Azərbaycanın intibah mədəniyyəti (IX-XII əsrlər). Xilafətin süqutu nəticəsində IX əsrin ortalarından başlayaraq Azərbaycanda müstəqil dövlətlər meydana gəldi, siyasi dirçəliş başladı, qədim dövlətçilik ənənəsi bərpa edildi. Bütün bunlar elmin, maddi və mənəvi mədəniyyətin inkişafına əlverişli şərait yaratdı və Azərbaycan mədəniyyətində yüksəliş başladı. Xilafətdə yaranmış ümumi müsəlman mədəniyyətinə Azərbaycan xalqının nümayəndələri də mühüm töfhələr verirdilər. IX-XII əsrlərdə Azərbaycan dünya sivilizasiyasının mühüm mərkəzlərindən birinə çevrilmişdi.