Əməyin mühafizəsi məsələləri üzrə dövlət siyasəti hansı təşkilat tərəfindən həyata keçirilir?
Azərbaycan Respublikası Əmək məcəlləsinin 212-ci maddəsinə əsasən Əməyin mühafizəsinə dair vahid dövlət siyasəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial-Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Əmək və Əhalinin Sosial-Müdafiəsi Nazirliyi tərəfindən müvafiq icra orqanları (AR-nın nazirlikləri, dövlət komitələri, dövlət konsernləri, şirkətləri, idarələr) tərəfindən qəbul edilmiş norma və qaydaların əməyin mühafizəsi üzrə mövcud qanunvericiliyin tələblərinin uyğunluğuna və işəgötürənlərin əməyin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə icra edilməsinə nəzarət edir, sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsinə yönəldilmiş təkliflərlə çıxış edir.
Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri nədir?
Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər:
əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini;
binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini;
bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını;
işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini;
əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini;
normal əmək və istirahət rejiminə riayət edilməsini;
işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini;
işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini;
kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini;
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini.