H Ə m ş Ə xani m 3 pərdə 5 şəkildə komediya


Gülüşürlər. Ə l ə s g ə r. Bura yeri deyil, sonra sənə başa salaram. Həmşəxanım çay, mürəbbə, meyvə gətirib stola düzür



Yüklə 424,9 Kb.
səhifə4/4
tarix09.03.2017
ölçüsü424,9 Kb.
#10791
1   2   3   4

Gülüşürlər.
Ə l ə s g ə r. Bura yeri deyil, sonra sənə başa salaram.
Həmşəxanım çay, mürəbbə, meyvə gətirib stola düzür.
H ə m ş ə x a n ı m. Qızcığaz elə demişdi a... Bibi, bu günlərdə sürpriz eliyəcəm. Oğlanı sənin yanına gətirəcəyəm.

C ü m ə z a d ə. Oğlan gəlmədi. Bayırda gözləyir.

M u x t a r. Elə utancaqdır ki...

C ü m ə z a d ə. (konspektini çıxarıb ayağa qalxır). Gündəlikdə bir məsələ durur, yoldaşlar: bizim qaynar həyata atılmaqda olan gənc nəslin xoşbəxt ailə qurmaq məsələsi. Siz də, biz də çox gözəl bilirik ki, cavanlar bir-birlərini təmiz məhəbbətlə çoxdan sevirlər. Bu gəlişimiz, orta hesabla, formal xarakter daşısa da lazım idi. Mənim oğlum gözəl, ağıllı, düşüncəli, tərbiyəli və bu kimi müsbət xüsusiyyətlərə malik nədir? Bir uşaqdır.

Ə l ə s g ə r. Dayan, dayan qızı istəyən sizin öz oğlunuzdur?

C ü m ə z a d ə. Bəli.

Ə l ə s g ə r. Diləz də onu sevir?

M u x t a r. Əşi, ölürlər bir-biri üçün ey. Leyli Məcnun! (Başını stola söykəyib mürgüləyir.)

Ə l ə s g ə r. (ayağa qalxır). Diləz o oğlanı sevsə mən bığ qoyaram.

C ü m ə z a d ə. (özündən çıxır). Istəyirsən lap saqqal qoy. Bu faktdır.

Z ə r n i ş a n. A... bu da sözdür!

C ü m ə z a d ə. (Zərnişana). Ay qız dur uşağı çağır bura.


Zərnişan gedir.
Ə l ə s g ə r. Mənim otuz qızım olsa, otuzundan da bezsəm, bircəciyiini də ona vermərəm.

C ü m ə z a d ə. (stolu yumruqlayır). Axı sən kimsən?!


Muxtar diksinib oyanır.
H ə m ş ə x a n ı m. Ələsgər bu evin ən hörmətli adamıdır.

M u x t a r. Bəli, mənim Cəbi qağam çox hörmətli adamdır. (Qalxır.) Bu barədə əlavəm var. (Çay stəkanını qaldlrır.) Deyirəm, bunu da içək mənim ikinci atamın doğma əmioğlusu, anamın ögey yeznəsinin kürəkəni, bir sözlə yaxın qohumum, can-ciyərim olan Cüməzadənin sağlığına, hansı ki, məni avaraçılıqdan qurtarıb, fabrikə mantyor qoyub. Mən buna görə öpəcəyəm qağamı. (Həmşəxanımı qucaqlayıb öpmək istəyəndə Ələsgər onu yerində oturdur.)

Ə l ə s g ə r. Elə oğlanın belə də elçisi olar.

C ü m ə z a d ə. Əşi, sevindiyindən içib, ona fikir verməyin.

H ə m ş ə x a n ı m. Bir deyin görüm oğlunuz hansı peşənin sahibidir?

C ü m ə z a d ə. (mülayimcəsinə). Oğlan hələlik işləmir. Bu il instituta da girməyə həvəsi olmadı.

M u x t a r. İstəsəydi lap əjdaha kimi girərdi. Qabağında dağ kimi atası durur.

H ə m ş ə x a n ı m. Yaxşı, bəs sabah evlənəndən sonra...

C ü m ə z a d ə. Eh, ölməmişik ki.

M u x t a r. Cəbi qağam ölməyib, ölməyəcək də

C ü m ə z a d ə. Bilirsən, Həmşəxanım, oğlum Təsadüf şairdir.

M u x t a r. Hə... Belə sinədəəftərdir, ayrıcüründən. Gündə bir şairlə oturub durur. Sizin minnətiniz olsun bizə qız verməyə.


Zərnişan Təsadüfü içəri gətirir.
T ə s a d ü f. Optimistcəsinə salam! (Həmşəxanımın qarşısında təzim edərək, onun əlini öpür.)

H ə m ş ə x a n ı m. (təəccüblə). Oğlunuz budur?

M u x t a r. Gör atasına necə oxşayır. Elə bil Cəbi qağam asqırıb, burnundan düşüb.

Ə l ə s g ə r. Mal yiyəsinə oxşamasa haramdır.

H ə m ş ə x a n ı m. Otur, bala.

T ə s a d ü f. Böyük ayaqüstə ikən, kiçik oturmaz.

C ü m ə z a d ə. Sağ ol, oğlum!

M u x t a r. Bərəkallah! Gördüz? Eşitdiz?.. (Stəkanı götürüb qalxır.) Bunu da içirəm... (Cüməzadə onu oturdur.)

H ə m ş ə x a n ı m. Bala, bizim qızı istəyirsən?

T ə s a d ü f. Hava, günəş, su kimi.

C ü m ə z a d ə. (Ələsgərə.) Salaməleyküm!

Ə l ə s g ə r. Qız da səni istəyir?

T ə s a d ü f. Şübhəsiz ki, elə olmalıdır.

H ə m ş ə x a n ı m. Atan deyir, şeir yazırsan...

T ə s a d ü f. Bəli, mən intellektual bir şairəm

Ə l ə s g ə r. Ə, oxu o cızmaqarandan birini Həmşəxanım qulaq assın.

T ə s a d ü f. Böyük həvəs və məmuniyyətlə. (Vəziyyət alır.) Başlayıram:

Cahanda qranit tək bir parça qaranlıq.

Qaranlıqda içıq və sükunət.

Qaranlıq – könlüm,

Işıq – məhəbbətimdir!

H ə m ş ə x a n ı m. Saxla. Bəs bunun vəzni, qafiyəsi hanı?

C ü m ə z a d ə. Həmşəxanım, indi belə yazırlar da. Bir də uşağın o qədər vaxtı hardandı? Qafiyəsini sonra qoyar.

H ə m ş ə x a n ı m. Bu şeir plagiatdır. Mən onu hardasa eşitmişəm.

M u x t a r. Başa düşmədim, bu plagirat nədir?

Ə l ə s g ə r. Sən qanan şey deyil.

H ə m ş ə x a n ı m. Yəni oğurluq, başqasından çırpışdırma.

Z ə r n i ş a n. A... Yox a... Elə şey eləməz.

T ə s a d ü f. Arvad, siz nə danışırsınız?! Mən Diləzdən ilhamlanandan sonra bunu yaratmışam. Ələsgər əmi özü canlı şahiddir.

C ü m ə z a d ə. (tutulur). Uzun çərənnəmə, çıx bayıra! (Təsadüf gedir.) Hə... bunlar hamısı düzələn şeylərdir. Həmşəxanim, gəl bu başdan şərti kəsək. Sonra arada inciklik olmasın. Xətrinə dəyməsin ey... Axı sən bir az davakar adamsan. Qızı aparanda cehizini, flanını maşınlara doldurub küçələrdə səs-küy salmağa qoymayacağam.

H ə m ş ə x a n ı m. Hələ bir görək qızı sizə verən var, ya yox?

C ü m ə z a d ə. Necə?!

M u x t a r. Yox, bu söhbət Cəbi qağamı açmadı.

H ə m ş ə x a n ı m. Zərnişan bacıdan çox-çox üzr istəyirəm. Mənə qalsa, bu işə razı deyiləm. Ancaq yenə ixtiyar sahibi, əlbəttə, qız özüdür.

C ü m ə z a d ə. Sən işlədiyin fabrikin diroktor əvəzi Cəbi Cüməzadəni belə yola salırsan?!
Ayağa qalxırlar.
H ə m ş ə x a n ı m. Fərqi yoxdur, müdir ol fabrikdə, ya əvəzi,

Ə l ə s g ə r. Mən Təsadüf kimi bir oğlana qıymam Diləzi.

Uğur olsun sizə, sevdamız baş tutmayacaq.

Bacımız Zərnişan, əlbəttə, bağışlar da bizi.

C ü m ə z a d ə. Burda da, Həmşəxanım, sən bizi rüsvay elədin!

M u x t a r. Pəl vurub xeyir işə əhvalımızı zay elədin.

Z ə r n i ş a n. Sən nahaqdan Diləzi oğlumuza tay elədin. Ay Cəbi, mən demədimmi o qızı verməzlər?

M u x t a r. Kimə lazımdı o qız!

Olmadıq biz alası.

Keçinər arvadsız

Qağamın gül balasa.

C ü m ə z a d ə. Gedək , Zərnişan!


Çıxırlar. Cüməzadə həyətdə Təsadüflə qarşılaşcaq ona bir şillə ilişdirir.
C ü m ə z a d ə. Plaqnat köpəkoğlu!

M u x t a r. (Ələsgərə). Mənim sualıma cavab vermədin. Sən o ölən Ələsgərsən, qalan Ələsgər?

Ə l ə s g ə r. Sonra deyərəm.

M u x t a r. Yox. elə indi deyəcəksən.

Ə l ə s g ə r. Adə, əl çək. Abırdan salaram səni.

M u x t a r. Məni? Məni a?..


Tutuşurlar. Həmşəxanım Ələsgəri, Zərnişan Muxtarı saxlayır.

Ə l ə s g ə r. Muxtar, adamsansa çıxıb getginən,

Döyülməmişdən bizi tərk etginən

M u x t a r. Sən mənə heç nə eliyə bilməzsən,

Güldən ağır söz də deyə bilməzsən.

H ə m ş ə x a n ı m. Həşir, qiyamət düşəcək, ay aman,

Qoyma vura, Muxtarı tut, Zərnişan!

Z ə r n i ş a n. Bilməz idim bunları mən davakar,

Heç nəyin üstündə nə lov saldılar.

Ə l ə s g ə r. Bir dəli şeytan deyir yıx bunu,

Əzişdir altında ağız –burnunu.

M u x t a r. Sən mənə heç nə eliyə bilməzsən,

Güldən ağır söz də deyə bilməzsən.

C ü m ə z a d ə. Təqsir Ələsgərdədi, cırtqozdu o,

Heç nədən əhvalımızı pozdu o.

Ə l ə s g ə r. Istəmirəm burda səni döyəm mən,

M u x t a r. Yoxsa ki, bişmiş toyuğam, nəyəm mən?!
Muxtar üstünə cumanda Ələsgər ona bir şapalaq ilişdirir. Azərlə Diləzbər gəlir.
A z ə r. Nə olub? Nə qalmaqaldır?

Z ə r n i ş a n. Təsadüf bu qızı istəyirdi, ey.

C ü m ə z a d ə. (irəli çıxır). Diləzbər?! Azər?!

T ə s a d ü f. (Azərə). Sən mənim gözümdə normal bir insandan çox qırmızı şeytana çevrildin. Metamaofoza! (Gedir.)

Z ə r n i ş a n. Cəbi çeşməyini tax, düş qabağa!

D i l ə z b ə r. Bibi məni təbrik et,

Sevdiyin oğlan budur.

Kim nə desə yalandır,

Mənə mehriban budur.

A z ə r. Bibi, məni təbrik et,

Tutduğum ceyran budur.

Kim nə desə yalandır,

Fikrimdə hər an budur.

B i r l i k d ə. Bibi məni təbrik et,

Arzumuz çoxdan budur.
Pərdə
İNTERMEDİYA

Küçədir. Diləzbər Azərin evinə gəlin köçür. Qızlar rəqs edir.
F i r u z. Bəylə gəlini evlərinə qədər ötürdük, daha bəsdir.

H ə m ş ə x a n ı m. Elə zarafat yoxdur, çalın, mən hələ Ələsgərlə oynamaqdan doymamışam.

Ə l ə s g ə r. Heç mən də səndən doymamışam.
H ə m ş ə x a n ı m Ələsgərlə oynaya-oynaya oxuyur.
H ə m ş ə x a n ı m. Qızım toyun mübürək,

Sağ əlini başıma çək.

H a m ı. Can, can! Can, can!

H ə m ş ə x a n ı m. Oğlum sənə yaraşır

Diləzbər tək bir mələk!

H a m ı. Can, can! Can, can!

H ə m ş ə x a n ı m. Gəlin darar çətrini,

Bəy istəyər xətrini.

H a m ı. Can, can! Can, can!

H ə m ş ə x a n ı m. Bilin bu xoş həyatda

Yaşamağın qədrini!

H a m ı. Can, can! Can, can!

H ə m ş ə x a n ı m. Ömrünüz çatsın yüzə,

Gülməsin heç yad sizə

H a m ı. Can, can! Can, can!

H ə m ş ə x a n ı m. Həmşəxanım arzular

Bir düjün övlad sizə.
Oxuya, oynaya gedirlər.

BEŞİNCİ ŞƏKİL

Birinci şəkildəki yer. Səhərdir. Azər, Diləzbər gəlir.
A z ə r. Biz bu gün də hamıdan tez gəlmişik, Diləzbər.

D i l ə z b ə r. (düşüncəli). Amma Şəfiqə xəstədir. Briqadasından, dəzgahlarından nigarandır.

A z ə r. Şəfiqə Firuza layiq qızdır. Di gəl ki, bəzi xasiyyətləri olmasa. O həmişə əvvəlcə öz briqadasının taleyini düşünür.

D i l ə z b ə r. Elədir. Insanların xarakterləri çox mürəkkəbdir. Ayrı cür bəlkə də işləməyin, yaşamağın yeknəsəkliyi adamı darıxdırardı.

A z ə r. Mənimlə necə, darıxmırsan ki, Diləzbər?

D i l ə z b ə r. (utanır). Sənə elə alışmışam ki... deyə bilmirəm. Aləmdə yaxşı nə varsa, sən mənim gözümdə onların hamısından qiymətlisən.

D i l ə z b ə r. Gözəldir həyatda sevib-sevilmək,

Onsuz yaşamağın nə mənası var?

A z ə r. Mənimtək xoşbəxtdir bizim dünyada,

Hər kimin sənintək bir rənası var.

D i l ə z b ə r. Xəyal nəhayətsiz bir asimandır,

Hünərdir elləri şöhrətləndirən.

A z ə r. Sevgi zəhmət ilə ekiz yaranmış,

Onlardır insanı zinətləndirən!

B i r l i k d ə. Ürəkdən deyək

Alqış zəhmətə.

Uğurlar olsun

Bu məhəbbətə.

D i l ə z b ə r. Gedək Azər, növbəni qəbul edək.

A z ə r. Gedək, əzizim. Arzudan, xəyaldan söhbət açmağa qabaqda o qədər illər var ki.


Gedirlər. Həmşəxanım gəlir. O, tamam başqa qiyafədədir. Saçlarını son dəblə vurdurmuşdur.
H ə m ş ə x a n ı m. Bəli, süpürgə ilə də belə vidalaşdıq. Indi görək bu katibəlik necə şeydir.
Yazı maşınının arxasında oturub taqqıldadır. Cüməzadə qaşqabaqlı gəlir.
C ü m ə z a d ə. Səndən xəbər alıram, mən Firuza töhməti haçan vermişəm?

H ə m ş ə x a n ı m. Səkkiz gün bundan əvvəl.

C ü m ə z a d ə. Niyə əmri yazmamısan? Nə üçün o bu çağacan lövhədən asılmayıb?!

H ə m ş ə x a n ı m. Vaxtım olmayıb

C ü m ə z a d ə. Bəs sənin işinin adı nədir!? Yaz, tapşırığımı yerinə yetirmədiyin üçün özünə də bir töhmət!

H ə m ş ə x a n ı m. Buna ixtiyarınız yoxdur.

C ü m ə z a d ə. Niyə? Axı sən kimsən, orta hesabla?

H ə m ş ə x a n ı m. Siz Firuza töhmət verəndə mən süpürgəçi işləyirdim. O zaman əmri yazmağı məndən ancaq xahiş eliyə bilərdiniz. Katibəliyə başladığım isə beşcə dəqiqədir. Ona görə də mənə töhmət düşmür.


Cüməzadə deməyə söz tapmayıb uzaqlaşır.
H ə m ş ə x a n ı m. (arxadan). Sizi soruşsalar, hara deyim getmisiz?

C ü m ə z a d ə. Cəhənnəmə! (Gedir.)

H ə m ş ə x a n ı m. Baş üstə
Muxtar gözü sarıqlı gəlir.
M u x t a r. Cəbi qağa yerindədir?

H ə m ş ə x a n ı m. Xeyr. İndi çıxdı.

M u x t a r. Hara?

H ə m ş ə x a n ı m. Cəhənnəmə.

M u x t a r. Vay!.. Vay!.. Vay!.. Arvad, danışığına fikir ver. Axır bu dilinin bəlasına düşəcəksən.

H ə m ş ə x a n ı m. Bəlaya sən düşəcəksən. Istirahət günü BAQES-in qabağında kabel satırdın, o hardandı?

M u x t a r. (tutulur). Özüm bilərəm. Mən elektrikəm.

H ə m ş ə x a n ı m. Ay səni elektrik vursun! Sexin adına qol çəkdirib aldığın kabeli xırıd eləyirdin? Onun hər metrəsi üçün cavab verəcəksən.

M u x t a r. Kimə? Sənə? Xox! Ölmüşdü Muxtar
Təzə bığ qoymuş Ələsgər əl arabası ilə gəlir.
Ə l ə s g ə r. Kimi görməmişəmsə, salaməlyküm. (Zəncirli aarları çıxarıb oynadır.) Ə, Muxtar, qabiliyyətin olsun. Adam qadınla o dildə danışmaz.

M u x t a r. Axı bilmirsən mənə nə deyir.

Ə l ə s g ə r. Həmşəxanım nə deyirsə, düz deyir. Gözünü niyə sarımısan?

M u x t a r. Guya xəbərin yoxdur? O gün özün vurub fənərləmədin?

H ə m ş ə x a n ı m. Ələsgər nə eləyirsə, düz eləyir.

M u x t a r. Vay!.. Vay!.. Vay!.. Sizinlə bacarmaq çətin məsələdir.

Ə l ə s g ə r. (onu süzür). Muxtar, sənin Cəbi qağan kadr seçməyi də bacarmır. Biz görmüşük şipyon olar bu boyda (Göstərir.) Burdan vurar, ordan çıxar, heç kəs də xəbər tutmaz. Yoxsa sənin kimi. Yol qırağında dikəlmiş şlaqbauma oxşayırsan.

M u x t a r. Mən bu sözləri ona çatdıraram! (Gedir).

H ə m ş ə x a n ı m. (gülür) Ələsgər mübarəkdir.

Ə l ə s g ə r. Nə?

H ə m ş ə x a n ı m. Bığların. Əcəb yaraşır sənə. Koroğlunun cavanlığına çirət vurursan.

