-
Maşallah, ev-eşiyiniz xoşuma gəlir – deyə Seyfəl gəlinini sevindirdi. – Tək bircə şey çatışmır...
Fidan təəccüblə qayınatasına baxdı:
Gəlin utandığından üzünü divara çevirdi. Küncdə qoyulmuş iri, zəngli saat onun tamamını vurdu.
Seyfəl telefona yaxınlaşdı. Srağa gün bağda oğlunun verdiyi kağızı çıxarıb orada yazılan nömrəyə zəng çaldı.
-
Alo? Salaməleykim, – dedi. – Danışan Seyfəl Əziz oğludur. Məni siz axtarmısınız?..
-
Bəli... Bəli... Sənin yolunu çoxdan gözləyirəm..
Telefondakı, idarənin adını. Ünvanını söylədi:
-
Bu saat sən mənə hava-su kimi lazımsan, gəl yanıma!
-
Xeyirdir?
-
Şübhəsiz! Ona heç söz ola bilməz
-
Bağışlayın, sizin familiniz nədir?
-
Zöhrabov! Özümü tanımasan da familimi eşitməmiş olmazsan...
-
Yaxşı... Gəlirəm...
-
Gözləyirəm. Qapıda katibəmə deyərsən, Zöhrabov yoldaş özü çağırtdırıb məni.
-
Aydındır... Deyərəm.
Seyfəl kepkasını qoyub evdən çıxdı.
...Zöhrabov deyilən idarə rəhbəri geniş, bəzəkli bir kabinetin sahibi idi. Otuz beş-qırx yaşı olardı. Boz kostyum, ağ köynək geymişdi. Yaxasına, alabəzək zövqsüz bir qalstuk taxmışdı. Stolunun üstdə telefon aparatları, yazı ləvazimatları və qovluqlar qoyulmuşdu. İlk baxışdan Zöhrabovun sifəti Seyfələ bir qədər tanış gəldi. Elə bil onu haçansa hardasa görmüşdü. Ancaq, yox, deyəsən, səhv edirdi, xatırlaya bilmədi.
Seyfəl içəri girəndə kabinet sahibi başının ehmal hərəkəti ilə onun salamını aldı.
-
Əyləş, – deyib yer göstərdi və müqəddiməsiz sözə başladı:
-
Mən dörd-beş gün qabaq, müdiri ilə tanış olduğum taksi-motor parkına zəng vurmuşdum. İdarə maşınımı sürməyə şofer istədim. O sənin adını verdi. Dedi, təmiz adamdır. Özü də bu yaxında pensiyaya çıxıb. Telefon nömrəni aldım, oğlunla danışdım...
Qapı açıldı. Katibə içəri girib müqəvva kimi ortada dayandı:
-
Firudin Yaquboviç, dəstəyi götürün.
-
Kimdir?! Deyinən, nazirlikdəndir...
-
Evdəndir axı... Sərvinaz xanımdır.
Katibə bədənini əsdirə-əsdirə çıxdı. Zöhrabov oturduğu hərlənən kreslosunu qırx beş dərəcə sola fırladıb telefona əl atdı.
-
Hə... Eşidirəm... Nahara?.. Bilmirəm... Gəlməli olsam, zəng çalaram.
-
Firudin...
-
Ay can!
Seyfəl yaxın oturduğundan xəttin o başında danışan qadının səsini ap-aydın eşidirdi:
-
Nə oldu, tapdın şofer?
-
hə... tapmışam...
-
Razılıq verdi səninlə işləməyə?
Zöhrabov əli ilə dəstəyi örtdü:
-
Ağzı nədir, verməsin!
-
Cavandır, qocadır?
-
Gələrəm evdə danışarıq.
-
Hər nədirsə, tez ver əmrini! Cavan götürməkdən niyə qorxursan ey? Yeməyəcək ki, məni. Yazıq qızcığaz bu konservatoriyaya nə vaxtacan taksi ilə gedib-gələcək?! Axı yoldaşlarından utanır. Hələ özümü demirəm. Hər gün əlimdə zənbil bazara yorturam. Podruqalarımla rastlaşanda bir köynək tər tökürəm. Səninçün də ayıbdır axı.
-
Yaxşı... Başa düşürəm...
