Güntay Gəncalp (Cavanşir) Səfəvilər



Yüklə 1,37 Mb.
səhifə10/14
tarix31.01.2017
ölçüsü1,37 Mb.
#7186
1   ...   6   7   8   9   10   11   12   13   14
Səfəvilərlə Avropanın ilişkisi çox yaxşı idi. Rözəxanlıqdan sorumlu Səfəvi vəziri Doğu Avropa ölkələrinə göndərilir. Onların dini mərasimlərinə qatılıb incələmələrdə bulunur. Həvarilər və xristianlıq tarixində şəhid olanlarla ilgili keçirilən yas törənlərini olduğu kimi gətirib şiə yas mərasimlərində tətbiq edirlər. Camilərdə kollektiv növhə törənləri, aşura şəbihçiliyi, oyunları və ağlaşmaları kimi törənlər tamamən xristianlardan alınmışdır.397 Şiə-fars şəriəti üzərinə qurulan Səfəvilərin dövlət budcəsi Kərəki kimi naib-ul imamların əlində idi. İstədikləri hökmü çıxarıb, istədikləri fərqli məzhəbi düşüncəni yerindəcə boğa bilirdilər. Bu qorxunc tətbiqat üzündən Səfəvilərdən öncə əhalisinin tam əksəriyəti sünni olan Azərbaycanda bir tək sünni qalmadı, hamısının kökünü qazdılar. Çünkü sünni təlimləri şiə şəriətinin “naib-ul imamlıq” qurumu və dini anlayışı ilə ziddiyətdə idi. Böyləcə Azərbaycanın öz soyundan və tarixi anılarından qoparılaraq başqa bir istiqamətə yönləndirilməsi başarı ilə gerçəkləşdi.
Millətlər məzhəb və din dəyişiminə girdiklərində onların kollektiv və tarixi bilincaltı böyük zərbə alır. Millət əski ulusal xatirələrindən qopmaq zorunda qalır. Səfəvi-şüubiyə tətbiqatı nəticəsində Azərbaycan türklüyünün ortaq əski türklük xatirələrindən qopması hızlandı. Səfəvilərdən öncəki kollektiv bilincaltı silindi. Səfəvilər öncəsi ortaq tarixi bilincaltında hansı xatirələr var idi? Bayındırlı mədəniyətinin anıları, Səlcuqlu yayılımcılığı, Dədə Qorqud dastanları. “Bayındır”, “qorqud”, “qazan”, “əlvənd”, “göyxan”, “dənizxan”, “ayxan” kimi anlamlı adlar məsxərə edildi və yerinə “fəramərz”, “fərrux”, “sam”, “qismət”, “qənimət”, “əntiqə”, "zəqifə", "səfihə", "zabitə" kimi gülünc adlar yerləşdirildi. Çünkü artıq Azərbaycan türklüyü öz milli kökündən qoparılmış və fars milliyətçiliyinin hədəfi yolunda hərəkətə keçirilmişdi. Bu gün İranda iki milyon civarında olan, ancaq məzhəbini dəyişdirməyən Xorasan türkmənləri öz əski tarixi anılarından qopmadıqları üçün asimilə olmurlar. Ancaq Azərbaycan türklüyü asimilasion yoluna qoyulmuş. Çox qolayca farslaşır. Farslaşmasında əngəl yoxdur. Türkmənlərin farslaşmasını önləyən fərqli inanc amili var.

Kərəki şiə fiqhini dövlətin omurqası halına gətirdikdən sonra xanigahlara qarşı savaş açdı. Səfəvi dövlətini quran Ərdəbil xanigahı idi. Bütün xanigahlar qapadıldı. Mal varlıqlarına əl qoyuldu və şiə mədrəsəsinin hesabına keçirildi. Xanigahları ibtal edib “hüseyniyə”yə dönüşdürdülər. Xanigahlarda səmazənlik, sufi davranışları da yasaqlandı və hər şey “hüseyniyə”lərə devr edildi. Şah İsmayılın zamanında “hüseyniyə”lərə rast gəlinməməkdədir. Bu dönəmdə xanigahlar aktivdir. “Hüseyniyə” Pəhləvilər dönəminə qədər sünni düşmənliyini bərkişdirən mərkəzlər idi. Burada ağlaşırlar, Hüseyni xatırlayıb və onu öldürən “sünni!”lərə lənətlər yağdırır sonra da coşaraq sinə və zincir vurur, baş yarırdılar. Xanigahların hüseyniyəyə dönüşmə macərası da qızılbaşlığın tarixdən dışlanmasına yol açırdı. Xanigahlarda ifa edilən muğamlara da yasaq gətirildi. Muğamlar hüseyniyyələrin mərsiyə mərasiminə tabe edildi. Üzeyir Hacıbəyli bunu “qina”nın yasaqlanması olaraq nitələr. Qina, yəni həzz doğuran zəngulə. Qina xanigahlarda sərbəst ikən hüseyniyyələrdə yasaqlandı.*

