Kimyəvi maddələr necə və harada yerləşdirilməli və saxlanılmalıdır?
Kimyəvi maddələr “yerləşdirmə planı”na əsasən xüsusiyyətlərinə görə (yanğın təhlükəli, zəhərli, kimyəvi aktiv və s.) yerləşdirilməlidir.
Eyni fiziki-kimyəvi xassəli və yanğın təhlükəli maddələr bir yerdə saxlanıla bilər. Bunun üçün anbarlar biri birindən yanmayan divarlarla ayrılmış otaqlara bölünməlidir.
Yükləmə-boşaltma işləri başa çatdıqdan sonra avtonəqliyyayatın anbar ərazisində saxlanılmasına yol verilməməlidir.
Yanğın zamanı yüksək temperaturun təsirindən ərimə xüsusiyyəti olan kimyəvi maddələr saxlanılan otaqlarda hansı tədbirlər görülməlidir?
Yanğın zamanı yüksək temperaturun təsirindən ərimə xüsusiyyəti olan kimyəvi maddələr saxlanılan otaqlarda əriyən kimyəvi maddələrin sərbəst axmasına qarşı tədbirlər görülməlidir: otaqlarda panduslu kəndarlar, bortlar nəzərdə tutulmalıdır.
Kimyəvi maddələr saxlanılan qablar, tutumlar, çəlləklər açıq meydançalarda necə yerləşdirilməlidir?
Kimyəvi maddələr saxlanılan qablar, tutumlar, çəlləklər açıq meydançalarda, qrup halında və hər bir qrupda 100 ədəddən çox olmamaq şərti ilə yerləşdirilməli və qruplar arasındakı məsafə 1 m-dən az olmamalıdır. Hər qrupda eyni növ (eyni xassəli) kimyəvi maddələr saxlanılmalı və qruplar müvafiq yazılarla işarələnməlidir. Meydançalar hamarlanmalı və çəpərlənməlidir. Açıq medançada saxlanılan kimyəvi maddələrlə dolu tutumlar günəş şüalarından qorunmalıdır.