-
Eşitdin? Əmrini verən kimi göndərirsən onu mənim yanıma!..
Qadın dəstəyi qoydu. Kabinet sahibi bu dəfə kreslonu sağa hərlədərək üzünü Seyfələ tutdu:
-
Hə... hər adama etibar eləmək olmur. Mən bura gələndə maşınımın şoferi var idi. Bir az işlədi, gördüm, bu gedənin hulğumu yoxdur. Qabaqkı müdir neyləyib, hamısını mənə danışır. Fikirləşdim: belə adamdan uzaq olmaq gərək! Əmrini verib çıxardım onu. İndi, bir aya yaxındır, maşınım qarajda şofersiz qalıb. Mənə sənin kimi yaşlı, fağır, üzüyola adam lazımdır.
Seyfəl yerində qurcalandı:
-
Siz nə bilirsiniz mən eləsindənəm?
-
Parkınızın müdirinə inanıram. Biz köhnədən dostuq. O, mənə yalan deməz. Səni çox təriflədi. Bir də... idarə müdirinin şoferi, evinin məhrəm adamı olur. Mənim də cavan qadınım, on doqquz yaşında qızım... Namus... Qeyrət... Seyfəl kişi, mən ailə, əxlaq barədə çox möhkəməm... Ondan savayı tez-tez rayonlara gedib-gələcəyik. Aramızda sirrimiz olacaq. Bizim söz-söhbətimiz gərək qırağa çıxmasın. “Dəvə gördün? Türkün sözü, heç filan şeyinə də rast gəlmədim!” Başa düşdün də...
Seyfəlin fikri ayrı yerdə idi. Axı bu Firudin Yaquboviç Zöhrabovun səsi də ona tanış gəlirdi!
-
Nə xəyala getdin?
-
Hə?..
-
Deyirəm, başa düşürsən də...
-
Hə... lap yaxşı!
-
Maaşın yüz manatdır. Bundan əlavə, mən də dolandıracağam səni. Hər halda narazı qalmayacaqsan... – O, bu sözləri deyə-deyə barmağını zəngin düyməsinə basdı. Katibə yenə kabinetdə peyda oldu. – İndi bu kişi yanına gələcək. Elə bu gündən ver əmrini. Mənim şoferim işləyəcək.
-
Baş üstə, Firudin Yaquboviç!
-
Xeyir! – deyə katibə çıxan kimi Seyfəl şəstlə ayağa qalxdı. – Məni bunun üçün çağırtdırmışdız?
-
Bəli...
-
Səhv etmisiz! Yaşımın bu vaxtında mən sizə nökər ola bilmərəm!
Zöhrabov kekələdi:
-
Başa düşmədim... Bəs sən şofer deyilsən?.. Uzun illər “taksi”də işləməmisən?..
-
Onda mən xalqa xidmət etmişəm. Başqasının bazarlığına getməmişəm.
Zöhrabov kişinin cavabına mat qaldı.
Seyfəl bayaqkı söhbətlərindən onu yaxşı tanımışdı. “Gör vəzifə başında kimlər oturub!” – deyə ürək yanğısı ilə düşündü.
O, kabineti tərk edib katibənin otağından keçəndə içəri göygöz bir cavan girdi.
-
Kisi yerindədir? – deyə tələsik soruşdu. Seyfəl diksindi. Dəhlizə çıxcaq alnını şappıldatdı:
-
Tapdım!! Tapdım, bu Firudin Yaquboviç Zöhrabov kimdir! Yaxşı ki, ona rədd cavabı verdim!..
“Taksi”də işlədiyi zaman bir axşam maşında apardığı həmin bu göygözü... sonra o qara çeşməklini... və ətirli, bəzəkli əxlaqsız xanımları xatırladı. Onların hərzə danışıqları yadına düşdü.
“– Sən işə bax!.. İndi gəlib stol başında oturub... Arvadına görə özünə cavan sürücü götürməyə ehtiyat edir... Mən ailə, əxlaq barədə möhkəməm” – deyir.
Seyfəl kinayə ilə acı-acı gülümsəyərək düşündü:
-
Həmişə pozğun ailə başçılarını ağzıdolusu namusdan, qeyrətdən dəm vuran gördüm!..
5
Mayın isti nəfəsi Abşeron torpağını qızdırmışdı. Seyfəlin bağı, həyəti güllü-çiçəkli, yam-yaşıl olmuşdu. Ağacların, meynələrin tər yarpaqları günəşin işığında atlas kimi bərq vururdu. Evin qabağında geniş qol-qanad açmış çinar əsən mehdən asta-asta yırğalanaraq nazlanırdı.
Keçən aydan Seyfəl təsərrüfatını bir qədər böyütmüşdü. İki qoyun almışdı, on-on iki cins toyuq saxlayırdı. İndi həyət-bacada Müşfiqə üçün də iş tapılmışdı. İlk günlər şəhərdən uzaq düşdüyündən qəribsəyən qadın artıq özünə məşğuliyyət tapırdı, darıxmırdı.
Dünən Seyfəl atları dənizə çimdirməyə aparanda Qarabozun da onlara qoşulub getdiyini görən Müşfiqə gülümsəmişdi: “Bilmirəm bu kişidə nə hikmət var, heyvanları belə tezliklə özünə ram eləyir...”
Gecə, gündüz Seyfəl həyətə çıxanda bura öz xoşu ilə gəlmiş “Qaraboz” çağırımlı köpək quyruğunu bulayaraq bir boy atılıb düşürdü; tövləyə girəndə atlar geri çevrilib başlarını yırğalayırdı, kişnərti qoparırdı...
Müşfiqə zarafatla ona sataşırdı:
-
Vallah, Seyfəl, sənin üzündə şeytan tükü var, – deyirdi. Əri ona ciddi cavab verirdi:
-
At, it, bir də delfin dünyada ən ağıllı heyvanlardır. Onlar insanın məhəbbətini, nifrətini yaxşıca duyurlar. Bunun müqabilində də öz münasibətlərini göstərirlər.
Seyfəl atlarını çox sevirdi. O hələ Altıağaca getməzdən əvvəl bekar vaxtında uzun bir qamçı düzəltmişdi. Lakin Həsənəlinin həyətində faytonu qoşub ilk dəfə yola çıxanda təkcə yüyənlərinin dartılmasından, əlinin tərpənişindən işlərini bilən bu zirək atları qorxutmağa, vurmağa hacət görməmişdi. Həmin axşam evə çatcaq qamçını param-parça eləyib tullamışdı.
“Mən belə ağıllı heyvanlara qırmanc qaldırmağa qıymıram!” – demişdi.
Bu gün axşamçağı atların tamaşasına gələn Kəblağanın tövlədə siqaretini tüstülədə-tüstülədə gəvəzə danışan görən Seyfəl dözə bilmədi:
-
Çıx papirosunu bayırda çək! – deyə ona acıqlandı. – Tüstü heyvanlara ziyandır.
Kəblağa qızarıb pərt oldu:
-
Emyoğlu, bu boyda siqaterin bu boyda heyvanlara nə ziyanı?.
Seyfəl bir az da səsini qaldırdı:
-
Adə, başa düş ki, at dəmirdən düzəldilmiş maşın deyil! O da bizim kimi canlı, şüurlu məxluqdur... Anladın, ya yox?!.
-
Anladım, emyoğlu... Daha qanuvi nöş qaraldırsan. Ətövbə, bundan sonra qələt elərəm tövlədə siqaret çəkərəm!..
Sözlərinin Kəblağanın xətrinə toxunduğunu sifətindən oxuyan Seyfəl dediyinə peşman oldu, onun könlünü almağa çalışdı:
-
Yaxşı... O fərsiz talış axırı borcunu verib qurtardı? – deyə soruşdu.
-
Necə, bəyəm, emyoğlu? Pul-zad lazımdır sənə? Mən hazır qulluğunda! Övdə olmaz, maşınımı sataram.
-
Yox... elə-belə maraqlandım.
-
Həri. Borcunu verib qurtardı. Əncaq hələki u vərdi, vərməsə unnan yaxşı idi. Ölmüşdü Kəblağa, unda pul qoyeydi! Amma namxuda-maşallah, atlarunnan olmaz a... – Sonra o, tövlənin küncündə dəmir top çəkilmiş toyuq hininə nəzər yetirdi.
-
Emyoğlu, heç xoruz görmürəm bunların arasında. Məndə biri var, bax... yalan olmasın... – Kəblağa qapını irəli verib, əlini kəmərinin bərabərinə çəkdi, – bu boyda. Degirman xoruzu! Əjdaha şeydir! Uni bağışladım sənə!
-
Yox... özüm tapıb alacağam... Sən zəhmət çəkmə...
-
Didim, qurtardı! Xoruzun məndə!
Bu arada Seyfəlin yenə onun şikəst əlinə baxdığını gördü.
-
Emyoğlu, danışım sənə bu sirri, elim nədən belə olub?..
-
Danış... o məni çoxdan maraqlandırır.
-
Əvvəl başdan uni diyim ki... Kəblağa sol ovcunu açıb Seyfələ göstərdi. – Bu nə pıçaq, nə də güllə yarasıdır. Mənim otuz beş yaşım var, hələ indiyəcən pıçaq yox a... heç bir qıyıq da batırmayıblar mənə. Neyçün ki, həlləm-qəlləm adam dögürəm.
-
Mətləbə keç...
-
Keçirəm də... emyoğlu. Kinodan qabaq bir jurnal göstərərlər, ya yox... Mən də elə... Məsələ belə olub: üzüm əyağuvun altında... inişil, təzə evlənmişdik. Yoldaşım Püstə xanım yalvar-yaxar elədi ki, ay Kəblağa, nə olar... hamısı şəhərə – tyatra, sirkə gedir, bir kərəm sən də apar məni. Nastrayenimun yaxşı vaxtına düşdü.Didim, dur geyin!
Qollarını sinəsində çarpazlayıb çinarın kötüyünə söykənmiş Seyfəl nəzərlərini ondan ayırmadan maraqla qulaq asırdı.
-
Durdu, geyindi. Oturduq u talışa satdığım “mersedes”ə, bir baş şəhərə! Hara gedək, hara gedək – sürdüm heyvanxanaya. Soruşdum: “xoşun gəlir çaqqala, ayıya, meymuna baxmaqdan? Dedi, neçə aydır, səhərdən-əxşəmeycən sənə baxıram, bəsim deyil?.. Gördüm, ay emyoğlu, ərağdan sora cigərim lap od tutub yanır içəridən. Burda da bir putulkə pivə vurdum. Başladıq, bu heyvan sənin, u heyvan mənim – tamaşa eləməyə: şir, pələng, canavar... Hamısı mur-mucul olub sıxılıblar bu qəfəslərin küncünə. Neyçün ki, buranın işçiləri uların payoxini yiyir, heyvanlar ac qalıb, heydən düşüblər. Baxırsan, yazıqların heç tərpənməyə taqəti yoxdur. Hə... gedə-gedə gəlib çıxdıq azman bir şirin qəfəsinin qabağına. Dedim, Püstə xanım, buna yaxşı bax a... Əntiqə heyvandır. Şir gözlərini marıtdadı mənim üzümə. Mən də, eləmə tənbəllik, əlimdəki paprusun u biri başını ağzıma qoyub, müştükündən filədim tüstüsünü bu şirin sifətinə. Püstə xanım dedi, eləmə! Qulaq asmadım, filədim. Köpəyoğlunun heyvanı, bu arada dalını çöndərib bizə sarı peşoladı yoldaşımın üstünə. Əynindəki ipək gəlinlik paltarı oldu eyzən murdar!...”
Söhbətin bu yerində Seyfəl özünü saxlaya bilməyib qəhqəhə çəkdi. Kəblağa davam etdi:
-
Dedim, hə... sataşmağa adam tapmadun?! İndi sən şir ol, mən də Kəblağa! Birezdən... hələ yaxına gəlib sifətini bu yana çevirəndə... əlimi reşotkanın arasından salıb çəkdim qapazı başına. “Boyuvu yerə soxum mərifətsiz heyvan!!” Vaxsey!.. Bir də uni gördüm ki... sağ əlim şirin ağzındadır!.. Mən qışqırıram... u dartır. Əyağlarım yerdən üzülüb... Əjdaha şir idi! Səsə adamlar tökülüşüb gəldilər. Səs... küy, həşir... qiyamət... yoldaşım gördü işlər çox şuluqdur yapışdı mənim əyağlarımdan. Hindi şir u yana dartır məni, Püstə xanım bu yana. Qalmışam havada. Əgər başım keçsə reşotkanın arasından... şir, məni qarışıq Püstə xanımı da çəkib salır içəri. Oluruq qəfəsdə üç nəfər.”
Seyfəl çoxdandı bu qədər ləzzətlə gülməmişdi. Kəblağanın həm dəhşətli, həm də baməzə söhbətinin bircə ifadəsini belə nəzərdən qaçırmırdı.
-
Hə... Emyoğlu... – deyə faciəli fəlakətdən indicə yaxa qurtarmış kimi Kəblağa həyəcanla gövşüyə-tövşüyə davam etdi. – Ac şir ola, təzəgəlin Püstə xanım, bir də mən, iştahla yeyəcək bizi də... Bu vaxt uranın işçilərindən ipligi üzülmüş qarı, əlində süpürgə özünü yetirdi. Sonra bacarnı şlank haçan işə düşdü, bilmədim. Əvvəlcə u qarı süpürgə ilə şirin başına vur ki, vurasan. Əlimi buraxmadı. Püstə xanım hələ də ayaqlarımdan bərk-bərk yapışıb sallanmışdı. Şlankdan su püskürən kimi, hərif yavaş-yavaş ağzını araladı, birtəhər xilas oldum. Qəfəsin içində qan nohur bağlamışdı. Barmaqlarım sınıq şam kimi piltəsindən asılıb yellənirdi. – O, əlini irəli uzatdı. – Bu ovcumun içində... “Moskviç” ratiatorunun ağzı boyda deşik açılmışdı. Bu tərəfdən baxanda o tərəf görünürdü. Sonrasını Püstə xanım danışır ki, qoyurlar məni “skori-pomoşa” aparırlar bolnisaya. Bəzisi deyir qəhrəmandır, şirə qapaz çəkib, bəzisi deyir axmaq sərxoş olub... u yatan... düz altı ay sərasər yatdım. Adama nə qədər iynə vurarlar!.. hə... İndi qazanca qalmışam mən. – Kəblağa bir qədər susub səsinin ahəngini dəyişərək məzlum tərzdə əlavə etdi. – Emyoğlu, hindi bilirsən bura nöş gəlmişəm?.. Atlara baxmaq-zaq bəhanədir. Keçən dəfə mən çox içmişdim... O gün adam döyüldüm ki... təxminən uzunqulağdım də... Ayılandan sonra u ki, var danlamışam özümi... Axi mən nə bileydim lapdan sən qabağıma çıxaceksən! Bazarda görüşdügümizi deyirəm ey... Bəlkəm birez artıq-əskik danışmışam... gərək bağışdiyəsən məni...
-
Hə... – Seyfəl güldü. – Sən onda kefli deyildin, keyfin kök idi.
-
Ətövbə! Bundan sonra qələt elərəm içkidə həddi aşaram!..
Eyvandan Müşfiqənin səsi eşidildi:
-
Seyfi! Qonağını da gətir, gəlin içəri. Hazırdır...
-
Gedək! – deyə ev sahibi onun qolundan yapışdı. – Bu gün biz də qutab bişirmişik.
-
Yox! – Kəblağa çırpınıb Seyfəlin əlindən çıxdı. – Lap bir saat bundan qabaq yemişəm.
-
Adə, heç olmasa bir-iki dənə... Umsunarsan.
-
Allah artıq eləsin!
Kəblağa “emyoğlu” tərəfdən arxayın olduqdan sonra köhnə “Moskviç”inə oturub tozanaq qaldıraraq getdi...
***
İkinci gün idi Seyfəl çarpayısını eyvana çıxarmışdı. Ona görə yox ki, tövlədəki heyvanlardan, hindəki toyuqlardan nigaran qalırdı. “Qaraboz” səhərdən bir gözü yatmış, bir gözü oyaq həyət-bacanın keşiyini çəkirdi. Arada hənirti eşitcək tez qulaqlarını şəkləyirdi, həmin səmti pusurdu...
