15.6. SUYUN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ VƏ
GİGİYENİK QİYMƏTLƏNDİRİLMƏSİ
Açıq su mənbələri müayinə edilərkən yerin relyefi, bitki aləmi, torpağın tərkibi, sahillərin vəziyyəti, əkin sahələri, ətraf yaşayış məntəqələri öyrənilməlidir. Öz tullantıları ilə su mənbələrini çirkləndirə bilən obyektlərin aşkar edilməsi xüsusi əhəmiyyətə malikdir.
Yeraltı su mənbələri müayinə edilərkən torpaq qatının hidrogeoloji xüsusiyyəti öyrənilməlidir. Quyu tam təsvir edilir, onun yerləşdiyi yer, orta gündəlik su sərfi, quruluşu, ölçüsü, yaxınlıqdakı yaşayış binalarının, heyvan saxlanan yerlərin, zibilliklərin və s. olması qeyd edilir. Açıq və yeraltı su mənbələrinin müayinəsi sanitar epidemioloji müayinə ilə – yəni həmin ərazidə yaşayan əhalinin xəstələnmə vəziyyətinin öyrənilməsi ilə tamamlanır. Xüsusilə, su vasitəsilə yayılan yoluxucu xəstəliklərə fikir verilməlidir. Müayinə üçün su nümunəsi götürülərkən yerli şərait, hava və s. nəzərə alınmalıdır. Bu nümunə suyn səthindən 5 sm və dibindən 75 sm, sahildən 1,5-2 m məsafədə götürülür. Su nümunəsi götürüldükdə kran əvvəlcə 10-15 dəqiqə açılıb su buraxıldıqdan sonra nümunə götürülür.
Çox dərindən su nümunəsi götürmək üçün batometr cihazından istifadə edilir.
Kimyəvi müayinə üçün 2-3 litr su nümunəsi götürülür. Nümunə götürməzdən qabaq şüşə qab 2 dəfə yaxalanmalı və sonra ağzına qədər doldurulmalıdır. Tıxacı bağlamazdan əvvəl su bir qədər boşaldılır. Nümunə götürüləndən sonra qısa müddət ərzində təmiz su 72 saat, nisbi təmiz su 48 saat, çirkli sular isə 12 saatdan gec olmayaraq müayinə olunmalıdır.
Bakterioloji müayinə üçün su steril şüşə qaba götürülüb, ağzı pambıqla bağlanmalıdır. Bu su 6 saatdan gec olmayaraq laboratoriyaya çatdırılmalıdır.
Dostları ilə paylaş: |