obyektiv olduğunu anlamaq çətin olmaz. Amma bu təhlillərdə milli müstəqillik dövrünün
tələblərinə uyğun olmayan cəhətləri heç şübhəsiz sovet ideoloji tələblərinin adına yazmaq lazımdır.
Akademik İsa Həbibbəylinin qeyd etdiyi kimi təəssüf ki, son illərədək mövcud cəmiyyətin ictimai-
siyasi tələbləri əsas götürülərək, reallığı çox da əks etdirmədiyi halda, “Molla Nəsrəddin” və
“Füyuzat”, hətta C.Məmmədquluzadə və Ə.Hüseynzadə süni şəkildə bir-birinə qarşı qoyulmuş, əks
cəbhələri təmsil edən ədəbi qüvvələr kimi təqdim edilmişdir. Bu məqamda C.Məmmədquluzadənin
ədəbi mühitdə qəbul olunmuş realizm ədəbi cərəyanının, Ə.Hüseynzadənin isə 20-30 il əvvəlki
ifadələrlə desək, “mürtəce romantizmi” təmsil etmələri, “Molla Nəsrəddin”in inqilabi-demokratik
platformadan, “Füyuzat”ın isə guya pantürkist və panislamçı mövqedən söz açması barədəki
təsəvvürlər mühüm faktora çevrilmişdir.” (3, 272) Buna görə də hər iki jurnalın mövqeyi, onların
redaktorları arasındakı münasibətlər, toxunduqları problemlər və məsələlər uzun müddət müzakirə
obyekti olmuşdur. Prof.Yaşar Qarayev haqlı olaraq yazırdı: “Füyuzat” və “Molla Nəsrəddin” tarixin
konkret gerçəkliyində cəmi iki il mübarizə aparmışlar. Vulqar sosioloqlar isə onları
ədəbiyyatşünaslıqda yetmiş iki il vuruşdurmuşlar.” (16, 96) Bu səbəbdən C.Məmmədquluzadənin
həyat və yaradıcılığına həsr edilmiş əksər monoqrafiyalarda, dərsliklərdə və s. məqalələrdə bu
səpkili yazılara, məlum ideoloji tələblərdən irəli gələn yanaşmalara rast gəlmək mümkündür.
M.İbrahimov “İki üslubun mübarizəsi” bölümündə ilk növbədə C.Məmmədquluzadənin ədəbi
qüdrətini diqqətə çatdırmaq istəyir. Bu məqsədlə o, “Molla Nəsrəddin”in Yaxın və Orta Şərqdəki
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
444
mövqeyini əks etdirən fikirlərini ortaya qoyur. Daha sonra C.Məmmədquluzadə peşəkar jurnalist,
mühərrir kimi təqdim edilir. Bundan sonra isə onun jurnalistik fəaliyyəti ilə yazıçılıq fəaliyyətinin
birliyi məsələsinə toxunulur. Sadaladığımız cəhətlər təhlil prosesində olduqca az yer tutur. Əsas yeri
isə “Molla Nəsrəddin” və “Füyuzat” jurnalları ilə bağlı müqayisəli təhlillər tutur. Onu da qeyd edək
ki, M.İbrahimov tənqid obyekti kimi təkcə “Füyuzat”ı deyil, “Həyat” və “Şəlalə” kimi mətbu
orqanlarını da hədəf seçir. “Molla Nəsrəddin”in sağlam, tənqidi realist üslubu adları çəkilən
orqanların üslubundan həm üstün tutulur, həm də onlara qarşı əks arqument kimi istifadə olunur.
M.İbrahimov “Molla Nəsrəddin” ilə “Füyuzat”ı bir-birinə zidd qütb kimi təqdim edərkən ilk
növbədə dil məsələsini önə çəkir. O, “Füyuzat” jurnalının dil siyasətində farsçılıq-ərəbçilik və
osmanlıçılığa xidmət göstərən iki meylin olduğunu qeyd edir. Hər iki meyldə Azərbaycan dilinin
məhv edilmə siyasətinin, onun inkişafına mane olmaq istəyinin dayandığını qeyd edir.
M.İbrahimovun bu fikirlərini dərindən təhlil etdikdə bəzi məqamlar üzə çıxır. Bildiyimiz kimi,
“Molla Nəsrəddin”in dili ilə “Füyuzat”ın dili arasında böyük fərq olmuşdur. Birincilər sadə,
ikincilər isə daha elmi və qarışıq tərkibli (ərəb, fars və əski türk dili) dildə yazmağa üstünlük
verirdilər. Ə.Hüseynzadə “Füyuzat” jurnalının 1 noyabr 1906-cı il tarixli 1-ci sayında sadə türk
dilini “lisani-əvam”, 1907-ci il tarixli 21-ci sayında isə “çoban və əkinçi lisanı” adlandırmışdı.
Əlbəttə, bu ifadə və yanaşma Ə.Hüseynzadənin doğma dilə ögey münasibətindən və sovet
dönəmində deyildiyi kimi “nifrətindən” irəli gəlməmişdi. Əli bəy Hüseynzadə C.Məmmədquluzadə
qədər xalqını və dilini sevmiş, ona hörmətlə yanaşmışdır. Təbii olaraq bu yanaşmanın kökündə Əli
bəy Hüseynzadənin uzun müddət Türkiyə ziyalılarının və Türkiyə mühitinin təsirində olması ilə
bağlı idi. Bildiyimiz kimi, 1895-ci ildə Türkiyədə ömrünü başa vurmuş Tənzimat hərəkatı öz yerini
“Sərvəti-fünun”a verdi. “Sərvəti-fünun”çular bir sıra məsələlərlə yanaşı dil siyasətini də ortaya
atdılar. Bu təşkilat ətrafında birləşən və bu təşkilatın təsirində olan ziyalılar ərəb-fars və əski türk
dillərindən geniş istifadəni daha estetik hesab edir və savad nümayiş etdirməyin əlaməti sayırdılar.
Məhz Əli bəy Hüseynzadənin Türkiyə ziyalıları ilə sıx əlaqələri ona təsirsiz ötüşməmişdir. Düzdür,
Əli bəy Hüseynzadənin dili təkcə C.Məmmədquluzadə tərəfindən deyil, dövrün mütərəqqi şəxsləri
tərəfindən də tənqid edilirdi. Məsələn, F.Köçərli “Molla Nəsrəddin” jurnalının 1913-cü ildə çapdan
çıxan 23-cü sayında Ə.Hüseynzadənin “dilimizə pozğunluq salmasına” etirazını bildirirdi.
M.İbrahimov da Ə.Hüseynzadənin dilindəki ərəb-fars və osmanlıçılığın təzahürünü düzgün
müəyyənləşdirsə də onu xəyanətdə günahlandırmaqda haqlı görünmürdü. Məsələ onda idi ki,
Ə.Hüseynzadənin dilinin “aliliyi” yüksək zümrə üçün hesablanmış, o, millətin ziyalı təbəqəsi üçün
yazmağı vacib saymışdır. Ə.Hüseynzadə belə fikirləşirdi ki, millətin indiki halında ona nicat ola
biləcək qüvvə savadlı, elmli şəxslərdir. Digər baxımdan C.Məmmədquluzadənin və
Ə.Hüseynzadənin ümumtürk ədəbi dil yaratmaq səyləri üst-üstə düşürdü. Əgər C.Məmmədquluzadə
“əvvəl-axır türk kütlələri üçün ədəbi dil və ümumi imlaya çox böyük ehtiyac vardır” (13, 160)
deyirdisə, Ə.Hüseynzadə də “biz öz müxtəlif şivə və ləhcələrimizi islah və tövhid ilə özümüzə
məxsus və ədəbi bir ümumtürk dil vücuda gətir biləriz” (6) deyir. Göründüyü kimi buradakı fikirlər
tam şəkildə üst-üstə düşür.
