Submaksimal PWC170 sınağı. Sınaq idmançının və bədən tərbiyəsi ilə məşğul olan şəxslərin fiziki iş qabiliyyətinin təyin edilməsi üçün istifadə edilir.
PWC170 sınağında fiziki iş qabiliyyəti 1 dəq. ərzində nəbz vurğularının sayını 170-ə çatdıran yükün həcmi ilə ifadə olunur. Hesab edilir ki, nəbzin sayı dəqiqədə 170 vurğudan 195-200 vurğuya qədər yüksələrkən kardio-respirator sistemi optimal fəaliyyət göstərir. Beləliklə, bu sınağın köməyilə kardio-respirator sistemin optimal fəaliyyətini təmin edən fiziki yükün minimal gücünü təyin etmək olur.
İdman təcrübəsində sınağın iki növü tətbiq edilir: veloerqometriya üsulu və spesifik yükün tətbiqi ilə aparılan sınaq.
PWC170 sınağında nəticə həm qrafik üsulla, həm də xüsusi düsturla əldə edilə bilər. PWC170 qrafik üsulla təyin edildikdə idmançı 3 dəqiqəlik fasilə ilə 5 dəqiqə müddətində iki fiziki iş icra edir. Hər yükdən sonra nəbzin dəqiqəlik sayı hesablanır. Bu rəqəmlər əsasında cədvəldə nöqtələr qoyulur. Ürək vurğuları ilə görülən fiziki iş əsasında müəyyən xətti əlaqə olduğu üçün bu iki nöqtəni düz xəttlə birləşdiririk. Bu xətt ürək vurğularının sayını göstərən 170 rəqəmindən çəkilən horizontal xəttlə kəsişənə qədər uzadılır. Kəsişmə nöqtəsindən perpendikulyar düz xətt çəkilir. Həmin kəsişmə nöqtəsi PWC170–i göstərəcək.
Düstur üsulu prof. V.İ.Karpman tərəfindən təklif edilmişdir. Düstur aşağıdakı qaydada ifadə olunur:
PWC170 = W1+( W2 - W1) . 170-f1
f2-f1
Burada, W1 – W2 1-ci və 2-ci yükün həcmi, f1-f2 -1-ci və 2-ci yüklərdən sonra nəbzin dəqiqəlik sayıdır.
Laboratoriya şəraitində PWC170 sınağı aparıldıqda veloerqometrdən istifadə edilir. Pedalların hərlənməsi daim dəqiqədə 60-70 dəfə olmalıdır.
Sınağın nəticəsi həm dərin dispanser müayinələrində, həm də müxtəlif məşq şəraitində idmançılar üzərində dinamik müşahidələr zamanı istifadə edilə bilər.
Sağlam məşq etməmiş kişilərdə PWC170 170-1100 kqm/dəq, qadınlarda isə 450-750 kqm/dəqiqəyə bərabərdir. Məşq etməmiş kişilərdə nisbi PWC170 15,5 kqm/dəq/kq, qadınlarda isə 10,5 kqm/dəq/kq təşkil edir.
İdmançılarda bu göstəricilər 2600 kqm/dəq (nisbi 28 kqm/dəq/kq) qədər yüksəlir.
Fiziki iş qabiliyyətinin göstəricisi dözümlüyə məşq edən idmançılarda ən yüksək (xizəkçilərdə, uzaq məsafəyə qaçan atletlərdə, velosipedçilərdə), sürət-güc növü ilə məşğul olanlarda isə (boks, güləş, basketbol və s.) nisbətən aşağı səviyyədə olur.
Dostları ilə paylaş: |