zənginliyinə önəm verən M.İbrahimov onu ədəbi məktəb və milli məfkurə müstəvisində tədqiq
etməyi daha vacib sayırdı. M.İbrahimov tədqiqatının birinci bölümündə C.Məmmədquluzadəyə
qədərki Azərbaycan ədəbiyyatı problemlərindən bəhs açır. Bu yanaşmada Azərbaycan
ədəbiyyatının XII əsrdən XX əsrə qədərki dövrü əksini tapır. Qeyd edək ki, M.İbrahimov
Azərbaycan ədəbiyyatının ən qədim dövrlərində yaranan əfsanə, nağıl, dastan nümunələri, o
cümlədən “Kitabi-Dədə Qorqud” və s. dastanları və bir sıra yazılı ədəbiyyat nümayəndələri barədə
təhlillər aparmışdır. Bunlar tədqiqatçı-alimin Azərbaycan ədəbiyyatı, o cümlədən mədəniyyəti
barədə müfəssəl məlumata malik olduğundan xəbər verir. Ancaq alimin C.Məmmədquluzadə ilə
bağlı araşdırmalarında XII-XX əsrlər ədəbiyyatı problemlərindən danışması xüsusi məqsəd daşıyır.
Bildiyimiz kimi M.İbrahimov C.Məmmədquluzadə yaradıcılığından danışarkən onu ilk növbədə
Azərbaycan ədəbiyyatında demokratik ideyaların carçısı, realizm ədəbi məktəbinin aparıcı
nümayəndəsi kimi təqdim etməyi qarşıya məqsəd qoymuşdur. Bu səbəbdən o,
C.Məmmədquluzadəyə qədər Azərbaycan ədəbiyyatında demokratik ideyaların formalaşma və
inkişafında XII əsr Azərbaycan ədəbiyyatının payını, xüsusilə Nizaminin rolunu yaxşı başa düşür və
yüksək qiymətləndirir. Məhz C.Məmmədquluzadə yaradıcılığındakı demokratik ideyaların kökünü
Nizami ilə başlayan ədəbiyyatda axtarmasının bir səbəbi də bunda idi. Nizami ilə formalaşan,
Xaqanidə, Nəsimidə, Füzulidə, Vaqifdə özünəməxsus inkişaf yolu keçən demokratik ideyaların
C.Məmmədquluzadəyə qədərki mərhələlərdə dinamikasının izlənilməsi və təhlili tədqiqat əsərində
önəmli yer tutur. Bu mənada M.İbrahimovun “Azərbaycan ədəbiyyatının tarixini daha dərinlərdə
axtarmaq lazımdır” (14, 11) deməsi təsadüfi deyildir.
Tədqiqat əsərində Nizami, Xaqani, Həsənoğlu, Nəsimi, Füzuli və digər sənətkarların “milli
mədəniyyət və ədəbiyyatın müəyyən inkişaf dövrünün məhsulu” (14, 11) kimi dəyərləndirilməsi ilk
növbədə M.İbrahimovun sovet ideologiyası tələblərindən çıxaraq problemə milli-mənəvi dəyərlər
kontekstində yanaşmasından irəli gəlir. M.İbrahimov Azərbaycan ədəbiyyatı, geniş mənada
Azərbaycan mədəniyyətinin ən qədim dövründən XX əsrə qədərki keçdiyi mərhələlərindən
danışarkən milli mədəniyyətimizin bir növ tarixi-ədəbi panoramını göz önünə gətirir. Təhlilləri elə
aparır ki, heç bir mərhələdə milli-tarixi rabitə qırılmır. Əksinə ən qədim, qədim, orta əsrlər, yeni
dövr Azərbaycan ədəbiyyatının bir-birinə bağlanan, bir-biri ilə əlaqələnən cəhətləri özünəməxsus
tərzdə nəzərə çarpır. Heç bir mədəni hadisə göydəndüşmə təsiri bağışlamır və ya əlahiddə
görünmür. “Nizami ənənələri Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf yoluna işıq salmışdır,
