Hüseyn Xəlilov Kitab haqqında ...
Hər şey özümüzdən asılıdır; gələcəyimiz bu günümüzdən, övladımız tərbiyəmizdən, şagird və tələbələrimiz təhsilimizdən. Bir sözlə, sabahın təməli bu günün necə qoyulmasından asılıdır.
Bütün hallarda mərkəzdə sabahın qurucusu olan uşaq durur. Hər şey bu uşağın mənəviyyatını istiqamətləndirən psixologiyasından asılıdır.
Çünki bu gün yaxşı tərbiyə olunmuş gənc sabah cəmiyyəti qabağa aparan liderdir. Həmin lideri yetişdirməksə birbaşa psixologiya elmi ilə əlaqəlidir. Bu mənada həmin liderləri yetişdirən valideynlərin üzərinə bilavasitə məsuliyyət düşür. Əgər valideynlər sosial‐psixoloji cəhətdən məlumatlı olsalar, uşaqlarla fərdi münasibət asan və daha faydalı şəkildə həyata keçirilə bilər.
“Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri” kitabı uşaq və yeniyetmələrin psixoloji xüsusiyyətlərindən bəhs edir. Bu kitabın olduqca çətin bir sahəni əhatə etdiyini nəzərə alsaq, yazar üçün böyük fədakarlıq tələb olunduğu aydın olur. Məhz bu məsuliyyətli işi üzərinə götürən, onun ərsəyə gəlməsi üçün bir çox araşdırmalar aparan Hüseyn Xəlilov yazılmış kitabla üzərinə böyük məsuliyyət götürür. Bu mənada onun əməyini yüksək qiymətləndirir və minnətdarlığımı bildirirəm.
Burada yer alan mövzuların qabaqcıl ölkələrin aparıcı psixoloqların təcrübəsinə və nəzəriyyəsinə əsaslanması onu göstərir ki, kitab cəmiyyətimizdə gedən inteqrasiya proseslərini daha da sürətləndirəcək və onun inkişaf etmiş cəmiyyətlər sırasına daxil olması üçün böyük köməklik göstərəcəkdir.
Prof. Ə. Ə. Əlizadə Pedaqoji universitetin ümumi psixologiya kafedrasının müdiri 23.11.2009 Hüseyn Xəlilovun müəllifi olduğu “Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri” kitabı psixoanaliz gözü ilə qiymətləndirmək istəyirəm:
Şəxsiyyətin formalaşmasında uşaqlıq dövrünün önəmini hər bir əsərində vurğulayan Z. Freyd gənclərlə iş aparan pedaqoqlara da təsir etmişdir. O dövrdə gənclərlə iş aparan pedaqoqlar, gənclərin normal və qeyri‐adi davranışları ilə necə bir şəxsiyyətə sahib olduqlarını başa düşməyə çalışırdılar. Hər iki metod uşaq və gəncin davranışlarının başa düşülməsində ictimaiyyət və klinikanın birlikdə işləməsinin faydalı olacağı nəticəsinə gəlinmiş və bu istiqamətdə aparılan işlər getdikcə artmışdır.
İnsanı anadan olandan başlayaraq uşaqlıq, həddi‐büluğ dövrünə, oradan da gənclik dövrünə uzanan inkişafı müddətində fərqli nöqtələrdən tədqiq edən psixoanaliz və təhsil psixologiyasının ortaq obyekti vardır ki, bu da insandır.
Təhsil psixoloqları uşağın o andakı halı ilə məşğul olarkən, psixoanalitiklər şəxsiyyətin davranışı ilə maraqlanırlar. Z.Freyd pedaqogika ilə psixoanalizin bir‐birinə təsir etdiyindən bəhs edərək pedaqoqların işiylə də maraqlanmış və 1920‐ci ildən başlayaraq psixoanaliz və mədəniyyət arasında əlaqədən daha çox antropoloji bir düşüncə ilə əlaqəsi istiqamətində inkişaf etdirmişdir.
Bu düşüncə hər iki metodun tətbiqinin mümkün olmadığını irəli sürənlərə də bir cavab olmuşdur. Şəxsiyyət fikri üzərində dayanan və bu istiqamətdə bütün insanları ələ alan düşüncənin necə ortaq nöqtəsi ola bilər? Cavab isə çox sadədir: hər şagirdin bir‐birindən fərqli ruh dünyası və sinif xaricində fərqli davranışları vardır. Elə isə bu fərdlərə eyni tərzdə yanaşma və onlarla ünsiyyətqurma necə ola bilər? Əsas çətinlik buradan irəli gəlir. Hər şagird ayrı bir dünyadır, amma çətin bir vəziyyət olduğunda: məsələn, həddi‐buluğla gələn sıxıntı zamanı, ümumi səbəblərə sığınaraq davranışlarını haqlı göstərmək istəyərlər. Burada təlimatçının rolu bir mənada eyni ilə psixoanalitikin roluna oxşayır ki, hadisələrə hakim olsun, ruhi davranışlarında möhkəm dayansın. Pedaqoq həm ənənəvi olanı qorumağa, həm də uşaq və gəncdəki yeni olanı kəşf etməyə çalışacaq, fərqli olana da zərər verməyəcək. Bax, bu iş psixoanalizin işinə oxşayır. Təlimatçıların valideyn və uşaq arasındakı bu vasitəçilik rolu psixoanalizin nəzəri yanaşma metodu ilə dəstəklənərsə, daha da faydalı olacağına inanırıq.