Həzrət Əli: İnsan dilinin altında gizlənir. Danışmayınca onun ağıllı və ağılsız olduğu bilinməyir



Yüklə 199,63 Kb.
səhifə1/9
tarix13.12.2023
ölçüsü199,63 Kb.
#175026
  1   2   3   4   5   6   7   8   9
Mövzu -14 (1)


Mövzu: 14
Nitqin etik məsələləri


Həzrət Əli: İnsan dilinin altında gizlənir. Danışmayınca onun ağıllı və ağılsız olduğu bilinməyir.

Dil mədəniyyətinin başlıca müddəalarından biri də danışığın etikasıdır. Mənşəcə latın sözü olan etika (ehtica) termini adı altında insanların bir-birinə, cəmiyyətə, cəmiyyətin insanlara münasibətini tənzimləyən mədəni, nəzakətli danışıq, əxlaq normaları nəzərdə tutulur. Bu normalar uzunmüddətli tarixi dövr ərzində formalaşmışdır. Etika termini ilk dəfə Aristotelin “Nikomaxın etikası”, “Böyük etika”, “Evlem etikası” əsərlərində işlənmiş, əməli nəsihət xarakterli fikirləri özündə ehtiva etmişdir. Aristotelin etikası ilk əxlaq nəzəriyyəsi olmuşdur. Bu dahi mütəfəkkirə görə, etikanın vəzifəsi insanı mənasız və qeyri-təbii ehtiraslardan uzaqlaşdırmaq, ona cəsurluq və ədalətlilik keyfiyyətləri aşılamaqdır.


Əxlaq etikanın tədqiqat obyektidir. Lap qədim dövrlərdən başlayaraq etika “insan necə hərəkət etməlidir?” sualına cavab axtarır, əxlaqın mənşəyi və mahiyyəti məsələləri ilə məşğul olur. Etikaya görə, əxlaq cəmiyyətdə, insanlar arasında qarşılıqlı münasibətləri tənzim etmək tələbatından doğmuşdur. O özünün funksiyalarını yerinə yetirərkən ictimai rəyə, könüllülüyə əsaslanır. Etika dünyagörüşü elmidir, ictimai münasibətlərin tənzimlənməsi və təkmilləş-dirilməsində bilavasitə iştirak edir. Etika mövcud adət və ənənələrə tənqidi yanaşmaqla şəxsiyyətə cəmiyyətdə fəal əxlaqi mövqe tutmaq keyfiyyəti aşılayır.


Mənəvi aləmin nə dərəcədə fərdi, bənzərsiz və məhrəm olduğu bəllidir. Lakin bir insan mənəviyyatı fərdi olmaqla bərabər, həm də yurddaşları ilə nədəsə ortaqdır, yəni milli-etnik səciyyəlidir, toplum mənəviyyatı ilə ümumidir – xalqın tarixi inkişafı, özünüdərki boyu insan psixologiyasının milli çalarları, etnik-etiket və mənəvi dəyərlər formalaşır, bunlar milli xarakteri təşkil edir. Xalqın yaratdığı bu etik qaydaların insanların əlaqə və münasibətlərinin tənzim olunması, normal həyat tərzinin yaradılması sahəsində rolu böyükdür. Etik normalar xalqın lap


qədimdən yaratdığı və qoruyub saxladığı adət-ənənələrindən, müsbət əxlaqi keyfiyyətlərindən yaranmış, islami dəyərlərdən formalaşmışdır. Ta qədimdən yazıb-yaradan ədiblər, zəka sahibləri, dövrünün tanınmış ictimai xadimləri, maarifçilər və başqaları danışıq etikası, nəzakətli hərəkət və nitq barədə dəyərli fikirlər söyləmiş, bu normaları gözləməyin insanların mədəniyyətinin ümumi inkişaf səviyyəsinin yüksəldilməsinə, dil ünsiyyətinin keyfiyyətcə yaxşılaşmasına göstərdiyi müsbət təsiri dönə-dönə vurğulamışlar. Hələ erkən orta əsrlər dövründə Azərbaycanda məktəblərdə tarix, ədəbiyyat, məntiq, ritorika və s. kimi dünyəvi, “Quran”, “Təfsir” (Quranın açıqlanması), “Hədis” (peyğəmbər (s) sözləri və onunla bağlı hekayə və rəvayətlər), “Təcvid” (Quranın düzgün oxunması), “Təftil” (Quranın mənasının başa düşülməsi) və ilahiyyat elmlərinin tədrisi prosesində şəxsiyyətin inkişafı, təhsili və təlimi, tərbiyəsi, o cümlədən də əxlaqi-mənəvi dəyərləri ilə bağlı bu gün belə aktual olan qiymətli fikirlər, məlumatlar verilmişdir. Həmin təhsil ocaqlarında Biruninin, Əbu Əli İbn Sinanın, Əbu Nəsr Farabinin, Sədi Şirazinin əsərləri, daha sonralar Ruminin “Məsnəvi”si, Füzulinin “Divan”ı, “Kəlilə və Dimnə”, “Qabusnamə” kimi əxlaqi-mənəvi dəyərli əsərlərdə nəzakətli danışıq və hərəkətlərdən də bəhs olunmuşdur.”Dədə Qorqud” dastan-larında digər dəyərlərlə yanaşı, insanların mənəvi-əxlaqi, etik-estetik keyfiy-yətlərinin inkişafı ilə bağlı söylənilən fikirlər bu gün də böyük əhəmiyyət kəsb etməkdədir. Böyük mütəfəkkir N.Tusinin “Əxlaqi-Nasiri” əsərində bu baxımdam söylədiyi aşağıdakı fikirlər, mülahizələr xüsusilə dəyərlidir, ibrətamizdir: “Çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumidən edilən sualda camaatı qabaqlayıb hövləki irəli düşməməlidir. Biri cavab verməklə məşğul isə, daha qabil cavab verməyə qadir olsa da, səbr etməli, o, sözünü qurtardıqdan sonra öz cavabını verməlidir, lakin əvvəlkinə tənə etməməlidir. Onun yanında iki adam söhbət edirsə qarışmamalı, ondan gizlidirsə gizlin qulaq asmamalıdır; özləri müraciət etməsələr söhbətə qoşulmamalıdır.


Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə yavaşdan, mülayim səslə sözünü deməlidir. Danışdığı məsələ qəlizdirsə, aydın misallarla izah etməyə çalışmalıdır, başqa hallarda qısa və yığcam danışmalıdır. Yabançı kəlmələr işlətməməli, qondarma ibarələr düzəltməməli, ona deyilənlərə axıra qədər qulaq asmamış cavab verməməli, deyəcəyi fikri beynində bişirməmiş dilinə gətirməməli, ehtiyac olmadan sözü təkrar etməməlidir; ehtiyac üzündən təkrar lazım olduqda tərəddüd göstərməməlidir. Nəlayiq sözlər işlətməməli, dilini söyüşə öyrətməməli, zərurət üzündən ayıb kəlməyə ehtiyac yarandıqda onu obrazlı, məcazi ibarələrlə anlatmalı, şux və zərif ifadələrdən qaçmamalı, hər məclisə münasib danışmağı bacarmalıdır. Söz vaxtı əl-qolunu işə salmamalı, qaş-gözünü oynatmamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəzakətli və gözəl bir tərzdə göstərmək olar.


Yalan, doğru üstündə məclisdə höcət etməməli; yalvar-yaxar təsir etməyən adama yalvarmamalı, münaqişə və mübahisədə rəqibin haqlı olduğunu gördükdə üstünlüyü ona verməlidir.


Avam, uşaq, arvad, divanə və sərxoş adamların söhbətindən bacardıqca uzaq gəzməlidir. Başa düşməyən adama incə və üstüörtülü söz deməməli, danəşıqda nəzakətli olmalı, heç kəsin işini, sözünü, hərəkətini pis şəkildə ona-buna çatdırmamalı, qorxulu şayiələr yaymamalıdır”.

Şifahi xalq ədəbiyyatı nümunələrində, klassik, eləcə də müasir yazıçıların əsərlərində, maarifçilərin tərtib etdikləri dərslik və vəsaitdə Xaqani, Nizami, Nəsimi, Xətai, Füzuli, Vaqif, M.F.Axundov, S.Ə.Şirvani, C.Məmmədquluzadə, M.Ə.Sabir, C.Cabbarlı, S.Vurğun və başqaların\ın əsərlərində N.Tusinin “Əxlaqi-Nasiri”, A.Bakıxanovun “Nəsihətnamə”, Mir Mövsüm Nəvvabın “Nəsihətnamə”, M.T.Sidqinin “Həkimanə sözlər”, M.S.Yusifzadənin “Ata-baba nəsihətləri” kimi didaktik yazılarda danışıq etikasına dair xalqın təfəkkür tərzindən, etik görüşlə-rindən yaranan qiymətli fikirlər, mülahizələr, nümunələr olduqca çoxdur, onların əksəriyyəti təkrarolunmazdır, orijinaldır. Lakin çox təəssüf ki, onlar tədqiq olunub oxucuların, xüsusilə bu sahə ilə məşğul olanların istifadəsinə verilməmişdir. Həmin nümunələr əsasında tarixən işlənib hansı səbəbdənsə arxaikləşən ifadə-


lərin, nitq etiketlərinin bugünkü baxımdan yararlı və uyarlı sayılanları ortaya çıxarılsa, danışıqda işlədilsə, bu, nitqin etik normalarının zənginləşməsinə səbəb olardı.