bütün sonrakı yazıçılarımız yüksək sənətkarlığı ondan öyrənmişlər. Nəsimi və Füzuli Nizami
ənənələrini davam etdirmiş, doğma dilimizdə gözəl şeir nümunələri yaratmışlar. XVI əsrdə yaşamış
Füzulinin şöhrəti bütün Şərq aləminə yayılmışdı. Onun fəlsəfi və lirik qəzəlləri səpkisində həm
bizim milli şairlərimiz, həm də bir çox başqa xalqların görkəmli sənətkarları parlaq fikirlər və
duyğularla dolu gözəl şeirlər yazmışlar.” (14, 13) Kiçik bir sitatda Azərbaycan ədəbiyyatının
təxminən 400 illik dövrü üçün bir sıra xarakterik xüsusiyyətlər diqqəti cəlb edir. Burada Şərq
ədəbiyyatının poeziya komandanı olan Nizami ənənələrinin təsir dairəsinin genişliyi, sonrakı
dövrlərdə Nəsimi və Füzuli sənətinin milli mayasında bu təsirin əhəmiyyətli yer alması təsdiqini
tapır. M.İbrahimov XVI əsr Azərbaycan ədəbiyyatından danışarkən təbii olaraq M.Füzuliyə daha
çox yer ayırmış, Qərb ədəbiyyatşünaslığında şairə verilən qiyməti xüsusi şəkildə nəzərə
çatdırmışdır. İngilis tədqiqatçısı Gibbin “Osmanlı şeirinin tarixi” əsərinə istinad edən M.İbrahimov
Gibbin “Füzuli əsrini Azərbaycan ədəbiyyatının böyüklük əsri” adlandırmasını, Füzulini “ilk səhər
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
440
şəfəqi” hesab etməsini həm Füzulinin, həm də ədəbiyyatımızın böyüklüyü hesab edir. Tədqiqatçı
Füzuli yaradıcılığının qazandığı yeni keyfiyyəti ənənəvi eşq motivinin zəmanədən şikayət və
narazılıq motivinə keçiddə axtarır. Bu halı Vaqif sənəti üçün də xarakterik hesab edir. Doğru olaraq
“yeni Azərbaycan ədəbiyyatında demokratik ideyalar realizm üslubu ilə doğur” (14, 14) fikrini irəli
sürür. M.İbrahimov digər tərəfdən Azərbaycan ədəbiyyatında demokratik ideyaların yaranmasını
ictimai zəminin genişlənməsi ilə bağlayır. Alimin irəli sürdüyü bu tezis istər ictimai-siyasi, istərsə
də ədəbi-nəzəri baxımdan bir-birini tamamlayır.
Mirzə İbrahimov bu tezisdən irəli gələn müddəaları Zakir, Axundov, Haqverdiyev,
Bakıxanov yaradıcılıqlarına tətbiq edir. Onların yaradcılığında yeni dövr ədəbiyyatının tələbləri
səviyyəsində mövcud olan demokratik ideyaları ədəbiyyatşünaslıq ölçüləri daxilində təhlilə cəlb
edir. Zakiri “gələcək qüdrətli demokratik ədəbiyyatın ilk bünövrə daşı” (14, 23) hesab edən,
M.F.Axundovu ədəbiyyatımızda, eyni zamanda ictimai fikrimizdə “yeni keyfiyyətli demokratizmin
banisi” (14, 43) kimi qiymətləndirən, Haqverdiyev və Vəzirovu “yeni demokratik ideyalara
əsaslanan” (14, 42) yazıçı qismində dəyərləndirən, Bakıxanovda “müvəqqəti ideyaların yeni tarixi
şəraitə uyğun əks olunduğunu” (14, 25) bildirən M.İbrahimov ədəbiyyatımızın Vaqifdən
C.Məmmədquluzadəyə qədər keçdiyi yolun ictimai-məfkurəyə istiqamətini təhlil etmişdir.
