Heydər OĞuz adını sən qoy! Bənzərsiz imza



Yüklə 0,6 Mb.
səhifə3/9
tarix04.01.2017
ölçüsü0,6 Mb.
#4498
1   2   3   4   5   6   7   8   9

Bölüşmərəm mən
Yurduma göz dikən, ey nankor kirvəm,

Əsla Qarabağı bölüşmərəm mən.

O cənnət torpağı hələ demirəm

Bir daşı, bir dağı bölüşmərəm mən.


Suyla yox, qanımla o yurd sulanmış,

O elin başına ruhum dolanmış.

Köksümdən tökülən qana bulanmış

Kiçik bir oymağı bölüşmərəm mən.

Pis gündə söykədin mənə kürəyi.

Kirvəlik gərəyi, dostluq gərəyi-

Səninlə bölüşdüm duzu-çörəyi,

Üz vurma, torpağı bölüşmərəm mən.


Soysuzlar nə bilir torpaq ətrini,

Şır-şır nəğmə deyən çayın qədrini?

Onun nəğməsinin bircə sətrini

Səninlə, ay yağı, bölüşmərəm mən.


O keçmiş günlərin həsrətin çəkən,

Kədərdən başına dumanlar çökən,

Mənim həsrətimlə göz yaşı tökən

O dərdli bulağı bölüşmərəm mən.


Özünə çox dayı bula bilirsən,

Kiminsə dayısı ola bilirsən.

Sən özün məndən də əla bilirsən –

Yox yurdun ortağı, bölüşmərəm mən.

Sanma ki, “soyqırım etdi”- deyərlər,

“Bir millət tarixdən itdi”- deyərlər,

“Türkün mərhəməti bitdi”- deyərlər,

Bu ağır qınağı bölüşmərəm mən!


Heydər der, hələ ki, qarışıb başım,

Didişir mənimlə doğma qardaşım,

Çıx get ki, çıxmasın böyük savaşım,

O qutsal ocağı bölüşmərəm mən.



Qanunlar oğrunu qoruyan eldə
Qanunlar oğrunu qoruyan eldə

Doğruluq ən böyük əzaba dönər.

Oğru qanunları yurd salar dildə,

Yazılmamış qutsal kitaba dönər.


Qulağı batırar bağırsa oğru,

Qorxudan dizləri titrəyən doğru

Qaçar hər gördüyü deşiyə doğru,

Hakimlər baş kəsən qəssaba dönər.


Arzuya çevrilər ən murdar niyyət,

Yurda hakim olar qara zehniyyət,

Nə mərifət qalar, nə mədəniyyət,

Söyüş ən mədəni xitaba dönər.


Unudub kəsdiyi əhdi, ilqarı

Din kəsən əlləri öpər dindarı.

Kimin ki, üzündən silinib arı

Xanıma çevrilər, cənaba dönər.


Hakimə çevrilsə küçə uşağı,

Nahaqlar tanımaz beli qurşağı.

Atılan hər zərbə beldən aşağı

Haqqın əleyhinə hesaba dönər.


Halal zəhmətinlə qurub hördüyün,

İçində şad-xürrəm ömür sürdüyün,

Hər daşı, torpağı abad gördüyün

Xoşbəxt elin könlü xaraba dönər.


Sözün ki, qiyməti yoxdursa, Heydər!

Qızıl xırdalasan, gedəcək hədər.

Boş yerə nə söz de, nə çağrı göndər,

Sükunət çağrına cavaba dönər.



Nə olsun?
Deyirəm: dövlətim əlimdən gedir!

Kinayə edirsən: aha, nə olsun?

Dostum, nə gedirsə elimdəm gedir.

Səncə, bundan artıq daha nə olsun?


Babanın məzarı torpaq altında,

Torpaqsa tapdanır tapdaq altında.

Daha nə olsun ki, papaq altında

Başın qalxmasına bəhanə olsun?


Danışsan, bəlkə də dilin kəsilər,

Danışmasan oban, elin kəsilər.

Uşaq qundaqlanar, gəlin kəsilər

Bədəl busa, bundan baha nə olsun?


Yaralar sağalmaz basılmasa duz

Duayla tarladan çıxarmı donuz?

Deyirsən, qurbansız ay Heydər Oğuz

Sürdüyün ömür də şahanə olsun?



Qurbana azadlıq gərək, azadlığa qurban
Ya rəbb, bizə dərmandımı dərd, dərddimi dərman?

İblismi çaşıb dərd ilə dərman arasında?

Qurbana azadlıq gərək, azadlığa QURBAN.

Çaş-baş qalır insan iki QURBAN arasında.


Çaşqınlığımız aləmi oynatdı yerindən,

Sandıq ki, bütün göy üzü yerdən-yerə dəydi.

Yaş tökdü buludlar, elə ah çəkdi dərindən,

Heyrətdən əyilməz qoca dağlar boyun əydi.


Biçarə bulud ağlamasın, neyləsin, Allah!

Haqq söz danışan dillərə qandal vurulubdur.

Hər sərvi olub dar ağacı, hər sözümüz ah,

Hər bir daşın üstündəsə zindan qurulubdur.


Çaqqallara orman verilib, bayquşa bağlar,

Aslana yataq yerləri zindan olub indi.

Bülbülsə qəfəslərdə çəkib ah yenə ağlar,

Qəmdən yazığın sinəsi al-qan olub indi.


Allah bütün insanlığa bir tale yazarkən,

Bəs, millətimin bəxtinə neyçün qara düşdü?!

Xalqın qanın içmişlər azadlıqda gəzərkən,

Qurban kimi övlad niyə zindanlara düşdü?!


Batsın belə dövlət ki, ədalətdən əsər yox,

Batsın ki, bütün xəlq olunan xilqətə ziddir!

Qanun nədir? Ondan bizim ellərdə xəbər yox,

Haqq axtaran insana düşən paslı kiliddir!


Ya Rəbb, çıxa azadlığa düşmən qara gözlər,

Bizlər yenə Qurban ilə həmhal ola bilsək.

Uçduqca o hikmətli dodaqdan göyə sözlər,

Heyrətdə qalıb kam alaraq lal ola bilsək.


Kim yazdı bizim taleyə, bilməm, qara hicran?

İtməkdədi göz rəngimiz al qan arasında.

Qurbana azadlıq gərək, azadlığa QURBAN,

Çaş-baş qalır insan iki QURBAN arasında.


Hüququm yox qoyunca
Ürəyimdə saxladığım sözümü

Deyəmməsəm, hava gələr başıma.

Göz yaşımda dəfn etmişəm özümü.

Nələr gəldi, nələr, nələr başıma?


Bu dağılmış - göy üzüdür, deməyin.

Bir ələkdir əllərində fələyin.

Ulduzlarsa gözüdür bu ələyin,

Qara günü hər gün ələr başıma.


Gör, nə qədər dəlləyi var elimin.

Biri məlum, o biri də telimin,

Bir qayçı da ucundadır dilimin,

Toplanıb gör, neçə bərbər başıma?


Quzu belə mələr ağrı duyunca,

Mən yazıqsa dili bağlı oyuncaq.

Aman Allah, hüququm yox qoyunca-

Ələnibdir yaman küllər başıma.


Öz elimdə qolu bağlı qulam mən.

Bilmirəm ki, nə edəm mən, nolam mən?

Bilmirəm ki, hansı daşı salam mən

Dərd əlindən bu dərbədər başıma?


Heydər Oğuz, göz yaşını sil artıq!

Vəzifən nə, hüququn nə, bil artıq!

Ayağa qalx, ya qurtul, ya öl artıq!

Güləcəkdir yoxsa ellər başına.



Adamın bu yurddan köçəsi gəlir
Rəhbərlər kürsüdə nitq söyləməmiş

Ətrafdan çəpiyin gur səsi gəlir.

Birisi səhnəni tərk eyləməmiş

Ardınca züy tutan neçəsi gəlir,

Adamın bu yurddan köçəsi gəlir.
Məddahlar yurdudur bu el, bu ölkə

Riyakarlıq salır üstünə kölgə.

Milli şərəfindən keçənin bəlkə

Şahın şərəfinə içəsi gəlir,

Adamın bu yurddan köçəsi gəlir.
Bu dildə "pul" desən ovurdlar şişər,

Həm də dodaqlardan tüpürcək düşər.

Bir yerdə sunulur xeyir ilə şər,

Xalqın da məcburi seçəsi gəlir,

Adamın bu yurddan köçəsi gəlir.
Kölə tək bir öyün qarnın doyurdun,

"Allah"ı olursan imansız yurdun.

"Pul" adı çəkincə şişən ovurdun

Tüpürcəyindən də keçəsi gəlir,

Adamın bu yurddan köçəsi gəlir.

Könül, sabahlara bağlama beli

Könlüm, sabahlara bağlama beli,

Kimin ki işləri sabaha qalır,

Bütün işlərindən üzülür əli,

Ümidi yalnızca Allaha qalır.
Sabah nə olacaq hardan bilirsən,

Bəllimi, sabahı görmədin bəlkə.

Bu günü ömründən niyə silirsən?

Sabahadək ömür sürmədin bəlkə.


Bu gün elədiyin Haqdan sayılır,

Sabahda gizlənib şeytan tələsi.

Tələyə düşənlər onda ayılır,

Ruhu səfərdədir, beldə şələsi.


Könlüm, sabahlara bağlama beli,

Gözlədiyin sabah gəlməyə bilər.

Sabah nə olacaq, haradan bəlli?

Sabah gün üzünə gülməyə bilər.



Baş alıb ölkədən qaçmağa nə var?
Zalımın zülmündən xilas olmağı

Ölkədən qaçmaqda görürük hərdən.

Millətcə bəlaya çarə bulmağı

Yad qapı açmaqda görürük hərdən.


Ölkə xoşumuza gəlməyir bizim,

Yoxsa bu düzənmi, anlamaq çətin.

Zülmü devirməyə çatmırsa əzm

Suç bu düzəninmi, yoxsa millətin?!


Baş alıb ölkədən qaçmağa nə var?

Fəqət kədərindən qaça bilməzsən.

Qaçdıqca zalıma dönər hökmdar,

Məzlum qədərindən qaça bilməzsən.


Yadların təriylə qurulan dövlət

Sənə qucaq açar, sənin olammaz.

Üzünə xoş baxıb gülərlər, əlbət,

Dar gündə süfrəndə dənin olammaz.


Əgər qaynatmırsa köz qazanını

Süfrən haram olar, ruzinsə artıq.

Kimlər ki, bişirməz öz qazanını

Artığa-urtuğa göz dikər artıq.


Artığa göz dikmək, qüsura baxma,

Heç zaman sayılmaz insan taleyi.

Özünün deyilsə o acı loxma

unu yamanla, nə də ələyi.


Guya ki, qaçıbsan sən it günündən,

Yadın artığını yeyən olubsan.

Ölkəndə zalımın qaçıb önündən

Gedib yadlara baş əyən olubsan.


Qaçaraq özünlə daşıdıqların

Kölə qismətindir, bir də boş çanta.

Eynilə ölkəndə yaşadıqların

Orda da qarşına çıxar hər yanda.


Baş alıb ölkədən qaçmağa nə var?

Qaçqın taleyindən qaça bilməzsən!

Özgə dünyasısa getdiyin diyar,

Özünə bir qapı aça bilməzsən.


Onlar tək tərini tökməkdən keçir

Onlar tək azadlıq dadmanın yolu.

Demirəm, kəfəni əyninə keçir,

Barı, onlar kimi çırmala qolu.



Soruşursuz – səsin gəlmir nə vaxtdır?
Soruşursuz – səsin gəlmir nə vaxtdır?

Qoyubsunuz, məni guya danışım?

Danışıram, deyirsiniz – uzaq dur!

Haqq danışım, yoxsa röya danışım?


Bir ölkəm var, xalq qorxudan olub lal,

Bir dəliyə, bir ölüyə yox zaval.

Gördüklərim nə yuxudur, nə xəyal.

Niyə gedim aya, suya danışım?


O kəslər ki, indi məni ayıblar,

Bir vaxt məndən cəsarəti alıblar,

Ürəyimə yaman qorxu salıblar

Ürək var ki, duya-duya danışım?


Məddahı çox, gözü-könlü tox onun,

Yenisinə ehtiyacı yox onun.

Ehtiyacı lap varıdır çox onun,

Nə düşüb ki, mənə riya danışım?


Nə olsun ki, qəsri göydən nəm çəkər?

Nə olsun ki, dinən dilə turp əkər?

Nə o şahdır, nə mən dilsiz bir nökər-

Bildiyimi lal quyuya danışım.


Nə altun teşt, nə də sikkə istərəm,

Nə yatmağa sərin kölgə istərəm.

Mən Heydərəm, azad ölkə istərəm-

Bu ölkədə doya-doya danışım.



Azadlıq yolunu tutmayan millət
Demə: “yürüməkdən ağrıyar dizim,

Boş yerə dabanım yağıra dönər”.

Sıldırım qayaya dırmanan izim

İzinlə birləşsə, cığıra dönər.


Demirəm, əziz dost, gəl, məni solla,

Barı, pıçıltıyla bir salam yolla.

Qaydadır, salınar yollar bu yolla,

Yolsuz saraylarsa axura dönər.


Yuxusuna haram qatmayan millət,

Qorxunu üstündən atmayan millət,

Azadlıq yolunu tutmayan millət -

Millət ola bilməz, naxıra dönər.


Ayağı altında hansısa xanın

Mənliyi tapdanır Azərbaycanın.

Hələ də damarda daşınan qanın

Yiyəsi, yiyəsiz fağıra dönər.


Heydər, baş üstündə durarkən Allah

Kimlər ki şahlara aparar pənah,

Nə dərdi azalar, nə çəkdiyi ah,

Geriyə bağıra-bağıra dönər.




Onun başındadır bütün qalmaqal
Dəmirdən yoğrulub dövrün xəmiri

Güllə də dəmirdir, zindan da dəmir.

Necə qullanırsa insan dəmiri

O cür hal yaradır insanda dəmir.


Döyüşən millətin taleyi, bəxti

Bağlanmış nemətdir tüfəng ucuna

Qorxaq millətinsə yıxılan taxtı

Atılır zindanın dəmir ovcuna.


Azadlıq-tüfəngdir, ovuca sığar,

O bəzən meydanda, at belindədir.

Ovuc tək məhbəs də qaranlıq və dar,

Qədər hər insanın öz əlindədir.


Dörd divar ardını zindan eyləyər

Dəmir barmaqlıqlar, dəmir qapılar.

Haqqa, azadlığa üsyan eyləyər

Kim qorxaq nəfsinə uyar, qapılar.


Güllə bir ovuca sığdığı kimi,

Bir dəmir ovuca bənzəyər məhbəs.

Qorxaq başa dərdlər yağdığı kimi,

Azadlığa olmaz canında həvəs.


Dövrün simasıdır o paslı metal,

Çıxar qarşımıza hər yanda dəmir.

Onun başındadır bütün qalmaqal,

Güllə də dəmirdir, zindan da dəmir.

Qəflətin qoynunda yatmayan toplum,

Dəmirin ucundan baxar dünyaya.

Dəmiri ovcunda tutmayan toplum,

Dəmirin ovcundan baxar dünyaya.



Adam var
Adam var-kralın tutuquşusu,

Dili ağza sığmaz şəkər görüncə.

Qarşısına çıxsa yoxsul qonşusu

Tez qaşın-qabağın tökər görüncə.


Qızarmaz, meylini harama salar,

Rüşvətlə aldığı maşını yalar,

Allah salamınsa dilucu alar,

Gözünü əlinə dikər, görüncə.


