Ii fəSİl bəDİİ NƏSRİNİn uğurlari



Yüklə 399 Kb.
səhifə3/4
tarix03.02.2017
ölçüsü399 Kb.
#7503
1   2   3   4
3. YazıÇı vƏ tarixilik

Mövzu məhdudluğunun nə olduğunu bilməyən ədib müxtəlif janrlarda yazdığı əsərlərində müasir həyatın təsvirinə daha çox üstünlük vermiş olsa da, tarixi mövzulara da heç vaxt laqeyd qalmamışdır. Yaradıcılığının müxtəlif dövrlərində bə‘zən uzaq, bə‘zən də yaxın tarixi keçmişimizə müraciət edən İ.Əfəndiyev bu istiqamətdə bir sıra maraqlı hekayə və povestlər, pyes və romanlar yaratmışdır. Belə mövzulara biz 40-cı illərdə qələmə alınmış hekayələrində, 70-ci illərdə tamaşaya qoyulmuş pyeslərində, 80-90-cı illərdə çap etdirdiyi povest və romanlarında rast gəlirik. Xüsusilə, yaradıcılığının son illərində çap etdirdiyi «Ge­riyə baxma, qoca!», «Üçatılan», «Xan qızı Gülsənubərlə tar­zən Sadıqcanın nağılı», «Qaçaq Süleymanın ölümü» kimi əsərlərində xalqımızın tarixi keçmişi təsvir olunmuşdur.

Yazıçıların tarixi mövzulara müraciət etmələri təbii bir haldır. Lakin yazıçı tarix yaratmır, tarixi yaradan xalqdır. Yazıçı isə bu tarixi xalqın qəlbinə, mə‘­nə­viyyatına köçürür və onu əbədiləşdirir. Bu mə‘nada hər bir bədii əsər tarixi epoxanı, hadisə və faktları təfərrüatı ilə öyrənməkdə qiymətli sənəd rolunu oynayır. Düzdür, bədii əsərlərdə tarixi faktlar xronoloji ardıcıllıq və elmilik baxımından heç də həmişə dəqiq və ardıcıl olmur. Lakin bədii formaya salınmış bu «tarixi faktlar» yazıçı qələmindən çıxaraq xalqın qəlbində əbədi yaşayır. Bu, inkar olunmaz bir həqiqətdir ki, «Od gəlini», «Qılınc və qələm», «Vaqif», «Səhər», «Bir gəncin manifesti» və s. əsər­lərdəki tarixi mə‘lu­matlar, heç də IX, XII, XYIII və XX əsrlərə aid yazılmış tarix dərsliklərindəki informasiyadan az əhəmiyyət kəsb etmir.Tarix dərsliklərindəki «quru» rəqəm və hadisələr xronoloji qaydada sadalanır və izah olunursa, bədii əsərlərdə bu qayda «pozulur», həmin dövrün hadisələri yazıçı yaradıcılığının süzgəcindən keçirilir, oxucu qəlbinə tə‘sir edəcək və yaddaqalacaq bir formada, bədii obrazlar vasitəsilə təsvir edilir. Tarixi öyrənib dərk etməkdə belə əsərlərin əhəmiyyəti böyük olduğundandır ki, yazıçılar tarixi mövzulara tez-tez müraciət etməli olurlar. Ədəbiyyatımızda Nizaminin «Xosrov və Şirin», «Yeddi gözəl», «İsgəndərnamə» əsərləri ilə başlanan bu proses, sonrakı əsrlərdə də uğurla davam etdirilmişdir.

İstər dünya ədəbiyyatında, istərsə də Azərbaycan söz sənətində ən görkəmli əsərlərin mövzusu tarixdən götürül­müşdür. Rus ədəbiyyatında «Hərb və sülh», «Sakit Don», «1-ci Pyotr», «Gənc qvardiya» və s. əsərləri göstərmək kifayətdir. Çağdaş Azərbaycan yazıçılarının «Qılınc və qələm», «Dumanlı Təbriz», «Odlu diyar», «Qan içində», «Cavanşir», «Od gəlini», «Səhər», «Vaqif», «Dəli Kür», «Pərvanə», «Alə­mdə səsim var mənim», «Boz atın belində» və onlarla başqa əsərlərdə xalqımızın həyat və mübarizəsinin bədii salnaməsi qələmə alınmışdır.

Maraqlı cəhət budur ki, İ.Əfəndiyev 30-cu illərdən başlayaraq müasir həyatımızın aktual problemlərindən, bu günümüzün mühüm mə‘nəvi-əxlaqi məsələlərindən bəhs edən bir sıra povest və romanlar, dram əsərləri və hekayələr yazdıqdan sonra, yaradıcılığının son illərində tarixi mövzulara daha tez-tez müraciət etmişdir. Ədibin «Mahnı dağlarda qaldı», «Natəvan», «Şeyx Xiyabani», «Tənha iydə ağacı», «Hökm­dar və qızı» pyeslərində; eyni zamanda «Ge­riyə baxma, qo­ca», «Üçatılan», «Qaçaq Süleymanın ölümü», «Xan qı­zı Gülsənubərlə tarzən Sadıqcanın nağılı», «Hacı Axun­dun cənnət bağı necə oldu» kimi roman, povest və hekayələrində Azərbaycan xalqının mübarizələrlə dolu tarixinin parlaq səhifələri işıqlandırılmışdır. Bu da təbii bir proses idi. Çünki həmin əsərlərdə təsvir edilən tarixi faktlar və hadisələr yazıçıya yaxşı tanış idi. Bunların çoxusunu ədib görmüş, duyub yaşamış, həyatda onlarla rastlaşmışdır.Lakin İ.Əfəndiyev bunları qələmə alarkən tədqiqatçı alim kimi deyil, ədəbiyyatın qüdrətinə arxalanaraq söz sənətini sınağa çəkmiş bir realist sənətkar kimi tarixi hadisələrə müasirlik prizmasından nəzər sal­mış, onları saf-çürük edərək yaradıcılıq süzgəcindən keçirmiş və müasir həyatla səsləşən bədii əsərlər yarada bilmişdir. Bu cəhətdən yazıçının «Geriyə baxma, qoca» romanı xüsusi maraq doğurur.

Romanda təsvir olunan hadisələrin başlanğıcı bizi çox uzaqlara aparır, qədim zamanlarda yaşamış babalarımızın həyatı ilə bağlı nağıllarla tanış edir, lakin bu əhvalatlar keçmiş illərdə ilişib qalmır, yazıçı onları inkişaf etdirib bugünümüzlə bağlayır. Romanın əvvəlində oxucuda belə təsəvvür yaranır ki, əsər tək bir şəxsin, Muradın tərcümeyi-halından, onun şəxsi xatirə və təəssüratlarından bəhs edir. Lakin əsərin sonrakı fəsillərilə tanış olduqca görürsən ki, təsvir olunan hadisələr bir adamın şəxsi həyatı çərçivəsindən çıxır, bir tayfanı, bir mahalı, bütün Qarabağı əhatə edir, hadisələrin epik genişliyi getdikcə artır, bir tayfanın coğrafi hüdudlarını aşır, illər keçir, nəsillər bir-birini əvəz edir. Romanda gözə çarpan nağılvarilik, rəvayət forması fəsildən-fə­si­lə azalır, hadisə və personajların təsvirində yazıçının istifadə etdiyi real boyalar getdikcə tündləşir, hadisələrə bir aydınlıq hopur, nağıl və rəvayətlər real həyatla əvəz olunur.

Romanın səhifələrində XX əsrin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi və tarixi hadisələr, maldarlıqla məşğul olan sadə xalqın həyatı, milli adət və ən‘ənəsi, xüsusilə bu günə qədər ədəbiyyatımızda öz bədii əksini tapmamış tərəkəməçilik, bu həyatın mürəkkəbliyi və qəribəlikləri, köçəri maldarların romantik güzəranı, bir mühitdə boya-başa çatan, bir bulaqdan su içib, eyni bir obanın havası ilə nəfəs alan həmyaş insanların müxtəlifliyi, onların əxlaqi-mə‘nəvi aləmi oxucunun gözləri qarşısında canlanır.

«Sarıköynəklə Valehin nağılı» romanında olduğu kimi, burada da hadisələr əsərin qəhrəmanının dili ilə nəql edilir. Təhkiyədə bir nağılvarilik, şirinlik hiss olunur, hadisələr «Möhnət qocanın nağılları», «Cavan Bayramla gözəl Fatmanın əhvalatı», «Muradın söylədikləri», «Əfən­di baba və beşaçılan tüfəng», «Qaçaq Xanmurad» və s. başlıqlar altında oxucuların ixtiyarına verilir. Yazıçı öz yaradıcılıq ən‘ənəsinə , yazı manerasına sadiq qalaraq lirik-psixoloji, mə‘nəvi-əxlaqi məqamların təs­virinə xeyli yer ayırır.

Romanda milli kolorit, xalq adət-ən‘ənələri qabarıq bir formada verilmişdir. Əsərin əvvəlində belə bir epizod var. Kürdobaya gələn Murov, İbixanın qızı Səkinəni görüb ona aşiq olur. Murovun altmış yaşı, dörd arvadı vardı, gözünün biri də kor idi. «Amma Səkinə on yeddi yaşında, ağ üzündə qoşa xalı bir dünya gözəli idi». Kərbəlayi İbixan on min qoyunu, səkkiz yüz atı olan Hacı Alış qədər dövlətli olmasa da, ondan ağıllı, çörəkli, qonaq-qaralı bir adam idi. Qapıya gələn aşığı, ozanı boş yola salmazdı, köməksizə kömək olardı, kasıba əl tutardı...» Murov başlamışdı Kürdobaya, vəkil Kərbəlayi İbixanın evinə yol açmağa. Murovun niyyətini başa düşən İbixan iki cavanı çağırıb deyir: «Murovun atının quyruğu uzundu, gedin onu bir az gödəldin». Cavanlar da başa düşdülər ki, Kərbəlayi nəyə işarə edir.

Murov atını bu vəziyyətdə görüb qəzəblənir:

-Kərbəlayi, bu nə işdir?

Kərbəlayi İbixan ağır bir adam idi, Murova sakit baxıb dedi:

-Altmışında yorğalamaq istəyən yabını bizlərdə belə edirlər ki, bir az yüngülləşsin, bəlkə yolunu azmaya!92

Bu balaca epizodda yazıçı bir tərəfdən xalqın adətini, eyni zamanda İbixanın xasiyyətini, onun kimliyini oxuculara təqdim edir. Romanda belə epizodlar çoxdur.

Əsərdəki hadisələr İbixan tayfasının təsvirilə məh­dudlaşmır. Burada tərəkəməçilik, köçərilik, əsrlərdən bəri davam edən həyat tərzi, respublikada sovet hakimiyyəti qurulduqdan sonra meydana çıxan çətinliklər, insanların psixologiyasında baş verən dəyişiliklər ustalıqla təqdim olunur. Kürdoba camaatının yekdilliyi, tayfalar arasında münasibətlər, el qəhrəmanlarının , cavanların dəyanəti və yenilməzliyi, xalqın etnik dünyagörüşü və s. yazıçı tərəfindən tədqiqata cəlb olunmuş və balaca Muradın dünyagörüşü çərçivəsində canlı və təbii boyalarla bədiiləşdirilmişdir.

Muradla yanaşı İmaş, Güllü, Qaraca, Fatma nənə, Qaçaq Xanmurad, Əhmədalı və b. surətləri yaratmaq üçün yazıçı xeyli əmək sərf etmiş, obrazların fərdi cizgilərini, onların bir-birinə oxşamayan obrazlarını, özünəməxsus xüsusiyyətlərini dolğun şəkildə verməyə nail olmuşdur.

Əsərdə ən çox yadda qalan, o dövrün milli ruhunu, xarakterik cizgilərini təmsil edən parlaq obrazlardan biri Bayram babadır. O, el arasında böyük nüfuz qazanmışdır, hamı ona hörmət edir. Bu hörməti o, Nəcəf bəy kimi çomaq gücünə, hiylə və fırıldaqla, insanları incitmək, əzab vermək yolu ilə deyil, xalq işinə can yandırması, ağıl və bacarığı ilə əldə etmişdir. Böyüyə, ağsaqqala hörmət etmək Bayram babanın timsalında çox gözəl verilmişdir. O, tayfalararası qırğını aradan qaldıranda da, çarəsiz bir əsiri qaçaqlardan xilas edəndə də, oğurluq etmiş bir kəndlinin mühakiməsində də ağılla, təmkinlə çıxış edir. Bayram baba Azərbaycan xalqına xas olan ən yaxşı keyfiyyətləri özündə toplamış maraqlı, yaddaqalan el ağsaqqalıdır.

Romanda köçəri tayfaların həyatı, xalqın ağır vəziyyəti, yaşayış və təsərrüfat çətinlikləri, eyni zamanda istismar dünyasının eybəcərlikləri böyük məharətlə açılıb göstərilmişdir. Romanın «İmaşla Güllü necə qaçdılar» fəslində Nuru bəyin qəddarlığı kiçik bir epizodda realist təsvirini tapmışdır. İmaşla Güllünün arasındakı mehribanlığa və dostluğa qısqanan Nuru bəy, heç bir günahı olmayan İmaşı, Güllünü söyür, təhqir edir, onları zoğal ağacı ilə kötəkləyir: -Ə, köpəkoğlu, İrandan bura eşqbazlığa gəlmisən? Və onun ağzını açmağını gözləməyib saldı ağacın altına.

Yazıçı, bu səhnəyə tamaşa edən Muradın daxilən dəyişməsini, bə‘zi varlı-karlı qohumlarından uzaqlaşmasının səbəbini böyük ustalıqla təsvir edir. Nuru bəy günahsız İmaşı döyür, buna tamaşa edən Güllü birdən özünü irəli ataraq İmaşı müdafiə etmək istəyəndə, bəy çox pis söyüşlə Güllünü də döyməyə başlayır. Bu zaman İmaş görünməmiş bir qüvvətlə Nurunun əlindən tutub, qızın döyülməsinə yol vermir. Bu səhnəyə tamaşa edən Muradı yazıçı belə təsvir edir: «Mən orada dayana bilməyərək qaçdım bağa. İmaş arxın qırağında oturub, gözlərini zilləyib suya... Onun üsyanla ağacı tutub dayımın əlindən alması məndə mərdanə bir əhval yaratmışdı. İndi o mənim nəzərimdə böyüyüb, hətta dayımdan da cəsarətli, qoçaq olmuşdu. Onun arıq üzü indi mənə bir igid çöhrəsi kimi görünürdü. İndi mənim Güllüdən də acığım gəlmirdi, onun İmaşı o cür mərdliklə müdafiə etməsi mənə Bayram babanın anası Səkinə qocanı, Fatma nənənin anası Xanım nənəni xatırladırdı. Əgər indi Güllü mənim üzümdən öpsəydi, daha hirslənməzdim».

Bu səhnə vasitəsilə bir sıra məsələlərin bədii təsvirlərinə nail olmuş yazıçı Muradın körpə qəlbindən keçən «mən ona təəcüb edirəm ki, Güllü ilə İmaşın dostluğu nə üçün dayımı bu qədər əsəbiləşdirmişdi? O, dostluqdan dayıma nə zərər dəyə bilər? Məyər adamların bir-birini istəməsi pis şeydir?93 - kimi suallarla da oxucuları tanış edərək Muradın öz ailəsindən uzaqlaşıb İmaşlar, Güllülər, Qaracalar dünyasına meyl etməsinin obyektiv təsvirini vermişdir.

Əzənlər və əzilənlər kimi iki cəbhəyə ayrılmış həyatın real təsvirini verən İ.Əfəndiyev yaratdığı obrazları da işıqlı və qaranlıq niyyətlərin, xeyir və şər qüvvələrin daşıyıcıları olmaqla iki qütbə ayırmışdır. Hadisələr inkişaf etdikcə bu qüvvələr arasındakı mübarizə ciddi xarakter alır, şiddətlənir. Belə cəhətlər, qütbləşmə təkcə ictimai həyatda deyil, Muradın yaşadığı ailədə də meydana gəlir və inkişaf edib dərinləşir. Günlər, aylar keçdikcə Murad da bu hadisələrlə bərabər dəyişir, yaxşını pisdən, mərdi namərddən ayırmağa başlayır, öz yaxınlarından uzaqlaşıb yoxsullara daha çox rəğbət bəsləyir, digər tərəfdən, addımbaşı təhqir olunan İmaşa, Quluya, Qaracaya, Güllüyə yaxınlaşır, imkan düşdükcə onları müdafiə edir. İctimai həyatda baş verən başqalaşma Murada da tə‘sirsiz qalmır, onun dünyagörüşünü, hadisələrə münasibətini tamamilə dəyişir. Güllü ili İmaşın bir-birinə qoşulub qaçması Muradın dəyişməsində ilk addım idisə, yeni quruluş, Azərbaycan xalqının taleyindəki yeniliklər, evdə böyüklərdən eşitdiyi söhbətlər, mübahisə və danışıqlar onun gözünün açılmasına bir təkan verir, həyata baxışını təzələyir.

Yadda qalan və tə‘sirli epizodlarla zəngin olan «Ge­riyə baxma, qoca» romanının dili sadə və dolğundur, obraz­ları canlı, dinamik və koloritlidir. Ədib folklor nümu­nələrindən, atalar sözlərindən, rəvayət və nağıllardan, onların mövzu və kompozisiyasından bacarıqla, yerli-ye­rin­də istifadə etmişdir.

Qarabağ mövzusu İ.Əfəndiyevin yaradıcılığında ana xətti təşkil edir. «Geriyə baxma, qoca» əsərində də yazıçı böyük ilham və məhəbbətlə Qarabağı, Şuşanı, Cıdır dü­zünü, Daşaltını tərənnüm etmişdir: «Cıdır düzünün bir tərəfi şəhər, o biri tərəfi «Xəzinə qayası» deyilən dərin uçurum idi. Uçurumun dibilə «Daşaltı» adlı çay axırdı. Cıdır düzündən üzüaşağı baxanda çayın qırağındakı adamlar güclə seçilirdi. Çaydan o tərəfdə ta uzaqlarda gümüşü duman içində görünən Ziyarət, Kirs dağlarına qədər qalın meşələr uzanıb gedirdi. «Daşaltı» çayının qırağında, sıldırım qayaların arasında qədim bir qalaça vardı. Deyilməyə görə bu qalaçanı Qarabağ hakimi İbrahim xan tikdirib ki, yadelli şahlar güc gələndə xan köçüb orada sakin olsun. Qalaçanın gizli yeraltı yolu vardı ki, ondan savayı başqa yerdən ora girmək mümkün deyildi. Şuşa qalasının o biri tərəfində, arana gedən yolun üstündə qədim qala hasarının yanında başqa bir gəzmək yeri də var idi. Bura «Ərimgəldi» deyirdilər... Cavan gəlinlər də axşamçağı «Ərimgəldi»də oturub göz işlədikcə uzanıb gedən arana tamaşa eləyə-eləyə ərlərinin yolunu gözləyirdilər».94 Son­ra yazıçı xanəndələr yurdu Şuşadan, səs-səsə verib qatar, şikəstə oxuyan sənətkarlardan, aylı-ulduzlu Qarabağ gecələ­rindən ürək dolusu söhbət açır.

Yazıçı roman haqqında söhbət edərkən deyir ki, «Ge­ri­yə baxma, qoca»da öz bioqrafiyamla, hansısa keçirdiyim hisslərlə, duyğularla bağlı nəsə var. Amma onu heç avtobioqrafik əsər adlandırmaq olmaz. «Geriyə baxma, qoca»dakı qəhrəmanları həyatdan götürmüşəm, onlarla ünsiyyətdə olmuşam, davranışlarını, hadisə və insanlara münasibətlərini, talelərini müşahidə etmişəm... Muradın şəxsində uşaqlıq duyğularımın, təəsüratımın, idrakımın, dünyabaxışımın tə‘siri çoxdur». 95

İ.Əfəndiyevin həmin romanı haqqında fikir söyləyən iste‘dadlı ədəbiyyatşünas alim Aydın Məmmədov göstərmişdir ki, yazıçının yazı texnikasında elə yeni notlar müşahidə olunur ki, bu notlar Ümumittifaq və müasir dünya ədəbiyyatında geniş bədii-estetik priyomlarla səsləşir. Tənqidçi daha sonra İ.Əfəndiyevin yaradıcılığını Qabriel Qarsia Markes, Ç.Aytmatov və dünya şöhrəti qazanmış başqa sənət korifeylərilə müqayisə edir.96 Bu da təsadüfi deyil, çünki yazıçının əsərdən -əsərə, idən-ilə yeni-yeni yaradıcılıq üfüqləri fəth etdiyi göz qabağındadır.

Son illərin yaradıcılıq məhsulu olan «Üçatılan» povesti «Geriyə baxma, qoca» romanının məntiqi davamı tə‘si­rini bağışlayır. Yazıçının qələmə aldığı hər bir əsərin mərkəzində tarixi fakt və hadisələr durur. Lakin tarixi dövr və hadisələr onun yaradıcılıq təxəyyülü ilə qaynayıb-qarışır, onlar bizim günlərin ideya-estetik və mə‘nəvi-psixoloji tələbləri baxımından araşdırılır və oxuculara təqdim olunur. Bu baxımdan da həmin tarixi əsərlər böyük maraqla qarşılanır və birnəfəsə oxunur.

Yazıçı «Üçatılan» povestində də yaxın keçmişdə baş verən hadisələri bədii şəkildə qələmə almışdır. Povestdə cərəyan edən hadisələr Azərbaycanda XX əsrin ilk illərində, 1915-1920-ci illərdə Arazboyu obalarda baş verir. Ədib bundan əvvəl yazdığı «Mahnı dağlarda qaldı» pyesində, «Geriyə baxma, qoca» romanında da həmin dövrün tarixi hadisələrinə müraciət etmişdir. Bu baxımdan, həmin əsərlərdə bir-birinə oxşayan obrazlara, müəyyən mə‘­nada biri digərini tamamlayan məqamlara və hadisələrə rast gəlmək mümkündür və bunu təbii bir hal hesab etməliyik.Çünki povestdə cərəyan edən hadisələrin coğrafi məkanı və vaxtı romandakılarla üst-üstə düşür. Hər iki əsərin qəhrəmanları eyni dövrdə yaşamış, eyni obanın adamlarıdır. Romanda yazıçı, əsasən varlı bir tərəkəmə ailəsini, İbixan nəslinin həyat və məişətini təsvir etmişdirsə, «Üçatılan»da yoxsul bir çobanın - Ərşadın taleyini, onun yeni quruluşu dərketmə yollarında qarşısına çıxan çətinlikləri qələmə almışdır.

Azərbaycan nəsrinin bir sıra görkəmli nümayəndələri kolxoz quruluşuna, kəndin kollektivləşməsinə aid müxtəlif əsərlər yaratmışlar. Lakin Azərbaycan kəndinin kollektivləşmədən əvvəlki dövrü, bu illərdə kəndlilərin əhval ruhiyyəsi, onların psixologiyası nisbətən az işlənilmişdir. Azərbaycanda maldarlıqla məşğul olan kəndliləri, Araz boyu elat camaatı, onların kolxoz quruluşuna qədərki həyatı «Üçatılan» povestində tamamilə yeni səpgidə bədii həllini tapmışdır.

...İnqilab nəticəsində ucqarlarda yeni quruluş bərqərar olub, həyat dəyişib. Lakin insan psixologiyası əvvəlki kimi qalmaqdadır. Əhali əvvəlki həyat tərzindən ayrılmaq istəmir. Digər tərəfdən, yoxsulların, çoban və muzdurların yuxarı «başa keçməsi» Hacı Tanrıverdi kimiləri razı salmır. Varlılarla yoxsullar arasında ciddi mübarizə başlayır. Bu mübarizədə fəal iştirak edən sıravi tərəkəmə, çoban Ərşad ictimai ədalətsizliklərlə barışa bilmir. Axı, bu kasıblar , qapılarında nökər olduqları ağalarından heç də əskik kişilərin oğulları deyillər. Zahirən qaradinməz, sərt təbiətli Ərşad doğma torpağın, uşaqlıqdan üstündə gəzdiyi bu yovşanlı çöllərin vurğunudur. Yazıçı onu ümumiləşdirilmiş bir obraz kimi, inqilabdan əvvəlki Azərbaycan kəndlisinin tipik nümayəndəsi kimi oxuculara təqdim edir.

Güclü xarakterə malik olan Ərşad öz dayısı qızı Sər­vinazı sevir, onunla ailə qurmaq arzusundadır. Lakin Ər­şad yoxsul olduğu üçün öz sevgilisinə qovuşa bilmir. Çünki qızın atası Eyvaz kişi Sərvinazı Ərşada deyil, varlı Hacı Tanrıverdinin oğlu Nuruya vermək istəyir. Ərşad bö­yük varlı nəsillə təkbaşına mübarizəyə qoşulur. Məhəbbəti yolunda böyük cəfalarla rastlaşan Ərşad heç nədən qorx­mur, geri çəkil­mir, mübarizəni davam etdirir. O, bu mübarizədə çox qəti çı­xış edir. Dayısı Eyvazı ölümlə hədələyir, cıdır zamanı rəqibi Nurunu yaralayır, Hacı Tanrıverdinin atını şikəst edir, oxucu inanır ki, qorxmaz, cəsur, sözünün sahibi olan Ərşad öz arzusuna çatmaq üçün ölümə getməyə belə hazırdır. Yazıçı qeyd edir ki, Ərşaddakı bu keyfiyyətlər ona ata və babalardan, el qəhrəmanlarından, «Nikolay qaçağı» olan əmisi Kərbəlayi Əsəddən keçmişdir və o, əmisinin adına layiq olmaq, onun igidliyini təkrar etmək, onu yaşatmaq, öz qoçaq­lı­ğı­nı göstərmək istəyir.

Ərşad mürəkkəb və ziddiyyətli obrazdır. Kolxoz quruluşu ilə birdən-birə barışa, yeni cəmiyyətə uyğunlaşa bilməyən bu gənc, uzun tərəddüdlərdən sonra dərk edir ki, vətənə, xalqa arxa çevirmək olmaz, ona görə də yeni cəmiyyətə qulluq etməyə başlayır. Lakin rəqibi Nurunun quldur qardaşı Fərhadın qaçmasına kömək etdiyi üçün Ərşad el-obadan ayrı düşür, qaçaqlıq etməyə başlayır.

«Üçatılan» rəmzi mə‘na daşıyır. Keçmişdə bu silah el qəhrəmanlarına, dövlət əleyhinə çıxan xalq nümayəndələrinə, qaçaqlara böyük xidmət etmişdir. Bu səbəbdən də üçatılan el arasında müqəddəsləşmişdir. Lakin indi ictimai quruluş dəyişmiş, artıq indi üçatılandan istifadə olunmur, ona ehtiyac qalmamışdır. Tüfəng öz əhəmiyyətini itirdiyindən, daha mükəmməl silahlar yaradıldığından, indi üçatılan üçün hətta patron belə istehsal olunmur. Lakin Ərşad ondan əl çəkmək istəmir, öz qoçaqlığını, kişiliyini əvvəlki illərdə olduğu kimi yenə də bu silahın köməyi ilə sübut etməyə çalışır. Yeni dövran isə buna heç cür imkan vermir.

Biz əsərin axırında, sovet hakimiyyətinin qayda-qanun­larına qarşı təkbaşına mübarizə aparmağın mə‘nasız olduğunu başa düşən Ərşadın üçatılandan əl çəkib öz evi­nə qayıtmasını, oğurluq və əliəyrilikdən uzaqlaşmasını, mövcud quruluşla barışdığını görürük. Ərşadın bu qərarını düzgün qiymətləndirən milis rəisi Veysəl də onun günahını bağışlayır.

İ.Əfəndiyev əsərin qəhrəmanı haqqında deyir: «Üça­tılan»ın əsas qəhrəmanı Ərşadın prototipini real həyatdan götürmüşəm. Həmin adam mənim qohumumdur və əsərdə onun başına gələn hadisələrin çoxu həyatda olub...»97 Ya­zıçı böyük sənətkarlıqla ictimai həyatda, xalqın mənşə­yində baş verən yeniliklərdən, paslı çıraqların elektrik lampaları ilə, palçıq komaların daş evlərlə, su arxlarının gözəl bulaqlarla əvəz olunmasından və s. söhbət açır, eyni zamanda yeni həyatda «ilişib qalmış» köhnə dünyanın düşüncə tərzi və adət-ən‘ənələrinin bədii təhlilini vermişdir.

1993-cü ilin may ayında qələmə alınmış və yazıçı tərəfindən «kiçik povest» kimi oxuculara təqdim edilmiş «Qaçaq Süleymanın ölümü» əsəri Azərbaycanın birliyi, bü­tövlüyü və azadlığı uğrunda mübarizəyə həsr olunmuşdur. Müəllif əsərin əvvəlində qəhrəmanını oxuculara belə təqdim edir: «Qaçaq Nəbi, Qaçaq Kərəm, Dəli Alı kimi Süleyman da Azərbaycanın böyük, igid qaçaqlarından idi. Mən burada «böyük» epitetini təsadüfi işlətmirəm. Bu igidlərin heç biri yol kəsib adamları soyan xırda quldur , ya at-dana oğrusu olmayıb. Onlar millətin övladları kimi Şimaldan gələn qəddar müstəmləkəçiliyin, nadan çar çinovniklərinin, təkəbbürlü çar zabitlərinin təhqirlərinə,cəbrinə döz­məyən, intiqam almaq üçün qüvvəsini əsirgəməyən, xalqın köməksizliyindən mə‘yus olub naəlac halda taleyinə tabe olmayan böyük xalq qəhrəmanları idilər. Onların təbiətini, xarakterini xalqımızın nəcib igidlik, təəsübkeşlik, fədakarlıq ən‘ənələri yetişdirmişdir».98

Povestdəki hadisələr X1X əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda gedən milli azadlıq hərəkatına həsr olunmuşdur. Əsərin əsas məziyyətlərindən biri odur ki, Azərbaycan oxucusu 20 il çar zülmünə və İran şah rejiminə qarşı mübarizə aparan Qaçaq Süleyman haqqında ilk dəfə mə‘lumat əldə edir. Eyni zamanda, İ.Əfəndiyev povesti yazarkən göstərmək istəmişdir ki, xalqımızın azadlığı uğrunda mübarizələrdə həyatını qurban vermiş və Süleyman kimi unudulub yaddan çıxmış digər qəhrəmanlar haqqında da əsərlər yazmaq vacibdir. Çünki Süleyman mübariz və yenilməz xalq qəhrəmanı idi. Məhz buna görə də rus çarizmi onun başına beş min manat qızıl pul mükafat ayırmışdı. Ona polkovnik rütbəsi verib Osmanlı dövlətinə qarşı müharibəyə göndərməyə cəhd etmişdi. Lakin damarlarında azərbaycanlı qanı axan Süleyman buna razılıq verməmiş, uzun illər çar istibdadına qarşı vuruşmuşdur. Onu heç cür ələ keçirə bilməyən çar Rusiyası, yüksək rütbəli zabitlər xəyanət və satqınlıq edərək aldatmış və 1917-ci ilin may ayında Araz kənarında Süleymanı qətlə yetirmişlər.

Yazıçı, xəyanətin qurbanı olmuş mərd və dönməz Sü­leymanın obrazını yaradarkən iste‘dadının və təxəyyülünün imkanlarından istifadə etdiyi kimi, publisistikanı da köməyə çağırmışdır. Yazıçı qeyd edir ki, mənim anam Bil­qeyis xanım Qaçaq Süleymanı görmüşdü. Süleyman, onun ata­sı Qarabağın karlı adamlarından olan rəhmətlik babam Bay­ram bəyin yaxın dostu olmuşdu. Hər ikisi Arazqırığı Qa­rabağın tərəkəmə obalarından idi. Uşaqlıqda mən həmişə anama yalvarırdım ki, Qaçaq Süleymanın igidliklərindən danışsın.99

Tarixi faktlara sadiq qalan İ.Əfəndiyev bütün dünyada məşhur olan erməni satqınlarının tipik nümayəndələri Kasparov, Vartan, Haykanuş kimiləri haqqında yazır: «Zor deyil ki, it-itin ayağını basmır. Bu əclaf çar çinovnikləri min verstlərlə uzaqdan durub bura ağalığa gələn kimi erməni köşələrini tapırlar. Köşələr də bizə qarşı, onların qulağını hey doldururlar...»

Çar generalları, yüksək təcrübəli zabitlər Qaçaq Süleymanı ələ keçirə bilmirlər. Onun qoçaqlığı haqqında Qafqazın hər yerində, hətta Peterburqda da əfsanələr danışırlar. Süleymanın görüşünə gəlmiş naçalnik də bunu açıqca e‘tiraf etməli olur: «Azərbaycana gəlmiş adlı-sanlı rus zabitləri də sizi tuta bilməyiblər. Əgər Rusiyada olsaydınız, çar sizə orden verərdi, bu igidliyinizə görə!

- Mən o ordeni götürməzdim!

- Nə üçün?- deyə naçalnik maraqla soruşdu.

- Çünki rus çarı mənim padşahım deyil!

- Öz padşahınız olsaydı götürərdiniz?

- Öz padşahım olsaydı, mən qaçaq olmazdım!

Uzun illər çar Rusiyasına qarşı mübarizə aparan, xalqın intiqamını alan qaçaqları heç cür tuta bilməyən çar Rusiyası satqın ermənilərin təşəbbüsü ilə xüsusi plan tutur. Xəyanət və hiylə işlədərək Süleymanı aldadırlar. Yazıçı həmin hadisələri belə təsvir edir: «Oğlan atdan düşüb Süleymana yaxınlaşdı və gümüş xəncəri ona verərək:- Nəçərnik bunu sənə yadigar göndərib. Dedi ki, əgər izn versən sabah sənə qonaq gəlmək istəyir». Yoldaşları bu görüşə şübhə ilə yanaşsalar da, Süleyman özü tərəddüd etsə də görüşə razılıq verir: «razı olmasam, elə başa düşər ki, qorxduq».


Yüklə 399 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin