İBRƏt güZGÜSÜ



Yüklə 2,32 Mb.
səhifə23/25
tarix22.02.2017
ölçüsü2,32 Mb.
#9167
1   ...   17   18   19   20   21   22   23   24   25

ALLAHA MƏKTUB


Bu maraqlı və ibrətamiz hekayəni Ayətullah Mirzə Hadi Xorasani öz əsrinin tanınmış alimlərindən olan molla Nəzərəli Taliqaninin həyatı haqqında yazdığı əsərində nəql edir.

Bu cür müstəsna və nadir hadisələr əsasən üç mühüm amilin bəhrəsidir:

1. Çarəsizliyin, sıxıntının son həddinə çatmaq və həqiqi mə`nada bu halı keçirmək;

2. İxlas;

3. Təvəkkül;

Əgər ehtiyacı olan insan pərişan halda, riyasız və son dərəcə ixlasla öz maddi və mə`nəvi problemlərinin həlli üçün hər dərdə çarə qılan Allaha təvəkkül etsə, ümidini hər kəsdən üzüb ancaq Allah dərgahına üz tutsa, yəqin ki, onun şər`i hacətləri yerinə yetər.

Şəksiz, bu şərtlərlə Allah dərgahına üz tutanın işindəki düyünü Allah Özü açacaq. Artıq “telefon”, “məktub” kimi qəribə hallara da ehtiyac olmayacaq.

Hərdən hədsiz sıxıntıda olan insan hər vasitə ilə bu yükün altından çıxmağa çalışır. Suda batan insan canını qurtarmaq üçün əli çatan hər bir şeydən yapışıb sağ qalmağa necə can atırsa, sıxıntıda olan bu iki–müxlis, mütəvəkkil-alim də böhranlı şəraitdə naçar qalıb “telefon” və “məktub” kimi ağlagəlməz vasitələrə əl atmışlar.

Aləm səbəblər aləmidir: Allah, Rəbbül-ərbab və səbəblər səbəbidir. Həqiqətdə onların ixlası və təvəkkülü Sübhan Allahın lütfünə yetmiş, onları həzrət Haqqın inayətinə qovuşdurmuşdur.

Bu arada telefonun, məktubun tə`sirə səbəb olacaq heç bir rolu yoxdur. Əgər onlar bu iki əlaqə vasitəsindən istifadə etməsəydilər, Xudavəndi Kərim yenə də Öz kərəm əlini onlara uzadacaq, inayətini onlardan əsirgəməyəcəkdir. Çünki, həmin çətin şəraitdə Allahın lütfündən bəhrələnmək ləyaqətini qazanmışdılar. Ləyaqətli insanın kömək edilməyə haqqı var.

Nəzərəli Taliqani tələbəlik illərində əksər ruhani tələbələri kimi qənaətlə, şərafətlə yaşasa da, həyatına ayaq açmış yoxsulluğun məişətini bərbad etdiyini görürdü. Bunun üçün də olduqca sıxıntı içində idi, öz aqibətini düşünəndə sarsılırdı. Çünki, demişlər: “Qazancı, dolanışığı olmayanın axirəti də olmaz.” Və ya “fəqirliyin axırı küfrdür.” Nəzərəli Taliqani özündən soruşurdu:

“Bu vəziyyətlə mən necə ailə qurum?!”

Axırı bir gün, həyatına vurulmuş kor düyünü açmaq üçün yollar axtarmağa başlayır. Fikirləşir: “Nə edim, hara gedim, dərdimi kimə söyləyim? Məni məqsədimə çatdıracaq qısa yol hansıdır?”

Ağlından bir-iki fikir keçir:

1. Zəmanənin mərcei-təqlidinə–Molla Əli Kəniyə məktub yazım, ondan kömək istəyim.

2. Padşaha–Nasirəddin şaha məktub yazım, vəziyyətimi ona bildirim.

3. Əmirəlmö`minin Əliyə (ə) təvəssül edim, hacətimi ondan istəyim.

Çox fikir-xəyaldan sonra nəhayət səhərə yaxın bu qərara gəlir ki: birincisi, camaata – ona-buna ağız açmaq, necə deyərlər, insanın öz abır-heysiyyəti ilə oynaması bəyənilən iş deyil.