Seyfəl gecələr açıq havada göyə, ulduzlara tamaşa etməkdən, ilbizlərin sükunətdə səs-səsə verərək lap uşaqlıqdan adət etdiyi yeknəsəq mahnılarını dinləməkdən olmazın zövq alırdı. Ciyərlərinə çəkdiyi təmiz, ətirli havadan canına, əzalarına rahatlıq süzülürdü, beyni dincəlirdi. Ancaq belə sakit vaxtlarda o, qıçındakı sümüyə dayanmış qəlpənin sızıltılı ağrısını daha aydın hiss edirdi, yuxusu pozulurdu, onu yatmağa qoymurdu. Bu gecə də belə oldu.
Sanki bədənində gizlənmiş, qanlı müharibənin yadigarı olan acı qəlpə Seyfələ həmişə bir şeyi xatırladırdı: “Yadından çıxartma! Arxayın yatma! Sənin bu sakit həyatın bir gün yenə pozula bilər. Onda göylər belə şəffaf, Ay, ulduzlar belə parlaq görünməyəcək. Hər yan qara buludlara, hisə, toza bürünəcək; gecələr belə sükunətli olmayacaq. Od-alov içində toplar, mərmilər, bombalar gurlayacaq... Vahimədən heç kim yata bilməyəcək. Aləmi bir anda dəhşət bürüyəcək... yer-göy, kəndlər, şəhərlər kufəkun olacaq... dəryalar çanax kimi yırğalanıb daşacaq... insanlar qırılacaqdır... onda sənin bu xanimanından əsər-əlamət qalmayacaq. Faytonun yanıb külə dönəcək, atların torpağa gömüləcək.
Seyfəl səksəkədən diksinirdi, yata bilmirdi...
İndi də yuxusu ərşə çəkilmişdi. Qalxıb çarpayıda dikəldi, ətrafa baxındı. Hardansa Şəfiqin sözləri yadına düşdü: “Ata, niyə gecikdirirsən. Özünə bu qədər əziyyət verirsən. Get biryolluq kəsdir, qəlpəni çıxartdır qıçından, canın dincəlsin. Bu sənin üçün nə çətin işdir ki!.. Oğlu haqqında danışırdı. O, bunu etməli idi. Gecikdirməyin mənası yoxdu. Seyfəlin xəyalı işıq sürətilə geri uçaraq qırx il əvvəlki odlu-alovlu müharibə günlərinə qayıtdı. Yaralanmış qıçından qan sıza-sıza, ikiəlli atın boynunu qucaqlamış halda yəhər üstdə keçirdiyi işgəncəli dəqiqələri təzədən yaşadı. Seyfəl belə möcüzə görməmişdi! At sanki ətrafında vıyıldayan güllələrlə yarışırdı, onlardan geri qalmaq istəmirdi. Tərkindəki süvarini ölüm kabusunun vəhşətli caynağından qoparıb dördnala çapırdı. Seyfəl, altındakı köhlənin qarası yoxa çıxmış vahimə, təlaş dolu qabarıq ağ gözlərini xatırladı. Onlar necə də qorxulu idi! Genişlənmiş burun pərələri adi nəfəs deyil, od şırnağı püskürürdü. At, sahibindən yüz qat artıq həyəcan keçirirdi.
...Sonra nələr olmuşdu, bilmirdi. Səhərə yaxın gözlərini açanda...”
Birdən tövlədəki atları Seyfəlin yadına düşdü. Elə bil fövrən qıçının ağrısı kəsdi. Geyinib həyətə çıxanda hənirtini hiss edən “Qaraboz” o dəqiqə qulaqlarını çatdı. Ay işığında sahibini kölgəsindən tanıyınca çevik bir sıçrayışla dikəldi və səssiz-səmirsiz, quyruğunu bulayaraq onun ayaqlarına sürtündü.
Hindəki toyuqlar başlarını pırpızlaşmış pərquları arasında gizlədərək bəzisi tarda, bəzisi isə axşamdan küllənərək küncdə-bucaqda yatmışdı. Oyaq, təkcə Kəblağanın dünən gətirdiyi mərcan gözlü, qırmızı sallaq pipikli, əlvan xoruz idi. O, Seyfəli görən kimi qalxdı, döşünü qabağa verib boynunu uzadaraq qaqqıldaya-qaqqıldaya şahanə bir yerişlə hində gəzinməyə başladı. Seyfəl tövləyə girdi. Bura qaranlıq idi. Qapının haşiyəsindəki düyməni basıb işığı yandırdı. Atlar gümrahlıqla fınxırdı, qoyunlar tənbəl-tənbəl mələdi.
-
Hə... siz də yatmamısız?... – deyə Seyfəl atasından qalan vərdişlə heyvanlara müraciət elədi. – Mənim qıçım sancır... sizə nə olub?.. – O, atların boynunu qucaqladı, üzünü onların başına söykədi. – Qoy oğlum Şəfiq gəlsin, gedib müharibədən qalan qəlpəni çıxartdıracağam qıçımdan. Ondan sonra evdə oturdu yoxdur. Abşeronu kəndbəkənd gəzəcəyik sizinlə. Şəhərə gedəcəyik. Müşfiqəni də özümüzlə aparacağıq. O, hələ mənim faytonuma minməyib...
Seyfəl atların böyrünü, sağrısını şappıldadıb, sonra sığal çəkə-çəkə yenə danışmağa başladı:
-
Mənim ağıllı heyvanlarım. Heyf ki, sizin sayınız getdikcə azalır. Əvvəllər bu tərəflərdə çox idiniz. Kəndin hər həyətində bir-iki at saxlardılar. İndi... Abşeronda sizi barmaqla saymaq olar. Niyə taleyiniz belə gətirdi, bilmirəm. Allahın bir para lazımsız cücülərinin, kərtənkələlərinin, tısbağalarının adını “Qırmızı kitab”a salırlar, onları qoruyurlar, nəslini artırırlar... amma siz bədbəxtlər bu boyda Azərbaycanda yox dərəcəsinə enmisiniz heç haqqınızda fikirləşən yoxdur! Qəzetlər də tez-tez yazırlar ki, müharibədə fədakarlıq göstərənlər unudulmur. Bəs siz?! Diliniz, arxanız olsaydı, haqqınızı tələb edərdiniz. İndi başsaxladı dünyasıdır! Bəzən ləyaqəti olmayan arxalarını irəli çəkirlər, onlara ad verirlər, vəzifə tapşırırlar. Məsələn, pünhanda başqasının arvadı ilə əxlaqsızlıq edib, zahirdə qeyrətdən, namusdan dəm vuran Firudin Zöhrabov kimiləri!...
Evdə işıq yandı. Müşfiqə oyanmışdı. Seyfəl həyətə çıxdı.
Dan sökülürdü...
***
Cərrahiyyə əməliyyatı Seyfəlin düşündüyü qədər də ağır keçmədi. İki gün xəstəxanada yatdıqdan sonra qıçını yarıb qəlpəni çıxardılar.
-
Çox gecikdirmişdiniz, – deyə həkim işini qurtarıb əllərini yuyanda Şəfiqə bildirdi. – Çalpapaq sim yeritmişdi.
Bu səhər Seyfəl qoltuq ağacının köməyi ilə xəstəxananın həyətində gəzinirdi. Saqqalını təzəcə taraş eləmişdi. Çöhrəsi soluxmuşdu. Həkimlərin müşahidəsidir. “Xəstəxanada qadınların aynaya baxması, kişilərin üzünü qırxması sağalmağın birinci əlamətidir”.
Bədənindən xilas edilən dəmir parçasını Seyfəl yaylığının ucuna düyünləyərək cibində saxlayırdı. Hərdən açıb baxır və düşünürdü: “Qırx ildi bu mənim rahatlığımı pozurdu... Qıçımdan yox, başımdan, ürəyimdən dəysəydi, yəqin ki, çoxdan ölmüşdüm...” Sonra yanına gələn oğluna, gəlininə dedi: “Sən dünyanın işinə bir bax, quşdan tutmuş pələngə qədər, xırdalı böyüklü bütün heyvanları öldürməyə ta qədimdən bircə silah icad olunub – tüfəng! Onlar üçün daha başqa şey fikirləşməyiblər. Məni də məhv etməyə elə bu balaca qəlpə kifayət etdi. Ancaq gör insanlar insanları qırmağa baş sındırıb daha nələr tapıblar: cürbəcür bombalar... raketlər... reaktiv təyyarələr... Perşinq – merşinq...”
Qayınatasının həyəcanlı danışığını görən Fidan söhbəti dəyişmək üçün araya söz atdı:
-
Papa! Sənə təzə bir xəbər. Srağa gün iki ağ göyərçin...
