşdırmaçılar da qaynaqlardan çxırıb tərcümə edə bilər. Ancaq tarix yazmaq sadəcə olayların zamanını təsbit etmək deyil. Üç tarix anlayışı var: 1- Nəqli tarix. Olayların gerçəkləşdiyi zamanları təsbit edib nəql edər. Azərbaycanda və İranda və Şərqdə yayqın olan tarix yazarlığı budur. Bir sürü olayların tarixini təsbit etmək. 2- Elmi tarix. Olayların səbəbini, nəticəsini və səbəb-nəticə arasında olan münasibətləri araşdırar. Bu tarix anlayışı Azərbaycanda yoxdur. 3- Tarix fəlsəfəsi. ”Tarix nədir?” sualına cavab arar və bəlli bir dönəmi tarixin bütünlüyü içində incələyər, zamanların ideyalarını araşdırararaq həm tarixi aydınladar, həm də düşüncə ürətər. İndiki zamanı aydınlığa qovuşdurmaq çox önəmlidir. Mən bu üç metoddan yararlanmışam. Bu yöndə araşdırmalarınızı davam etdirirsinizmi? Yeni araşdırmanız olacaqmı? Səfəvilər kitabım çap olduqdan sonra ortaya çıxan təpkiləri oxudum və Səfəvilər kitabımın davamını yazmağa qərar verdim. Bu kitab Səfəvilərdən günümüzə qədər kültürümüzdə, kimliyimizdə, dünyagörüşümüzdəki dəyişiklikləri ehtiva etməkdədir. Ancaq bundan öncə Bayındırlı mədəniyəti üzərinə çalışacam. Hansı mədəniyəti Səfəvilərdən sonra itirdiyimiz gözlər önünə çıxmalıdır. Bu üzdən də Ruzbehan Xoncinin Bayındırlı dövləti və Bayındırlı mədəniyətinin tarixi üzərinə 15-ci əsrdə yazdığı ”Tarixi aləm arayi-Əmini” kitabını tərcüməyə başlamışam. Kimliyimiz və kültürümüz üzərinə ağlın və aydınlığın ışığı ilə zərrəbin tutmaq gərəkməkdədir. Rus mədəniyət tarixində Qoqolu zərrəbinə və Puşkini teleskopa bənzədərlər. Çünkü Qoqol Rus tarixindəki toplumu öz içindən çürüdən gələnəklərin üzərinə zərrəbin tutaraq onları böyüdüb ifşa edirdi. Puşkin isə, aydın bir gələcək təsvir edirdi. Mən düşünürəm ki, bu kitabımda həm zərrəbin, həm də teleskop yerləşdirmişəm. Kim hansını istərsə onu qullansın. Kitabım daha mükəmməl şəkli ilə yenidən çap olacaq. Gələcək nəsillər bunun üzərində çox dartışacaq və sırf bu kitab üzərinə yüzlərcə kitab yazılacaq. Kimiləri tənqid edəcək, kimləri də təqdir. Əminəm ki, yüzillər sonra təqdir edənlər daha çox olacaq və onlara mən indidən sayqılarımı çatdırıram, o aydınlanmaq istəyənlərə salam olsun! 2-3 aya kitaba bu qədər təpki gəlmişsə, görün yüzillərin axışı içində nə qədər təpkilərə yol açacaq. Mən bu kitabı sadəcə yaşayan nəsillər üçün yazmamışam. Çox uzaq gələcək üçün də yazmışam. Önəmli olan da bu düşüncə dartışmasını tariximizdə yaratmaqdır. Bizim tariximiz haqqında tənqidi düşüncələri özgələr yazmaz, özümüz yazmalıyıq. Gerçək anlamda bir millət olmaq istəyiriksə, bu yolda irəliləmliyik.