Saib Təbrizi demişkən:
Tamah əlini başqasına açma sən

Öz abrınla körpü salıb keçmə sən!
İkincisi həzrət Əli (ə) kimi son dərəcə təqvalı, dünyaya üç dəfə “talaq” vermiş bir kəsdən dünya malı istəmək ağlabatan deyil. Beytul-mala həddən artıq diqqət yetirən həzrət Əli (ə), ədaləti me`yar tutub öz doğma qardaşı Əqilə heç bir dirhəm də vermədi, indi mən bu qədər dünya malını ondan necə istəyim?

Axır çıxış yolunu Allahın özünə məktub yazmaqda görür, çox fikirləşməyib, qələmi götürüb Allaha məktub yazır. Xalisanə, tam səmimiyyətlə dərdini Allahla bölüşür və istəklərini aşağıdakı şəkildə izhar edir:

“Bismillahir-rəhmanir-rəhim

Müqəddəs dərgahına alqışlar deyib Peyğəmbərə (s), onun pak ailəsinə çoxlu salamlar göndərəndən sonra, ehtiramla ərz edib bildirirəm ki, mən üstümdə olan borcların, hədsiz yoxsulluğun ucbatından çıxılmaz vəziyyətə düşmüşəm.

İstəklərimi aşağıdakı tərtiblə qeyd edirəm:

1. Bütün şəraiti, əşyaları da olmaqla şəxsi bir mənzil.

2. Ailə qurmağa ağıllı, kamallı, cavan və gözəl bir xanım.

3. Bir nökər, bir xidmətçi, e`tibar ediləcək və bacarıqlı bir aşpaz.

4. Faytonçusu da olmaqla bir ədəd yaxşı fayton.

5. Aylıq qazancım üçün bir kənd.

6. Yayda dincəlmək üçün paytaxtın şimalında bir bağ.

7. Borclarıma yetəcək, həm də dünya və axirət abrımı qoruyacaq həddə nəqd pul.

Ünvan: Xan Mərvi mədrəsəsi, birinci salon, ikinci mərtəbə, ikinci hücrə, Nəzərəli Taliqani.

Nəzərəli sübhün şəfəqləri görünməmiş hücrəsindən çıxıb məktubu aparıb mədrəsənin yaxınlığındakı “Şah məscidi” nin darvazasının dəstəyinə keçirib geri qayıdır.

Namazını qılıb, başını atıb yatır. Təsadüfən, həmin günün səhəri Nassirəddin şah sarayın ə`yan-əşrəfi ilə bir yerdə Tehrandan səltənət ovlağına sarı istirahətə gedirmiş. Şah və onu müşayiət edən hey`ət Tehranın şərq istiqamətinə dönəndə, birdən güclü tufan qalxır. Toz-torpağı göyə sovuran külək faytonların hərəkətinə mane olur. Şah vəziyyəti belə görüb əmr edir ki, hava sakitləşənə qədər bir müddət həmin yerdə dayanıb hərəkət etməsinlər. Faytonçular atların başını dalda bir yerə döndərib faytonları külək tutmayan bir yerdə saxlayırlar. Bu əsnada külək Nəzərəlinin məktubunu darvazanın dəstəyindən qoparıb havada oynada-oynada, yerdə qova-qova düz gətirib Nasirəddin şahın sinəsinə yapışdırır. Şah qəflətən sinəsinə çırpılan məktubdan diksinir. Toz dolmuş gözlərini ovuşdura-ovuşdura məktubu qaldırıb üzünə baxır. Zərfin üstündəki ünvan şahın diqqətini özünə cəlb edir.

Şah zərfi açıb məktubu oxumağa başlayır və mətləbdən hali olandan sonra bu hadisəni yaxşı fala yozub tez geri–Tehrana qayıtmaq əmrini verir.

Saraya çatar-çatmaz dövlət adamlarını tə`cili keçiriləcək müşavirə toplantısına çağırır. Sonra yaxın adamlarından birini namədə göstəri-lən ünvana yollayır.

İki saatdan sonra şahın iştirakı ilə dövlət adamlarından ibarət iclas təşkil edilir. Şah öz sözünə belə başlayır: Allaha şükürlər olsun ki, ovlağa çatmamış öz ovumu kəməndə saldım və həmişəkindən daha gözəl bir şəkildə məqsədə çatdım!

Yoldakı macəranı saray əhlinə nəql edəndən sonra deyir: Bilmirəm hansı dillə Allaha şükür edim ki, Öz zəif bəndəsi Nasiri belə bir vəzifəni yerinə yetirməyə layiq bilib və Öz bəndələrindən birinin ehtiyaclarını ödəməyi mənə həvalə edib.

Bu vaxt şahın göndərdiyi adam Molla Nəzərəli ilə saraya daxil olur. Şah üzünü ona tutub soruşur: Adın nədir?

–Nəzərəli.

–Haralısan?

–Taliqanlı.

–Bu yaxınlarda bir kəsə məktub yazmısanmı?

Nəzərəli bir anlığa duruxub cavab verir: Bəli! Bu gün səhər Allaha bir məktub yazmışam.

–Məktubu yazıb nə etdin?

–Aparıb “Şah məscidi”nin darvazasına sancdım.

–Allahdan nə istəmişdin?

–İstəklərim yeddi bənddən ibarət idi.

Şah məktubu Molla Nəzərəliyə göstərib soruşur: Bax, gör sənin məktubundur, sənin xəttindir?

–Bəli, bu gün, səhər mənim yazdığım məktubdur.

Nəsirəddin şah gözlədiyi adamın Nəzərəli olduğuna xatircəm olandan sonra üzünü məclisdəki saray adamlarına tutub deyir: Şükür Allaha ki, axtardığım adamı tapmışam. Bu, Allahın mənə nəsib etdiyi böyük bir ne`mətdir. Amma istəmirəm ki, siz bu ne`mətdən ibnəsib qalasınız. Sizi də bu ne`mətə şərik etmək istəyirəm. Mən sıra ilə bir-bir Nəzərəlinin istəklərini məktubdan oxuyacağam, sizlərdən kimsə onun istəklərindən birini öz boynuna götürmək istəsə, mənə desin.

Birinci istək: Bütün şəraiti ilə birgə, əşyaları da içində olmaqla şəxsi bir mənzil.

Şah deyir: Onun birinci istəyini mən özüm verirəm.

Həmin anda əmr edir səltənətə mənsub evlərdən biri içindəki əşyaları ilə bir yerdə onun adına keçirilsin.

İkinci istək: Ağıllı, kamallı, cavan və gözəl bir xanım.

Vəzirlərdən biri icazə alıb ayağa qalxdı və dedi: Nəzərəli deyən sifətdə mənim bir qızım var. Öz meylimlə qızımı ona verməyə hazıram.

Üçüncü istək: Bir nökər, bir xidmətçi, e`tibarlı və bacarıqlı bir aşpaz.

Başqa bir vəzir tez ayağa qalxıb deyir: Bunlar mənim öhdəmə.

Dördüncü istək: Faytonçusu ilə birgə yaxşı bir fayton.

Saray adamlarından biri bu istəyi öz boynuna götürür.

Beşinci istək: Aylıq maaşı çıxaracaq bir kənd.

Baş vəzir yaxın nahiyədəki kəndlərdən birini Nəzərəlinin ixtiyarına keçirir.

Altıncı istək: Paytaxtın şimalında səfalı bir bağ.

Məclisdəki saray adamlarından biri bu istəyi öz boynuna götürür və özünə məxsus bağ evlərindən birini Nəzərəliyə hədiyyə edir.

Nəzərəlinin Allahdan yeddinci istəyi kifayət qədər pul idi.

Birinci istəyi şəxsən öz öhdəsinə götürmüş Nasirəddin şah Nəzərəlinin axırıncı istəyini də özü həyata keçirir.

Həmin günün səhərisi Molla Nəzərəli Nasirəddin şahın ona bağışladığı evə köçür və bir məclis təşkil etməklə cavan xanımını–vəzirin qızını evinə gətirir.