Kərəki Bayındırlılardan və Qaraqoyunlulardan qalan cami memarlığını ortadan qaldırmaq fikrinə düşdü. Bir fətva çıxardı ki, sünnilər müsəlman olmadıqları üçün qibləyə önəm verməmişlər və camilərin qibləsi yanlışdır. Bütün camilər sökülməlidir. Ancaq Kərəkinin bəzi fətvaları müxaliflərinin və rəqiblərinin etirazları ilə qarşılaşırdı. Onu yeni məzhəb gətirməkdə suçladılar və onu “məzhəb ixtiraçısı” adlandırdılar.398 Kərəkinin məğlub edib Qəzvindən uzaqlaşdırdığı rəqibləri deyirdi: Qibləni bəlli etmək fəqihlərin işi deyil, mühəndislərin işidir.399 Kərəki isə, deyirdi ki, mən naib-ul imamam. İmam Mehdi bu bilgiləri mənə verir və bu bilgilərin qaynağı haqdır. Kərəkinin bu sözlərindən qorxan Şah Təhmasib də onun tərəfini saxlayırdı və ölkədə təxribatlar davam edirdi. Qızılbaşların tək düşmənləri sünni idi. Ona görə də zeydiyə, ismailiyə kimi digər şiə məzhəblərinə toxunmazdılar. Ancaq Kərəki və çevrəsi imperatorluqda bulunan bütün zeydiyə və ismailiyələrin cəfəri şiə məzhəbinə keçmələri üçün fətva çıxardı. Çox qısa sürədə imperatorluqda onlardan əsər-əlamət qalmadı. Səfəvi dövləti isna-əşəri şiə üzərində qurulma sürəcini tamamladı. Yəni isna-əşəri məzhəbi içində bütünüylə İrani kimliyə təslim edildi. Kərəki tətbiqatında sərbəst olsun deyə Şahdan onun tətbiqatını təyid edəcək bir əmr çıxarmasını istədi. Şahın bu yöndə bir əmri qızılbaşlar arasında və ölkədə yayıldı:

Kim Xatəm-ul müctəhid, seyidlər elminin və naib-ul imamın varisi olan Şeyx Kərəkinin buyuruqlarına təslim olmazsa, mürtəddir və cəzalanmaldır.400 Kərəki Şahın bu hökmünü əldə etdikdən sonra öz şiə devrimlərinə davam edəcək və rəqibləri olmayacaqdı. Bu fərman çıxdıqdan sonra rəqiblər ya susmaq, ya da fərar etmək zorunda qalacaqdılar. Camilərdə, məscidlərdə dini təbliğata göndərilənlər artıq qızılbaşların kontrolundan çıxmış və ölkənin dini işlərini əlində bulunduran Kərəkinin kontroluna keçmişdi. Xanigahların yerinə yeni məscidlər yapılır və yeni şiə bilgiləri təbliğ edilirdi. Kərəki tam yeni kadrları ilə dövləti ələ keçirmiş və özündən öncəkiləri uzaqlaşdırmışdı. Əski xatirələri olmayan kadr yetişdirmək üçün yeni yöntəm gəlişdirildi. Ata-analarını təbərrayan dəstələrinin öldürdükləri balaca uşaqları yetimxanaya alıb onları həm şiə tərbiyə edirlər, həm də olqunlaşdıqlarında bir kadr olaraq təbliğat üçün ölkənin dəyişik yerlərinə göndərirdilər.

İskəndər bəy Türkmən bu olayı anlatmışdır: Şiə ölkələrində, xüsusilə Məşhəddə, Səbzəvarda, Astarabadda, Qumda, Kaşanda, Yəzddə, Təbrizdə və Ərdəbildə şah qırx nəfər yetim qıza və oğlana libas verir, ehtiyaclarını təmin edirdi. Onları şiə məzhəb müəllimlər və əməli saleh xidmətçilər vasitəsi ilə tərbiyələndirir və həddi-büluğa çatanları bir-biri ilə evləndirirdi.401 Kadrlar tərbiyə olduqdan sonra onların kiminlə evlənmələrinə də İskəndər bəyin anlatdığına görə dövlətin dini qurumu qərar verməli imiş. Çünkü dövlət onları bəlli amaclar üçün tərbiyə edib yetişdirmişdi və dövlətin dini politikasının xidmətində olmalı idilər. Əli bomboş Lübnandan Qəzvinə gələn Kərəki öldüyündə var-dövləti şahınkına bərabər idi. Kərəkinin ölümündən sonra özünü seyyid olaraq tanıdan Kərəkinin qız nəvəsi Mirseyid Hüseyn Cəbəlamil iş başına gəldi.

