22.9. TURİZMİ GİGİYENASI
Turizmin növləri çoxdur. Onlardan piyada, xizəklə, velosipedlə, avtomobil, su, dağ və s. turizmlərini göstərmək olar. Bunlardan ən çox yayılanı piyada turizmidir. O, sağlamlaşdırıcı və bədəni möhkəmləndirici effekt göstərir, dözümlülük, güc, cəsarət, cəldlik, davamlılıq kimi fiziki xassələri inkişaf etdirir, yerlərdə istiqaməti düzgün təyin etmək və digər dəyərli xüsusiyyətləri tərbiyə etdirir. Piyada turizminin əsas xüsusiyyətlərindən biri də odur ki, onunla yaşından, fiziki hazırlığından asılı olmayaraq hamı məşğul ola bilər. Piyada turist yürüşləri təşkil edilərkən bir sıra qaydalara əməl edilməlidir ki, onlardan çoxu xüsusi gigiyenik əhəmiyyətə malikdir. Turizm yürüşləri plan əsasında qrup rəhbəri və tibb işçisi tərəfindən hazırlanır. Planda yürüşün məqsədi, qrupun tərkibi, yolu və təqvimi, təchizatı, qidanın təşkili, geyim və ayaqqabı məsələləri nəzərə alınmalıdır. Turist yürüşlərinin əsas məqsədi sağlam istirahət, bədəni möhkəmlətmək, doğma diyarın təbiəti ilə tanış olmaq, tarixi yerləri görməkdən ibarətdir.
Qrup yaradılarkən turistlərin yaşı, fiziki hazırlıqlarının səviyyəsi, sağlamlıq vəziyyəti nəzərə alınmalıdır. Yürüşlərin rəhbəri səhiyyə təşkilatlarından gediləcək yolun, rayonun sanitar-epidemioloji vəziyyəti haqqında məlumat əldə edilməlidir. Yürüşün təqvim planında turistlərin nə vaxt, harada olmaları qeyd edilməlidir. Geyim, ayaqqabı və avadanlıq ilin fəsli, hava və iqlim şəraiti,qrupun tərkibi, yürüşün müddəti nəzərə alınaraq seçilir.
Turistin geyimi yüngül və isti olmalı, pis hava şəraitindən qorunmağa imkan verməlidir. Hava və iqlim şəraitindən asılı olaraq geyim dəstinə trikotaj alt paltarı, məşq kostyumu, qısa tuman, yun köynək, plaş örtük başlığı ilə yun və trikotaj corab daxildir. Baş geyiminin olması vacibdir. Yürüş üçün ən yaxşı ayaqqabı-turist çəkmələridir. Ayaqqabı bir ölçü böyük və rahat geyilən olmalıdır. Hətta isti havada belə çəkmənin daxilinə içlik qoyulmalı və iki cüt corab geyilməlidir. Turist avadanlığına ehtiyat geyim, təsərrüfat təmir dəsti, ərzaq məhsulları daxildir. Qruplarda lazımi sarğı materialları və dərmanlar olan tibbi qutunun olması zəruridir. Bütün avadanlıq dal çantaya yığılmalıdır. O rahat və tutumlu olmalıdır. Yaxşı olar ki, iki hissəsi olsun. Kürəyə yaxın hissəsinə yumşaq şeylər yığılmalıdır. Dal çantasının qayışları enli olmalı, çiyini kəsməməlidir.
Qida maddələri seçilərkən yürüşə hansı ərzağın götürülməsi, hansının yolda olarkən əldə edilməsi göstərilməlidir. Yürüşlərə kiçik həcmdə, yüksək kalori verən, tərkibində qida maddələrinin əsas tərkib hissələri olan, tez bişən və gec xarab olan ərzaq məhsulları götürmək lazımdır. Bu məqsədlə aşağıdakı qida məhsulları məsləhət görülür: çörək, ət və balıq konservləri, qatılaşdırılmış süd, yağ, pendir, şorba, düyü, sıyıq-konsentratı, çay, qənd, kofe, duz, ədviyyat və s. Gündüz üç dəfə yemək məsləhət görülür. Kaloraj gün ərzində belə bölüşdürülməlidir: səhər yeməyinə 35%, nahar 40%, axşam yeməyinə 25%.
Yürüşlərdə su rejiminə ciddi riayət edilməlidir. İçmək üçün ancaq qaynadılmış sudan istifadə olunmalıdır. Su ancaq düşərgələrdə içilməlidir. Yolda susuzluğu yatırtmaq üçün mehtərədəki (çiyindən asılan su qabı) su ilə boğazı yaxalayıb, bir-iki kiçik qurtum içmək lazımdır. Yürüşün rejimi ümumi gigiyenik tələblərə əsaslanmalıdır, belə ki, tədricən yükü artırmaq şərtilə, işlə istirahəti əvəz etmək lazımdır. Yay aylarında yürüşə səhər tezdən başlayıb saat 12-13-də böyük istirahət təşkil edilməlidir, saat 17-18-də, hava sərinləşən zaman, yürüşü davam etdirmək arzuolunandır. İstirahət etmək və düşərgə salmaq üçün küləkdən, tozdan qorunan, suya yaxın quru yer seçmək lazımdır. Ən yaxşı variant meşə kənarında, kiçik çaylara, bulaqlara yaxın yerdə turist düşərgəsi salmaq məsləhətdir. Gündəlik hərəkətin müddəti altı saata qədər olmalıdır. Hər saatın axırında 10-15 dəqiqəlik fasilə-istirahət verilir və dal çantası çıxarılır. Çox günlük yürüşlər zamanı istirahət günləri təşkil edilir. İstirahət günləri gəzintilərə, idmana, tarixi yerlərə səyahətə və s. sərf edilə bilər.
Turistlər yürüşlər zamanı şəxsi gigiyena qaydalarına ciddi əməl etməlidirlər. Yuxudan durandan sonra mütləq səhər gimnastikası etmək, bədəni möhkəmləndirən prosedurlar (bədəni soyuq su ilə silmək, başa su tökmək, çimmək) və səhər tualeti lazımdır. Ayaqlara xüsusi qulluq edilməlidir. Yürüşlər zamanı günvurma, istivurma və donmaya qarşı profilaktik tədbirlər həyata keçirilməlidir.
Bir sözlə, turistlər daim öz sağlamlıqlarının qeydinə qalmalıdırlar. Özlərini pis hiss etdikdə və ya xəstəliyin ilk əlamətləri meydana çıxdıqda turisti yükdən azad edib, tibbi yardım göstərmək lazımdır.
Əgər yoluxucu xəstəlik faktı qeydə alınarsa, xəstəliyin kollektiv arasında yayılmasının qarşısını alan konkret tədbirlər həyata keçirilməlidir.
Dostları ilə paylaş: |