Nəzərəli ömrünün axırına qədər Allahın ona kərəm qıldığı bu ne`mətlərin müqabilində şükür səcdəsi edərdi və Allahın şükründən qafil olmazdı.1

Ələ düşmüş fürsətlərdən lazımınca istifadə edilməlidir. Həzrət Əli (ə) buyurur: “Keçmiş artıq keçmişdir, gələcək də hələ gəlməmişdir, elə isə qalx, iki yoxluq arasında (keçmiş və gələcək arasında) olan vaxtı (indiki zamanı) qənimət bil.

İnsanın əli nə keçmişə, nə də gələcəyə çatır. Bunun üçün də insan hal-hazırda ixtiyarında olan vaxtdan səmərəli istifadə etməlidir. Çox adamlar öz həyatlarını gələcəyə və ya keçmişə görə, həzrət Əlinin (ə) sözləri ilə desək iki yoxluğa görə məhv edirlər. Halbuki, insan hazırkı zamanda düzgün yolu seçməklə həm keçmişdəki səhvlərini düzəldər, həm də gələcəyini abad edə bilər.

İlk baxışda insanların zahirinə baxıb tez qiymət verməməli, onlar haqqında qəti hökm çıxarmamalıyıq. İmkan verməliyik qarşı tərəf öz batinini aşkar etsin.

Adətən insanlar evlilik həyatının ilk illərində çətinliklərlə üzləşməli olurlar. Bunu təbii sayıb çətinliklərlə qarşılaşmaqdan qorxmaq lazım deyil. Əksər insanların cavanlıqda səbri, dözümü az olur. Orta yaşlardan başlayaraq, artıq kifayət qədər həyat təcrübəsi qazanan insan çətinliklərdə bişərək həyatda daha dəqiq addımlar atır və az səhv edir.

Sıxıntılı anlarda ümidsizliyə qapılmamalıyıq, həyatı öz gözümüzdə və başqalarının gözündə zülmətə döndərməməliyik.

Allaha üz tutmaq insana qüvvət verir və ona çətin yolları keçməkdə yardımçı olur.

Çətin anlarda insan bə`zən gözləmədiyi hadisələrlə üzləşir və çox vaxt bu hadisələrə diqqət yetirmir. Halbuki, həmin kiçik və ani hadisələr ona böyük hadisələrdən xəbər verirlər. İnsanın qeyri-adi hesab etdiyi bir hadisə hansısa mühüm bir xəbərin müjdəçisi ola bilər. Hafiz Şirazinin dili ilə desək:


Qeyri-adi işlərdən kam tələb eylə ki, mən

O zülfü pərişandan mə`rifət kəsb etdim.
İnsan təbii olaraq öz qərarına əsaslanır. Halbuki, adətən bizim düz bildiyimiz qərar xəta ilə yanaşı olur. Çünki, düşdüyümüz hadisədə Allahın hikmətini görmürük, ancaq hadisələrin zahirinə baxıb qərar çıxardırıq. Bunun üçün də çıxardığımız qərarlar çox vaxt səthi olur.

Allah-təalanın buyurduğu bu ayəyə diqqət edin:

...`zən xoşlamadığınız bir şey sizin üçün xeyirli, `zən xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. [Onu] Allah bilir, siz bilməzsiniz.”1

İnsan öz asudə həyatı, varı, dövləti ilə başqasının yanında qürrələnib ona yuxarıdan aşağı baxmamalıdır. Bu hərəkətin özü naşükürlükdür və ne`mətin əldən çıxmasına səbəb olur.

Baxmayaraq ki, bə`zi şairlər yaxşını, pisi zəmanədən bilmişlər və demişlər:

Çərxi-fələk gör necə dövran edir!

Bu gün taxta çıxardır, sabahısı viran edir!

Birisinə izzət verir, digərini xar qılır,

Gah məhəbbət göstərir, gah da qəmə batırır.

Amma Allaha e`tiqadı olan insan “çərxi fələyin”, “ruzigarın” onun həyatında dönüş yaradacağına, mühüm rol ifa edəcəyinə inanmır. Həqiqi Allah bəndəsi izzəti də, zilləti də Allahdan bilir, həyatında öz əməllərinin yaxşı və ya pis əks-əməlini görür. Daha ruzigarı bu işdə təqsirli bilmir.



Gileylənib demə, niyə bəxt ulduzum parlamır!

Yazıq ulduz!”, əməl daşın kütləşib cilalamır.




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin