Açıq tipli endokrin hüceyrələr yerləşdikləri vəzin mənfəzi ilə əlaqələnirlər, qapalı tipli hüceyrələrdə bu əlaqə olmur. Açıq tipli hüceyrələr mədənin mənfəzindən qıcıq (pH dəyişiklikləri, müəyyən maddələr ola bilir) qəbul edir və bu qıcığa cavab olaraq hormon ifraz edirlər. Endokrin hüceyrələr tərəfindən ifraz olunan hormonların bir qismi endokrin, bir qismi isə parakrin təsirə malik olurlar.
Fundal vəzilər üçün xarakter olan endokrinositlər
EC- seratonin, melatonin
ECL- histamin
A hüceyrəyəbənzər- qlükaqon,
Pilorik vəzilər
Pilorik hissədə mədə çuxurcuqları daha dərin olmaqla selikli qişanın qalınlığının 50-70%-ni tutur. Pilorik vəzilər sadə şaxələnmiş borulu vəzilərdir, selikli qişanın xüsusi lövhəsi daxilində yerləşir, miqdarı 3,5 milyona qədərdir. Vəzilərin dibi və cismi fundal vəzilərə nisbətən qısadır, boyun hissə şaxələndiyindən işıq mikroskopik preparatlarda aydın görünür. Sekretor şöbələrin mənfəzi fundal vəzilərə nisbətən daha genişdir, əsasən selik ifraz edən mukositlərdən təşkil olunur, burada tək-tək yerləşən endokrin hüceyrələrə də rast gəlinir: G-hüceyrələr, bombezin sekresiya edən P-hüceyrələr, somatostatin sintez edən D- hüceyrələr.
Kardial vəzilər
sekretor şöbələri şaxələnmişdir, mukositlər sayca üstünlük təşkil edirlər. Vəzin boyun hissəsi prizmatik epitellə örtülüdür. Kardial vəzilərdə tək-tək yerləşən endokrin hüceyrələrdən serotonin və melotonin sintez edən EC-hüceyrələr, qastrin və enkefalin sintez edən G-hüceyrələr aşkar edilir.
Əzələ qişası
Saya əzələ toxumasından təşkil olunmuşdur. Həzm sisteminin digər şöbələrindən fərqli olaraq əzələ qişası üç qat təşkil edir: daxili boylama, orta sirkulyar, xarici boylama qat. Pilorik hissənin sirkulyar saya əzələ qatı daha yaxşı inkişaf edib, pilorik sfinkteri təşkil edir. Əzələ qişasının qatları arasında birləşdirici toxuma arakəsmələri daxilində qan, limfa damarları, vegetativ sinir sisteminə aid kələflər vardır.
Seroz qişa
Peritonun visseral səfhəsi olub orqanı xaricdən örtür. Əsasını lifli birləşdirici toxuma təşkil edir. Üzəri təkqatlı, birsıralı epitel toxuma növünə aid edilən mezotellə örtülüdür. Seroz və əzələ qişaları arasında subseroz kələf yerləşir.