Yeni əmtəəyə qiymətqoyma strategiyası. Başqa firmalar tərəfindən daha əvvəllər bazara təklif olunan, ancaq firmamız üçün yeni olan bir əmtəəyə qiymət müəyyənləşdirərkən rəqiblərin təcrübələrindən istifadə etmək lazımdır. Bazarda mövcud olmayan yeni bir əmtəə təklif olunduqda yeni qiymətqoyma strategiyalarına müraciət olunmalıdır. Firmalar bunun üçün aşağıdakı iki fərqli strategiyalara müraciət edirlər:
1. Bazarın qaymağını yığma strategiyası. Bu strategiyaya müraciət etdikdə firma yeni əmtəəni bazara ilk çıxartdığı vaxtlarda yüksək qiymətdən satır və ilkin satışlar zəiflədikdə qiymətlər mərhələli olaraq aşağı salınır və bu yolla başqa bazar seqmentləri cəlb edilir. Bu strategiyanın uğurlu tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1) Bazarı müxtəlif seqmentlərə bölərək hər birində yüksək qiymət ilə tələb miqdarı arasındakı asılılıq təhlil olunmalıdır. Əgər bazar yüksək qiymətlərə həssas deyildirsə, bu strategiya tətbiq olunmalıdır.
2) Yeni əmtəənin bazara çıxarıldığı ilk vaxtlarda bazarın tədqiqi, istehsalı, bölgüsü, daşınması və stimullaşdırılması ilə əlaqədar işlər də əlavə xərc tələb edir.
3) Firma əmtəəyə yüksək qiymət təyin edərkən istehlakçıların alıcılıq qabiliyyətlərini və gəlirlərini də nəzərə almalıdır.
4) Yüksək qiymətlərin daha sonrakı mərhələlərdə aşağı düşürülməsi firma imicini və prestijini heç bir şəkildə zədələməməlidir.
Firmalararası rəqabət gücləndikcə, bazarın qaymağının yığma strategiyasının yerinə bazarda yerləşmək və ya bazar payını artırmaq üçün başqa strategiyanın tətbiqi daha məqsədəuyğundur.
2. Bazarı ələ keçirmək və bazar payını artırma strategiyası. Bu strategiyaya görə firmalar daha çox müştəri cəlb etmək və bazarın böyük bir hissəsində yerləşmək məqsədilə əmtəələri nisbətən aşağı qiymətlərlə satırlar. Bu strategiyanın uğurlu tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1) Bazar seqmenti qiymətlərə qarşı çox həssasdırsa, marketinq xadimi daha ucuz qiymətdən bazar payını da artıra bilir.
2) Aşağı qiymətlər rəqiblərin bazara girməsi üçün cazibədar olmamalıdır. Firmalar bəzən əmtəələrə daha aşağı qiymətlər təyin etməklə bir çox rəqiblərin bazara girmələrinin qabağını ala bilir.
Dostları ilə paylaş: |