M.İbrahimov “Molla Nəsrəddin”lə “Füyuzat” arasında “bizə hansı elmlər lazımdır?” sualı
ətrafında gedən mübahisələrə də xüsusi diqqət ayırır. Bildiyimiz kimi, “Əkinçi” qəzetində irəli
sürülən “Elmi-ədyan” və “Elmi-əbdan” məsələsi XX əsrin əvvəllərində yenidən müzakirə obyektinə
çevrildi. Hacı Əbutürab Axundoğlu, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Ömər Faiq
Nemanzadə və başqalarının bu müzakirələrdə aktiv olması, dini, yoxsa dünyəvi elmlərin gərəkliliyi
barədə fikirləri diqqət çəkirdi. M.İbrahimov “Füyuzat”çıların bu sahədəki mövqeyini tənqid edir,
onların dünyəvi elmlərlə yanaşı dini elmlərə də marağını qaragüruhçu mövqe hesab edirdi.
“Mövhumatçı qaragüruhlar və mürtəce ziyalılar nəinki elmi dinlə birləşdirərək birincisini ikincisinə
qurban edir, həm də dinin, mövhumatın ağla zidd ayinlərini belə müdafiəyə qalxışırdılar.” (14, 130)
“Molla Nəsrəddin”ə gəldikdə isə M.İbrahimov onların bu müzakirələrdəki mövqeyini təqdir
edir. “Molla Nəsrəddin” mövhumatı, onun bütün bünövrəsini yıxıb dağıdaraq mürtəce mollaları və
dinin bütün rəsmi ayin və kahinlərini şiddətli satirik atəş altına alırkən, füyuzatçılar xalqı fanatizm
əsarətinə verməyə, dini-mövhumi duyğuları daha da alışdırmağa can atırdılar.” (14, 130)
Təhlilllərdə görünür ki, M.İbrahimov füyuzatçıların dinə önəm verməsini onların qaragüruhçu,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
445
mürtəce xisləti kimi xarakterizə edir. Əksinə, mollanəsrədd inçilərin “dinin bütün rəsmi ayinlərini”
tənqid etməsini isə mütərəqqi hal kimi səciyyələndirir. Lakin mahiyyətə vardıqda görürük ki,
problemə başqa tərəfdən yanaşmaq lazımdır. Burada akademik İsa Həbibbəylinin dediyi kimi,
“onların dünyəvi elmləri öyrənməyə dair çağırışlarında da İslamın əleyhinə yox, dirçəliş və tərəqqi
əsrinin xüsusiyyətlərini nəzərə almaları əsas götürülmüşdür.” (3, 272)
Tədqiqatın bu hissəsində M.İbrahimov “Molla Nəsrəddin” jurnalının ədəbi, elmi, mədəni,
milli, dini, iqtisadi, siyasi və s. sahələrdə irəli sürdüyü bütün fikirləri cəmiyyət üçün faydalı hesab
edir. “Füyuzat”çıların mövqelərini isə siyasi-ideoloji tələblərə uyğun olaraq zərərli, qeyri-milli və
mürtəce ideologiya kimi tənqid etmişdir.
C.Məmmədquluzadə yaradıcılığını M.İbrahimov mövzu, ideya, məzmun və forma
baxımından yüksək qiymətləndirmiş, onu XX əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli sənətkarı
hesab etmişdir. ”Böyük demokrat” adlı tədqiqat əsərində C.Məmmədquluzadənin həm
dramaturgiyası (“Ölülər və dəlilər aləmi”), həm də bədii nəsri (“C.Məmmədquluzadənin nəsri”)
müəyyən başlıqlar altında təhlil olunmuşdur. Həcm etibarilə o qədər də geniş olmayan altıncı və
yeddinci bölmələrdəki bu təhlillərdə M.İbrahimov C.Məmmədquluzadəni inqilabçı-demokrat
dramaturq və yazıçı, eyni zamanda yeni ədəbi mərhələnin başçısı kimi təqdim etmişdir.
M.İbrahimov C.Məmmədquluzadənin dramaturgiyasını haqlı olaraq ədibin jurnalistik və
nəsr fəaliyyəti ilə bağlayır. Alim fikrini belə əsaslandırır ki, onun bütün ədəbi və jurnalistik
fəaliyyəti həyat, ideyalar, tip və obrazlar bir-biri ilə əlaqəlidir və bir-birini tamamlayır.
M.İbrahimov C.Məmmədquluzadə dramaturgiyasını Azərbaycan dramaturgiyasının bir mərhələsi
hesab etsə də, M.F.Axundov, rus, klassik fransız və məxsusi olaraq Molyer dramaturgiyasının
ənənə təsirindən faydalanmanı onun sənəti üçün xarakterik sayır. M.İbrahimov Azərbaycan
dramaturgiyasının inkişafından danışarkən onun üç mərhələ keçdiyini bildirir və hər dövrün
fərqləndirici xüsusiyyətlərini diqqətə çatdırır. O, birinci dövrü “komik vəziyyətlərlə güclü dramatik
vəziyyətlərin müşayiət olunduğu xalis komediyalar dövrü”, ikinci dövrü “mündəricə genişlənməklə
müxtəlif dramatik formaların (melodram, faciə) meydana çıxdığı dövr”, üçüncü dövrü isə “satirik
dramın yaranması dövrü” kimi xarakterizə edir. M.İbrahimov C.Məmmədquluzadə
dramaturgiyasını üçüncü dövrə aid edir və “realizmin kəskin siyasi aktuallıq kəsb etməsini” bu dövr
üçün səciyyəvi saymışdır.
“Ölülər və dəlilər aləmi” adlı başlıqda C.Məmmədquluzadənin konkret olaraq
“Ölülər”,”Dəli yığıncağı” və “Anamın kitabı” adlı üç komediyası təhlil olunur. Tədqiqat işində
C.Məmmədquluzadənin “Ölülər” komediyasından danışılarkən onun Azərbaycan dramaturgiyasının
şah əsəri adlandırılması təsadüfi görünmür. Düzdür, digər ədəbiyyatşünasların fikirlərində də bu cür
dəyərləndirməyə rast gəlmək mümkündür. M.İbrahimov əsəri təhlil edərkən onun milli və bəşəri elə
cəhətlərinə toxunur ki, məhz əsərin “şah əsər” dəyərləndirilməsi bütün komponentləri ilə üzə çıxır.
Bu sırada müəllifin əsərdə Qoqol “Müfəttiş”indən gəlmə rus və ya Qərb xlestakovçuluğundan
bəhrələnərək Şərq Xlestakovunu yaratma sahəsindəki uğuruna daha çox önəm verilir. “Ölülər”dəki
Şeyx Nəsrullah simasında fırıldaqçılığın, mənəvi eybəcərliyin, ikiüzlülüyün və s. daxilində
Azərbaycansayağı “revizor” yaratmasını müəllifin dramaturji uğuru sayır. Baxmayaraq ki,
M.İbrahimov əsəri 1937-ci ildə sovet repressiyalarının hələ başa çatmadığı illərdə yazmışdı,
“Ölülər”dəki dinə olan münasibəti olduğu kimi şərh etməkdən çəkinməmişdi. “Ölülər” yalnız din
əleyhinə çevrilməmişdir. O, ümumiyyətlə, cəhaləti, geriliyi, ikiüzlülüyü və yalanı ifşa edir. Avamlıq
və nadanlığın nə kimi bəlalar olduğunu göstərir.” (14, 136) Bütün bu cəhətlər əsərdəki obrazların
təhlili vasitəsilə açılır və təqdim olunur. M.İbrahimov Şeyx Nəsrullah, İsgəndər, Hacı Həsən,
Heydərağa, Kərbəlayi Fatma, Nazlı və digər obrazların təhlilini Azərbaycan ədəbiyyatşünaslığında
dövriyyəyə gətirməyin əsasını qoyanlardan biri oldu.
M.İbrahimov “Ölülər” komediyasını təhlil edərkən ilk dəfə əsərə “həyat, varlıq və həqiqət”
prizmasından yanaşmış və humanizm prinsiplərini C.Məmmədquluzadə sənəti üçün xarakterik
hesab etmişdir. Çünki humanizm həqiqətpərvərlik deməkdir. Əsl humanizm yalanı, saxtakarlığı
rədd edir. Humanizm idealları vətəndaşı da, sənətkarı da həyata və həqiqətə tərəf çəkir.” (14, 143)
M.İbrahimov C.Məmmədquluzadə humanizmini həm Nizamidən gəlmə ideya ilə bağlayır, həm
realizmin şərti kimi götürür, həm də həyatla, ictimai varlıqla birbaşa əlaqə şəklində dəyərləndirir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
446
Bu mənada “Ölülər”in tipik şəraitin tipik hadisələrini əks etdirməsi və bir sıra obrazların məhz
konkret həyatdan götürülməsi faktı əsərin nə dərəcədə həyat həqiqətlərini əks etdirməsini
təsdiqləyir. Məsələn, kefli İsgəndərin obrazını yaradarkən C.Məmmədquluzadə yaxından tanıdığı
bir neçə şəxslə görüşmüş, xarici görünüş və xasiyyətlərindən faydalanmaq istəmişdir. Akademik İsa
Həbibbəyli bu sırada “rus dili müəllimi Mirzə Cəlil Mirzəyevin, yazıçı-publisist Eynəli bəy
Sultanovun, İskəndər Hacı Həsən oğlunun” və s. adlarını çəkir və “hüquqşünas Cümşüd Paşa
Sultanovun “Ölülər” tragikomediyasının qəhrəmanı kefli İskəndərin əsas prototipi” (4, 324)
olduğunu bildirir.
M.İbrahimov “Dəli yığıncağı” ilə “Ölülər” arasında ideya və mövzu əlaqələrinin olduğunu
xüsusi vurğulayır. Bu əsərlər müxtəlif dövrlərdə, yəni sosialist inqilabından əvvəl və sonra
yazılmasına baxmayaraq hər iki əsərdə ideya yaxınlığı var idi. Əgər müəllif “Ölülər”də “ölülər”
aləmini ifşa edirdisə, “Dəli yığıncağı”ndakı ideya Həzrət Əşrəf, Doktor Lalbiyuz, Hacı Məmmədəli,
Hacı Nayib, Hacı Xudaverdi və s. obrazların simasında “dəliliyin” cəmiyyət üçün, insanlıq üçün
yaratdığı faciəni açır. M.İbrahimov haqlı olaraq əsərdə “dəliliyin” şərti anlamda olduğunu qeyd
edir. ”Dəliliyin” mənəvi, ictimai, hətta siyasi fəsadlarını obrazların dili və hərəkətlərində diqqətə
çatdırır. Qeyd edək ki, M.İbrahimov “Dəli yığıncağı” əsərini təhlil edərkən nədənsə qadın
obrazlarına münasibət bildirməmişdir.
M.İbrahimov C.Məmmədquluzadə dramaturgiyasının təhlilini “Anamın kitabı” komediyası
ilə tamamlayır. O, “Anamın kitabı”nı “Ölülər”dən sonra ideya və bədii kamilliyinə görə ən qiymətli
əsər kimi səciyyələndirir.