Mirseyid Hüseyn Cəbəlamil xatəm-ul müctəhidin (Kərəkinin) qız nəvəsidir. Şah zamanında (Şah İsmayıl) Lübnandan gəlib, bir müddətdə Ərdəbildə tədrislə, şeyx-ul islamlıq və şəri işlərin həlli ilə məşğul oldu. Sonra ali dərgaha gələrək müctəhidlik iddiasında oldu. Şahın diqqətini özünə cəlb etdi.402

Kərəki və varislərinin Şah Təhmasibin 52 illik uzun sürəli səltənəti zamanında tərtib və tətbiq etdikləri teoriləri toplumda yeni bir qatman, yeni bir nəsl oluşdurdu. Özləri üçün intizamlı bir sistem qurmuş olan şeyxlər insanların ruhunu dəyişdirmək və onlardan düşünməyən itaətkar məxluqlar oluşdurmaq üçün bütün yöntəmləri denədilər. Dövlətin içində dərin bir dövlət qurmuş, gerçək söz sahibləri özləri olmuşdu. Səfəviyə dövlətindəki dini yapılanma bütünüylə Sasani dövlətinin dini qurumlarına uyqun olduğundan, bir çox orientalistlər Səfəvi dövlətini bu baxımdan İran-Sasani kimliyinin dirilişi kimi dəyərləndirmişlər. Fars tarixçiləri də Səfəvi dövlətinin quruluşunu İran tarixində istisna dönəm kimi dəyərləndirir və İranın bütünlüyünü quran ideolojinin bu dönəmdə şəkilləndiyini vurqularlar. Səfəvi dövlətində şiə kimliyi ilə İrani kimlik bir-birinə öyləsinə hörüldü ki, türk və ərəb kimi başqa yan amillər tamamən iqtidarsızlaşdırıldı, yox edildi. Azərbaycan türkləri Səfəvilər dönəmindən devşirilərək şüubi-İrani kimliyin kor fədailərinə dönüşdürüldülər. Sadəcə 19-cu əsrin ortalarından modern İrani kimliyin fəlsəfəsini yazmadılar. 1979-cu ildə İranda inqilab olduğunda ortaya çıxan boşluq üzündən Xorasan türkmənləri milli haqlarını istər oldular. Xomeyninin istəyi üzərinə Təbrizin İnqilab Ordusu gedib Xorasan türkmənlərini boğub, öndərlərini də qətl etdi. İran-İraq savaşında ortada qullanılan və İranı bütünlüyünə qovuşduran yenə də Səfəvilər zamanından başlayaraq devşirilən Azərbaycan türkləri oldu. Bu baxımdan səfəvilik sasaniliyin dirilişi kimi görülə bilər. Çünkü Sasani sayağı İslama yorum gətirildi. Kitabları, düşüncə öndərləri və vizionları olmayan qızılbaşlar bu şəklidə İran milliyətçiliyinə yem oldular. Tarixdə bir xəbər olaraq, sadəcə adları miras qaldı. Əməklərinin məhsulu kimi öz soylarına heç bir şey miras qalmadı. Bayındır-Dədə Qorqud mədəniyətini Təbrizdə devirib yox etdilər, ölkəni də farslara buraxıb tarixin qaranlıqlarında itib batdılar. Qızılbaşların bu qədər yüksəliş həyəcanlarına rəğmən, kitabsız, dilsiz və vizionsuz olduqlarından necə də qolayca tarixdən dışlanmaları çox ibrətverici bir örnəkdir.



