Şəxsiyyətin yaş dövrlərini və psixoloji inkişaf mərhələlərini öyrənmək elm üçün həmişə ən vacib məsələlərdən biri hesab olunur. Alimlər yaş dövrlərini araşdırmış, sonra onları psixoloji baxımdan mərhələlərə bölmüş və hər biri üçün ayrı‐ayrılıqda mərhələlərə görə təhlillər aparmışlar. Bu təhlilləri əsasən Qərb alimləri ilə Azərbaycan psixoloq alimlərinin fikirlərini müqayisə edərək ortaya maraqlı faktlar çıxartdıq. Belə ki, bu mövzunun əhəmiyyətliliyini nəzərə alaraq uşaqların yaş dövrlərini geniş araşdırma predmeti kimi seçmiş və burada təqdim etmişik. Uşaq və yeniyetmələrin inkişaf dövrləri ilə bağlı aparılan elmi tədqiqatlar, təcrübələr göstərmişdir ki, Z. Freyd, E. Erikson, Maslov, Elkonin, A. Adler, K. Junq, o cümlədən Azərbaycan alimlərindən M. Həmzəyev, Ə. Qədirov, Ə. Bayramov, Ə. Ağayev bu problemlərə müxtəlif aspektlərdən yanaşmış, öz araşdırma və tədqiqatları ilə elmə bir çox yeniliklər gətirmişlər.
Psixoanalitik konsepsiyanın əsası Ziqmund Freyd (18561939) tərəfindən qoyulmuşdur. Freydin təliminin əsasını fərdin psixoseksual inkişafı nəzəriyyəsi təşkil edir. Freydə görə, şüursuzluğun əsasını seksual instinktlər (libido) təşkil edir və o insanın psixi fəaliyyətini şərtləndirir. Psixoanalizin yaradıcısı Z.Freyd 1856‐cı il may ayının 6‐da Freyburq şəhərində kasıb yun tacirinin ailəsində doğulmuşdur. Freydin atası Yakob anası Amaliya Natansondan 20 yaş böyük idi. 1850‐ci ildə Freydlər ailəsi əvvəlcə Leypsiq, bir neçə ay sonra Vyana şəhərinə köçür və orada daimi məskunlaşırlar. Freyd hələ uşaqlıqdan iti ağlı və oxumağı ilə seçilirdi. O, 17 yaşında olarkən yunan, latın, fransız, ingilis, italyan və ispan dillərini bilirdi3. Freyd şəxsiyyətin inkişafında beş psixi‐cinsi inkişaf dövrləri üzərində üç mərhələdə araşdırma aparmışdır. Bu dövrlər – oral, anal, fallos, latent (gizli) və genital dövrlər adlanır.