Ə l ə s g ə r. Yaxşı, Şəfiqə yenə işə çıxmayıb?

H ə m ş ə x a n ı m. Yox. bir həftədir xəstədir. Görmədin, Firuz da toya tək gəlmişdi

Ə l ə s g ə r. Bu axşam deyirəm, oturaq maşına, qıza bir baş çəkək.

H ə m ş ə x a n ı m. Elə mən də səndən onu xahiş edəcəkdim.

Ə l ə s g ə r. Həmşəxanım, daha xahiş qurtardı. Bundan sonra sən əmr et, tələb et.

H ə m ş ə x a n ı m. (qısılır). Çaynikin qapağını... Bıy... Ələsgər, o əlindəki zəncir hardan?

Ə l ə s g ə r. Bir çaydan qapağı tapmışdım, ondan açdım.Necə?

H ə m ş ə x a n ı m. Eh... Neçə vaxtdır mən onu axtarıram. Bəs qapağı neynədin?

Ə l ə s g ə r. Heç bilmirəm hara atdım. Onsuz da Həmşəxanım, sənin o çaynikin bir adamlıqdır. Indi bizə iki adamlıq lazımdır. Təzəsini alarıq.

H ə m ş ə x a n ı m. Nə deyirəm ki...
Cüməzadə Firuzla gəlir.
C ü m ə z a d ə. Madam ki, gənclərin toyu televiziya ilə göstəriləcək, biz onu yüksək, mədəni və ictimai səviyyədə keçirməliyik. (Ələsgərlə Həmşəxanım gülür. Ələsgər arabasını çəkib gedir.) Fikirləşib belə bir qərara gəlmişəm, istəyirəm toyda yeyib-içməzdən qabaq televiziya tamaşaçılarına fabrikimizin gördüyü işlərdən və gələcək planlardan, çox yox, otuz beş- qırx dəqiqəlik məlumat verim.

F i r u z. Yaxşı olardı, ancaq...

C ü m ə z a d ə. Qulaq as, sözümün canı var. Bunun üçün mənə beş-altı gün vaxt lazımdır. Odur ki, istər-istəməz cavanların xeyir işini bir həftə də təxirə salmalıyıq. (Kabinetə keçirlər.) Televiziya işçilərinə deyərik gözləsinlər. Sonra məsləhət bilsək bu məsələni bir də götür-qoy edərik.

F i r u z. Məsləhət bilmirəm.

C ü m ə z a d ə. Niyə?

F i r u z. Çünki biz özümüz götür-qoy da elədik, yaxşıca toy da elədik.

C ü m ə z a d ə. Elədiz? Harda?

F i r u z. Səadət sarayında.

C ü m ə z a d ə. Diləzbər köçdü?

F i r u z. Bəli. Orta hesabla, köçdü.

C ü m ə z a d ə. Niyə məni gözləmədiniz?

F i r u z. Həmşəxanım məsləhət bilmədi.

C ü m ə z a d ə. Ah... Dad o Həmşəxanımın əlindən! Gəlin kimin maşınında getdi?

F i r u z. Ələsgərin “Zaporojes”ində. Nə əcəb xəbəriniz yoxdur? O axşam toy mərasiminə televizorda bütün respublika tamaşa edirdi.


Muxtar qoltuğunda nağaraşövqlə içəri təpinir. Heç bir söz demədən küncdə oturub nağarada qaytağı vurur. O biri otaqda Həmşəxanım dingildəyə-dingildəyə uzaqlaşıb gedir.
M u x t a r. (çalıb qurtarır). Cəbi qağa, necə öyrənmişəm? Toyda çalmağa hazıram?

C ü m ə z a d ə. (nağaranı alıb onun başına keçirir). Dur rədd ol gözümün qabağından! Heyvərə! Toydan sonra nağara!

M u x t a r. Hə? Toy olub? Vay!.. Vay!.. Vay!..

F i r u z. (çıxanda ona eşitdirir). Bu gün sexin elektrik xətlərini mütləq çəkib qurtarmalısan.

M u x t a r. Görək də...(Gedir.)

C ü m ə z a d ə. (düşüncəli). Bu kollektivlə bacarmaq çox müşkül işdir.


Dəhlizə çıxırlar. Şəfiqə həyıcanla gəlir.
F i r u z. Şəfiqə?

C ü m ə z a d ə. Həmişə ayaq üstə. Yaxşı oldunmu?

Ş ə f i q ə.Təmiz yox. Evdə qərar tutmadım.

F i r u z. Elə isə nahaq qalxmısan.

C ü m ə z a d ə. Bəli. Bu ay sənin briqadan başından batdı. Bir yandan dəzgahın sınması, bir yandan da bu xəstəlik... səni çox geri saldı.

Ş ə f i q ə. (ağlamsınır). Xəcalətdən killektiv arasına çıxa bilməyəcəyəm. Həmişə, qabaqda gedən mən, indi quyruqda sürünəcəyəm.

F i r u z. Sən heç narahat olma, Şəfiqə. Işə çıxmadığın günlər ərzində dəxzgahların hamısı öz qaydası ilə işləmişdir.

Ş ə f i q ə. Necə?!

F i r u z. Yaxın gəl. (Sexi göstərir.) Görürsənmi?

Ş ə f i q ə. (heyrətlə). Mənim dəzgahlarıma onlar baxırlar? Inana bilmirəm. (Sevincək qışqırır.) Diləzbər! Azər!


Diləzbərlə Azər gəlir.
H ə r i k i s i . Şəfiqə, səni xoş gördük! Necəsən?

D i l ə z b ə r. (onunla qucaqlaşır). Sənsiz yaman darıxmışdıq.

C ü m ə z a d ə. (Firuza) Başa düşmürəm. Demək bunların yarışmalarına baxmayaraq Diləzbər həm özünün, həm də rəqibinin dəzgahlarını idarə edir?!

F i r u z. Bəli.düz bir həftədir.

D i l ə z b ə r. Yoldaş Cüməzadə, ümumi işin xatirinə biz bu əziyyəti mütləq öz üzərimizə götürməliydik. Firuzun xahişi ilə Şəfiqənin iyirmi dörd dəzgahını Azərlə mən öz aramızda bölüşdürmüşük.

A z ə r. Bəs necə? Bu dostluq, yoldaşlıq borcumuzdur. Biz səni darda qoymarıq, Şəfiqə.

C ü m ə z a d ə. (Diləzbərə). Ay qız , sözündən belə çıxır ki, sən bu həftə otuz yeddi dəzgahda işləmisən?

D i l ə z b ə r. Bəli, bu saat Şəfiqənin briqadası mənimkindən də irəlidir. Yarışda onlar qalib gələcəklər.

F i r u z. (eyhamla). Şəfiqə, adamları bərkdə-boşda sınamamış qiymətləndirmək çətindir.

Ş ə f i q ə. Bu gün çox şey mənə aşikar oldu.

Sevindim fərəhdən gözlərim doldu.

Bildim qarşınızda təqsirkaram mən.

Inciyib küsmüşəm nahaqdan hərdən.

Əhf edin, unudun günahlarımı,

Qoymadız dayana dəzgahlarımı.

Mənim sədaqətli dostlarıımsınız,

Bərkdə dəyanətli dostlarımsınız.

Nahar zəngi çalınır. Toxucu qızlar toplaşır.
Ş ə f i q ə. Bu yaxşılığa görə mən sizə borcluyam.

F i r u z. Sənin bizə ancaq bir borcun var. Azərlə Diləzbərin toyunda oynamamısan. Qızlar Şəfiqəni ortaya çəkin!


Musiqi. Qızlar Şəfiqə ilə birlikdə rəqsə qoşulurlar. Həmşəxanımla qəşəng pal –paltarda olan Zərnişan gəlir. Cüməzadə arvadını görcək mat qalır.
C ü m ə z a d ə. Zərnişan? Sən bura niyə gəlmisən?!

Z ə r n i ş a n. Evdə oturduğum kifayətdir. Mən də bu kollektivdə işləmək istəyirəm.

C ü m ə z a d ə. (Həmşəxanıma çımxırır). Bilirəm, bunlar hamısı sənin işləklərindir!

H ə m ş ə x a n ı m. Mən hələ heç kəsə yamanlıq eləməmişəm. Kim məndən inciyirsə, öz bəxtindən küssün.

C ü m ə z a d ə. (ayılır). Əməllərindən xəbərdaram. Sənin öhdəndən gələ bilmədim. Keç makina dalına yaz. (Həmşəxanım yerində əyləşir.) Yaz. Yüngül sənaye nazirliyinə. Bir nömrəli toxuculuq fabrikinin direktor əvəzi C. Cüməzadədən ərizə. Fabrikin sabiq xadiməsi, hazırda katibəsi Həmşəxanım arvadla direktor gələnə kimi bacara bilməyəcəyəm, vergül, buna görə də sizdən acizanə xahiş edirəm, yenə vergül, mənim bu vəzifədən azad olunmağıma sərəncam verəsiniz.
Hamı heyrətlənir.
H ə m ş ə x a n ı m. (yazır). Sərəncam verəsiniz. Nöqtə.
Təsadüf sevincək içəri girir.
T ə s a d ü f. Metamorfoza! Paxan, gözün aydın! Nəhayət şeirim çap olundu. (Oxuyur.)

“...Bakenbar kimi –

Biri sağda,

Biri solda...

Budur! Kim mənim intellektual şairliyimə şübhə edirsə, alsın bu qəzeti oxusun.

H ə m ş ə x a n ı m. Elə o şeiri çap eləyən də sən ağıldadır.

C ü m ə z a d ə. (çımxırır). Ananı götür, get evə! Mən də gəlirəm. Həmşəxanım, o Muxtarı tap, bura çağır.

H ə m ş ə x a n ı m. Muxtarı beş dəqiqə bundan qabaq elektrik vurdu. “Təcili yardım” çağırmışam. TƏzə kabelləri satıb, əvəzində köhnəsini çəkəndə belə olar da...


Cüməzadə yazı maşınından ərizəni hirslə çıxarıb gedəndə Ələsgərin əl arabası ilə qarşılaşır. Arabada Muxtar uzanmışdır. Cüməzadə donub qalır.
M u x t a r. (zarıyır) Cəbi qağa...
Cüməzadə ikrahla geri qayıdır.
H ə m ş ə x a n ı m. (Muxtara). Qaragünlüyünü qablaşdır, qağan fabrikdən gedəsi oldu.

M u x t a r. Cəbi qağa, getmə, dayan,

Vay!... Vay!... Vay!...

İşim oldu gör nə yaman.

Vay!... Vay!... Vay!...

Elektrik vurdu məni.

Vay!... Vay!... Vay!...

Barı mənim halıma yan.

Vay!... Vay!... Vay!...

Ə l ə s g ə r. (arabanı yanındakı oğlana ötürür). A bala, bunu fabrikdən çıxar. Apar qoy həyətdəki “təcili yardım” maşınına.


Cüməzadə uzaqlaşdıqca oğlan da əl arabası ilə onu müşayiət edir.
Ə l ə s g ə r. Bu yerdə “Yaşasın Həmşəxanım” deməyəsən, neyləyəsən?

H a m ı. “Yaşasın Həmşəxanım”



Musiqi çallır. Ələsgər Həmşəxanımla ortada. Azərlə Diləzbər sağda, Firuzla Şəfiqə solda qoşa dayanırlar. Toxucu qızlar onları dövrəyə alır.
H a m ı. Durmadan gurlasa dəzgahlarımız,

Bol olar parçamız, artar varımız.

Insanı daima zəhmət yaşadar.

Saf ürək, bir də məhəbbət yaşadar.



P ə r d ə



Yüklə 424,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin