22.4. GİMNASTİKANIN GİGİYENASI
Orqanizmin hərtərəfli fiziki inkişafında gimnastika əsas vasitələrdən sayılır. Müntəzəm keçirilən gimnastik hərəkətlərin təsiri nəticəsində sinir, tənəffüs və ürək qan-damar sistemlərinin fəaliyyəti yaxşılaşır, maddələr mübadiləsi tezləşir, orqanizmin müxtəlif xəstəliklərə qarşı müqaviməti artır, əzələlər, sümüklər və oynaqlar möhkəmlənir, düzgün qamət əmələ gəlir, ümumiyyətlə, orqanizmdəki bütün sistem və üzvlərin fəaliyyəti yaxşılaşır.
İstehsalat gimnastikası işçilərin sağlamlığını qorumağa yönəldilməklə, əmək qabiliyyətinin artırılmasına kömək edir. Müxtəlif xəstəliklərin, travmaların müalicəsində, sağalmasında orqan və sistemlərin funksiyasının bərpa olunmasında müalicə bədən tərbiyəsindən istifadə edilir. Bundan başqa koordinasiyaedici gimnastika vasitəsilə qamət pozğunluqları düzəlir. Bədii gimnastika və idman gimnastikası müxtəlif idman növləri ilə məşğul olmağa köməklik göstərir.
İdman gimnastikası çox geniş yayılmış idman növüdür. Hazırda gimnastların idman ustalığı çox yüksəlmiş, cəldlik və cəsurluq tələb edən mürəkkəb elementlərlə zənginləşmişdir. Ona görə də, məşqlərin intensivliyi və vaxtı artırılaraq çox vaxt gündə 2-3 dəfə aparılır. Mürəkkəb gimnastika elementlərini mənimsəmək üçün onları dəfələrlə təkrarlamaq lazım gəlir ki, bu da idmançılarda əsəb-ruhi gərginlik yaradır. Bundan əlavə yüksək dərəcəli idmançıların az yaşlı olmaları nəzərə çarpır. Bu, əsasən qadın idman növlərində özünü göstərir. Onlar 14-16 yaşlarda çox yüksək nəticələr göstərirlər.
Əsəblərin emosional gərginliyinin profilaktikasında və istirahət şəraitini yaxşılaşdırmaq məqsədilə gimnastların gündəlik rejimində müəyyən gigiyenik tələblər həyata keçirilməlidir. Bu məqsədlə geniş miqyasda aktiv və passiv istirahətdən, masajdan, iş qabiliyyətini tez bərpa edən başqa vasitələrdən istifadə olunması məsləhət görülür. Gimnastika məşğələlərinin çoxu örtülü zallarda keçirildiyi üçün, idmançıların hazırlığında su prosedurlarından, günəş vannaları, üzgüçülük, açıq havada məşqlərdən və s. kimi bədəni möhkəmlədən vasitələrdən geniş istifadə etmək lazımdır.
Gimnastların yeməyi yüngül, tez həzm olan, keyfiyyətli qida maddələrindən ibarət olmalıdır. Gündə dörd dəfə yemək məsləhət görülür. Qidanın tərkibində hər kq kütləyə zülallar 2,0-2,5 q, yağlar 1,7-1,9 q, karbohidratlar 8,8-9,5 q, kalori 59-66 kkal olmalıdır. Qida rasionunun zülallar, karbohidratlar, fosfor, B qrupu vitaminləri ilə zənginliyi məsləhətdir.
Gimnastların geyimi kişilər üçün pambıq, kətan və ya yun şalvardan, qolsuz və ya yarım qol maykadan, qadınlar üçün isə çimərlik kostyumlarından ibarətdir. Gimnastların ayaqqabısı qaytansız, bağsız çeşkilər, bəzən də pambıq kətan çəpiklər olur. İdman paltarından və ayaqqabıdan yalnız məşq və yarışlar zamanı istifadə edilməlidir.
Gimnastika zalı binanın birinci mərtəbəsində, döşəməsi də torpaq üstə olmalıdır. Zalın divarlarına, döşəmə və tavanına birləşdirilən alətlərin çəkisindən əlavə, orada məşğul olanların hər birinə 100 kq çəki hesablanır. Zalın mərkəzində sərbəst hərəkətləri icra etmək üçün taxta meydança qurulur. Gimnastik həlqələr qayışlarla bərkidilir. Hər trosa düşən yük 400 kq hesablanmışdır. İdman atının səthi dəri ilə örtülməli, dəstəkləri taxtadan olmalıdır. Dəstəklər çıxarıldıqda onların yeri kip örtülməlidir. At döşəmə üstündə sürüşməsin deyə, ayaqlarının altına rezin bərkidilməlidir. Tramplindən istifadə edilərsə, onun da sürüşməsinin qarşısını almaq lazımdır. Tullanmalar zamanı düşmə yerinə üç metrdən az olmayan məsafədə döşəklər düzülməlidir.
Paralel qolların tərpənməsinə qarşı ölçü götürülməli və onların hər iki tərəfinə döşək salınmalıdır.
Turnikin səthi parlaq və hamar olmalıdır, əmələ gələn nahamarlıqlar mütləq narın sumbata kağızı ilə silinməlidir. Turnikin diametrinin ölçüsünün standarta uyğun olmaması ondan möhkəm tutmağa imkan vermir və idmançının ondan qopmasına səbəb olur.
Gimnastikada təhlükəsizliyi təmin etmək və zədələnmələrin qarşısını almaq məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Bunlardan qoruyucu qurğulara təhlükəsizliyi təmin etmək üçün hərəkətlər yerinə yetirilərkən kömək etmək əsas yer tutur. Gimnastlar mil-bilək oynağını qorumaq üçün dəri manjet geyirlər. Əlləri qabardan qorumaq üçün maqneziumdan istifadə edirlər. Mürəkkəb hərəkətlər ifa edilərkən idmançıların təhlükəsizliyinin təmin edilməsi onları nəinki zədələnmədən qoruyur, hətta həmin hərəkəti daha cəsarətlə icra etməyə imkan verir. Zədələnmənin qarşısını almaq üçün batutdan, porolonla doldurulmuş çaladan da istifadə edilir.
Dostları ilə paylaş: |