Tədqiqatın birinci bölməsində təhlillərin bu şəkildə qurulması nəticə etibarilə ədəbiyyatımızın
keyfiyyət dəyişməsini əks etmiş, XIX əsrin sonuna kimi ədəbiyyatdaxili proseslərin dinamikasını
üzə çıxarmışdır. M.İbrahimovun təhlilləri bu cür aparmasında başqa məqsədi isə XIX əsrin 80-ci
illərində ədəbiyyatda ilk addımlarını atan C.Məmmədquluzadəyə bu ədəbiyyatın təsirini göstərmək
olmuşdur. Çünki M.İbrahimova görə XIX əsrin sonu, XX əsrin əvvəllərində yeni keyfiyyətli
demokratizmin ədəbiyyat sahəsində ən böyük ifadəçisi C.Məmmədquluzadə olmuşdur.
M.İbrahimovun təhlillərində C.Məmmədquluzadənin “Axundovdan sonra ən böyük demokrat” kimi
səciyyələnməsi sonrakı dövr ədəbiyyatşünaslığımızda da təsdiq olunmuşdur.
C.Məmmədquluzadənin “M.F.Axundovdan sonra Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və
ümumiyyətlə ictimai inkişaf tarixinin ən böyük siması” (2, 60) hesab olunması, “Azərbaycan ədəbi-
ictimai və estetik fikrinin inkişafında yüksək xidmətlər göstərməsi və böyük Mirzə Fətəlinin həqiqi
mənada Molla Nəsrəddinçi ədəbiyyatın sələfi və müəllimi olması” (3, 341), “Azərbaycan məfkurə
hərəkatındakı roluna görə fərqlənməsi” (12, 53) və s. kimi fikirlər M.İbrahimovun irəli sürdüyü
ideyalarla üst-üstə düşür.
C.Məmmədquluzadənin yaradıcılığının araşdırılmasına həsr edilən “Böyük demokrat”
əsərində ikinci bölmə “İlk addımlar” adlanır. Burada onun yaradıcılığının birinci mərhələsi hesab
olunan 1889-1905-ci illərdə yazdığı əsərlər təhlil olunmuş, dövrün ictimai-siyasi mənzərəsi öz
əksini tapmışdır. Daha konkret ifadə etsək, bu bölmədə problemə sənətkar və mühit kontekstində
münasibət bildirilmişdir. M.İbrahimov C.Məmmədquluzadənin doğum tarixindən danışarkən son
zamanlara qədər əksər ciddi mənbələrdə yazıldığı kimi yazıçının 1866-cı ildə anadan olduğunu
göstərir. Lakin akademik İsa Həbibbəylinin araşdırmaları nəticəsində C.Məmmədquluzadənin 1866-
cı ildə deyil, 1869-cu ildə anadan olduğu dəqiqləşdirilmişdir. Akademik İsa Həbibbəyli
C.Məmmədquluzadənin 1907-ci il tarixli nigah kağızına, 1912-ci ildə Tiflisdə aldığı pasporta, 1929-
cu ildə özünün tərtib etdiyi şəxsi vərəqəyə, yazıçının vəfatı ilə bağlı nekroloqa əsaslanmaqla onun
doğum tarixinin 1869-cu ilə aid olduğunu təsdiqləmiş və bundan sonra ədəbiyyat tarixlərimizdə
C.Məmmədquluzadənin doğum tarixi 1869-cu il kimi təsdiqini tapmışdır. (3, 25) M.İbrahimov
C.Məmmədquluzadənin yaradıcılığının ilk dövrünü ictimai-siyasi baxımdan kifayət qədər
mürəkkəb dövr hesab edir. O, ictimai-siyasi mürəkkəbliyin tərkib hissəsi kimi kapitalist feodal
ziddiyyətlərini önə çəkirdi. Yəni bir tərəfdə yeni yaranan və inkişaf edən kapitalizm, digər tərəfdə
siyasi meydandan sıxışdırılan feodalizm. Bu qarşıdurmada əzən və əzilənlərin psixologiyası,
həyatda mövcud olmaq istəkləri, köhnəliklə yeniliyin mübarizəsi, yeni ruhun meydana gəlməsi və s.
kimi problemlər sənət əsərlərində müxtəlif şəkildə ifadəsini tapırdı. Təbii olaraq, həyatın ictimai-
siyasi səciyyəsi C.Məmmədquluzadə yaradıcılığından da yan keçmirdi. C.Məmmədquluzadə
yaradıcılığının bu şəkildə formalaşmasını M.İbrahimov yeni dövrdə yeni ədəbiyyatın yeni
istiqaməti kimi xarakterizə edirdi. “Eynilə də bədii yaradıcılıq sahəsində yeni ədəbiyyatın
istiqamətini düşünərkən Cəlil Məmmədquluzadə bütün əzəməti ilə nəzərimizdə canlanır... Sabir
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
441
qələminin canlanmasında, Sabir ənənələrinin güclənməsində Azərbaycan ədəbiyyatı tarixi hər
kəsdən əvvəl C.Məmmədquluzadəyə minnətdardır.” (2, 61) Buna görə də “Sabirin Fatma-
Tükəzbanları”nın, “Novruzəli işinin” davamçıları kimi meydana çıxmasının” (3, 347) əsasında
C.Məmmədquluzadə təsiri dayanması inkaredilməzdir. M.İbrahimov C.Məmmədquluzadə
yaradıcılığının birinci dövrü siyahısına daxil olan “Çay dəstgahı”, “Danabaş kəndinin əhvalatları”,
“Danabaş kəndinin məktəbi”, “Kişmiş oyunu”, “Yan tütəyi”, “Poçt qutusu” əsələrini təhlil edərkən
sənətkarın yaradıcılığı üçün səciyyəvi cəhətləri, fərdi-ümumi xüsusiyyətləri, ənənəvi-novatorluq
keyfiyyətləri və s. baxımdan dəyərləndirir. C.Məmmədquluzadə yaradıcılığı üçün ədəbi təcrübə
hesab etdiyi “Çay dəstgahı” əsərində “yumşaq təbəssümdə acı həqiqətlərin” təzahürünü sənət uğuru
hesab edir. “Danabaş kəndinin əhvalatları” povesti M.F.Axundovun “Aldanmış kəvakib” əsəri ilə
müqayisədə eyni sırada saxlanılır. M.İbrahimov hər iki əsərdə xalq demokratizminin ifadə və
təbliğinin dayandığını təsdiqləyir. “Danabaş kəndinin əhvalatları” əsərindəki obrazlar vasitəsilə
milli-ictimai görüntüləri son dərəcə aktual və mühüm vəzifə kimi təqdim edir. Xəlil ilə Sadıqın
söhbətləri, Məmmədhəsən əminin ruzgar giley-güzarı, mömin itaətkarlığı, Xudayar bəyin qeyri-
insani xarakteri, Zeynəbin naəlaclığı və digər obrazların özünəməxsus xarakter göstəriciləri
vasitəsilə povestdəki dərin mənalı istehzanın, acı göz yaşlarının və yanıqlı faciənin mahiyyətini
açıqlaya bilir. M.İbrahimov C.Məmmədquluzadə dühasına istinad etməklə povestdəki sosial həyat
problemlərindən doğan suallara cavab axtarır. Lakin yazıçı məntiqinə söykənməklə “danabaşlar
aləmini” yıxacaq ictimai qüvvənin kimliyini müəyyənləşdirə bilmir. Əslində, bu hal
C.Məmmədquluzadə yaradıcılığının birinci dövrü üçün xarakterik idi. Lakin 1906-cı ildə “Molla
Nəsrəddin” jurnalının nəşri ilə C.Məmmədquluzadə ictimai baxışlarında mühüm dəyişikliklər baş
verdi. Şübhəsiz, burada 1905-ci il inqilabının təsiri ilə başlanmış ictimai-siyasi proseslərin rolu da
danılmazdır. C.Məmmədquluzadənin yaradıcılığına həsr edilmiş araşdırmanın üçüncü bölümü
“Molla Nəsrəddin”ə qədər Azərbaycan mətbuatı” adlanır. Burada “Əkinçi”dən “Molla Nəsrəddin”ə
qədər Azərbaycan mətbuatının keçdiyi yol izlənilir və əsas olaraq ədəbiyyat məsələləri, demokratik
və mürtəce cərəyanların mübarizəsi və s. problemlərinə yer ayrılır. M.İbrahimov Azərbaycan
mətbuat tarixinə toxunarkən “Əkinçi”dən əvvəlki dövrdə 1830-1840-cı illərdə çıxması ehtimal
olunan “Bakı xəbərləri” adlı qəzetdən bəhs açır. Bu tarixi xatırlayan M.İbrahimov onu demək
istəyir ki, Azərbaycan mətbuatı “Əkinçi”yə qədər bir hazırlıq mərhələsi keçmiş, təcrübə əldə
etmişdir. M.İbrahimov “Əkinçi”nin rolunu yüksək qiymətləndirərək belə yazırdı: “Əkinçi”
maarifpərvər, demokratik görüşlərin yayılması və yeni ictimai əlaqələrin yaranması uğrunda ardıcıl
surətdə mübarizə edirdi.” (14, 72) O, “Əkinçi”nin 1875-1877-ci illərdə işıq üzü görən müxtəlif
saylarından nümunələr verməklə mətbuatın ədəbiyyat və ictimai aləmlə əlaqəsindən, demokratik
düşüncənin formalaşmasında və inkişafındakı rolundan söhbət açır. “Ziya” və “Ziyayi-Qafqaziyyə”
qəzetlərinə gəldikdə isə M.İbrahimov bir qədər fərqli mövqe tuturdu. O, qəzetin əhəmiyyətindən
danışsa da, onu mürtəce fikirlər və mövhumat yayan” (14, 84) qəzet kimi dəyərləndirir, qəzeti
tənqid edirdi. Əlbəttə, M.İbrahimovun “Ziyayi-Qafqaziyyə” qəzetinə bu cür yanaşması o zamankı
kommunist ideologiyasının təsirindən irəli gəlirdi. Çünki M.İbrahimov qəzetin cəmiyyətdəki rolunu
yaxşı anlayır, onun gördüyü işlərin əhəmiyyətini dərindən dərk edirdi. M.İbrahimov “Ziyayi-
Qafqaziyyə”nin 1883-cü il 18-ci sayında M.F.Axundovun əlifba islahatının əleyhinə dərc olunmuş
yazını, H.Zərdabi və N.Vəzirovun “ata-baba yolundan uzaqlaşıb, yeni yol seçiminə” qarşı
çıxışlarını tənqid edərkən nə qədər sərbəst yanaşma nümayiş etdirsə də, ideoloji yanaşma
tələblərindən uzaqlaşa bilməmişdi. Burada ideologiyanın əski əlifbaya bir növ “dini əlifba”, “ata-
baba yoluna” cəhalət, yeni rus-Avropa yolundan sapınma baxışları ilə M.İbrahimov baxışları üst-
üstə düşür.
M.İbrahimov Azərbaycan mətbuat tarixindən danışarkən “Əkinçi”nin varisi hesab etdiyi
“Kəşkül” qəzetinin mütərəqqi, faydalı cəhətlərinə önəm verir. Düzdür, “Kəşkül” qəzetinin
ziddiyyətli mövqeyinin olduğunu da vurğulayan M.İbrahimov Azərbaycan mətbuatının inkişafında,
ictimai fikrinin formalaşmasındakı rolunu təqdir edir. “Kəşkül” qəzetində ədəbiyyat məsələlərinə
yer ayrılmasını, Qərb ədəbiyyatı nümunələrinin dərc olunmasını, Hüqodan, Nekrasovdan
tərcümələrin verilməsini M.İbrahimov həm ədəbiyyatın yenilənməsinə, həm də Azərbaycan Qərb
əlaqələrinin yaranmasına xidmət hesab edir. Lakin M.İbrahimov “Kəşkül” qəzetinin ən böyük
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
442
xidmətini onun savadsızlığa, cəhalətə, zorakılığa qarşı mübarizəsi ilə ölçür. “Kəşkül” də “Əkinçi”
kimi savadsızlıq və cəhalət əleyhinə çıxaraq, elm və mədəniyyətin yayılması uğrunda çarpışırdı.
“Kəşkül” “Əkinçi”nin yolunu davam etdirərək öz səhifələrində gerilik əleyhinə kəskin məqalələr
dərc edirdi. Bu məqalələri yazanların ürəyi səmimi və ehtiraslı bir arzu ilə döyünürdü.” (14, 89)
M.İbrahimov “Kəşkül” qəzetindən sonra “Şərqi-rus” qəzetinin nəşrini Azərbaycan mətbuat
tarixində nüfuz dairəsinin genişliyinə görə xüsusi dəyərləndirir. Qeyd edək ki, M.İbrahimov “Şərqi-
rus” qəzetini də “Kəşkül” kimi ziddiyyətli qəzet hesab edir. Onun ziddiyyətli qəzet olmasının
səbəbini maarifi, mədəniyyəti, tərəqqini, yüksəlişi müdafiəsi ilə yanaşı, çarizmə, siyasi proseslərə
liberal mövqe nümayiş etdirməsində görürdü. Tədqiqatçının bu fikirləri təbii ki, mübahisə
predmetinə çevrilir. Əgər nəzərə alsaq ki, 1904-cü ildən etibarən “Şərqi-rus” qəzeti mürtəce hakim
təbəqənin təzyiqlərinin artdığı bir dövrdə çap olunurdu, onda qəzetin liberal mövqe tutduğuna haqq
qazandırmaq olar. M.İbrahimovun Əhməd bəy Ağayevlə bağlı qəzetin müxtəlif saylarında dərc
olunan yazılara münasibəti də bir qədər mübahisəlidir və subyektiv fikir təsirindədir. O, “Şərqi-rus”
qəzetinin 24 və 59-cu saylarında Əhməd bəy Ağayevlə bağlı dərc olunan yazıları müqayisə edir və
bu müqayisədə gəldiyi nəticəni qəzet üçün qüsur kimi səciyyələndirir. Yəni qəzetin 1904-cü il 24-
cü sayında Əhməd bəy Ağayevi tənqid edən yazı ilə həmin ilin 59-cu sayında onu tərifləyən yazı
arasındakı fərqləri üzə çıxaran M.İbrahimov qəzeti prinsipsizlikdə ittiham edir. Məqalələr ilə
yaxından tanışlıq onu deməyə əsas verir ki, “Şərqi-rus” qəzeti heç də prinsipsizlik nümayiş
etdirməmişdir. Çünki problemin kökündə “Şərqi-rus” qəzeti ilə “Kaspi” qəzeti arasında olan
mübahisə dayanırdı. H.Z.Tağıyevin Tiflisdə hamiliyə götürdüyü müsəlman məktəbinə bir neçə
müddət yardım göstərməməsi “Şərqi-rus”çuların Tağıyevi tənqidinə səbəb olmuşdur. “Kaspi”
qəzetinin redaktoru Ə.Ağayev və onun tərəfdarları isə Tağıyevi müdafiə cəbhəsində dayanmış və
“Şərqi-rus” qəzetinə cavab vermişlər. Bütün bunlar müəyyən müddət iki qəzet arasında mübahisə
predmeti olmuş və Əhməd bəy Ağayev də bu səbəbdən tənqid hədəfinə çevrilmişdir.
M.İbrahimovun məsələyə bir növ siyasi-ideoloji aspektdən yanaşmasını sovet dövrünün Əhməd bəy
Ağayevə münasibətinin nəticəsi kimi də qiymətləndirmək olar. Ancaq M.İbrahimov “Şərqi-rus”
qəzetinin ziddiyyətlərindən danışsa da onun Azərbaycan ədəbiyyatı, mədəniyyəti və ictimai fikrində
oynadığı rolu yüksək qiymətləndirmişdir. Qəzetin demokratiya, dil, əlifba, qadın azadlığı və s.
problemlərə aktiv münasibətini M.İbrahimov cəmiyyətimiz üçün faydalı hesab edir. Qəzetin
redaktoru Məhəmməd ağa Şahtaxtlını xeyirxah əməl sahibi və mütərəqqi insan kimi dəyərləndirən
M.İbrahimov onu C.Məmmədquluzadənin mətbuatla birbaşa əlaqələndiricisi kimi səciyyələndirir.
İlk mətbu əsərinin çap olunduğu, ilk jurnalistik fəaliyyətinə meydan olan “Şərqi-rus”un
C.Məmmədquluzadə həyatında oynadığı rolu M.İbrahimov bir neçə baxımdan dəyərləndirir. O,
göstərir ki, “Şərqi-rus” qəzeti C.Məmmədquluzadə üçün həyat məktəbi, təcrübə meydanı, başlıcası
isə “Molla Nəsrəddin”ə aparan yol idi. “Cəlil Məmmədquluzadə “Şərqi-rus” vasitəsilə mətbuat
aləminə çıxmış, genişlənmiş ictimai, siyasi, ideoloji mübarizə ilə bağlanmış, şəhər həyatı ilə geniş
əlaqə yaratmışdır.” (14, 97)
M.İbrahimov C.Məmmədquluzadənin “Şərqi-rus” qəzetindəki fəaliyyətinin əsas etibarilə
ədəbi xarakter daşıdığını qeyd edir. Yazıçının rus və başqa xalqların ədəbiyyatı ilə əlaqəsinin
genişlənməsini də bu qəzetin adı ilə bağlayır. Bütün bunlarla yanaşı C.Məmmədquluzadənin satirik
jurnal çap etmək arzusunun yaranmasını da “Şərqi-rus” qəzetindəki fəaliyyəti ilə bağlayır.
Azərbaycan mətbuatı problemlərinin təhlilini verdikdən sonra “Böyük demokrat”ın
dördüncü bölümündə “Molla Nəsrəddin” jurnalının nəşri, ictimai-siyasi vəziyyət, “Molla
Nəsrəddin” jurnalının milli-ictimai təsir dairəsi, C.Məmmədquluzadənin jurnaldakı ədəbi-ictimai
fəaliyyəti və s. məsələlər özünə yer alır. M.İbrahimov jurnalın dərc olunması ilə əlaqədar
C.Məmmədquluzadənin gördüyü işlər, dövlət orqanlarına müraciəti, müxtəlif çətinliklərlə üzləşdiyi
və s. barədə məlumatlar verir. Bu barədə Ə.Şərifin (17), İsa Həbibbəylinin (50), Mir Cəlalın,
F.Hüseynovun (2) və digər ədəbiyyatşünasların fikirləri ilə M.İbrahimovun mülahizələri üst-üstə
düşdüyündən təhlilə ehtiyac duymuruq.
M.İbrahimov C.Məmmədquluzadə və “Molla Nəsrəddin”lə bağlı təhlillərində demək olar ki,
Mirzə Cəlilin sənət idealını, yaradıcılıq xüsusiyyətlərini və jurnalın məqsəd və vəzifələrini
açıqlamağa çalışır. M.İbrahimov göstərir ki, C.Məmmədquluzadənin yaradıcılığının və “Molla
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
443
Nəsrəddin” jurnalının məqsədi “ictimai intibaha” xidmət idi. M.İbrahimov C.Məmmədquluzadənin
dil-ifadə formasını xalqa xidmət və rəğbət hesab edirdi. Tədqiqatçı alimə görə sadə xalqa sadə dildə
– xalq dilində daha çox xidmət göstərmək mümkündür.
M.İbrahimov təhlil prosesində dövrün tələblərinə uyğun olaraq burjua-feodal həyatının
yaramazlığı, proletar inqilabı ideyaları, proletar beynəlmiləlçiliyi və s. ifadələr işlədir. Ancaq bunlar
əsl mahiyyətin üzə çıxmasına mane olmur. Təhlillərdə biz M.İbrahimovun C.Məmmədquluzadə
sənətinə “Molla Nəsrəddin” jurnalı ilə bağlı sırf estetik yanaşmanın şahidi oluruq. Bu sırada
milliliyin öndə dayanması diqqətdən yayınmır. “Molla Nəsrəddin” “millət, millət” deyən yalançı
boşboğazları müalicə yolunu göstərməyən həkimə bənzədirdi. Bu fikri əsas götürən M.İbrahimov
qeyd edirdi ki, belə halda millətin yeganə çarəsi dərdlərə çarə tapa bilməyən həkimlərdən
uzaqlaşmaqdır. M.İbrahimov jurnalın bu mövqeyini düzgün hesab edir və göstərir ki, xalq onu
aldadanlarla yox, ona ürək qızdıranlarla həmrəy olmalıdır. Bu vəziyyətdə C.Məmmədquluzadənin
tənqidi realist mövqeyi üzə çıxır, yaradıcılığının qayəsi açıqlanırdı. M.İbrahimovun məqsədi də
onun yaradıcılıq hədəflərini müəyyənləşdirmək və sənətinin ideya istiqamətini üzə çıxarmaqdır.
Qadın azadlığı məsələsində də M.İbrahimov böyük ədibin mövqeyini düzgün
müəyyənləşdirə bilir. M.İbrahimov “Molla Nəsrəddin” jurnalının Azərbaycan ədəbi-ictimai
tarixindəki rolunu da düzgün dəyərləndirə bilmişdir. “Keçmiş Azərbaycanda “Molla Nəsrəddin”
kimi xalqa, xalq ədəbiyyatı və varlığına əsaslanan, bütün xalqla yaşayan bir jurnal göstərmək
çətindir. “Molla Nəsrəddin” inqilabi demokratizmin ifadəçisi və mərkəzi idi. “Molla Nəsrəddin”
XX əsr Azərbaycan ədəbiyyatında böyük mütərəqqi-realist bir məktəb yaratmışdı. Azərbaycan
xalqının iftixarı və Azərbaycan satirik şeirinin həqiqi və ölməz yaradıcısı olan Sabir ancaq və ancaq
“Molla Nəsrəddin” məktəbində tərbiyə alaraq yetişmişdir... “Molla Nəsrəddin” bizim inkişaf
tariximizdə, xalqımızın ictimai həyatında çox mühüm və iftixara layiq bir hadisədir.” (14, 121)
“Böyük demokrat” monoqrafiyasının “İki üslubun mübarizəsi” adlı beşinci bölümü “Molla
Nəsrəddin” və “Füyuzat” jurnallarının dəyərləndirilməsi baxımından xarakterikdir. Burada iki
müxtəlif jurnala iki müxtəlif baxış diqqəti cəlb edir. Sovet ideoloji tələblərinə uyğun olaraq “Molla
Nəsrəddin” demokratik, xalq ruhunu ifadə edən, böyük hörmət və məhəbbət qazanan, milli-mənəvi
tariximizdə yeri olan və s. jurnal kimi yüksək dəyərləndirilir. Qeyd edək ki, M.İbrahimov 1981-ci
ildə yazdığı “Həyatın güzgüsü” adlı məqaləsində də “Molla Nəsrəddin” jurnalı və “Molla
Nəsrəddin” ədəbi cərəyanını ideya-fikir istiqaməti, stil və bədii forması baxımından Azərbaycan
mətbuatı və Azərbaycan ədəbiyyatı tarixində tamamilə yeni mərhələ kimi dəyərləndirirdi.
“Füyuzat” isə əksinə olaraq pantürkist, xalq ruhunun əleyhinə və s. şəklində tənqid olunur. Nəzərə
alsaq ki, hər iki jurnal Azərbaycan xalqının ruhunu ifadə edir və milli məqsəddən ötrü eyni hədəfə
tuşlanmış iki ox idi, onda tədqiqat zamanı “Füyuzat” ünvanına deyilən bu fikirlərin nə qədər qeyri-
Dostları ilə paylaş: |