“Anamın kitabı” əsərindəki mövzunu XX əsrin əvvəlləri Azərbaycan həyatı üçün tipikliyini
nəzərə alsaq, bu dövrdə milli azadlıq və milli müstəqillik ideyalarının əhəmiyyətli dərəcədə yer
aldığının şahidi olarıq. M.İbrahimov “Anamın kitabı” əsərini təhlil edərkən C.Məmmədquluzadənin
milli dil və mədəniyyət məsələlərinə toxunmasını məhz milli azadlıq və milli müstəqillik
ideyalarının tərkibi kimi səciyyələndirir. “Anamın kitabı” komediyasında C.Məmmədquluzadə
Azərbaycan xalqının tarixində daim çox canlı və kəskin məsələ olan dil və mədəniyyət məsələsinə
toxunur. Lakin bu məsələ əsərin ictimai ideyasının ancaq bir cəhətidir. Əslində isə məsələ daha
geniş və böyükdür. Azərbaycan xalqının milli azadlığı, milli intibah və yüksəlişi məsələləri əsərin
başlıca ideyasıdır.” (14, 147)
M.İbrahimovun bu yanaşmasında bir sıra milli məsələlərə obyektiv münasibətin təzahürü
əks olunur. Əvvəla, C.Məmmədquluzadə ilə bağlı araşdırmanın yazılma tarixini (1937-1938) nəzərə
alsaq, bu illərdə milli azadlıq və milli müstəqillik ideyalarından bəhs açmağın nə qədər çətin olduğu
dərk ediləndir. İkinci, C.Məmmədquluzadə ruhu ilə M.İbrahimov ruhunun nə qədər üst-üstə
düşdüyü diqqətdən yayınmır. C.Məmmədquluzadə Azərbaycançılıq ideyalarına xidmət olan
“Anamın kitabı” və “Azərbaycan” adlı əsərlərini yazdı. M.İbrahimov da ötən əsrin 40-50-ci
illərində milli dil ruhunun təəssüb və ifadəsi olaraq “Azərbaycan dili” (1945), “Azərbaycan dili
dövlət idarələrində” (1956) və s. məqalələrini.
M.İbrahimov “Anamın kitabı”nda Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahidin
simasında böyük dövlətlərin ideologiyasının əsirlərinə çevrilənləri ifşa edir. Bütün dövrlərdə olduğu
kimi bu gün üçün də aktual olan Vətən parçalanmasının təhlükəsini ortaya qoyur. M.İbrahimov
yazıçı idealına uyğun olaraq Zəhrabəyim və Gülbahar surətlərini Azərbaycanın bütövlüyünün
simvolu kimi təqdim edir. O, C.Məmmədquluzadənin Azərbaycan bütövlüyü və birliyi ideyasını
“Azərbaycan” əsərindən gətirdiyi sitatla tamamlayır. “Ax, gözəl Azərbaycan vətənim! Harada
qalmısan? Ay torpaq çörəyi yeyən Təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşkinli, sərablı,
goruslu və moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı bəradərlərim! ...Gəlin biz də
bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək, haradır bizim vətənimiz?” (14,
460) M.İbrahimovun C.Məmmədquluzadənin “Azərbaycan”ından gətirdiyi sitatda elə məqamlar var
ki, burada sovet ideoloji prinsipləri ilə uzlaşmayan bir çox cəhətlər diqqəti cəlb edir. Keçən əsrin
30-cu illərindən Sovet dövlətində siyasi və ideoloji baxımdan “SSRİ mənim vətənimdir” devizi
dönməz və gündəlik həyat çağırışına çevrildiyi vaxt “ax, gözəl Azərbaycan vətənim” deyən
C.Məmmədquluzadənin fikirlərini Azərbaycançılıq naminə sitat kimi istifadə edən M.İbrahimovun
cəsarət və vətənpərvərliyi xüsusi heyrət doğurur.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
447
Digər baxımdan bu sitatda parçalanmış Azərbaycanın ümumi mənzərəsi fonunda İran və
indiki Ermənistan ərazilərində dədə-baba torpaqlarında yaşayan soydaşlarımıza “bir dəfə oturaraq”
vətən birliyini təmin etmək diləyi qabardılır. Ümumiyyətlə, Azərbaycan dilinin müqəddəsliyi,
Azərbaycan tarixi və xalqının qədimliyi, Azərbaycan mədəniyyətinin zənginliyi, Azərbaycan
torpaqlarının bütövlüyü M.İbrahimov milli görüşlərinin əsasını təşkil edir: “Azərbaycan dilinin
tarixi də böyük Azərbaycan xalqının və müqəddəs Azərbaycan torpağının tarixi qədər qədimdir.”