Kərəki “təvəlla-təbərra” qavramlarını da dərinləşdirdi. Bu haqda “Nəfəhat-ul lahut fi lə´n-ul cebti vəl tağut”* (Cebt və tağutun lənətlənməsində ilahi qoxular) adlı bir kitab da yazdı. Kərəkiyə görə cənnətə getmək üçün cebt və tağuta sürəkli lənət göndərmək gərəkir. Cebt və tağut Quran dilində Məkkədəki bütlər olaraq bilnir. Kərəki isə, Əbubəkiri cebt və Öməri tağut adlandırır. Kərəki bu əsərində Əbubəkir və Ömərin münafiq olduğunu deyir. Onlar Kərəkiyə görə peyqəmbərdən sonra İslamı parçalayıb sünni məzhəbinə çəkmək üçün müsəlman olmuşlar. Sünnilər də bunları peyqəmbərin yavəri qəbul etdikləri üçün kafir və dinsizdilər. Quranda keçən “cihad” hökmünün də sünnilərə qarşı savaş olduğunu açıqladı. Bu əsərində Şah İsmayılla Şah Təhmasibi də yeddinci imam Musa Kazimin soyundan olduqlarını yazır və onlara qeyblərdən bərəkət və yardım gəldiyini savunur. Namaz bitdikdən sonra Əbubəkir və Ömərə lənət göndərmənin gözəlliklərini anladır. Günümüzə qədər davam edən bu ənənə “aşura ziyarəti” adlanır. Hər namaz sonrası, özəlliklə aşura namazlarında Əbubəkirə, Ömərə, Osmana, Müaviyəyə, Yəzidə lənət göndərilməzsə, şiə əhlinin namazı qəbul edilməz. Cəfər Sadiqin də namaz sonrası onları lənətlədiyini söyləyir. Əbubəkir və Ömərdən təbərra etməyənin cəhənnəm atəşində yanacağını yazır. Onlardan təbərra etmək hər müsəlman üçün vacibdir. Qiyamətdə lənət göndərməyənlər Allaha cavab verməli olacaqlar. Əbubəkirin peyqəmbərə maddi yardım etdiyini söyləyirlər. Bu, açıq yalandır. Peyqəmbər hicrət etdiyində (Məkkədən Mədinəyə getdiyində) Əbubəkir ona dəvəsini para ilə satdı. Bütpərəst olan Əbubəkir necə peyqəmbərin dostu ola bilərdi? Tanrı düşməni olan Əbubəkirlə peyqəmbər dostluq etməzdi. Əli isə, heç bir zaman bütpərəstlik etməmişdi və Allah onu peyqəmbərin canişini etmişdi. Əbubəkir zalim və məlun idi, sünnilər də onun arxasınca getdiklərindən zalim və məlundurlar.403 Daha sonra Ayişə haqqında yazır. Sünnilərcə Ayişə öz ictihadına görə davranmış. Ayişənin öz ictihadına görə davrandığı iddialarını kötüləyir. Sünnilərin bu iddiası batildir. Çünkü Ayişə Əliyə qarşı savaşdığı üçün məlu´n idi. Bir halda ki, Ayişə peyqəmbərin Əliyə “səninlə savaşan kim olursa olusn mənim də düşmənimdir” söylədiyini bilirdi. Daha sonra imamın seçilməsinə qarşı çıxır. Çünkü Kərəkiyə görə imam seçilməz, Tanrı tərəfindən təyin edilər. Səqifə-i Bənisaidə´də Əbubəkirin seçildiyini şeytan işi sayır. Çünkü Əlinin eşi və peyqəmbərin qızı Fatimə bu seçimi qəbul etməmişdi. Kərəki daha sonra Təlhə və Zübeyr məsələsinə keçir və onların da kafir və mürtəd olduqlarını yazır və lənət edilmələrində xeyirlər olduğunu savunur.404 Uzun-uzun əfsanələr anladır ki, şiənin tək düşməni sünnidir və başqası deyildir. Kərəkinin sistemələşdirdiyi bu görüşlər axundlar və mollalar tərəfindən əzbərlənərək kənd məscidlərində bilə, əhaliyə söylədiləcəkdi. Günümüzdə bu təbliğat hələ də davam edir və məhərrəmlik törənlərində, Əbubəkirə, Ömərə, Ayişəyə camilərdə bir ağızla lənət göndərirlər. Bu, 500 illik uzun bir zaman içində alışqanlıq halına gəlmişdir, tərk edilməsi çətin məsələdir. İnsanların ruhuna əkilmiş səfəvi nifrət teorisi qolaylıqla ortadan qaldırılamaz. Kərəkinin bu görüşü İran şiə inqilabının öndəri Xomeyni tərəfindən də dilə gətirilmişdir. Xomeyni “Ömər kafirliyin, fəsadın və pisliklərin qaynağıdır”405 yazmaqdadır.

Bu tarixin sonucu isə, bizik. Biz türklər. Daha doğrusu əskidən türk olub və səfəviyətlə türksüzləşən, nifrət teorisinin zindanında həbs edilərək farslaşan biz türklər. Zaman keçdikcə Kərəkinin teoriləri İrani kimlikdən yana olanlar tərəfindən daha da fərqli şəkildə təfsir edildi. Üzərinə bolca ədəbiyat yapıldı. Bir sürə sonra fars dilinin uzmanları olan türklər özləri də bu türk düşmənləri qatarına qatılaraq özlərinə qarşı bilgilər ürətməyə başladılar. Nədən? Çünkü şiə-şüubiyə inancı toplumun yaşam biçiminə dönüşmüş də o üzdən. Toplumların mədəniyətləri bəlli ortaq inanc odaqlı olaraq şəkillənər. Bu inanc isə, fars kimliyi ilə özdeşləşdiyindən ona bərk-bərk sarıldıqca bir o qədər də türksüzləşmə və farslaşma gerçəkliyi ortaya çıxmışdır. “Bir toplumun siyasi və iqtisadi orqanizasionu çökərsə, onun mədəniyəti yaralanar, ancaq çökməz. Bir toplumun inancı çökərsə, onun mədəniyəti yox olar, çünkü mədəniyətin orta dirəyi inancdır.”406 Bu gün İranda türklərin dilsizləşməsi, düşüncəsini və dilini itirməsinin səbəbi Dədə Qorqud kimi kitabın ortaya çıxmasına imkan sağlayan Bayındırlı mədəniyətinin inancından qopması və şüubiyə inancının içində ruhunu həbs etməsidir. Bir toplum öz fitrətini buraxıb yabancı və özgə bir fitrəti yaşamağa başladığında zaman axışı içində tarixdən silinib yox olar. Qızılbaşlıq və səfəvilik yabancı bir fitrət olduğundan ona uyum sağlamaq farslaşma ilə bənzər anlam daşımışdır.

Təhmasibin ölümündən sonra qanlı iqtidar savaşı başladı. İkinci İsmayıl, Təhmasibdən sonra taxta çıxdı. İkinci İsmayıl doğası etibarı ilə barışcıl adam idi. Ölkədə sünni öldürmənin qarşısını almaq istədi. Bu üzdən təbərrayanın küçələrdə bir daha Əbubəkirə, Ömərə,, Osmana, Ayişəyə lənət göndərmələrini yasaqladı. Ancaq onun bu istəyi qızılbaşların və mollaların etirazı ilə qarşılaşdı və 15 aydan artıq iqtidarda qala bilmədi. İsmayıl Mirzənin yeməyinə zəhər qarışdırmışdılar. Bu zəhərdən öldü.407 Çox mürəkkəb bir fitnə ilə öldürüldü və kor oğlu Məhəmməd iqtidara gətirildi. Səfəvi xanidanından hər kəsi öldürdülər və yalnız bu kor Məhəmməd diri qaldı, onu taxta çıxardılar. Mollalıq qurumu öyləsinə güclənmişdi ki, onun istəyinə qarşı gələn şah da ortadan qaldırılırdı. Kor padşahın da edəcəyi bir iş yox idi. Müqəvva kimi taxtda oturmuş və bütün səlahiyətləri buraxmışdı dini quruma. Daha sonra Şah Abbas bütün qardaşlarını öldürüb iqtidarı ələ keçirdi. Şah Abbasın xoşbəxtliyi onda idi ki, İngiltərə dünyanın super dövləti kimi ortaya çıxmışdı. İngiltərə Osmanlının arxasında güclü bir dövlətin olmasından yana idi. İngiltərənin dəstəyi ilə Səfəvi dövləti güclənməyə və Osmanlıya qarşı savaşlara hazırlanmağa başlayacaqdı. Təbriz və Həmədan kimi şəhərləri Osmanlıdan geri alacaq və Təbriz İran Səfəvisinin işğalında qalacaqdı. Şah Abbas dönəmində İngilis casusların Səfəvi sarayında sərbəst dolaşdıqları haqda bir sürü bilgilər vardır. Ancaq bu qonunu burda durdurub və İkinci Şah İsmayılın təbərra dəstələrini ibtaletmə girişimi üzərində bir az duralım. İskəndər bəy Türkmən bu haqda yazır: İsmayıl Mirzə küçələrdə təbərraçıların Əbubəkirə, Ömərə və Ayişəyə lənət göndərməsini yasaqlayır. Bunun üzərinə mollalar və qızılbaşlar arasında Şahın sünni olduğu söz-söhbəti dolaşır. Şah İsmayıl Mirzə və´z məclisinə on iki qorçi göndərdi ki, təbərra dilini açan hər kəsi cəzalandırsınlar. Bir cümə axşamı və´z məclisi quruldu məclisin sonunda Dərviş Qənbər Təbərrayi bu beyti oxudu:

Əli və soyuna salavat göndər,



Əli düşməninə daim lənətlər!

Mirzə Məxdum bu kinayəyə dözdü, amma çox keçmədi ki, qorçilər Dərviş Qənbəri elə kötəklədilər ki, başı bir neçə yerdən yarıldı. Bu məsələni bildikləri zaman şiələrin gözlərindən həsrət yaşları axmağa başladı. Bu hadisədən sonra İsmayıl Mirzənin sünniliyi barədə camaatın gümanı daha da çoxaldı, araya gizli danışıq düşdü, bu məsələdən qızılbaş əqidəsi zərərə düçar oldu, amma heç kimdə bu barədə danışmaq curəti yox idi. Bütün üləmalardan bədgüman olan İsmayıl Mirzə Mir Seyid Hüseyn Müctəhidə, Mir Seyid Əli Xətibə və şiəlikdə və təbərrada üstün olan bütün astrabadlılara başqalarından daha çox iltifatsızlıq göstərdi və onların bəzisini ordudan çıxardı. O, Mir Seyid Hüseynə bütün elmi kitablarının bir evə toplanıb möhürlənməsi əmrini verdi. Onu yaşadığı mənzildən çıxarıb, evini müsadirə etdilər. İsmayıl Mirzə buyurdu ki, ömürləri boyu "əşərə-i mübəşşirəni" (peyqəmbər tərəfindən cənnətlə müjdələnən on kişi) lənətləməyən islam əhlinə müəyyən məbləğ pul nəzir olsun. Mirzə Məxdum Şərifi o adamları müəyyən etməyə başladı. Tamahkar adamların çoxu özlərinin sünni olduqlarını bildirdisə də, qəbul edilmədi. Bütün ömürləri boyu əshabələrə qarşı özlərinın lənət ağızlarını açmayan bir dəstə Qəzvin camaatı adlarını yazdırdı. Qədim zamanlardan bəri şafei məzhəbindən olan bir dəstə qəzvinlini Mirzə Məxdum təsdiq etdi və onlara iki yüz tümənə qədər pul verdi. Amma, həmin məbləğ pul İskəndər şanlı nəvvabın hakimiyyəti vaxtı onlardan geri alındı və onların etibar kisələrində sünnilik bədnamlığından başqa heç nə qalmadı. Xülasə, İsmayıl Mirzənin sünnilərə rəğbəti barədə türk və tacik camaatı arasında fikir yarandı, amma onun qorxusundan heç kəs bu haqda bir söz deməyə cürət etmədi. Cənnətməkan şahın hakimiyyəti vaxtı təbərra xüsusunda söz danışan və indi də öz sözlərindən dönməyən bəzi üləmalar sakitcə dayandılar, etibardan düşdülər, onların xidmətləri qadağan edildi və çağrış olmadan saraya gəlmək hüququndan məhrum oldular... Amma, qızılbaş əmir və əyanları söhbətin belə aparılması ilə qətiyyən razılaşmırdılar. Bir gün isə onun məclisində dedilər ki, məscidlərdə şeir demək və divarlara şeir yazmaq haramdır, Qəzvin məscidinin divarlarısa, camaatın yazdığı şeirlərlə doludur. İsmayıl Mirzə həmişə şiəlik tərəfdarı olan Mir Zeynalabdin Möhtəsib Kaşiyə məscidlərə gedib, divarlardan şeirləri pozmaq əmrini verdi. O da, gedərək, İsmayıl Mirzəyə xoş gəlsin deyə, Əli və məsum imamlar barədə yazılmış mədhiyyələri də pozdurdu. Bu iş bəzi adamların xoşuna gəlmədi, türklər arasında söz-söhbət yarandı. Bəzi əmirlər və əyanlar "Baği-Səadətabad" sarayında yığışıb belə dedilər: "Camaat Şahın doğma oğlu və Şeyx Səfi və Əli ibn əbu-Talib fərzəndi olan mürşidimizin və vəlinemətimizin məzhəbi barədə qəribə söhbətlər danışır və onu şahın düşmənləri ilə dostluqda günahlandırırlar. Bu, çətin ki, belə olsun. Bilmirəm ki, belə söz-söhbətə səbəb nədir? Camaatın belə danışığına səbəb nə olmuşdur? Bizim sədaqətimiz və sufiliyimiz müşkülata düçar olmuşdur. Bu müşkülatın həll olunması üçün Şahın yanına getməyə cürətimiz yoxdur. Bəzi ağsaqqallar və ağıllı adamlar deyirlər ki, belə söhbətlər qızılbaş etiqadı ilə düzgün gəlmir və bu ailəyə qarşı küfrdür. Niyə biz bu xüsusda olan ehtimallara inanaq? Yox, əgər Şah tərəfindən bəzi məsələlər ortaya çıxmış və boşboğaz adamların tə´nəsinə səbəb olmuşsa, bunun özü də əsassız deyildir. Bu xüsusda heç danışmamaq məsləhətdir, çünki padşahın hüzurunda bu haqda söhbət etmək biz bəndələr tərəfindən ədəbsizlikdir. Ayrıca, kimin həddi vardır ki, bu barədə ondan bir söz soruşa bilsin?”408 Daha sonra Şah haqqında söz-söhbət böyüyür və sonunda şahın öldürülməsi ilə nəticələnir. Anlaşılan budur ki, təbərraçılar o qədər güclənmişdilər ki, dövlətin başçısı bilə, onlara batışa bilməmiş.

Təbərraçılar böyləliklə tarixdən silinmədilər. Gündən günə gücləndilər. Günümüzdə də camilərdə onların lənət yağdırmaları davam etməkdədir. Əhməd Kəsrəvi Məşrutə hərəkəti zamanında da onların aktiv olduqlarını yazmaqdadır: Səfəvilər zamanından Təbrizdə mövcud olan təbərraçı dərvişlər məşrutə zamanlarında da aktiv idilər. Bunlara həm də “lənətçi” deyilir. Lənətçilər, özəlliklə məhərrəm ayında İslamın ilk çağlarındakı peyqəmbərin yaxın yandaşlarına yüksək səslə lənət göndərirlər.409

Şah Abbas dönəmində Lübnandan molla axını nisbətən dursa da, Şah Abbasın ölümündən sonra yeni axınlar başladı. Ancaq xürafat yuvalanmışdı və Şah Abbas özü də bunlardan biri idi. Möhtəşəm Kaşani Şah Abbasın özəl şairlərindən biri olmuş. Şahın səfərlərində yanında bulunur və onu farsca yazdığı şeirlərlə mədh edirdi. Bir gün Şah Abbasa yazdığı mədhiyəsini oxuyur. Şah əsəbləşir və deyir: Nədən məni “kəlbəli” (Əlinin köpəyi) deyə vəsf etməmisən? Mən Əli qapısının köpəyiyəm. Bir daha məni “kəlbəli” olaraq mədh etməsən ağzını qaynar qurşunla doldurram. Kaşani cavab verir ki: Mən bir şairəm. Fərq etməz, Siz kimi istəsəniz onu mədh edərəm.410

Bu molla axınının içində Molla Məhəmməd Baqir Məclisi də var. “Bəhar-ul ənvar”, “Haqq-ul yəqin” və “Helyət-ül müttəqin” kitablarının yazarı olan Məclisi, Kərəkinin xürafələri üzərinə başqa xürafələr artıracaq və bu xürafələrindən dolayı da dövlət tərəfindən ödüllənəckdi. 110 cilddən ibarət olan “Bəhar-ul ənvar”ın bir tək cildi bir milləti tarixin qaranlğına gömməyə yetərlidir. Zâtən tarixin qaranlığına gömülüşümüzün də nədəni bu xürafələr oldu. İslamiyəti öz ana qaynağından ayırıb irqçi bir təfsirə tabe etdilər. Molla Məhəmməd Baqir Məclisinin İslam anlayışına baxalım:



Öncə siratın (yolun) doğru olduğuna inanmalısınız. O da cəhənnəmdə bir körpüdür ki, bütün yaranmışlar qiyamət günündə onun üstündən keçəcəklər. Onu sirat körpüsü olaraq açıqlayırlar. Qıldan incə, qılıcdan kəsərli və atəşdən yaxıcıdır. Mömin olanlar ılıdırım hızı ilə bu körpünün üstündən keçib cənnətə girəcəklər. Suçluların ayaqları titrəyəcək cəhənnəmə düşəcəklər. Cəhənnəmin yeddi qatı var. 1-Cəhənnəm. 2- Sə´ir. 3- Səqər. 4- Cəhim. 5- Ləza. 6- Hətəmmə. 7- Haviyə. Cəhənnəmin içkisi isti həmim və qətran, yeməyi də zəqqumdur. İsti həmim çirk və irindən ibarətdir. Bu, elə bir içkidir ki, ondan bircə damla dənizə düşərsə, dəniz suyundan içən bütün canlılar məhv olar. Cəhənnəmdə içində 70 min ev olan bir zərrə var. Hər evin də içində 70 min otaq. Hər otaqda 70 min əfi´ ılan. Hər əfi´nin qarnında 70 min zəhərli saxsı qab var. Cəhənnəmin atəşinin hərarəti 70 dərəcə bu dünyanın atəşindən artıqdır. Ayrıca, cəhənnəmin 40 bucağı var. Hər bucaqda 40 ılan var. Hər ılanın qarnında 330 əqrəb var. Hər əqrəbin ağzında 330 zəhərli diş var. Cəhənnəmdə dərin bir quyu var. Bu quyunun qapağı çəkildiyində atəş püskürür. Səud adında misdən bir dağ var. Bu dağın içində qaynar misdən oluşan bir axar çay var. Cəhənnəm əhli bu dağın içindəki qaynar misdə yanmaqdan əzab çəkəcəklər. Cəhənnəm əhlinin ayaqlarında atəşdən buxov var. Bu buxovun hərarətindən başlarının içi qaynayır.411 Səfəviyənin mötəbər qaynaqlarından olan biri də Məclisinin “Həq-ul yəqin” əsəridir. Bu kitab da xurafatdan əlavə Əbubəkir və Ömər düşmənliyi üzərinə yazılmışdır: İmam Cəfər Sadiq demişdir ki, cəhənnəmin yeddi qapısı var. Bu qapının birindən Ferun, Haman və Qarun girəcək. Bunlar əslində Əbubəkir, Ömər və Osmandan başqa kimsə deyillər...412 Fələq cəhənnəmdə dərin bir quyudur ki, cəhənnəm əhli orada əriyəcəklər.413 Əbubəkir, Ömər, Osman, Müaviyə, İbni-Mülcəm cəhənnəm atəşində yanacaqlar...414 Cəhənnəmdə bir atəş var ki, Ömərdən başqa kimsəni yandırmaz, çünkü Ömər Hz. Əlinin haqqını yemişdir və Əlinin peyqəmbərin varisi olduğunu təkzib etmişdir.415 Allah Hz. Adəmi yaratmadan iki min il öncə yazmışdı ki, Məhəmməd rəsullahdır, Əli onun yardımcısıdır və Əbubəkirlə Ömər onların düşmənidir.416 Peyqəmbər buyurmuşdur ki, kim Əlinin imamətini inkar etsə, məni inkar etmiş olur, məni inkar edən Allahı inkar etmiş olur.417 Peyqəmbər buyurmuşdur ki, Əli ilə savaşan mənimlə savaşmış kimi olur. Bizim etiqadımız bunadır ki, bu dörd erkək və qadın bütdən uzaqlaşıb onlara lənət göndərmək gərəkir: Əbubəkir, Ömər, Osman, Müaviyə, Ayişə, Həfəsə, Hind və Ümmülhikəm.418 Rəvayətdir ki, Əbuhəmzə Səmali İmam Sadiqdən Əbubəkir və Ömər haqqında sormuş. Cəfər Sadiq buyurmuş ki, Əbubəkir və Ömər kafirdirlər. Onları qəbul edənlər də kafirdir.419 İmam Mehdi zühur etdiyində Ayişəni dirildib onu qırmaclayaraq cəzasını verəcəkdir.420 Səfəviyədən sonra bir sinif halına gələn mollalıq öz seksual ehtiyacları üçün də qaynaq oluşdurmağa başlamışdır. Əllamə Məclisi şiənin ən önəmli alimlərindən biri kimi bilinməkdədir. Onun bütün kitablarında seksoloji haqqında bilgi vardır. Qadınların bacaqlarının arasının yalanıb yalanmaması haqqında da imamlara istinadən bilgi oluşdurmuşlar: “İmam Cəfər Sadiqdən sordular: Qadınların bacaqlarının arasını yalamaq olarmı? İmam Cəfər Sadiq buyurdu: Saqıncası yoxdur, yalaya bilərsiniz. İmam... Cəfər Sadiqdən sordular ki, eyni anda iki kənizlə seks yapmaq olarmı? İmam buyurdu: Eyni anda iki kənizlə seks yapa bilərsiniz, amma eyni anda iki azad qadınla seks yapmanın saqıncası var.”421 Əslində seks haqqında bu qədər utanmazcasına açıqlamalarda bulunan Səfəvi mollası nə etmək istəmişdir? Feodallaşaraq azqınlaşan və evini kənizlərlə dolduran mollalar cinsi azadlıqları və azqınlıqları üçün imamlara dayanan qaynaqlar oluşdurmaq istəmişdir. Hz. Ömərin yasaqladığı mütə də (qadınların məta və əşya kimi istifadə edilməsi) şiənin vaz keçilməz qurallarından biridir. 500 ildir Türk insanınlın qanı və əməyi ilə mollalıq qurumunun süfrəsi nemətlərlə zənginləşmişdir.

16-cı əsrdə Avropa Orta Çağ qaranlığından ayrılıb aydınlanma rönesansına girdiyi bir zamanda bizim ağlımızı bu kimi xürafələrlə qaranlığa gömmüşlər, Doğu Orta Çağının qorxunc qaranlığına. Bu qaranlıqda doğrunu görmək olmaz. 16-ci əsrdə insan ağlının önündəki əngəllər Qərbdə qaldırılmağa başlarkən, bizdə insan ağlının həbs edilməsinə fərman verilmişdir.

Osmanlı dövlətinin gətirdiyi sünni şəriəti qəbul etməyən Ələvi türkmənlər dövlətləşdikdən sonra şiə şəriətini mənimsəyən Səfəvilər tərəfindən də dışlanaraq yalnızlaşdılar. Yoxluğa tərk edildilər. Varlıqları bilə, tarixdə qalmaz oldu.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin