«Yeni dünya nizamı», yaxud «Xaos içərisindən nizam»
Teodor Ruzvelt deyirdi: «Hadisələr öz-özünə baş vermir, onlar qabaqcadan planlaşdırılır».
Bu sözləri Teodor Ruzvelt deməsəydi belə, biz ilahi bir həqiqəti onsuz da bilirdik: gözlə görünən və görünməyən hər şey Allahın iradəsi ilə baş verir. Teodor Ruzvelt isə cəmiyyətdə gedən proseslərə düzgün qiymət verir. Yəni dünyada qlobal ssenari əsasında baş verən bütün hadisələr dövlətlər və sosial qruplar tərəfindən planlaşdırılır, elə «qloballaşma» və «yeni dünya nizamı»nın özü də. «Yeni dünya nizamı» ifadəsindəki 3 sözdən hər birinin öz mənası vardır. «Yeni» sözü bu günə qədər mövcud olan «köhnə»nin, yəni köhnə sosial-siyasi sistemin, köhnə dünyagörüşünün, köhnə adət-ənənələrin məhv ediləcəyini bildirir. «Dünya» sözü baş verəcək bu proseslərin miqyasını və onun bütün dünyanı əhatə edəcəyini göstərir. «Nizam» sözü isə hər şeyin bir ssenari ilə, özü də «qlobal ssenari» ilə, xaotik deyil, nizamla baş verəcəyinin, planlı şəkildə baş verəcəyinin göstəricisidir. «Yeni nizam» yaratmaq, xaosa son qoymaq ehtiyacından doğur. Deməli, «yeni dünya nizamı» üçün xaos və kataklizmlər zəruri şərtdir. Yenini yaratmaq üçün, köhnənin lazımsız olduğunu sübut etmək lazımdır. Rusiyada 1917-ci ildə sosialist inqilabı baş verərkən oxşar proseslər gedirdi. Yeni sosialist cəmiyyəti qurmaq üçün kapitalizmin mənfi cəhətlərini göstərmək lazım idi. Yəni göstərmək lazım idi ki, «artıq aşağılar köhnə qayda ilə yaşaya bilmir, yuxarılar isə köhnə qayda ilə idarə edə bilmir».
«Yeni dünya nizamı» və ya qloballaşma dediyimiz sistem bu günün və ya dünənin söhbəti deyil. Qloballaşma on illərlə düşünülmüş şəkildə həyata keçirilən siyasətin məntiqi nəticəsidir. Burada hər şey - bütün planet və bəşəriyyət yeni qaydalara tabe olur, qlobal biznes milli hökumətlərin vəzifələrini öz üzərinə götürür, sollar və sağlar arasında fərqlər silinir, qlobal maliyyə sistemi tərəfindən (misal üçün, Dünya Bankı) dünya iqtisadiyyatı bir mərkəzdən idarə olunur. Bir sözlə, «yeni dünya nizamı - qloballaşma» bütün dünyanın total eyniləşdirilmə siyasətidir ki, bu prosesə mane olan hər bir faktor - dini, milli ənənə və adətlər - məhv edilməlidir.
Dostları ilə paylaş: |