Şəfiq tez əlavə etdi:
-
Hə... Biri erkək, biri maya...
-
Gəlib qondular bağımızdakı çarhovuzun qırağına. Mama onlara dən atdı, qabaqlarına su qoydu...
Şəfiq söhbəti tamamladı:
-
Üçüncü gündür uçub heç yana getmirlər. Özləri də elə yaraşıqlı göyərçinlərdi ki!..
Seyfəl bığının altda qımışdı.
-
Xoş gəliblər. Onların ayağı yəqin ki, yüngül olar...
Qəlpə yarası hələ tamam sağalmamış Seyfəl həkimdən onu evə buraxmasını xahiş elədi. Üstəlik zarafatından da qalmadı.
-
Xətrinizə dəyməsin... Vallah, başqalarını bilmirəm, mənim üçün palataları dərman qoxuyan xəstəxanada müalicə olunmaqdansa, təbiətin qoynunda öz bağımın təmiz havasında ölmək yaxşıdır. Buraxın gedim.
Əslində isə atları üçün darıxmışdı.
...Kişi darvazanın önündə maşından düşəndə elə bil nağıllarda, əfsanələrdə eşitdiyi cənnətin qapısına çatdı, dünyaya ikinci dəfə gəldi...
Evlərinə keçməzdən qabaq aynabənddə oturub Müşfiqənin təzədəm çayından içdi. Və gözləri ilə arayaraq həyətdəki yamyaşıl, sıx yoncalıqda otlayan göyərçinləri tapdı.
Seyfəl qalxıb tövləyə getmək, atlara sığal çəkmək, sonra bağda, bostanda əkdiklərinə baxmaq, tingləri sulamaq istədi.
Ancaq... böyründəki divara söykədiyi əsasını görcək yadına düşdü: ona hələ gəzmək, işləmək yaramazdı. Müşfiqə sanki ərinin ürəyindən keçənləri sifətindən oxudu:
-
Seyfi, narahat olma, – dedi – bostana, ləklərə srağa gün mən, bu səhər Şəfiqlə gəlin doyunca su vermişik.
Kişinin gözləri güldü.
EPİLOQ
Qocalıq həyatın nə olduğunu dərk etmiş cavanlıqdır. Seyfəl də bu dünyada az görüb götürməmişdi. Arxada qalan illəri uşaqlıqda addımlarla, gənclikdə at belində, ahıl çağlarında maşında sükan arxasında, rezin təkərlər üstdə keçərək gəlib bu günə çıxmışdı. Saç-saqqal ağartmışdı. Ancaq hələlik gözlərinin nurunu, qollarının qüvvətini, dizlərinin taqətini itirməmişdi. Son zamanlar bağ-bağat, at, fayton, onu bir az da gümrahlaşdırmışdı. Yaşamaq eşqini artırmışdı. Qırx il rahatlığını pozan qəlpə, qıçından çıxarıldıqdan sonra o, sanki təzədən doğulmuşdu. Gecələri rahat yatırdı, yaxşı yuxular görürdü. Əvvəllər qaradinməz olan Seyfəl indi dəyişmişdi; Müşfiqə ilə uzun-uzadı şirin söhbətlər edirdi. Həkimlər sanki bədənindən o acı qəlpəni deyil, beynindən müharibənin dəhşətli fikirlərini də qoparıb atmışdılar. Yuxularında tez-tez ağ göyərçinlər uçurdu. Seyfəl sabahına baxanda qarşısında pirani lakin qıvraq bir qoca dayanırdı. Bu özü idi! Yanında da birçəkləri ağarmış, yarım əsrin vəfalı ömür candaşı nəcib Müşfiqə qarı... Biri baba... biri nənə. Şəfiqi ərsəyə yetirmişdilər, indi növbə nəvələrin olacaqdı.
Yaxşı ki, həyatın qayğıları tükənməzdir. Yoxsa qocalar üçün yaşamaq öz mənasını itirərdi. Hər dəfə atlarına baxanda, onların kişnərtisini eşidəndə Seyfəl fikirləşirdi: “Bunlar olmasaydı, torpaq, insan nə qədər miskin görünərdi! Yaranmışları yaşatmaq bizim müqəddəs borcumuzdur...”
Dostları ilə paylaş: |