Müəssisələrin ərazisindəki Partlayış-yanğın təhlükəli obyektlərin ətrafında hansı məsafədə olan otlar vaxtaşırı biçilməlidir?
Partlayış-yanğın təhlükəli obyektlərin və tikililərin ətrafında radiusu 5m-dən az olmayan zonadakı otlar vaxtaşırı biçilərək təhlükəsiz yerə daşınmalı və həmin zonada yanar maddələrin saxlanılmasına yol verilməməlidir. Bu cür obyektlərin qarşısında onların partlayış-yanğın təhlükəli olması barədə lövhələr asılmalıdır.
Müəssisə ərazisində siqaret çəkilmək üçün xüsusi yerlər ayrılması işləri necə təşkil olunmalıdır?
Müəssisədə yanğından mühafizə xidməti ilə razılaşdırılmış siqaret çəkilməsi üçün xüsusi yerlər ayrılmalıdır. Bu yerlər kanalizasiya quyusundan, hidravliki qurğulardan və neftvurma nasos stansiyalarının binalarından ən azı 20 m kənarda olmalıdır. Həmin yerlərdə “Siqaret çəkmək üçün yer” yazılmış lövhə asılmalı, su ilə dolu tutum və ya qum yeşiyi qoyulmalıdır.
Partlayış təhlükəli otaqlardakı telefon aparatları və onlara qoşulmuş xəbərverici qurğular hansı tələblərə cavab verməlidir?
Partlayış təhlükəli otaqlardakı telefon aparatları və onlara qoşulmuş xəbərverici qurğular həmin otaqlarda əmələ gələ bilən partlayış qarışıqların kateqoriya və qrupuna uyğun partlayışdan mühafizəli quruluşda olmalıdır.
Partlayış-yanğın təhlükəli obyektlərə giriş necə tənzimlənir?
Partlayış-yanğın təhlükəli obyektlərə giriş yalnız xüsusi buraxılış vərəqəsi əsasında icazə verilir. Bu cür obyektlərin ərazisinə daxil olan avtonəqliyyat vasitələri, inşaat maşın və mexanizmləri qığılcım söndürən və yanğınsöndürmə vasitələri ilə təchiz edilməlidir.
Partlayış-yanğın təhlükəli obyektlərdə yanğın təhlükəsizliyi tədbirləri nələrdir?
Partlayış-yanğın təhlükəli obyektlərin məşəl, kibrit, şam, kerosinli fənərlər, tonqal və digər açıq alov mənbələri ilə işıqlandırılması qadağandır.
Hər bir müəssisədə istehsalat sexlərinin, ayrı-ayrı otaqların, qurğuların və anbarların partlayış-yanğın və yanğın təhlükəsizliyi üzrə kateqoriyalarını müəyyən edən siyahı tərtib olunmalıdır.
Partlayış və yanğın baxımından təhlükəli ayrılmaları olan otaqları digər otaqlardan ayıran divardan keçən trasmissiya valları və boru xətlərində, bu ayrılmaların başqa otaqlara yayılmasının qarşısını alan kipkəc və ya kipləşdirici qurğular nəzərdə tutulmalıdır.