Əzələ qişası qida borusunun divarında iki qat təşkil edir: daxili həlqəvi, xarici boyalama. Qida borusunun yuxarı üçdə bir hissəsində əzələ qişası eninə zolaqlı əzələ toxumasından təşkil olunur, orta üçdə birində həm eninəzolaqlı, həm də saya əzələ toxumasından, aşağı üçdə birində isə saya əzələ toxumasındam ibarətdir.
Adventisiya qişası
Adventisiya qişası-orqanı xaricdən örtməklə lifli birləşdirici toxumadan təşkil olunmuşdur, qan damarları və sinirlərlə zəngindir. Qida borusunun qarın boşluğunda yerləşən hissəsində adventisiya qişası seroz qişa ilə əvəzlənir və üzəri mezotellə örtülür.
Mədə
Həzm sisteminin orta şöbəsinin genişlənmiş hissəsidir. Qarın boşluğunda yerləşir, davamı nazik bağırsağın başlanğıc hissəsi olan onikibarmaq bağırsağa keçir. Qida maddələri mədədə mexaniki və kimyəvi təsirlərə məruz qaldıqdan sonra, onikibarmaq bağırsağa evakuasiya olunur. Mexaniki vəzifəni orqanın divarında yerləşən, yaxşı inkişaf etmiş saya əzələ toxuması, qida kütləsinə kimyəvi təsiri isə mədə vəzləri tərəfindən hazırlanan mədə şirəsi icra edir.
Mədə şirəsi
Mədə şirəsinin tərkibində xlorid turşusu, az miqdarda selik olmaqla, əsasən zülalları parçalayan fermentlərdən pepsin, uşaqlarda südün tərkibindəki zülalları parçalayan ximozin, az miqdarda bir sıra başqa ferment və zülallar, həmçinin qida maddələrinin tərkibindəki B12- vitamininin sorulmasına şərait yaradan daxili Kasl faktoru vardır.
Mədə divarının qatları
Mədə borulu orqan olduğundan divarı dörd qişadan ibarətdir:
selikli qişa
Selikaltı əsas
əzələ qişası
seroz qişa
Selikli qişa
Mədənin selikli qişasının səthində büküşlər, meydançalar və çuxurcuqlar vardır. Selikli qişanın büküşləri mədənin arxa divarında daha aydın görünürlər. Bu büküşlər mədənin kiçik əyriliyi və pilorik hissəsində əsasən boylama istiqamət təşkil edirlər, qalan hissələrdə isə müxtəlif istiqamətlərdə olurlar.