Müasir elmin bu kəşflərinin bizə göstərdiyi nəticə budur: zaman materialistlərin hesab etdiyi kimi mütləq deyil, nisbi hissdir. Maraqlısı budur ki, XX əsrə qədər elmin bilmədiyi bu həqiqətin bundan 14 əsr əvvəl nazil edilmiş Quranda bildirilməsidir. Quran ayələrində zamanın nisbi anlayış olduğunu göstərən açıqlamalar var. Müasir fizika tərəfindən təsdiqlənən zamanın psixoloji hiss olması, yaşanan hadisəyə, məkana və şərtlərə görə fərqli şəkildə qavranıldığını bir çox Quran ayəsində görmək mümkündür. Məsələn, bir insanın bütün həyatı Quranda bildirildiyinə görə çox qısa müddətdir:
O gün ki, Allah sizi çağıracaqdır. Siz də Ona şükür edərək dərhal çağırışına cavab verəcəksiniz və sizə elə gələcəkdir ki, (dünyada) çox az qaldınız! (İsra surəsi, 52)
(Allah müşrikləri) gündüz bir saat belə (dünyada) olmamışlar kimi, bir yerə toplayacağı gün onlar bir-birini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan hesab edənlər, sözsüz ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da deyildilər. (Yunus surəsi, 45)
Bəzi ayələrdə insanların zaman qavrayışlarının fərqli olduğuna, insanın əslində çox qısa olan bir müddəti çox uzun kimi qavraya bildiyinə işarə edilir. İnsanların axirətdəki sorğu-sualları əsnasındakı aşağıdakı söhbətlər buna misaldır:
Belə buyuracaqdır: “Yer üzündə neçə il qaldınız?” Onlar: “Bir gün, bir gündən də az, hər halda, sayanlardan soruş!” – deyə cavab verəcəklər. Allah buyuracaq: “Əgər bilirsinizsə, siz (orada) çox az qaldınız! (Muminun surəsi, 112-114)
Bəzi başqa ayələrdə də zamanın fərqli mühitlərdə fərqli axış sürəti ilə keçdiyi bildirilir:
... Rəbbinin dərgahında bir gün sizin saydığınızın (hesabladığınız vaxtın) min ili kimidir! (Həcc surəsi, 47)
Mələklər və ruh Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar. (Məaric surəsi, 4)
O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın min ilinə bərabər olan bir gündə Ona doğru (Allahın dərgahına) yüksələr. (Səcdə surəsi, 5)
Bu ayələrin hər biri zamanın nisbiliyinin çox açıq ifadəsidir. Elm tərəfindən XX əsrdə əldə edilən bu nəticənin bundan 1400 il əvvəl Quranda bildirilməsi isə, əlbəttə, Quranı zamanı və məkanı tamamilə əhatə edən Allahın endirdiyinin dəlilidir.
Quranın bir çox ayəsində istifadə edilən üslub açıq şəkildə zamanın hiss olduğunu üzə çıxarır. Xüsusilə də qissələrdə bunu görmək mümkündür. Məsələn, Allah Quranda bəhs edilən mömin Kəhf əhlini 300 ildən çox müddət ərzində dərin yuxuda saxlamışdır. Daha sonra oyandırdıqda isə bu şəxslər zaman baxımından çox az müddət yatdıqlarını düşünmüş, nə qədər yatdıqlarını təxmin edə bilməmişdilər:
Biz onları mağarada illərlə yuxuya verdik. Sonra iki tayfadan (möminlərdən və kafirlərdən) hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq. (Kəhf surəsi, 11-12)
Beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların biri dedi: Nə qədər qaldınız?” Onlar: “Bir gün və ya bir gündən az!” – deyə cavab verdilər. Onlardan (bəziləri isə) belə dedi: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə ruzi (yemək alıb) gətirsin. O, çox ehtiyatlı olsun və sizin barənizdə heç kəsə bir xəbər verməsin! (Kəhf surəsi, 18)
Aşağıdakı ayədə izah edilən vəziyyət də zamanın əslində psixoloji hiss olduğunun mühüm dəlilidir:
Yaxud uçulmuş bir kəndin yanından keçən kimsənin əhvalatını bilirsən? O kimsə: “Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” – demişdi. Belə olduqda, Allah onu yüz il ölü halında saxladı, sonra dirildərək ondan: “Nə qədər yatmısan?” – deyə soruşdu. O da: “Bir gün, bəlkə, bir gündən daha az” – deyə cavab verdi. Allah ona: “Bəlkə, yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi sümüklərə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürük?” – deyə buyurdu. O kimsəyə bunlar aydın olduqda: “Artıq bildim ki, Allah hər şeyə qadirdir!” – dedi. (Bəqərə surəsi, 259)
Göründüyü kimi, bu ayə zamanı yaradan Allahın zamana tabe olmadığını açıq surətdə vurğulayır. İnsan isə Allahın onun üçün təqdir etdiyi zamana bağlıdır. Ayədən göründüyü kimi, insan nə qədər yuxuda qaldığını belə bilməkdən acizdir. Bu təqdirdə (materialistlərin batil məntiqində olduğu kimi) zamanın mütləq olduğunu iddia etmək çox ağılsız olar.
Qədər
Zamanın nisbi olması bizə çox mühüm həqiqəti göstərir. Bu nisbilik o qədər dəyişkəndir ki, bizim üçün milyard illərlə davam edən zaman başqa aləmdə sadəcə bir saniyə belə davam edə bilər. Hətta kainatın əvvəlindən sonuna qədər keçən zaman başqa bir aləmdə bir saniyə belə deyil, ancaq bir “an” davam edə bilər.
Bir çox insanın tam olaraq başa düşmədiyi, materialistlərin isə anlamayaraq tamamilə inkar etdikləri qədər həqiqətinin əsası buradadır. Qədər Allahın keçmiş və gələcək bütün hadisələri bilməsidir. İnsanların böyük əksəriyyəti isə Allahın hələ baş verməmiş hadisələri əvvəlcədən necə bildiyini soruşurlar və qədərin həqiqiliyini anlamırlar. Halbuki “baş verməmiş hadisələr” bizim üçün baş verməmiş hadisələrdir. Allah isə zaman və məkandan asılı deyil, bunları yaradan Onun Özüdür. Bu səbəbdən, Allah üçün keçmiş, gələcək və indi eynidir və hamısı olub-bitmişdir.
Linkoln Barnett Ümumi nisbilik nəzəriyyəsinin bu həqiqətə necə işarə etdiyindən “Kainat və Eynşteyn” adlı kitabında bəhs edir. Barnettin fikrincə, varlıqları bütünlükdə ancaq “bütün ucalığı ilə kosmik zehin” qavraya bilər.416 Barnettin “kosmik zehin” kimi qeyd etdiyi iradə bütün kainata hakim olan Allahn elmi və ağlıdır. Bizim bir xətkeşin əvvəlini, ortasını, sonunu və aralarındakı bütün vahidləri bütünlükdə bir anda asanlıqla görə bildiyimiz kimi, Allah da bizim asılı olduğumuz zamanı əvvəlindən sonuna qədər bir an kimi bilir. İnsanlar isə sadəcə zamanı gəldikdə bu hadisələri yaşayıb Allahın onlar üçün yaratdığı qədərə şahid olurlar.
Cəmiyyətdə geniş yayılmış yanlış qədər anlayışına diqqət etməliyik. Bu batil anlayışda Allahın insanlara “alın yazısı” müəyyən etdiyi, amma onların bəzən bunu dəyişdirdikləri kimi batil inanc var. Məsələn, ölümdən dönən xəstə haqqında “qədərinə qalib gəldi” kimi cahil ifadələr işlədilir. Halbuki heç kim qədərini dəyişdirə bilməz. Ölümdən dönən şəxs qədərində ölümdən dönməsi yazıldığı üçün ölməmişdir. “Qədərimə qalib gəldim”, -deyərək özlərini aldadanların bu cümləni demələri və o psixoloji hala düşmələri də yenə qədərlərindədir.
Çünki qədər Allahın elmidir və bütün zamanı eyni anda bilən və bütün zamana və məkana hakim olan Allah üçün hər şey qədərdə yazılmış və bitmişdir.
Allah üçün zamanın tək olduğunu Quranda istifadə edilən üslubdan da anlaya bilərik, bizim üçün gələcək zamanda olacaq bəzi hadisələrdən Quranda çoxdan olub-bitmiş hadisələr kimi bəhs edilir. Məsələn, axirətdə insanların Allaha verəcəkləri hesabın bildirildiyi ayələr bundan çoxdan olub-bitmiş hadisə kimi bəhs edir:
Sur çalındı, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öldü. Sonra bir daha çalınan kimi onlar qalxıb (Allahın əmrinə) müntəzir oldular! Yer öz Rəbbinin nuru ilə işıqlandı, kitab qoyuldu, peyğəmbərlər və şahidlər gətirildi, onlar arasında ədalətlə hökm olundu… (Zumər surəsi, 68-69)
Kafirlər dəstə-dəstə Cəhənnəmə sürükləndilər… (Zumər surəsi, 71)
Bu mövzuya aid digər nümunələr isə belədir:
Hər bir kəs bir sürüyən və bir də şahidlə gələcəkdir. (Qaf surəsi, 21)
Və (göy) süst düşüb parçalanmışdır! (Haqqa surəsi, 16)
Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandırmışdır. Onlar orada taxtlara söykənmiş, orada nə günəş, nə də sərt soyuq görürlər. (İnsan surəsi, 12-13)
Cəhənnəm də hər görənə görünəcəkdir. (Naziat surəsi, 36)
Bu gün isə möminlər kafirlərə gülürlər. (Mütaffifin surəsi, 34)
Günahkarlar atəşi (Cəhənnəmi) görüncə ona düşəcəklərini yəqin etmiş və oradan baş götürüb qaçmağa bir yer tapa bilməmişlər. (Kəhf surəsi, 53)
Göründüyü kimi, bizim üçün ölümümüzdən sonra baş verəcək bu hadisələrdən Quranda baş vermiş və bitmiş hadisələr kimi bəhs edilir. Çünki Allah bizim asılı olduğumuz nisbi zaman ölçüsünə bağlı deyil. Allah bütün hadisələri zamansızlıqda istəmiş, insanlar bunu etmiş və bütün bu hadisələr baş vermiş və nəticələnmişdir. Böyük-kiçik hər hadisənin Allahın bilgisinin daxilində baş verdiyi və bir kitabda qeyd olunduğu həqiqəti isə aşağıdakı ayədə xəbər verilir:
Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın! (Yunus surəsi, 61)
Dostları ilə paylaş: |