Hərislik ruhunu qula döndərib,

Vicdanın əskinaz pula döndərib,

Üzünü bir əyri yola döndərib.

İblisin önündə çökər görüncə.


Danışsa millətdən, dindən dəm vurar,

Allahın adıyla min hiylə qurar.

Ağa görsə siçan yuvası arar,

Pələngə çevrilər, nökər görüncə.


Heydər, üzün görmə ağzın açanda,

Çox zəif görünür ondan aslan da.

Başı üstündənsə qartal uçanda

Axsaq ördək kimi səkər, görüncə.



Cənab “kardinal”
Vaxt-getmək vaxtıdır, haydı, xoşca qal!

Boş yerə zamanı itirmədən get.

Bu son fursətini, cənab “kardinal”,

Taleyin hökmünə ötürmədən get!


Get, artıq millətin qurtarsın canı,

Ağ gün salamlasın Azərbaycanı.

Çoxdan getməyinin gəlib zamanı

Özünü tamamən bitirmədən get!


Bar verməz dincini itirən zəmi,

Əkənə bəxş edər boş yerə qəmi.

Bəşər Əsəd kimi, Qəzzafi kimi

Millətə bir zərər yetirmədən get!


Əldə çox tutulan od əli yaxar,

Ləkədən arınar, o su ki, axar,

Bir yerdə çox qalsa su belə qoxar,

Üfunət aləmi götürmədən get!


Səbrinin sonu var vətəndaşın da,

Hətta torpağın da, cansız daşın da.

Bu Yurd dikilmədən sənin qarşında,

Milləti günaha batırmadan get!


Heydərin sözünü atma yabana,

Umma ki, fələyin hökmü yubana.

Yurda acımırsan, acı yuvana,

Kimsəyə bir bəla gətirmədən get!


Yuxuda deputatla söhbət
Gecə bir deputat yuxuma girdi,

Dedim: xoş gəlmisən, cənab deputat!

Aydınlıq gətirdi nə mənə sirdi,

Verdi hər suala cavab deputat!


Dedim: niyə elə durubsan gendə?

Mən nə adamyeyən, nə də düşmənəm.

Çoxdan unutduğun haqqım var səndə,

Səsi oğurlanan o adam mənəm.


Məndən oğurlanan, mənimsənən səs

Dönüb boğazında yağlı tikəyə.

Sənə əlləriylə mandat verən kəs

Suçunu səninlə bölüb ikiyə.


Dedi ki, üstümdə haqqın nə gəzir?

Yoxsa sən veribsən saxta mandatı?

Mənə vəkilliyi satıb baş vəzir,

Pulumla olmuşam şah deputatı.


Nə haqla mandatı şahdan alaraq,

İndi deməliyəm sənin sözünü?

Basıb çıxararlar haqlı olaraq

Adamın şaha xor baxan gözünü.


Məndən haqq-ədalət edirsən tələb,

Mərdlər murdarlamaz getdiyi yolu.

Mandat almağıma kimdirsə səbəb,

Borcluyam ki olam, mən onun qulu.


Sahibə xəyanət, nə vaxtdan bəri

Millətin gözündə ləyaqət olub?

Atıb sənə çörək verən rəhbəri

Köləyə qul olmaq bir qeyrət olub?


Mən şah nökəriyəm, mən şah quluyam,

Mənə sən deyirsən - millət vəkili.

Hər nəyəm, hər kiməm, lap şəqquluyam,

Ancaq sahibimə sadiqəm, bəli.


Dedim: düz buyurdun, əziz Şəqqulu,

Yoxdur bu dünyada zavalı düzün.

Amma o mandata verdiyin pulu

Məndən oğurladın, buna nə sözün?


Gülərək Şəqqulu cənab əfəndi

Dedi: sahib çıxsa malına hamı,

Nə canavar basar obanı, kəndi,

Nə də ağlar onun halına hamı.


Atılmış bir yemdir qurd qabağına.

Sahibsiz dağlara dağılan sürü.

Yeməzsən nə çıxsa sən tabağına?

Kim atar tapdığı almazı, dürrü?


Atan ya dəlidir, ya gönüqalın

Səncə, bir dəliyə bənzəyir haram?

Hər kəs sahibidir sahibsiz malın,

Tapdığın sərvətlər sayılmaz haram.


Millət sərvətinə çıxmırsa yiyə,

Onu yeyənlərin nədir günahı?

Rəqibi günahkar çıxarım-deyə

Adil ol, çıxarma yaddan Allahı.


Fikrini deyirdi o, yavaş-yavaş,

Sözün incimirdi ruhu da belə.

Oyandım yuxudan, deyəsən, qardaş,

Ona haqq vermişdim yuxuda belə.


Yoxsa qan içməyə izn alırsan?
Niyə vızıldayıb səs-küy salırsan?

Məndən istədiyin bir zərrəcik qan.

Yoxsa qan içməyə izn alırsan?

Belə “nəzakətə” qanım da qurban.


Lütfən, ”icazəsiz” alıb payını

Sonra gözlərimdən it, ağcaqanad!

Göndər ziyafətə digər tayını,

Amma vızıltısız get, ağcaqanad!


Yəqin düşünürsən - budurmu vicdan?

Qoluma qonunca səni vururam.

Amma bulaq kimi kim ki, içir qan

Önündə əsir tək boyun bururam.


Onlar qan içirlər hər səhər axşam,

Bir zərrə içirsən sənsə gecələr.

Nədənsə mən sənə düşmən olmuşam,

Amma qıyıram ki, onlar içələr.


Deyirsən: “icazə almırlar səndən

Qanını əmirlər, duymur ruhun da”.

Haqlısan, gizlədim mən bunu nədən?

Elə məsələ də bundadır, bunda.


İçərək bu yurdun qara qanını

Artığı paylayıb sağa və sola,

Onlar artırırlar şöhrət-şanını,

Sənin “tərbiyən”sə başına bəla.


İnsan qan əməndə səs duydunmu heç?

Elə içirlər ki, hiss etmir adam.

Sən də içəcəksən, adam kimi iç,

Rahatça yaşamaq istərsən madam.


Boş yerə halallıq istəmə məndən,

Qan sənin xilqətdən halalca ruzin.

Artıq vızıldama duraraq gendən

Halal ruzilərə alınmaz izin.


Halal ruzisindən izin alanı,

İnsan dünyasında basıb əzərlər.

Əsla düşünməzlər körpə balanı

Boynun ələ gəlsə, tutub üzərlər.


Dünyanın təməli atılıb belə -

Əslində nə suçun acgözlüyündür,

Nə də ki, vızıltın düşərdi dilə,

Sənin tək günahın acizliyindir.


Lütfən, ”icazəsiz” içib qanımı,

Sonra gözlərimdən it, ağcaqanad!

Qan nədir? İstərsən, al da canımı,

Amma səssiz gəlib-get, ağcaqanad!



Tibetli kahin
Sənmi geridəsən, bizmi çox öndə,

Bu nə kəhanətdi, Tibetli kahin?

Dediklərin qalıb dünənki gündə,

Tarix danışırsan, hörmətli kahin?


Sən hələ get, öyrən-kəhanət nədir?

Minillik tarixi danışma mənə.

Dediyin köhnəlmiş bir əfsanədir,

Olmaya, xəbəri gec çatıb sənə?


Bizdə, gör, nə vaxtdan dağılır dünya,

Bir an dağılmağı dayanmır belə.

Ciddidən, bu dünya deyirsən guya

O uzaq Tibetdə, dururmu hələ?


Tarix danışaraq yorma özünü,

Qiyamət - Tibetdə fəlakət demək.

Sənin kəhanətin, desəm düzünü,

Bizim ölkəmizdə bərəkət demək.


Bizdə nə mənaya gəlir qiyamət?

Necə izah edim, Tibet kahini.

Sən də anlayardın, olsaydın əlbət,

Bir neft ölkəsinin biz tək sakini.


Sən heç bilirsənmi neft nə deməkdir?

Kiminin onunla yanır çırağı.

Qula qara gündür, şaha yeməkdir

Batan dünyaların neft adlı yağı.


Sənin çırağını yandıran atəş

Hansısa dünyanın qiyamətidir.

Nə olsun, batıdan doğmayır Günəş,

Neft özü qiyamət əlamətidir.


Bir zamanlar canı qoca dünyanın

İndi neftə dönüb Yeri isidir.

Düşməni kəsilib abrın, həyanın,

Üzdə qabıqlanmış kiri isidir.


Neft həm də ölkəmdə indiki çağda

Dağılan dünyadır, uçan daxmadır.

Sənin üçün bəlkə nurdu çıraqda,

Mənim boğazımda acı loxmadır.


Neft ölən dünyanın yağıdır - deyə,

Ölü qiymətlidir bizim ölkədə.

Dirilər mirası dağıdır - deyə,

Ölünü sevirlər şahlar bəlkə də.


Məni anlamazsan, Tibetli adam,

Çünki yaşamırsan neft ölkəsində.

Burada olurlar hörmətli adam

Kimlər ki, yaşayır şah kölgəsində.


Bura neft ölkəsi, qaz dövlətidir,

Burda qiymətlidir ölü dünyası,

Yadların yolduğu qaz dövlətidir,

Bura- çoxlarının şirin röyası.


Ondandır, dirinin yoxdur hörməti -

Kimin ki, sağ ikən gözü oyulur.

Ölüncə bir anda artır qiyməti,

Hər yerdə şanına heykəl qoyulur.


“Dünya dağılacaq” - deyirsən mənə,

Mənimçün bu xəbər təzə deyil ki.

Səni and verirəm qorxduğun günə,

Bu sənin etdiyin məzə deyil ki?!



Sən öz məzarında rahat yat, Turac!
Zərrəcə yoxdursa harda ədalət,

O bir dövlət deyil, zillətdir demək.

Ölü namusuyla oynayan dövlət-

Namusu ölü bir dövlətdir demək.


Rahat yat məzarda, ey nakam insan,

O ləkə yazılmaz ölü Turaca.

Sənin namusunu susduran zaman

Dövlət namusunu qoyub hərraca.


Dünyanın ən qorxunc bir canısinə

Ölümü çox görən bu qərib dövlət,

Məhkəmə etmədən qıyıbsa sənə,

Demək ki, başını itirib dövlət.


Günahın nə imiş bilinməz heç vaxt,

Olmayan bir nəsnə necə bilinsin?

Sanma ki qanına bələnən bu taxt

Durduqca üstündən ləkə silinsin.


Sən bir günahsızsan, çünki qanun da

Sübuta yetməyən suçu bilmir suç.

Qanlarla bəslənən bir taxt sonunda

Tökdüyü qan içrə olacaqdır puç


Canını alanlar göz dikiblərsə

Geridə qoyduğun namusuna da,

Bir gün biçəcəklər nə əkiblərsə -

Tüpür sən onların hamısına da.


Ölü namusunu məhşər günündə

Dövlət ayağına yazacaq Allah.

Dövlət dayanacaq Haqqın önündə,

Həm namus onundur cünki, həm günah.


Tapdanan o namus səninki deyil

Sən öz məzarında rahat yat, Turac!

Ləkə dövlətindir səninki deyil,

Sahibi qoy olsun narahat, Turac!




Əxlaqi və mənəvi motivli şeirlər

Sənin dövrün keçib, Koroğlu dədəm
Sənin dövrün keçib, Koroğlu dədəm,

Nigarlar üzünə baxıb gedərlər.

Çalış “dəli” demə dəliqanlıya,

Gülləni alnına sıxıb gedərlər.


İndi “dəli” adı alıb yaramaz,

Hətta ərlər belə səni aramaz,

Ha nərə çəksən də işə yaramaz,

Qulağa qulaqçıq taxıb gedərlər.


Qılıncla, qalxanla girsən meydana,

Pulla bədənini boyarlar qana.

Həmzələr səni də doyurar cana,

Ruhunu yandırıb, yaxıb gedərlər.


Eyvazı səsləsən Həmzə verər səs,

Görərsən yalanmış aldığı nəfəs.

Qalmaz döyüşməyə qəlbində həvəs

Dəlilər yanından çıxıb gedərlər.


Bir put plov yeyən nəhəng qarınla

Yaşaya bilməzsən namus, arınla.

Sənin də haqqını arsız harınlar

Gözünün önündə “tıxıb” gedərlər.


Günün kişisində axtarsan hünər,

Vallah kişiliyə ümidin sönər.

Mərdlər səhralarda yağışa dönər,

Namərdlər sel kimi axıb gedərlər.


Qırata gözucu baxmazlar indi,

Qılınc Misri olsa taxmazlar indi.

İgidi biləklə yıxmazlar indi

Heydər der: kələklə yıxıb gedərlər



Sənin ədalətin budumu, dünya?
Qəlbimə saldığın bu köz, bu atəş

Dünyanın ən isti odumu, dünya?

Üstündə göz yaşı etsən də peşkəş

Bu yaş söndürməz ki, odumu, dünya.

Sənin ədalətin budumu, dünya?
Qurd tək parçalayır yeyən-yeyəni

İnsanlıq dediyin budumu yəni?

Eşşək quyruğunda dəvə yüyəni -

Pozulub millətin südümü, dünya?

Sənin ədalətin budumu, dünya?
Millət bu düzəndən nə çəkər, bəlli

Ölkədə nə ağa, nə nökər bəlli,

Nə araba bəlli, nə təkər bəlli,

Uşaqsan, sürdüyün “düdü”mü, dünya?

Sənin ədalətin budumu, dünya?!
Kim haqqı itirər, kim haqdan dönər,

Gəlib dilsizləri at kimi minər.

Aldatmaq , istismar sayılır hünər

Sən bir dələduzmu, lotumu, dünya?

Sənin ədalətin budumu, dünya?!
Baş yerdə əyləşər ağıldan kəmlər,

Başlılar başsıza qullar, təhkimlər.

Quzunu tapşırsa qurda hakimlər,

Mən necə udmayım ödümü, dünya?

Sənin ədalətin budumu, dünya?
Qarışsa it izi atın izinə

Yol gəzən yolçular döyər dizinə.

Günahkar niqabın çəkər üzünə -

Bilinməz budumu, odumu, dünya.

Sənin ədalətin budumu, dünya?!
Heydərəm, qalmayıb düzün qiyməti

Abırlı sifətin, üzün qiyməti.

Bilirəm, tükənib sözün qiyməti,

Barı, qoy öldürüm “qurdumu”, dünya.

Sənin ədalətin budumu, dünya?!

Ay Ağa
(Atamın vəfatına mərsiyə)
Həsrətin üzdü məni, canda nəfəs yox, ay Ağa!

Sənsiz artıq yaşama məndə həvəs yox, ay Ağa!


Qızarıbdır anamın gözü qürub çağı kimi,

Dərd-ələm üstümüzü sanki kəsib yağı kimi,

İşləyir qəlbimizə yırtıcı caynağı kimi.

Həsrətin üzdü məni, canda nəfəs yox, ay Ağa!

Sənsiz artıq yaşama məndə həvəs yox, ay Ağa!
De, buraxdın niyə qəmlər ilə baş-başa bizi?

Yetməmişdən əlimiz bir tikəlik aşa bizi?

Niyə boğdun bu qəhərlərdə acı yaşa bizi?

Həsrətin üzdü məni, canda nəfəs yox, ay Ağa!

Sənsiz artıq yaşama məndə həvəs yox, ay Ağa!
Qovurub buğda kimi ulduzları ahım ilə,

Hər gecə dərdləşirəm təkbətək Allahım ilə,

Sən mənim ruhum idin, ayrılıram ruhum ilə.

Həsrətin üzdü məni, canda nəfəs yox, ay Ağa!

Sənsiz artıq yaşama məndə həvəs yox, ay Ağa!
1990


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin