Məhz buna görə də həmin diqqəti ixtiyari diqqət adlandırmaq olmur. Çünki bu zaman psixi fəaliyyət iradi cəhdlə başlasa da sonradan bu cür iradi cəhd göstərilmədən davam etdirilir. Onu qeyri-ixtiyari diqqət adlandırmaq da mümkün deyildir. Çünki bu işə iradi cəhdlə başlanılmışdır. Məhz buna görə də diqqətin həmin növünü N.F.Dobrinin ixtiyaridən sonrakı diqqət adlandırmışdır. Adətən, ixtiyaridən sonrakı diqqətə keçid insanın artıq iradi güc sərf etməsinin qarşısını alır.
İxtiyari diqqətdən sonrakı diqqət isə iki mərhələyə ayrılır. Birinci mərhələdə məqsədə müvafiq olaraq fəaliyyəti yerinə yetirmək üçün iradi səy göstərilir, ikinci mərhələdə isə işlə maraqlanmağa başlayır və bu zaman iradi səy vasitəsiz maraqla əvəz olunur.
Diqqətin aşağıdakı növlərini fərqləndirə bilərik: 1. Təbii və sosial baxımdan şərtlənmiş diqqət 2. Bilavasitə və vasitəsiz diqqət
Diqqətin 5 əsas xüsusiyyəti ayırd edilir: diqqətin mərkəzləşməsi, davamlılığı, həcmi, keçirilməsi və paylanması. Göstərilən xassələr bütün adamlarda eyni səviyyədə inkişaf etmir. Məsələn bəzi adamlarda diqqət daha çox mərkəzləşməyə, digərində isə paylanmaya meyl edir. Diqqətin mərkəzləşməsi dedikdə şüurumuzun müəyyən bir obyektə yönəlməsi və başqalarından uzaqlaşması başa düşülür. Fizioloji baxımdan mərkəzləşmə beyində olan dominant oyanma ocağının fəaliyyətilə bağlıdır. Mərkəzləşmənin masksimal intensivliyi yalnız bir obyektin qavranılması zamanı baş verir. Diqqətin həcmi artıqça, o mərkəzləşmənin səviyyəsinin aşağı düşməsinə səbəb olur. Mərkəzləşmə dərk etdiyimiz cism və hadisələrin daha dərindən öyrənilməsinin, mürəkkəb əşyavi fəalliyyətin yerinə yetirilməsinin psixoloji şərti kimi çıxış edir. Diqqətin davamlılığı dedikdə ümumi bir məqsədə tabe olan obyektlər üzərində uzun müddət və fasiləsiz olaraq saxlanılması başa düşülür. Tədqiqatlar göstərir ki, insan diqqətini yönəltdiyi obyektdə yeni tərəflər, yeni əlaqələri aşkar etməyi bacarırsa onun diqqəti davamlı olur. Başqa sözlə qavranılan obyekt daima yeni məzmun kəsb edərsə bu diqqətin davamlı olmasına gətirib çıxarır. Bundan başqa diqqətin davamlılığı bir sıra şərtlərdən, məsələn, materialın çətinlik dərəcəsindən, onun anlaşıqlılığından, subyektin ona münasibətindən, insanın yaşından və şəxsiyyətin bir çox fərdi keyfiyyətlərindən asılıdır. Diqqətin bu xüsusiyyətini nəzərə alaraq dərs zamanı hər 10-15 dəqiqədən sonra fəaliyyət növlərinin dəyişilməsi məqsədəuyğun hesab olunur.