Nəzakətli danışıq, eləcə də onu tamamlayan hərəkətlər də başqa normalar kimi müəyyən sistemə malikdir. Bura nitqin müraciət, dinləmə, sualvermə, söhbətəqoşulma, suala cavabvermə, şad və bəd xəbəri çatdırma və s. qaydaları kimi komponentlər daxildir. Nəzakətli nitq, hərəkət, davranış mədəniyyətimizin çox mühüm amillərindəndir. Bu hərəkətlər şəxsiyyətlərarası münasibətlərin tənzimlənməsi, nizamlanması və inkişafında həmişə mühüm əhəmiyyət kəsb etmiş, insanların mədəniyyətinin və mənəviyyatının ümumi səviyyəsi haqqında təsəvvür yaratmışdır.


Müstəqillik qazandığımız, adamların öz ana dilində ünsiyyət saxladığı indiki dövrdə nəzakətli danışıq qaydalarına əməl etmək xüsusilə vacib sayılır. Vətənimizi, ölkəmizi, xalqımızı sivil, mədəni bir ölkə, xalq kimi dünyaya tanıtmaqda digər amillərlə yanaşı, mədəni danışığın, yüksək nitq mədəniyyətinin də rolu böyükdür. Bu baxımdan respublikamızın prezidenti İ.Əliyevin çıxışları, nitqləri hamıya nümunədir. İ.Əliyev cənabları Avropa Şurası Parlament Assam-bleyasının 2004-cü il yay sessiyasının iclasında çıxış etdikdən sonra Şuranın sədri Piter Şuder dinlədiyi nitqlə bağlı demişdi: “Cənab Prezident, olduqca gözəl çıxışınıza görə sağ olun. Assambleya və Avropa Şurasına ünvanladığınız nəzakətli sözlərə görə sağ olun”.


Adamlar həmişə, hər yerdə mədəni ünsiyyətinə, nəzakətli danışığına görə təqdir olunmuş, müsahibinin (və ya müsahiblərinin) nəzakətli sözləri, ifadələri ilə “mükafatlandırılmışlar”.


Nitqin etik qaydalarından danışılarkən bu məsələ ilə bağlı olan, onu tamamlayan nəzakətli hərəkətlər barəsində də bəhs açmağa ehtiyac duyulur. Nəzakətli hərəkət, rəftar, davranış mənəviyyatımızın çox mühüm komponent-lərindən biridir. İctimai-mədəni irsimizin nəsildən-nəslə keçən, qorunub saxla-nılan davranış normaları, ənənələri şəxsiyyətlərarası münasibətlərin tənzim olunmasında, nizamlanmasında və inkişafında həmişə mühüm əhəmiyyət kəsb


etmiş, korrekt davranış xalqın mənəviyyatının ümumi səviyyəsi haqqında təsəvvür yaratmışdır.

İnsanlar nəzakətli hərəkətləri görmüş və əxz etmişlər. Bu hərəkətlərlə (böyük gələndə ayağa durmaq, nəqliyyatda və digər yerlərdə böyüyə, uşağa, qadına yer vermək, danışanı axıracan dinləmək, ictimai yerlərdə - məclisdə, süfrə başında, yığıncaqlarda özünü aparmağı bacarmaq, ağsaqqalların, valideynlərin yolunu gözləmək, böyüyün üzünə ağ olmamaq, əlilə, xəstəyə, şikəstə kömək etmək, salam vermək və salam almaq, böyük olan yerdə siqaret çəkməmək, yayılıb oturmamaq və s. hər kəs başqalarına hörmət etdiyini nümayiş etdirməyə çalışır.


Adamların şüurluluğu və mədəni səviyyəsinin yüksəldilməsi, şəxsiyyət-lərarası münasibətlərin inkişaf etdirilməsi, insanın əhvali-ruhiyyəsi, bunun əmək fəaliyyətinə təsiri və s. kimi məsələlər daima cəmiyyətin, dövlətin diqqət mərkəzində olmuşdur. Ölkə prezidenti İ.Əliyevin “Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnformasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və dövlət orqanaları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2012-ci il iyulun 13-də imzaladığı sərəncamda göstərilən xidmətlərin daha keyfiyyətli həyata keçirilməsi, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsi, vətəndaş məmnunluğunun təmin olunması, dövlət orqanları əməkdaşları üçün etik kursların təşkili, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarığının yaradıl-ması və təkmilləşdirilməsi məqsədilə treninqlərin həyata keçirilməsinin təşkili kimi məsələlər mənəviyyatımızın bu sahəsinin inkişaf etdirilməsi baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir. “Doğrudan da, hamı bir-biri ilə nəzakətlə dolansa, bir-birinə qayğıkeşlik göstərib başqalarının suallarına diqqətlə cavab versə, məmnuniyyətlə bir-birinə hörmət və kömək etsə, xəstələri və qocaları çətinliklərdən qurtarmağa çalışsa, təsəvvür edin ki, yaşayış nə qədər asan və gözəl olar” (40, 32).


Müraciət formalarından düzgün istifadə olunması. Azərbaycan nitq etiketində bir çox müraciət formaları vardır ki, onlardan yerində və düzgün isti-fadə nitq mədəniyyəti baxımından mühüm əhəmiyyət kəsb edir.

İnsanlara müraciət məqsədilə işlədilən sözlər – xitablar dinləyənin diqqətini cəlb etmək, onu çağırmaq, nəyəsə sövq etmək, nədənsə çəkindirmək və s. məqsədi daşıyır. Qohumluq əlaqələrinə, yaşa, cinsə, ictimai mövqeyinə, vəzifəyə və sairəyə görə ümumiyyətin qəbul etdiyi sözlər (bunlara vokativ sözlər deyilir) müraciət olunanları razı salır, onları hərəkət etməyə, fəaliyyət göstərməyə sövq edir. İnsanlara edilən müraciət formaları müxtəlifdir, rəngarəngdir. Bunların bir qismi qohumluq münasibətini bildirən adlardır. Məsələn, ana, anacan, atam balası, atacan, qardaş, bacı, baba, anam-bacım, bala, bacıqızı, bacıoğlu, qardaş, oğlum, qızım, gəlinbacı, xalagəlini, qardaşoğlu, xala, xalaoğlu, qaqaş, bibi, bibiqızı, dayı, dayıcan, dayıoğlu, dayıqızı, əmi, əmioğlu, əmiqızı, əmican, Nərgizcan s. Bu cözlərlə həm qohumlara, həm də yadlara müraciət olunur. Müraciət bildirən baş sözlərə “ay” vokativ sözü də əlavə olunur: ay dayı, ay bacı, ay qız, ay ana və s. Bu müraciət formalarının bir çoxu adlarla da işlənir. Məsələn, Səfər dayı, Həqiqət xala, İslam əmi, Sənəm bacı, Nadir əmi s.


Müraciət bildirən sözlərin digər qismi şəxsin cəmiyyətdəki mövqeyi, vəzifəsi, peşəsi, milli və yaş mənsubiyyətini, insanların qarşılıqlı əlaqə və münasibətini ifadə edir. Müəllim, həkim, sürücü, satıcı, mühəndis, biznesmen, fermer, direktor, dekan, müdir, professor s. belə sözlərdəndir. “Müəllim” sözü ünsiyyətdə geniş şəkildə işlənən müraciət formasıdır. Bu söz iki şəkildə işlədilir: həm ayrı, həm də xüsusi vokativ sözlə - adlarla. Təlim-tərbiyə ilə məşğul olan adama, həm də rəsmiyyət və hörmət əlaməti olaraq digər sənət sahiblərinə (müəssisənin direktoru, nazirliyin işçiləri, hökumət rəhbərləri və başqalarına) müraciət zamanı müəllim sözü şəxs adı ilə işlədilir (məsələn, Aslan müəllim, Sərvər müəllim, Həsən müəllim və s.). Müəllim sözünün əvvəlinə cənab, yoldaĢ kimi sözləri artırıb, cənab müəllim, yoldaş müəllim də demək olar. Bütün bunlarla bərabər müəllim sözü öz ilkin “təlim edən, öyrədən” anlayışından uzaqlaş-mamalıdır.


Yeri gəlmişkən qeyd edək ki, “müəllim” müraciət formasından bəzən uyğun olmayan məqamlarda, yersiz istifadə olunur, işindən, peşəsindən və s. asılı olmayaraq istənilən adama bu adla müraciət edilir. Məsələn, ANS-in “İç xəbər” verilişlərində demək olar ki, hamıya “müəllim” deyə müraciət olunur.Sərnişin qatarında bələdçi işləyən Səfər adlı bir nəfərin mənzil problemi ilə bağlı məsələsi müzakirəyə çıxarılmışdı. Aparıcı “Səfər müəllim” deyə dəfələrlə ona müraciət edirdi. Belə uyğunsuz müraciət həmin sözün ehtiva etdiyi mənaya, məzmuna, şübhəsiz ki, xələl gətirir, tamaşaçını, dinləyicini narazı salır.



Yüklə 199,63 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin