YARADILIŞIN BAŞLANMASI HAQDA NƏQL OLUNMUŞ HƏDİS VƏ RƏVAYƏTLƏR
Peyğəmbər (s) buyurur: Allah-taala məxluqatı yaradarkən hər şeydən əvvəl mənim nurumu xəlq etdi.»91
Məhəmməd ibni Sənam deyir: İmam Cavad (ə)-ın yanında idik, üzünü mənə tutub dedi: «Ey Məhəmməd bil ki, Allah hər zaman tək olmuş və heç vaxt Onun şəriki [Onun kimi başqa bir varlıq] olmamışdır. Sonra O, Məhəmmədin (s), Əli və Fatimənin (ə) nurunu xəlq etdi və onlar min il beləcə (nur olaraq) qaldılar.92
Bismillah AYƏSİNİN QUR᾽ANIN BİR HİSSƏSİ OLUB-OLMAMASI HAQDA NƏQL OLunMUŞ HƏDİSLƏR
Biyhəqi Ummi Sələmədən nəql etdiyi hədisdə deyir: «Peyğəmbər (s) namaz qılarkən Bismillah... ayəsini oxuyar və onu müstəqil ayə hesab edərdi.»
Hakim bu rəvayəti özünün «Mustədrək» adlı kitabında nəql etdikdən sonra yazır: Buxari və Müslüm bu rəvayəti səhih hədislər sırasında nəql etmişlər.
Biyhəqi Əbdül-xəyrdən nəql etdiyi hədisdə deyir: «Əli (ə), Peyğəmbərdən (s) «səb᾽ə məsani» haqda soruşduqda cavabında buyurur: «Səb᾽ə məsani» «Fatihə» surəsinə deyilir. Dedilər: Ya Rəsuləllah! Fatihə surəsi yeddi yox, altı ayədən ibarətdir. Peyğəmbər (s) buyurdu: Bismillah... ayəsi də onun ayələrindən biridir. Bu rəvayəti Biyhəqi, Əbu Hüreyrədən də nəql etmişdir. O, Əbu Hüreyrədən nəql etdiyi başqa bir hədisdə deyir: Peyğəmbər (s) buyurur: «Həmd» surəsi altı ayədən ibarətdir və onun ayələrindən biri də Bismillah... ayəsidir.
Biyhəqi İbni Abbasdan nəql etdiyi hədisdə deyir: Peyğəmbər (s) Həmd surəsini hər zaman Bismillah ayəsi ilə başlayardı. Bu rəvayəti Termizi də özünün «Səhih» adlı hədis kitabında nəql edir.
Biyhəqi İbni Ömərdən nəql edir ki, o hər zaman namaza başlayarkən təkbir dedikdən sonra (yə᾽ni niyyət edib Allahu Əkbər dedikdən sonra) Həmd surəsini Bismillah... ayəsi ilə başlayar və onu sona kimi oxuyardı. Həmd surəsindən sonra yenidən «Bismillah...» deyərdi. Və bunu belə izah edərdi ki, əgər «Bismillah...» demək lazım olmasaydı, Qur᾽ana yazılmazdı.
Bu məzmunda nəql olunmuş digər hədislər Biyhəqinin «Sünən» və bir çox başqa hədis kitablarında da nəql olunmuşdur. Əlavə mə᾽lumat əldə etmək istəyənlər bu kitablara müraciət edə bilərlər.
Həmçinin «Kənzul-ummal»da Sə᾽ləbi nəql etdiyi hədisdə deyir: Əli (ə) namaz qılarkən oxuduğu bütün surələri «Bismillah...» ayəsi ilə başlayardı (oxuyardı). Bu haqda soruşduqda buyurardı: «Bu ayəni bütün surələrin əvvəlində oxumayan şəxslər həmən surəni ixtisara salmış olur.»
«Bismillah...» ayəsi «Səb᾽ə məsanini» daha da mükəmməl edir. Yə᾽ni «Bismillah...» ayəsi ilə yeddi ayədən ibarət olan Həmd surəsi daha da mükəmməl olaraq «Səb᾽ə məsani» adlanmağa başlayır.93
MÜAVİYƏNİN NAMAZ QILARKƏN Bismillah AYƏSİNİ UNUTMASI
Biyhəqi, Malik ibni Ənəsdən nəql etdiyi hədisdə deyir: «Müaviyə Mədinədə namaz qılarkən Həmd surəsini «Bismillah...» ayəsi ilə oxudu, sonrakı surələrdə «Bismillah...» ayəsini qiraət etmədi. Surəni oxuduqdan sonra təkbir deməyib səcdə etdi və beləliklə namazı başa vurdu. Namaz sona çatdıqdan sonra onun arxasında namaz qılan onlarla mühacir Müaviyəyə e᾽tiraz edərək dedilər: «Bismillah...» deməyi unutdun, yoxsa namazı ixtisara saldın?! Müsəlmanların bu e᾽tirazından sonra Müaviyə sonrakı namazlarda oxuduğu hər surədən əvvəl «Bismillah...» ayəsini oxuyur və səcdəyə gedərkən təkbir (Allahu Əkbər) deyirdi.94
Bu rəvayəti Biyhəqi başqa bir yerdə bir qədər fərqli olaraq nəql edir. Rəvayətdə deyilir: «Müaviyə nə Həmd, nə də sonrakı surələri «Bismillah...» ayəsi ilə oxudu. Mühacirlərlə yanaşı namazda iştirak edən Ənsar da Müaviyəyə e᾽tiraz etdi». Bu rəvayəti Hakim də öz kitabında nəql edir və sonra deyir: «Buxari və Müslüm bu rəvayəti səhih hədislər sırasına daxil etmişlər».
Bismillah AYƏSİNİN NAMAZDA OXUNMASI
Bu məzmunda nəql olunmuş bir çox rəvayətlərdən belə mə᾽lum olur ki, Peyğəmbər (s) «Bismillah...» ayəsini Qur᾽anın bütün surələrindən əvvəl oxumuş və buna böyük əhəmiyyət vermişdir. Biz bu rəvayətlərdən bir neçəsinə bir qədər əvvəl işarə etdik. Qətadə, Malik ibni Ənəsdən nəql etdiyi hədisdə deyir: Peyğəmbər (s) Həmd surəsini mədd ilə (bir qədər uzadaraq) «Bismillahir-rəhmanir-rəhim» ayəsi ilə başlayardı. O, həm «Bismillah» həm «Rəhman» həm də «Rəhim» kəlmələrini bir qədər uzadaraq (məddə ilə) oxuyardı.
Şərik, Ənəsdən nəql etdiyi hədisdə deyir: Peyğəmbər (s) «Bismillah...» ayəsini ucadan oxyardı.
Hakim bu rəvayəti nəql etdikdən sonra deyir: Bu hədisi nəql edən ravilər tamamilə e᾽timad olunası kəslərdir.
Əsqəlani deyir: Muəmmər ibni Süleymanın arxasında sübh və məğrib namazlarını qılardım. O, Həmd surəsindən əvvəl və sonra «Bismillah...» ayəsini ucadan oxuyar və deyərdi: Namaz qılarkən hər zaman atama iqtida edərdim. Atam da deyərdi ki, əksər hallarda Ənəsin camaat namazlarında iştirak edərdim. Və o da daim Peyğəmbərin (s) camaat namazlarında iştirak etdiyini deyərdi. Onlar hamılıqla namaz qılarkən bütün surələrdən əvvəl «Bismillah...» ayəsini oxuyardılar.
Hakim deyir: Bu hədisi nəql edən ravilər tamamilə e᾽timad olunası kəslərdilər.
Əbu Nəamə, Ənəsdən nəql etdiyi hədisdə deyir: İstər Peyğəmbər (s), istər Əbu Bəkr, istərsə də Ömər «Bismillah...» ayəsini ucadan oxumazdılar.
Müəllif:
Nəql olunmuş rəvayətlərdən belə mə᾽lum olur ki, Peyğəmbər (s) qıldığı bütün gündəlik namazlarında «Bismillah...» ayəsini oxumuş və bu məsələyə xüsusi diqqət yetirmişdir. Lakin Ənəsin «Peyğəmbər (s) namaz qılarkən «Bismillah...» ayəsini oxumazdı» nəql etdiyi rəvayətdən başqa bir mə᾽na əldə etməliyik. Bəlkə də o bunu deməkdə Peyğəmbərin (s) «Bismillah...» ayəsini ucadan oxumamasını nəzərdə tutmuşdur.
Belə ki, nəql olunmuş sonuncu rəvayəti bunun üçün dəlil hesab edə bilərik. O deyir: Peyğəmbər (s), «Bismillah...» ayəsini ucadan oxumazdı...
Ənəsin nəql etdiyi rəvayətdə «Peyğəmbər (s) Bismillah... ayəsini oxumazdı yox, Peyğəmbər (s), Bismillah... ayəsini ucadan oxumazdı» deməsini bu məsələyə dair ikinci bir dəlil hesab edə bilərik.
Onun özündən nəql olunmuş başqa bir rəvayətdə deyilir: «Peyğəmbər (s) bizimlə namaz qılarkən onun Bismillah... deməsini eşitməzdik.»
Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Ənəsin nəql etdiyi rəvayətlər arasında heç bir ziddiyyət mövcud deyildir.
Müslimin nəql etdiyi: İstər «Peyğəmbər (s), istər Əbu Bəkr, istərsə də Ömər namaz qılarkən Həmd surəsinin nə əvvəlində və nə də sonunda Bismillah... ayəsini oxumazdı» rəvayətinə gəldikdə isə, qeyd etməliyik ki, rəvayət Vəlid ibni Müslim Təriş tərəfindən nəql olunmuşdur. Və onun kimliyi və e᾽timad olunub-olunmaması mühəddislər arasında sual doğuran məsələlərdən birinə çevrilmişdir. Belə ki, «Təhzibut-təhzibdə» deyilir: Alimlərin bə᾽zilərinin fikrincə Vəlid ibni Müslim səhvə çox yol verər və hədis nəql edərkən hədisin kimlər tərəfindən olduğunu qeyd etməzdi.
Qeyd olunan rəvayətlə ziddiyyət təşkil edən üçüncü rəvayət, Qətadənin Ənəsdən nəql etdiyi rəvayətdir. Orada deyilir: Peyğəmbər (s), Əbu Bəkr, Ömər və Osman namazı «Əlhəmdu lillahi rəbbil aləmin» ayəsi ilə başlayırdılar.
Bəlkə də bu rəvayət başqa bir mə᾽na daşıyır. Deyə bilərik ki, «Əlhəmdu lillahi rəbbil aləmin» deyildikdə, ayənin özü deyil, ümumilikdə Həmd surəsi nəzərdə tutulur. Çünki, Həmd surəsi bə᾽zən «Fatihətul-kitab» da adlandırılmışdır.
Belə bir anlama əsasən deyə bilərik ki, Peyğəmbər (s), Əbu Bəkr, Ömər və Osman namazı Bismillahsız deyil, «Fatihətul-kitab» surəsi ilə başlamışlar.
Bu məzmunda digər rəvayətlər də nəql olunmuşdur və Şafei onların məhz belə bir mə᾽na daşıdığını qeyd etmişdir.
Apardığımız araşdırmalardan belə mə᾽lum olur ki, nəql olunmuş rəvayətlər bir-biri ilə heç bir ziddiyyət təşkil etməyir və Peyğəmbərin (s) namaz qılarkən oxuduğu surələrdən əvvəl «Bismillah...» ayəsini oxuması tamamilə düzgündür.
Dostları ilə paylaş: |