İqtisadi həyat. IX-XII əsrlərə aid mənbələrdə Azərbaycanda kənd təsərrüfatının inkişaf etdiyi qeyd edilir. Əkinçilik əhalinin əsas məşğuliyyət sahəsi idi. Mil və Muğanda geniş suvarma şəbəkəsi vardı. Araz və Qızıl Üzən (Səfidrud) çayları boyunca ərazilərdə, Şirvan və Şəkidə dənli bitkilər geniş yayılmışdı, Şirvan və Dərbənddə zəfəran, kətan, Lənkəran və Şəkidə çəltik, Bərdədə ipək və boya istehsal olunurdu. Əmək alətləri daha da mükəmməlləşdirilmişdi. Azərbaycanda bağçılıq və bostançılıq da inkişaf etmişdi. Bu zaman Təbrizdə 900 kəhriz var idi. Mal-qara qışlaq və yaylaq şəraitində bəslənilirdi. Çay və dəniz sahilində yaşayan əhali balıqçılıqla məşğul olurdu. Lakin feodal dağınıqlığı, ağır vergilər kənd təsərrüfatının inkifafına mənfi təsir edirdi.
IX-XII əsrlərdə Azərbaycanda sənətkarlıq da inkişaf edir, onun yeni-yeni sahələri yaranırdı.Müstəqil dövlətlərin yaranması bu sahənin inkişafına müsbət təsir etmişdi.
Ərəb səyyahları öz əsərlərində Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətləri haqqında məlumat vermişlər. Şiz ətrafında qızıl, qurğuşun, gümüş, sarı arsen, Gəncə, Gədəbəy, Savalan ətrafında dəmir filizi yataqları var idi. Təbriz və Naxçıvanda daş duz, Bakı göllərində və Urmiyada yüksək keyfiyyətli duz emal edilirdi. Azərbaycanda boyaq istehsal edilir və onun bir hissəsi xarici ölkələrə ixrac olunurdu. Toxuculuq inkişaf etmiş sahələrdən biri idi.
Dostları ilə paylaş: |