Giriş
Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir.
Hüceyrələr bəsit və mürəkkəbliklərinə görə, ancaq ən əsası nüvələrinə görə prokariot və eukariot hüceyrələr olmaqla 2 yerə ayrılmışlar. Prokariot hüceyrədən əmələ gəlmiş canlılara prokariotlar və eukariot hüceyrələrdən əmələ gəlmiş canlılara eukariotlar deyilir.
Keçmişdə prokariot və eukariot olmaqla ayrılan canlılara müasir dövrdə arkea qrupu da əlavə olunaraq, canlılar aləmi arkealar, bakteriyalar və eukariotlar olmaqla 3 sinfə ayrılmışdır. Bakteriyalar kimi arkealar da nüvəsi olmayan tək hüceyrəli canlılardır, yəni prokariotlardır. Ancaq şübhəsiz ki, bakteriyaların olduqları mühit şəraiti, yaxud da genomlarındakı bəzi fərqliliklər onların prokariot canlılardan ayrı orqanizmlər olaraq tədqiq edilmələrinə səbəb olmuşdur. Arkeaların əsas əhəmiyyəti onların bəzi xüsusiyyətləri ilə bakteriyalara, bəzi xüsusiyyətləri ilə də eukariotlara bənzəmələrindən irəli gəlmişdir. Bundan başqa Uoese kimi bəzi tədqiqatçılar arke, bakteriya və eukariotların ortaq olaraq bir atadan ( progenot ) törəmiş fərqli təkamül qruplar olduğunu irəli sürmüşdür. Bu məsələ ətrafında müzakirə apararkən bəzi bioloqlar arkeaların və eukariotların xüsusi bakteriyalardan törədiyini irəli sürmüşlər.
Canlılar aləminə arkealar kimi yeni bir qrup əlavə olunarkən hüceyrənin molekulyar tərkibinin açıqlamasında böyük irəliləyişlər əldə olunmuşdur, hüceyrənin gizli dünyası açılmağa başlanmışdır. Bu istiqamətdə biotexnoloji sahədə aparılan işlər və hüceyrəni öyrənən üsullardakı irəliləyişlər təsirli olmuşdur.
Hüceyrə və onun orqanoidlərinin quruluşunun öyrənilməsində elektron mikroskopu mühüm rol oynamışdır. Xüsusilə, işıq mikroskopu ilə görünməyən ribosom, lizosom, hüceyrə skeletini təşkil edən mikrofilament və mikrotubüllər kimi kiçik orqanellərin quruluşunun öyrənilməsində elektron mikroskopları xüsusi əhəmiyyət kəsb edir.
Yer kürəsində həyat nişanələrinin təqribən 3,8 milyard il əvvəl molekulların özlüyündə bir yere gələrək ilk hüceyrələrin ortaya çıxdığı təxmin edilməkdədir. Bu təkamül müddətində ilk əmələ gələn üzvi molekul olan ribonuklein turşusu ( RNT ) uzun illər ərzində mübahisəli bir məsələ olmuşdur. Bu mübahisə 1950-ci ildə Müllerin su mühitində H2, CH4 və NH3 maddələrindən əmələ gələn qarışığa elektrik şoku verərək bəzi amin turşularının və müxtəlif uzvi molekulların əmələ gəlməsini göstərməsi ilə nisbətən sakitləşmiş olsa da, RNT – nin bir enzim olaraq fəaliyyətdə olub-olmaması sualına açıqlıq gətirə bilməmişdir. Bu mübahisəyə Altman və Çeçin 1980-cı ildə RNT molekulunun nukleotid polimerləşməsi və bəzi kimyəvi reaksiyaların RNT tərəfindən kataliz oluna bildiyini göstərməkləri ilə son qoyuldu. Daha sonra RNT-nin hüceyrədə bir çox sahədə kataliz rolu oynadığı müəyyən olunmuşdur.
Hüceyrənin kəşfi təbii ki, mikroskopun kəşfi ilə başlamışdır. İlk mikroskopun 1610-cu ildə Qaliley tərəfindən yaradıldığı söylənsə də, lakin ilk optiki mikroskop R.Huk tərəfindən kəşf olunmuşdur. Huk, mantar parçasını tədqiq edərkən, orada gördüyü xırda gözcüklərə 1665-ci ildə hüceyrə (cell) adını vermişdir. Bu kəşflər, 1831-ci ildə R.Broun tərəfindən bitki hüceyrələrində nüvənin olması müəyyən edilincəyə qədər coxda diqqəti çəkməmişdir. Daha sonra Şleyden(1838) bitki toxumalarının və Şvann (1839) heyvan toxumalarının hüceyrələrdən ibarət olduqlarını açıqlayaraq, hüceyrə nəzəriyyəsini yaratdılar. 1858-ci ildə Virxov hüceyrə nəzəriyyəsini təkmilləşdirərək son şəklini vermişdir. Şleyden və Şvann tərəfindən yaradılan və Virxov tərəfindən təkmilləşdirilən hüceyrə nəzəriyyəsi son illərdəki tədqiqatlarda nəzərə alınmaqla aşağıdakı müddəalardan ibarətdir:
1.Bütün canlılar hüceyrələrdən əmələ gəlir.
2. Hüceyrə hər bir orqanizmin ən kiçik quruluş və funksional vahididir.
3.Hüceyrələr bölünərək yeni hüceyrələr əmələ gətirir.
4.Çoxhüceyrəli canlılarda hüceyrələr birləşərək toxumaları əmələ gətirir.
5.Çoxhüceyrəli canlılarda hüceyrələr bölünmə,hərəkət,bir-birləri ilə əlaqə yaratma,toxumaya xas olan funksiaları yerinə yetirmək üçün müxtəliflik göstərə bilirlər.
1880-ci ildə həm bitki, həm də heyvan hüceyrələrində hüceyrə bölünməsi, yəni mitoz bölünmə müəyyən edilmiş, lakin irsiyyətlə bağlı nüvənin rolu 1882-ci ilə qədər aydınlaşdırılmamışdır. Qametlərdə xromosom sayının yarıya endiyini 1875-ci ildə Hertviq müəyyən etmişdir. Bu müddətdə də hüceyrədə rolu olan sentrosom, mitoxondri və holci cismi kimi orqanellərin olduğu müəyyən edilmişdir. İrsiyyətin təməli sayılan tədqiqatların nəticələri 1866-cı ildə Mendel tərəfindən nəşr olunmuş, lakin o zamankı biliklər yetərincə olmamış və Mendelin kəşfi diqqəti çəkməmişdir. 1901-ci ildə Cermak, Korrens və De-Friz Mendelin tədqiqatlarını yenidən kəşf etmişlər.
DNT-nin quruluşu 1953-cü ildə Uotson və Krik tərəfindən açıqlandıqdan sonra Molekulyar biologiya sahəsində tədqiqatlar sürətlənmiş, replikasiya, transkripsiya, və translayasiya mexanizmalarının öyrənilməsində vacib uğurlar əldə edilmişdir. Son 20 ildən bəri xüsusi ilə gen requlyasiyası və transkripsiya faktorları məsələlərində çox əsaslı biliklər əldə edilmişdir. Drozofil, zebra balığında və digər onurğasız heyvanlarda emrionik inkişaf işləri olduqca inkişaf etmişdir. Bu canlılarda ziqotdan başlayaraq embrionun inkişafı və daha sonra müxtəlifləşmə proseslərində rol alan genlərin requliyasiyasında funksiya daşıyan transkripsiya faktorlarının əhəmiyyəti müəyyənləşdirilmişdir.
Şübhəsiz ki, bundan sonrakı addım, insanların genetik şifrələrinin açılması, genlərin lokalizasiyasının və requlyasiya mexanizmlərinin öyrənilməsi olacaqdır.
Dostları ilə paylaş: |