(15, 55)
C.Məmmədquluzadənin nəsri ilə bağlı təhlil “Poçt qutusu”, “Xanın təsbehi”, “Qurbanəli
bəy”, “İranda hüriyyət” və “Usta Zeynal” hekayələrini əhatə edir. Bu bölümdə “Danabaş kəndinin
əhvalatları” və “Quzu” əsərlərinin adları çəkilsə də bu əsərlər təhlil olunmamış, ümumi yaradıcılıq
xarakteristikasında münasibət bir-iki cümlə ilə yekunlaşmışdır. Lakin yuxarıda adları sadalanan
hekayələr üslub, süjet, mövzu, ideya və s. baxımdan təhlil olunmuşdur. M.İbrahimov
C.Məmmədquluzadənin hekayələrini ədəbiyyatşünaslıqda bu gün üçün də əhəmiyyət kəsb edən
məsələlər daxilində təhlilə cəlb edir. İlk növbədə bu təhlillərdə biz C.Məmmədquluzadənin kiçik
hekayələr ustası kimi təqdim olunduğunun şahidi oluruq. Bu təqdimatda C.Məmmədquluzadənin
portret (“Poçt qutusu”, “Usta Zeynal”, “Qurbanəli bəy”) və psixoloji (“Xanın təsbehi”, “Qurbanəli
bəy”) hekayələr müəllifi kimi insan həyatı, Şərq ətaləti, xan-bəy zülmü, milli əsarət məşəqqətləri və
s. cəhətlərin hansı ustalıqla təsvir etməsi açıqlanır. M.İbrahimov haqlı olaraq yazır ki,
C.Məmmədquluzadənin sadə təsvirləri çox inandırıcı və təbiidir. “Çünki ədib heç bir şeyi
uydurmamış, yalandan düzəltməmişdir. Hamısı həyati olmaqla bərabər, canlı hissiyyatla doludur.
Yazıçı heç zaman öz müvazinətini, təmkin və sakitliyini itirmir. Bu, onun təsvirlərinin bədii
qüvvəsini artıran bir xüsusiyyətdir. Lakin bu heç də o demək deyildir ki, C.Məmmədquluzadənin
hekayələri daxili hərarət və həyəcandan məhrumdur. Əksinə, bu hekayələr insanda çox dərin
həyəcan və hisslər oyadır. Sənətkar ümumiyyətlə süni boyalardan qaçdığı üçün onun
hekayələrindəki lirika sağlam və dərindir. Onun gülüşü də, lirika və kədəri də təsirlidir, insanı
yüksəldir, köhnə, durğun həyatı dəyişməyə çağırır.” (14, 153) M.İbrahimov məhz bu prizmadan
onun Novruzəlisini də (“Poçt qutusu”), Nəzərəlisini də (“Xanın təsbehi”), Qurbanəli bəyini də
(“Qurbanəli bəy”), Kərbəlayi Məmmədəlisini də (“İranda hürriyyət”) təhlil edir, onlara həyatımızın
reallıqları, milli varlığımızın bir parçası kimi yanaşır. Bu səbəbdən M.İbrahimov
C.Məmmədquluzadə hekayələrində hər bir obrazın xarakterində şişirtmə və ifratın olmadığını kəşf
edir. Məsələn, M.İbrahimov Usta Zeynal obrazını təhlil edərkən, onun həyatında hər şeyin
mənasının “təvəkküldən” ibarət olduğunu önə çəkir. Ona görə də Usta Zeynalın hər şeyə biganə
olmasının, dünya işlərinə maraqsız yanaşmasının səbəbini doğru olaraq bununla bağlayır.
“Qurbanəli bəy” hekayəsinə M.İbrahimov daha çox dövrün ictimai və siyasi mənzərəsini əks
etdirən əsər kimi qiymət verir. Qurbanəli bəyin “spasibo” deyimini gülüş vasitəsi kimi təhlil
etməklə ona ictimai məna verir. Mütləqiyyət və işğal məmurlarına yerli satqınların “sədaqət və
nəvazişlərinin” faciəsi kimi baxır. Buradakı faciə dinamizmin alt qatda cərəyan etdiyini bildirir.
M.İbrahimov C.Məmmədquluzadə hekayələrindən danışarkən mühüm bir cəhət kimi onun hekayə
yaradıcılığının sonrakı mərhələsində göz yaşı və faciənin azalmasını qeyd edir. Bunun səbəbini xalq
kütlələrinin ictimai mübarizəyə qoşulması, öz haqlarını dərk etməsi ilə bağlayır. M.İbrahimov
göstərir ki, müəyyən mərhələdən sonra C.Məmmədquluzadənin Usta Zeynalı və Novruzəlisi əvvəlki
Usta Zeynal və Novruzəli deyildir. Buna misal olaraq M.İbrahimov yazıçının “Quzu” əsərini misal
gətirir. “Quzu” hekayəsindəki Məmmədhəsən açıqgöz, ayıq, bacarıqlı, yeri gələndə isə hiyləgər
təsiri bağışlayır. Artıq bu obraz ictimai aktivlik qazanan obrazlar sırasında tam fərqli təsir
bağışlayır. M.İbrahimov bu halı C.Məmmədquluzadə yaradıcılığı üçün yeni mərhələnin əlaməti
kimi xarakterizə edir.
M.İbrahimov “Böyük demokrat” adlı tədqiqat əsərinin səkkizinci bölməsini
C.Məmmədquluzadənin sovet dövrü yaradıcılığına həsr edir. C.Məmmədquluzadə bu hissədə sovet
yazıçısı və jurnalisti kimi təqdim edilir. Burada müəyyən tərcümeyi-hal faktları,
C.Məmmədquluzadənin Təbrizdəki jurnalistik fəaliyyəti, “Molla Nəsrəddin” jurnalını çap
etdirməsi, 1921-ci ildə Azərbaycan Respublikası rəhbərliyinin dəvəti ilə Bakıya çağırılması və s.
məsələlər epizodik şəkildə nəzərə çatdırılır. Bildiyimiz kimi, C.Məmmədquluzadə sovet
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
448
Azərbaycanı hökumətinin dəvətindən sonra Bakıya gəlmiş və ömrünün sonuna qədər (1932) bu
şəhərdə yaşayıb yaradıcılıq fəaliyyətini davam etdirmişdir. Böyük ümid və sevinclə Bakıya gələn və
sovet hakimiyyətinin qələbəsindən öz xalqı üçün çox şeylər gözləyən C.Məmmədquluzadənin
ümidləri bir neçə ildən sonra puça çıxmışdır. Ona görə də C.Məmmədquluzadənin Bakı həyatının
təxminən ilk yarısı ümidlərlə bağlı olduğu üçün yazıçının əsərlərində bu dövrü təqdir edən
nümunələrə rast gəlmək mümkündür. Sonrakı mərhələdə isə sovet quruluşunu təqdir edən yazılara
Dostları ilə paylaş: |