22.1. BOKSUN GİGİYENASI
Boksla məşğul olanların iradəsi, mərdliyi, bacarığı və özünü müdafiə kimi keyfiyyətləri nəzəri cəlb edir. Boksçular digər idmançılara nisbətən cəldlik və hərəkətlərin dəqiqliyinin yüksək səviyyədə olması ilə fərqlənirlər.
Boksçuların döyüşü və məşqləri çox yüksək fiziki yük və emosional gərginlik şəraitində keçir. Bundan əlavə, boksçular ağır və zədələnmələr əmələ gətirən çoxlu zərbələr alırlar. Buna görə də, onların hazırlığında gigiyenik təminatın xüsusi əhəmiyyəti vardır.
Boksçuların gündəlik rejimi ümumi qəbul edilən qaydalara əsaslanır. Onlar yuxudan durduqdan sonra xüsusi səhər gimnastikası ilə məşğul olmalıdırlar. Bu zaman xüsusi boks hərəkətlərinə-zərbə, müdafiə və əks zərbəyə üstünlük verilir. Yükün bütün əzələlərə bərabər verilməsi məsləhət görülür. Hərəkətləri, bir qayda olaraq, əllərə, çiyin qurşağına, gövdəyə və ayaqlara vermək lazımdır.
Boks üçün ən əlverişli məşq vaxtı saat 10-dan 13-ə kimi və 17-dən 20-yə kimi sayılır.
Boksçuların şəxsi gigiyenası əllərə, gövdəyə, ağız boşluğuna və dişlərə qulluqdan ibarətdir. Onlar alətdə məşq edərkən mütləq bint və əlcəklərdən istifadə etməlidirlər.
Boksçuların hazırlığında əsas elementlərdən biri də bədənin möhkəmləndirilməsidir. Bu məqsədlə su prosedurlarından, günəş vannaları, ultrabənövşəyi şüalardan istifadə edilməlidir. Bədəni möhkəmlətmək üçün məşqlərin çoxunu açıq havada keçirmək, açıq və örtülü su hovuzlarından istifadə etmək məsləhət görülür.
Boksçuların qidalanmasına xüsusi fikir verilməlidir. Onların qida rasionunda kifayət qədər fosforla, B qrupu vitaminləri ilə zəngin qidalar olmalıdır.
Boksçuların geyimi mayka və qısa tumandan ibarətdir. Maykanın qolları hərəkətləri məhdudlaşdırmamalıdır. Boksçunun xüsusi ayaqqabısı və corabı olmalıdır. Ayaqqabı yumşaq dəridən, milsiz, dabansız, altı düz olmalı, sürüşməməlidir. Çəkmənin boğazı aşıq oynağını örtməli, baldırın yarısına qədər bağlanmalıdır. İdman formasından boksçular yalnız məşq və yarışlar zamanı istifadə etməli və onlara yaxşı qulluq ediməlidir.
Boksçuların qoruyucu vasitələrinə bint, şlem, bandaj və ağızlıq daxildir. Yarışlar zamanı bədənin açıq hissələrini yağla və vazelinlə sürtmək olmaz. Boks əlcəyi yarış və məşqlər zamanı əli və biləyi qorumaq üçündür. Məşq zamanı yerinə yetiriləcək hərəkətlərdən asılı olaraq boksçu müxtəlif əlcəklərdən istifadə edir.
Yarışlar zamanı rinqdə olan hakimin vəzifəsi boksçunun sağlamlığını qorumaqdır. Əgər o rəqiblərdən birinin tam üstünlüyünü görərsə, uduzanın yıxıldığını gözləməyib döyüşü saxlamalıdır. Zalda təbii işıq əmsalı 1:6 nisbətində, havanın hərarəti 14-150C, rütubəti 30-60% olmalı, küləyin hərarəti 0,5 m/s-dən çox olmamalıdır. Süni işıq döşəyə bərabər düşməli və 200 lyuks olmalıdır. Boks yarışlarında rinqin sahəsinə düşən işıq 1.000 lyuksdan artıq olmalıdır. Rinqin hər tərəfinin uzunluğu 6x6 və ya 8x8 m ölçüdə olmalıdır. Döşəmənin üzərinə qalınlığı 4sm olan keçə salınmalıdır. Keçənin üstü yaxşı dartılmış brezentlə örtülməlidir. Rinqin sahəsi diametri 3-4 sm olan üç və ya dörd cərgə iplə (burazla) əhatələnməlidir. Burazlar tarım olmalıdır. Rinqin künclərinə qalınlığı 5-7 sm və eni 20 sm olan yastıq bərkidilməlidir. Yastığın üzü həftədə bir dəfədən az olmayaraq isti su və sabunla yuyulmalıdır. Raundlar arası tənəffüsdə boksçuların istirahət etdiyi küncə, rinqdən kənarda suyu olan qab, parça, zibil qabı, kanifolu olan yeşik qoyulur. Yarış keçirilən yerdə mütləq dərman qutusu qoyulmalıdır. Onun içərisində ilk tibbi yardım göstərmək üçün vasitə və dərmanlar olmalıdır.
Boksçuların zədələnmələrinə qarşı profilaktik tədbirlər aşağıdakı istiqamətdə aparılmalıdır:
- Məşqlərin düzgün keçirilməsi və təşkili;
- Texniki-taktiki fəndlər, xüsusən, müdafiə olunma müntəzəm və möhkəm əsas üzərində qurulmalı;
- Əzələlərin və bağ oynaq aparatının hərəkətlərinin düzgün hazırlığının təşkil edilməsi;
- Əlləri bintlə düzgün sarımaq və qoruyucu vasitələrdən istifadə etmək;
- Məşqlərin keçirildiyi yerdə sanitar-gigiyenik şərtlərə əməl edilməsi;
- İdman avadanlığının və rinqin vəziyyətinin normal vəziyyətdə olması;
- Boksçular arasında tərbiyə işlərinə xüsusi diqqətin yetirilməsi;
- Onlara travmaların əmələ gəlməsi və profilaktikasının izah edilməsi, boksçuların nizam-intizamlı olmasına nail olunması;
- Onların rəqiblərinə qarşı diqqətli və ehtiyatlı olmasının təmin edilməsi.
Dostları ilə paylaş: |