İdman təbabəTİ VƏ GİGİyena


IX FƏSİL YARIŞLAR ZAMANI HƏKİM NƏZARƏTİNİN TƏŞKİLİ



Yüklə 1,93 Mb.
səhifə51/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   47   48   49   50   51   52   53   54   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

IX FƏSİL

YARIŞLAR ZAMANI HƏKİM NƏZARƏTİNİN TƏŞKİLİ.

DOPİNQ NƏZARƏTİ
İdman təbabətinin əsas iş formalarından biri yarışların tibbi cəhətdən təmin edilməsidir. Yarışlar idmançının orqanizminin qarşısında olduqca böyük tələblər qoyur. Bu zaman idmançıların sağlamlığının qorunması, zədələnmələrin və xəstəliklərin qarşısının alınması, yüksək idman nailiyyətlərinin əldə edilməsi əlverişli gigiyenik şəraitin təşkil edilməsindən və yarışların tibbi təminatının düzgün həyata keçirilməsindən çox asılıdır.

Yarış şəraitində məşqçi həkim ilə bərabər idmançıların sağlamlığının qorunmasında bir başa məsuliyyət daşıyır. Odur ki, məşqçi yarışların tibbi təminatının qarşısında qoyulan vəzifələri yaxşı bilməli və tibb işçilərinə fəal kömək göstərməlidir. O, yarış zamanı zədələnmiş idmançıya həkimə qədər tibbi yardım göstərməyi bacarmalı və həkim ilə bərabər onun yarışlarda iştirak etməsinin mümkünlüyünü həll etməlidir.


9.1. Yarışların tibbi cəhətdən təmin edilməsi
Tibbi təminat yarış təşkilatçılarının tələbləri əsasında həkim-bədən tərbiyəsi dispanserlərinin və ərazi müalicə-profilaktika müəssisələrinin həkimləri tərəfindən həyata keçirilir.

İdman yarışlarında tibbi xidmətin qarşısında bir sıra məsələlər durur:

1. Yarışda iştirak edən idmançıların sağlamlığının qiymətləndirilməsi, yarışa buraxılış vərəqəsinin düzgün doldurulması;

2. İdman yarışlarının yerinin, yataq otaqlarının sanitar vəziyyətinin müayinəsi;

3. Yarış dövründə idmançıların qida rejiminin təşkili;

4. Yarışların iştirakçıları və məşqçilər arasında sanitar-gigiyenik işlərin aparılması;

5. Yoluxucu xəstəliklərə qarşı müalicə-profilaktik işlərin aparılması;

6. Yarış vaxtı baş vermiş zədələnmələrdə, sınıqlarda, qanaxmalarda və patoloji vəziyyətlərdə təcili tibbi yardımın təşkil edilməsi;

7. Yarış iştirakçılarının zədələnmələrinə, xəstələnmələrinə və həddən artıq yorulmalarına qarşı profilaktiki işlərin aparılması.

Rayon miqyaslı yarışlardan başlayaraq bütün iri miqyaslı yarışlarda həkimin iştirak etməsi vacibdir. Zədələnmə ehtimalı yüksək olan yarışlarda (boks, güləş, qılıncoynatma, gimnastika, velosiped) və ya uzun müddətli gərgin fiziki iş tələb olunan yarışlarda (idman yerişi, marafon, uzun müddətli velosiped yürüşü və s.), həmçinin mürəkkəb xarici mühit şəraitində keçirilən yarışlarda (orta və yüksək dağ şəraitində, pis hava şəraitində və s.) həkim mütləq iştirak etməlidir. Digər idman yarışlarında, o cümlədən, kütləvi və sağlamlaşdırıcı idman sistemində isə orta tibb işçiləri ilə kifayətlənmək olar.

Çoxlu idmançının iştirakı ilə keçən yarışlarda tərkibində həkim, orta və kiçik tibb işçiləri olan briqada xidmət göstərir. Briqadanın baş həkimi yarışların hakiminin müavini vəzifəsini daşıyır və hakimlər kollegiyasının tərkibinə daxil edilir. Yarış iştirakçılarının sağlamlığına, yarış keçirilən yerlərin sanitar-gigiyenik və iqlim şəraitinə, texniki təhlükəsizlik məsələlərinə, idmançıların yarışlarda iştirak etməsinə aid olan bütün qərarların yerinə yetirilməsi hakim və yarışların təşkilatçıları üçün zəruridir.

Yarışların tibbi xidməti idmançılara ilk tibbi yardımın göstərilməsi üçün bütün vasitələrlə təmin olunmalı, zədələnmiş idmançıların əvvəlcə nəzərdə tutulmuş tibbi müəssisələrə aparmaq üçün müvafiq nəqliyyat vasitələri ilə təmin edilməlidir.

Təşkilat komitəsinə və ya hakimlər kollegiyasına yarışların tibbi təminatının planı və onun yerinə yetirilməsi haqqında hesabat təqdim olunmalıdır.

Həkim idmançıların yarışa buraxılmasının düzgünlüyünü yoxlamalıdır, yəni tələbnamənin tərtib edilməsi, idmançının yaşının və idman səviyyəsinin tələblərə uyğunluğunu nəzarətdə saxlamalıdır. Bu məqsədlə o, mandat komissiyasının işində iştirak etməlidir. Yarışlarda iştirak etmək üçün icazə 10-15 gün əvvəl hazırlanmalı, həkimin imzası, tibb müəssisəsinin möhürü hər bir idmançının adı qarşısında qeyd edilməlidir.

Yarışın keçirilmə yeri, idmançıların yerləşdirilməsi və qidalanması məntəqələri sanitar-epidemioloji stansiyanın həkimləri ilə birlikdə müayinə edilir. Yarışdan əvvəl sanitar-gigiyenik və epidemioloji şərait öyrənilir. İdman qurğularının sanitar-texniki vəziyyəti, idman avadanlığının yararlığı, qidalanma yerlərinin, tibb məntəqəsinin və s. gigiyenik qaydalara cavab verməsi araşdırılır. Bundan əlavə, suyun sanitar-kimyəvi və bakterioloji müayinəsi və s. həyata keçirilir.

Həkim yarış iştirakçıları və məşqçilər arasında sanitar-maarif işlərini təşkil edir. Eyni zamanda yarışların təşkilatçıları və idman bazalarının rəhbərliyi obyektin sanitar vəziyyəti və sanitar qaydalarına əməl edilməsinə nəzarət etməlidirlər. Əks halda həkim yarışların keçirilməsini qadağan etmək səlahiyyətinə malikdir.

Yarış iştirakçılarının arasında xəstəliklərin, zədələnmələrin, həddən artıq gərginlik vəziyyətinin qarşısının alınması məqsədilə sorğu-sual və fərdi müayinələr aparılır.

Bəzi idman növlərində (məsələn, marafon qaçışı, idman yerişi, boks) bilavasitə yarışdan əvvəl əlavə həkim müayinəsi nevropatoloq tərəfindən aparılmalıdır. Üzgücülük və digər su idman növlərində dəri xəstəliklərinin istisna edilməsi üçün və həmçinin çəki kateqoriyaları mövcud olan idman növlərində idmançıların həkim muayinəsi təşkil edilməlidir.

İdmançıda xəstəlik, zədələnmələr, fiziki gərginlik müşahidə edildikdə, mühafizəedici avadanlıq olmadıqda, geyim və ayaqqabılar yarış qaydalarına uyğun gəlmədikdə, həmçinin idmançıların sağlamlığına mənfi təsir göstərə biləcək amillər (məsələn, havanın kəskin pozulması) meydana çıxdıqda həkim yarışları qadağan etmək və idmançını yarışdan kənarlaşdırmaq hüququna malikdir. O, qadağanın qoyulması haqqında hakimlər kollegiyasına xəbərdarlıq etməlidir.

İdmançılar arasında soyuqlama hallarının və yoluxucu xəstəliklərin profilaktikası üçün yarış iştirakçıları daima nəzarət altında olmalıdırlar. Havanın temperaturunun, otaqların ventilyasiyasının, soyunma və istirahət otaqlarının, duşxanaların gigiyenik müayinəsi təşkil olunmalıdır.

Beynəlxalq yarışlarda epidemioloji şərait nəzərə alınmaqla ciddi xəstəliklərə qarşı peyvənd işləri aparılır və yarış iştirakçılarında müvafiq sertifaktların olması yoxlanılır.

Mədə-bağırsaq xəstəliklərinin qarşısının alınması məqsədilə qidalanmaya (qida məhsullarının keyfiyyəti və onların saxlanılması, yeməklərin hazırlanması və idmançılara çatdırılması, qida menyusunun düzgün seçilməsi, kaloriliyi) xüsusi nəzarət etmək üçün çox vacibdir. Qida hazırlandıqda idmanın növü, idmançının itirdiyi enerjinin miqdarı, yarışın keçirildiyi mövsüm nəzərə alınmalıdır.

Yarış yerləri, otaqlar və qidalanma yerləri müntəzəm təmizlənməlidir. Bütün işçilərdə dəri-zöhrəvi və müxtəlif yoluxucu xəstəliklərin mövcudluğu daima nəzarət altında saxlanılmalıdır.

Yarış iştirakçıları xəstələndikdə və ya zədələndikdə tibbi yardımın təşkil edilməsi çox mühüm məsələdir.

Yarış arasında və idmançıların yerləşdirildiyi yerlərdə daimi və ya müvəqqəti tibbi məntəqələr fəaliyyət göstərməlidir. Böyük yarışlarda funksional diaqnostika, bərpa olunma şöbələri, izolyator və kiçik stasionar təşkil olunmalıdır.

Müxtəlif coğrafi şəraitdə yarışların effektiv aparılması idman təbabətində əsas məsələlərdən biridir. Beynəlxalq yarışlar zamanı idmançılar çox vaxt böyük məsafələr qət etməli olurlar. Bu zaman onlar adət etmədikləri hava şəraitində, iqlim və zaman qurşağında yarışda iştirak etmək məcburiyyətində qalırlar.

Belə şəraitdə (temperatur fərqi, dəniz səviyyəsindən yüksəklikdə havanın tərkibində oksigen həcminin azalması və s.) yarışlarda iştirak etdikdə orqanizm əlavə uyğunlaşma mexanizmini inkişaf etdirməli olur.

Məlumdur ki, 3 saatlıq vaxt qurşağından artıq məsafələrə yer dəyişildikdə idmançıların orqanizmində bioritmlərin gedişi pozulur. Buna xarici dezinxronizasiya deyilir. Orqanizm yeni ritmə keçmək məcburiyyətində qaldıqda müxtəlif fizioloji proseslərin uyğunlaşması eyni bir zamanda baş vermir. Bu proses daxili dezinxronizasiya adlanır.

Müşahidələr göstərir ki, 9 saatlıq zaman qurşağına uyğun məsafəyə uçduqda idmançının yuxusu pozulur. 6 saatlıq qurşaq vaxtının fərqi zamanı bədənin temperaturunun ritmində pozğunluq gözə çarpır və bu dəyişgənlik 5-7 gün ərzində bərpa olunur.

Müxtəlif fizioloji proseslərin bərpa edilməsi müxtəlif müddətdə baş verir. Ürək qan-damar, tənəffüs, həzm və sidik ifrazatı sistemlərinin yeni vaxt qurşağına uyğunlaşması 4-7 gün davam etdiyi halda, daxili sekresiya vəzilərinin və əsas qida mübadiləsinin uyğunlaşması üçün daha çox vaxt tələb olunur (12-14 gün).

İdman fəaliyyəti ilə əlaqədar idmançılar bəzi hallarda 10-12 saatlıq vaxt qurşağına uyğun məsafəni qət etməli olurlar. Bunun nəticəsində orqanizmin ümumi funksional vəziyyəti və iş qabiliyyəti xeyli pozulur. Bu pozğunluqların bərpa edilməsinin gedişi bir sıra amillərdən asılıdır. Buna idmançıların yer dəyişdirilməsinin sayı, funksional hazırlığın səviyyəsi, müvafiq məşq, istirahət, yuxu və qida qəbulu rejimlərinin yerinə yetirilməsi müəyyən təsir göstərir.

Məlumdur ki, yeni vaxt qurşağına uyğunlaşma zamanı iş qabiliyyətinin bərpasının dinamikası dalğavari şəkildə baş verir. Yerdəyişmədən 1-2 gün sonra iş qabiliyyəti əvvəlki səviyyədə qalır, 3-cü – 4-cü günlərdə azalır, 5-6-cı günlər artır. İş qabiliyyəti 9-11-ci günlərdə yenidən azalır və sonra yüksəlir.

Qadınlarda, 14-16 yaşlı idmançılarda orqanizmin bərpası daha tez baş verir.

Fizioloji proseslərin ritminin bərpa edilməsi üçün hərəkət aktivliyinin, qida qəbulunun və yuxu rejiminin böyük rolu vardır. Şəxsə çay, kofe, tərkibində zülal maddəsi olan qida məhsulları, teofillin dərman preparatı qəbul etmək məsləhət görülür.





Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin