UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi
Psixoloq Dos. Dr. Gül Şəndil İstanbul Universiteti, Psixologiya Fakültəsi, İnkişaf Psixologiyası Bölməsinin Rəhbəri, 25 Yanvar, 2009 «Bizim Hüseyn müƏllim!»
Şərq sosial‐fəlsəfə təliminin əsas ümumiləşdirici tezislərindən birinə görə, qeyri‐kamil «mən»lərdən(şəxsiyyətsizlik!) ibarət kamil cəmiyyətin mövcudluğuna, hətta ən mükəmməl sosial‐siyasi və hüquqi‐inzibati təsisatlar vasitəsilə belə nail olmaq mümkün deyil. Çin filosofu An Sinyanın «sənaye cəmiyyəti» kimi xarakterizə etdiyi Qərb sivililaziyasının son üç yüz illik inkişaf tarixi, başqa sözlə, sosial tərəqqinin Qərb modeli və onun meydana çıxardığı qlobal mənəviyyat böhranı bu tezisin doğruluğunu bir daha sübut etdi. Daxili insani məzmundan məhrum, yalnız maraqlardan ibarət yeni insan tipinin («fəlsəfi zombi») yaranması qorxusundan indi yalnız psixoloqlar deyil, filosoflar, sosioloqlar da həyəcanla bəhs etməkdədirlər. Bəşəriyyətin neçə min illik sosial tərəqqisinin nəticəsi kimi meydana gəlmiş unikal «şəxsiyyət fenomeni» sözün həqiqi mənasında tarixin arxivinə gömülmək təhlükəsi ilə üz‐üzədir. Belə bir şəraitdə müasir ictimai‐humanitar elmi düşüncənin və oun ayrı‐ayrı sahələrinin üzərinə əvvəlki dövrlərlə müqayisə olunmayacaq xüsusi bir məsuliyyət düşür: şəxsiyyəti böhrandan çıxartmaq! Şəxiyyət isə heç şübhəsiz, müəyyən mühitin, sosial sistemin, nisbətən lokal çevrədə isə tərbiyə siteminin nəticəsi olaraq formalaşır. Onun formalaşması üçün şəxsiyyətdən cəmiyyətə, cəmiyyətdən şəxsiyyətə mənəvi dəyərlərin ötürülməsini təmin edən geniş mənada götürülən və böyük həriflə yazılmağa layiq «Milli Məktəb» olmalıdır. Biz Azərbaycan ailəsində doğulan körpəni kamil bir şəxsiyyətə, layiqli Azərbaycan vətəndaşına çevirmək üçün lazımi məktəbi formalaşdıra bilmişikmi? Genetik kodunda potensial olaraq etnik‐milli dəyərləri daşıyan Azərbaycan uşağının həmin potensiyasının açılması, onun vətəndaş‐şəxsiyyətinin mahiyyətini təşkil etməsi üçün ümummilli səviyyədə funksional sistem yarada bilmişikmi? Təəssüf ki, bu suallara tam olaraq müsbət cavab vermək mümkün deyil.
Oxuculara təqdim olunan bu kitab belə bir sistemin yaradılması missiyasının həyata keçirilməsi istiqamətində atılmış bir addım olmaqla xüsusi aktuallıq və mili əhəmiyyət kəsb edir.
Araşdırmanın qiymətləndirilməyə layiq cəhətlərindən biri müəllifin uşaq və yeniyetmələrin tərbiyəsi ilə bağlı müasir dünya psixologiyasında mövcud olan elmi yenilikləri, gəlinən nəticələri Azərbaycan elmi fikir dövriyyəsinə daxil etməsidir. Burada vahid bir problem ətrafında dünyanın ən müxtəlif psixoloqlarının mülahizələri, nəzəri qənaətləri, praktiki nəticələri geniş əks olunmuşdur. Müəllif fərqli fikir və mülahizələri vahid bir pixoloji problematika ətrafına sistemli olaraq toplamağa nail olmuşdur.
Kitab haqqında Biz öz aramızda «bizim Hüseyn müəllim» dediyimiz psixoloq Hüseyn Xəlilovu çoxdan tanıyırıq. Hüseyn müəllim sadəcə bir psixoloq deyil, davranışı, rəftarı, insanlarla münaibəti, ağrıya həssalığı, insan qəlbinin dərinliklərinə nüfuz etmək qabiliyyəti ilə şəxsiyyəti işıq haləsinə bürünmüş bir insan sərrafıdır. Yaxşı psixoloq olmaq üçün psixologiya elminin nəzəri bilik arsenalına dərindən bələd olmaqla yanaşı, səmimi insan olmaq da əsas şərtdir. Biz bunu ilk növbədə Qafqaz Universitetinin psixoloqu Hüseyn müəllimin timsalında gördük. Ona müraciət edənlərin, onunla dərdini bölüşənlərin içərisində universitet rəhbərliyindən tutmuş, müəllimlərə, tələbələrə, texniki heyətə qədər ən müxtəlif zümrəni təmsil edən insanlar vardır. Bəli o, hamını dostu, ən əsası isə qəlb sirdaşıdır. Onunla söhbətdən sonra hər kəs özündə daxili bir rahatlıq, yüngüllük hiss edir. Üzündən təbəssümü heç zaman əskik olmayan Hüseyn müəllim sanki hamının dərdini, problemini, ağrısını öz canına çəkir. Bəlkə də buna görədir ki, bu təbəssümlü çöhrədə, xüsusən baxışlarda bir kədər də sezilməkdədir. Vaxtilə Nobel mükafatı laureatı Markes yazırdı ki, insan əzabı haqqında düşünməyə qoymayan bədbinliklə birləşən fərdiyyətçi xudpəsəndliyin heç bir faydası yoxdur. İndi biz cəmiyyətdə fərdiyyətçi xudpəsəndlikdən qaynaqlanan bədbinliyi «dahi kədəri», Füzuli müdrikliyi kimi nümayiş etdirənlərə tez‐tez rast gəlirik. Hüseyn müəllimin bu qədər problemlər içərisində daim nikbinliyi Markesin dediklərini tamamilə təsdiq edir.
Bütün bu sadaladığımız cəhətlər bir insan kimi də kitabda qaldırılan problemlərdən danışmağa mənəvi haqqı və səlahiyyəti olduğunu bir daha təsdiqləyir. Nə xoş ki, kitabda bu mənəvi səlahiyyət və haqla mənəvi məsuliyyətin sərhədləri harmonik olaraq bir‐birini tamamlayır.